Azərbaycanda film, serial, reklam çarxı, multimedia və s. bu kimi sahələrdə fəaliyyət göstərən yeni bir şirkət “KAC Group Media MMC” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, “KAC Group Media” şirkəti çoxşaxəli fəaliyyət göstərən istehsal (prodakşn) şirkəti olmaqla yanaşı, prodüser mərkəzi kimi də məhsuldar fəaliyyət göstərir.
Şirkət Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, prodüser Amiran Babayev tərəfindən yaradılıb.
11 ildir ki, televiziya sahəsində kreativ prodüser kimi çalışan A.Babayev bildirib ki, çoxillik televiziya və media təcrübələrinə əsaslanaraq “KAC Group Media” şirkətini yaradıb: “Yeni yaratdığımız şirkətin ən böyük uğurlarından biri də peşəkar, həvəsli və olduqca məsuliyyətli kollektivlə fəaliyyətə başlamasıdır. İstedadlı gənclərə də dəstəyimizi əsirgəməyəcəyik”, - deyə şirkətin yaradıcısı vurğulayıb.
Amiran Babayev qeyd edib ki, bu film şirkətinin hədəfləri böyükdür: “İlk növbədə Azərbaycanda kifayət qədər maraqlı və kreativ işlər görüb daha sonra sərhəddən kənarda vətənimizi layiqincə təmsil etmək fikrindəyik. Şirkət rəsmi olaraq cari ilin martında yaradılmasına baxmayaraq, qısa müddətdə yeni layihələrə öz imzasını atıb”.
Noyabrın 5-də Heydər Əliyev Sarayında Rusiyanın Xalq artisti Emmanuil Vitorqan çıxış edəcək.
Bu barədə AZƏRTAC-a Heydər Əliyev Sarayından bildirilib.
Qeyd edilib ki, Azərbaycanın "Fəxri mədəniyyət işçisi" olan həmyerlimiz yeni "Həyat davam edir" yubiley monotamaşasını təqdim edəcək.
Yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.
Mayın 5-6-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə baş tutacaq.
Çağdaş dünyada hər bir xalqın mədəni özünəməxsusluğunu, milli-mənəvi dəyərlər sistemini, maddi irsini, tarixi yaddaşını qoruması qarşıda duran mühüm vəzifələrdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə, o cümlədən Azərbaycan xalqının milli kimliyinin mühafizəsi, adət-ənənələrinin yaşadılmasında muzeylərin rolunu nəzərə alaraq, onların inkişafı istiqamətində mühüm işlər görüb, sözügedən məsələləri siyasi fəaliyyəti müddətində daim ön planda saxlayıb.
Bunu nəzərə alaraq, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək konfransda “Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin dirçəldilməsində rolu”, “Etnik müxtəliflik və mədəniyyətlərarası dialoq”, “Xalq sənətkarlığının dirçəlməsində etnoqrafik muzeylərin rolu”, “Qloballaşma dövründə etnik mədəniyyətin əksi”, “Lokal etnik qrupların ənənəvi mərasim mədəniyyəti” mövzularını əhatə edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Beynəlxalq tədbirə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar qatılaraq elmi məruzələrlə çıxış edəcək.
İkigünlük konfransda akademik sessiyalarla yanaşı, qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulub.
Məşhur “Sotheby” hərracında Şah Təhmasibin “Şahnamə”sinin əlyazmasının illüstrasiyalı vərəqi 6,1 milyon dollara satılıb. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə hərracın İslam və Hindistan incəsənəti departamentinin direktoru Benedikt Karter məlumat verib. O qeyd edib ki, İran-Turan müharibəsinin rəsmini əks etdirən bu qiymətli nümunə auksionda ən çox təklif alanlar sırasında olub. O əlavə edib ki, bu illüstrasiyalı vərəq dünyanın orta əsrlərə aid ən nadir əsərlərindən biridir. Bu unikal nümunə 1658-ci ildə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən Osmanlı Sultanı II Səlimə hədiyə edilib.
Hərracda, həmçinin XVII-XVIII əsrlərə aid Yaxın Şərq, Şimali Afrika, Türkiyə, İran, Hindistan və Cənubi Asiyadan müxtəlif İslam əsərləri də satılıb. B.Karter bildirib ki, ümumilikdə 135 əsər kolleksiyaçıları tərəfindən alınıb. Onların arasında Osmanlı imperiyası zamanında – XVII-XIX-əsrlərdə məşhur müsəlman xəttatları tərəfindən yazılmış Qurani-Kərimin nadir nümunələri də var. Osmanlı sultanlarının XVII əsrə aid qızıl naxışlı xəncəri isə 254 min funt sterlinqə satılıb. Həmi əsrdə hazırlanan “Qızıl buynuz” vazasının satışından 126 min dollar, müxtəlif geyim, keramika, metal əşyalar və rəsm əsərlərindən isə “Sotheby” hərracı 15,7 milyon dollar əldə edib.
B.Karter vurğulayıb ki, son illər hərracda İslam əsərləri və irs nümunələrinə tələbat xeyli artıb. Kolleksiyaçılar onların nadir olmasına xüsusi əhəmiyyət verirlər. Ən çox tələbat isə Qurani-Kərimin müxtəlif əsrlərdə xəttatlar tərəfindən yazılmış nümunələridir.
Mayın 27-də Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çoxsaylı istəkləri nəzərə alaraq türk pop musiqisinin məşhur ifaçısı Rafet el Roman yenidən öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsilli məzunlarının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında P.Çaykovskinin “Yevgeniy Onegin” operasından Polonez əsəri, A.Qlazunovun “Raymonda” baletindən Divertisment parçası, Xalq musiqisi “Bayram süitası”, C.Cahangirovun “Lirik rəqs” əsəri, F.Şopenin “Prelüd variasiyası”, Acar rəqsi "Qandaqan”, xalq musiqisi “Qafqaz rəqsi”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən “A dajio”, xalq musiqisi “Qaval ilə rəqsi" və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, unudulmaz xanəndə Sabir Mirzəyevin xatirə gecəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbiri tarzən Rövşən Qurbanovun müşayiəti ilə ansambl idarə edəcək. Eyni zamanda, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, eləcə də Mirələm Mirələmov, Rəvanə Qurbanova, Səbuhi İbayevin ifaları səslənəcək.
Qeyd edək ki, Azərbaycanın görkəmli xanəndəsi, “Çahargah” muğamının mahir ifaçısı Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri var. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamış və 40 il ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyevin eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizin daha da inkişaf etdirilməsi istiqamətində böyük əməyi olub. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında açılan “Dərman arardım dərdimə” adlı sərgi davam edir.
AZƏRTAC xəbər verir ki, rəssamlar Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəlizadənin əsərlərinin yer aldığı sərgi mayın 4-dək ziyarətçilər üçün açıqdır.
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
Sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18-25-də “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival Bakı və Şuşa şəhərlərində təşkil olunacaq. Festivalda ifaçıların qeydiyyatı mayın 1-dən 20-dək aparılacaq. Azərbaycanı bu festivalda aprelin 24-27-də keçirilən Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndə və instrumental ifa kateqoriyası üzrə birinci yerin mükafatçıları Mirəli Sarızadə və Vaqif Təhməzov təmsil edəcəklər.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının açılışı iyunun 18-də Heydər Əliyev Sarayında olacaq. İyunun 25-dək davam edəcək festival çərçivəsində Bakının müxtəlif mədəniyyət ocaqlarında, həmçinin iyunun 23-də Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər - müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil ediləcək. Festivalın sonuncu günündə 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən canlı muğam marafonu olacaq.
“Muğam aləmi” Festivalında 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini və Qran-Pri mükafatçısını beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. İyunun 25-də qaliblərin mükafatlandırılması və konsert keçiriləcək.
Festival günlərində Bakıda keçiriləcək konsertlərə biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək mümkün olacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən beynəlxalq muğam festivalları təşkil olunur. Layihə muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
Teatrın mətbuat xidmətindən Reporta verilən məlumata görə, direktorun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub .
Qeyd edək ki, əməkdar mədəniyyət işçisi İ.Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistratura pilləsini bitirib.
1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb. 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.
O, bugünədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan “Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlayıb.
İlham Əsgərov J.Koktonun “İnsan səsi” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.
İlham Əsgərov 2012-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçib.
2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb.
Xatırladaq ki, teatrın direktoru Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.