Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC teatrın may repertuarını təqdim edir.

    2 may- “Şirinlər”

    3, 4 may – “Mauqli”

    5 may – “Çippollino”,

    6 may - “Uzuncorab Peppi”, “Sərgüzəşti- vəziri xani-Lənkəran”

    7 may – “Balaca və damda yaşayan Karlson”, “Mən gəldim qızlar”

    12 may – “İstədiyim kimi yaşamışam”

    13 may- “Möcüzəli pillələr”, “Qağayı”

    14 may- “Danışan gəlincik”, “Ana”

    20 may – Kod adı “V.X.Y”, “Şən Elf və cadugər”

    27, 28 may – “Balaca kişilər” (yeni tamaşa)

  • Respublika Gənclər Kitabxanasında görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

    Bu gün XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il ötür.

    AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən silsilə materiallar – “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisi və “Bir ömrün manifesti” adlı videomaterial hazırlanıb.

    Hazırlanan materiallarda Mir Cəlalın həyat və bədii yaradıcılığına, pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub. Materialda Xalq yazıçısı Elçin Əfəndiyevin, akademik Nizami Cəfərovun görkəmli yazıçı haqqında söylədikləri fikirlər, tarixi faktlar yer alıb. Videoçarxda Mir Cəlal Paşayevin elmi fəaliyyətində xüsusi yer tutan “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” fundamental əsərləri haqqında dəyərli məlumatlar əks olunub. Bundan əlavə, videoçarxda ədibin “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab" romanları haqqında da məlumatlar əks olunub. Videomaterialda Mir Cəlalın foto və video görüntüləri ilə yanaşı, nümunəvi ailə modelinə malik xeyirxah insanın, gözəl pedaqoqun ailə dəyərləri, hər bir insanı ucalda biləcək şəxsi keyfiyyətlər haqqında söylədiyi dəyərli fikirlər də yer alıb.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisində isə Mir Cəlal Paşayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlər, ədib haqqında yazılan “Mir Cəlalın ədəbi ideyaları”, “Mir Cəlal Paşayev. Biblioqrafiya”, “Sadəlik və müdriklik”, “Mir Cəlal xatirələrdə” kimi 15-dən, özünün müəllifi olduğu “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi 10-dan artıq kitabının biblioqrafik təsviri yer alıb. Virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatlar da təqdim edilib.

    Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

  • Bir yazıçı ömrünün manifesti...

    Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümü tamam olur

    Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.

    XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümü tamam olur.

    Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb.

    Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən bu oğlanı izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

    Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

    Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.

    Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

    XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

    Tam əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

    Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən bu sənətkarın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

    Yazıçının ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

    İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də çap edilib. “Bir gəncin manifesti” bu gün də könüllərə yanğı salır, qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

    Mir Cəlalın “Dirilən adam”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

    Qüdrətli nasirin bədii yaradıcılıq nümunələri dəfələrlə çap edilib. Onun “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və digər kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı işıq üzü görüb.

    XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən olan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də xüsusi yer tutub. Filologiya fakültəsi tələbələrinin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Böyük pedaqoq 1936–cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

    Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” dissertasiyasına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru elmi dərəcələrini alıb. Füzuli poeziyasını dərindən duyan, klassik ədəbiyyata qəlbən bağlı olan görkəmli alim 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov bu monoqrafiyanı Füzuli ədəbi irsinin öyrənilməsində, mənimsənilməsində və dərk edilməsində elmi açar kimi dəyərləndirir. Təsadüfi deyil ki, əsər 1994-cü ildə yenidən işıq üzü görüb.

    “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyllərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparıb, əhatəli elmi nəticələr çıxarıb.

    Ədəbiyyatşünas alimin tanınmış tədqiqatçı Firudin Hüseynov ilə birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərdə dərslik kimi istifadə olunur. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər tam dolğunluğu ilə əksini tapıb.

    Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də zirvələrə ucalıb, əsl şəxsiyyət kimi müdrikləşib.

    Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin XX əsr ədəbiyyatında, ədəbiyyatşünaslıq tarixində açdığı cığır çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.

    1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.

    Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, həm də özündən sonra gələn nəsillərə örnəkdir.

    Mir Cəlal bütün yaradıcılığı boyu oxucuları ilə həmişə səmimi söhbət aparıb. Elə buna görə də görkəmli ədibin həyat və yaradıcılığı bu gün nəinki Azərbaycanda, onun sərhədlərindən kənarda da geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

    Azərbaycan Respublikası Prezidentinin “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

    Xatırladaq ki, 2014-cü ildə böyük ədibin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimatı olub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çapdan çıxmış beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludur. Uzun illərdən sonra ədibin əsərlərinin ardıcıllıqla, vahid toplu halında işıq üzü görməsi əslində ədəbi hadisədir.

    İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

  • Kann Film Festivalının afişası təsdiqlənib

    Mayın 16-dan 27-dək keçiriləcək 76-cı Kann Film Festivalının posteri üçün yenidən fransız aktrisasına müraciət edilib.

    AZƏRTAC xəbər verir ki, 76-cı Kann Film Festivalının posteri üçün fransız aktrisa Katerin Dönöv seçilib. Ağ və qara rəngli poster Artland Vila tərəfindən Alən Kavalyenin “La Chamade” filminin çəkiliş meydançasında Cek Qarofalonun çəkdiyi foto əsasında hazırlanıb.

    Katerin Dönöv Kann Film festivalında uzun müddət iştirak edib, xüsusilə də, 1994-cü ildə Klint İstvudun prezidenti olduğu münsiflər heyətinin vitse-prezidenti olub və 2005-ci ildə “Qızıl Palma” mükafatına layiq görülüb.

    Qeyd edək ki, aktrisanın qızı Çiara Mastroianni Kann Festivalının aparıcısı olacaq.

  • Azərbaycan və Macarıstanın bank sektorları əməkdaşlığa başlayır

    Azərbaycan və Macarıstanın Banklar Assosiasiyaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

    Report bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, sənədi ABA-nın prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının Baş katibi Levente Kovács imzalayıb.

    Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkil edilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda əməkdaşlıq məsələlərinə rəqəmsal ödənişlərdə fırıldaqçılıqla mübarizə, banklarda kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, müxtəlif xidmət haqqı tariflərinin optimallaşdırılması sahəsində təcrübə mübadiləsi, müvafiq dövlət proqramlarının icrasına dair məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsi daxildir.

    ABA xeyli sayda xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurub, beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.

    ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

  • “Gələcəyin ekoloji avtomobili” ilə “Yaşıl ölkə”yə səyahət

    Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtomobillərin yürüşü baş tutacaq. “Yaşıl ölkə” adlanan bu layihəni Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) həyata keçirir.

    İlk ekoloji avtoyürüş ötən il mayın 10-da Bakı-Mingəçevir marşrutu ilə keçirilib. Builki tədbir barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib:

    “Avtomobil yürüşləri ən mobil və baxımlı aksiyalardandır. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu cür tədbirlər tarixi hadisələrə, tarixi şəxsiyyətlərə həsr olunurlar. Bəzən cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək üçün də avtomobil yürüşü kimi effektli alətdən istifadə olunur. AADA-nın keçirəcəyi yürüş bu missiyaları özündə birləşdirir. Məlumdur ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Ölkəmizin bütün bölgələrində ardıcıl olaraq Ulu Öndərə həsr olunmuş tədbirlər keçirilir. Biz avtomobil sektorunun nümayəndələri olaraq, öz yürüşümüzlə bu proqrama qoşulmağı qərara aldıq. Lakin bu adi yürüş deyil, avtomobil karvanı yalnız elektromobil və “hibridlərdən” ibarət olacaq. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım ölkəsinə” çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA silsilə tədbirlər həyata keçirməkdədir.

    Diqqətinizə çatdırım ki, məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” adlı növbəti rəsm müsabiqəsinə də start vermişik və müsabiqənin nəticələri “Yaşıl ölkə” yürüşünün startından öncə elan olunacaq. Müsabiqənin şərtləri ilə AADA-nın rəsmi internet saytında və ya sosial şəbəkələrdəki səhifələrimizdə tanış olmaq mümkündür. Qalibləri pul mükafatları və hədiyyələr gözləyir. Bu müsabiqə ilk dəfə 2022-ci ildə baş tutub. Həmən müsabiqənin qaliblərinə diplom və hədiyyələri Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Muhamməd Ben Sulayem təqdim ediblər. Düşünürəm ki, gənc avtomobil dizaynerləri bu günü yaddan çıxarmayacaqlar. Hazırda elan etdiyimiz müsabiqəyə maraq böyükdür, olduqca maraqlı əsərlər göndərilir. Xatırladım ki, münsiflər heyətinin rəhbər funksiyasını könüllü olaraq, xaricdə fəaliyyət göstərən həmyerlimiz Samir Sadıxov artıq ikinci dəfə öz üzərinə götürüb. Odur ki, ilkin seçmə mərhələsindən sonra bütün rəsmlər dünya şöhrətli peşəkar dizaynerə göndərilir.

    AADA sıralarında 40-dan çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birləşdirən ictimai birlikdir. Təşkilatımızın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. Assosiasiya mütəmadi olaraq araşdırmalar aparır, müxtəlif təkliflər hazırlayır, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr təşkil edir. Bununla yanaşı, AADA ölkənin sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi üçün tədbirlər həyata keçirir. Məsələn, 20 ildən çoxdur ki, biz “Caspian MotorShow”, “Caucasus MotorShow” adlı avtomobil sərgiləri təşkil edirik. Müstəqil Azərbaycanda elə ilk avtomobil yürüşünü də bizim assosiasiya hələ 28 may 1999-cu ildə təşkil edib. Ölkə ərazisində ən iricoğrafiyalı yürüşümüz isə “İlhamla İrəli” şüarı altında 2008-ci ildə baş tutub. Bu yürüşün ümumi marşrutu 850 km təşkil edib.

    Beləliklə, AADA-nın parlaq avtomobil tədbirləri təşkil etməkdə təcrübəsi böyükdür. Adi minik və ya “off-road” avtomobillərinin iştirakı ilə dəfələrlə yürüşlər etmişik. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtoyürüşün Qarabağ torpağından keçməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş torpaqlarda yenidən qurulan və təbiətlə vəhdət təşkil edən müasir kənd və şəhərlər fonunda ekoloji cəhətdən zərərsiz avtomobil karvanının yürüşü, zənnimcə, bütün dünyaya da son dərəcə mənalı mesaj olacaq.

    “Yaşıl ölkə” avtomobil yürüşünün dəqiq zamanı barədə yaxın günlərdə məlumat veriləcək. Avtomobil karvanında əsasən rəsmi dilerlər tərəfindən təqdim olunan modellər üstünlük təşkil edəcək, lakin ekoloji nəqliyyat vasitələrindən istifadə edən təşkilatlar, klublar və fərdi şəxslər də bu tədbirə qoşula bilərlər.

    Layihənin gerçəkləşməsində hər zaman olduğu kimi, Azərbaycan Avtomobil Federasiyası (AAF) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yardımına güvənirik. Yürüşün Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərinə istiqamət alacağını nəzərə alsaq, Mədəniyyət Nazirliyinin bizə göstərdiyi təşkilati dəstək də məntiqlidir. Eləcə də AADA-nın rəsmi tərəfdaşı Mashin.al onlayn avtomobil mərkəzinə təşəkkür edirik”.

  • "Formula 1" yarışları ilə əlaqədar Bakı metrosu 2 saat çox işləyəcək

    "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq.

    Report xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək:

    "Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

    Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq.

    Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək".

    B.Məmmədov qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacağını vurğulayıb.

    "Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq", - deyə o əlavə edib.

  • Musiqili Teatr “Məchul pilləkən” balet tamaşasını göstərəcək

    Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Məchul pilləkən" balet tamaşası oynanılacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir.

    Səhnə əsərində əsas qadın rolunu Aynurə Əsgərova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa edirlər.

    Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Elvira Əzizova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Cəmilə Mansurova, Kamran Həsənov və Yaqub Bəhramov oynayırlar.

    Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya da səsləndirilir.

    Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də "İticket.az” saytından əldə etmək olar.

    Kollektiv sifarişlər də qəbul olunur.

  • “Bakı Metropoliteni”nin Müşahidə Şurasının sədri dəyişib

    Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

    Report xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

    Sərəncama əsasən, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə əvəz edilib.

  • Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

    İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

    Report bu barədə Agentliyə istinadən xəbər verir.

    Məlumata görə, sənədi STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus”un Baş direktoru Zoltan Tanko imzalayıb.

    Memorandum “İkarus” avtobuslarının Azərbaycanda istehsalına başlanılması, ilkin olaraq ildə 100 ədəd avtobus istehsal olunması, tədricən bu rəqəmin 500 ədədə çatdırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələləri əhatə edir.