Yadplanetlilər dünyasında olan hadisələrdən bəhs edən məşhur “Yad” filminin yeni bölümünün çəkilişlərinə başlanılıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin rejissoru Federiko Alvarez çəkiliş meydançasından ilk foto və filmin tizer-treylerini yayımlayıb.
Qeyd edək ki, treylerdə film barədə ümumi fikir açıqlanmır, sirr kimi saxlanılır. Amma yeni bölümdə izləyiciləri maraqlı hadisələrlə bol kadrlar gözləyir. Ekran əsərinin premyera tarixi hələ ki, açıqlanmayıb.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, Əməkdar elm xadimi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan “Maarif yolu” jurnalında dərc etdirib. 20 yaşında bir gəncin bu mövzuda ədəbiyyatşünas alimlər səviyyəsində elmi-tədqiqat əsəri yazması, onun gələcəyin böyük ədəbiyyatşünas alimi olacağının ilk parlaq işartıları idi. Jurnalın üç nömrəsində dərc olunan bu materialı oxuduqca, Darülmüəllimini yenicə bitirib uzaq kənd məktəbində müəllimliyə başlayan gəncin biliyinə, mütaliə səviyyəsinə və ədəbi əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə bir sırada durmağa layiq düşüncə tərzinə və təfəkkürünə heyran qalmaya bilmirsən.
Bu fikirlər Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun AZƏRTAC-a təqdim etdiyi görkəmli ədib, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin yeni nəşri haqqında yazısında yer alıb. Yazını təqdim edirik.
Əsəri oxuduqca istifadə olunan təhlil metodları, XVII-XX əsr dünya romantizm məktəblərinin, onun görkəmli nümayəndələrinin və onların dünya romantizminin parlaq nümunələri hesab olunan əsərlərindən nümunələr gətirməsi Mir Cəlal müəllimin hələ erkən gənc yaşlarında geniş mütaliə təcrübəsinə və dərin təxəyyülə malik olmasını əyani nümayiş etdirirdi. Əks halda yenicə Darülmüəllimini bitirib Gədəbəy kimi ucqar dağ rayonunun uzaq kəndində müəllimlik etməyə başlayan 20 yaşlı gənc kənd müəlliminin belə bir əsər yazması qeyri-mümkün olardı. Bəlkə də bu gün sürətli internetin, zəngin kitabxanaların mövcud olduğu bir vaxtda magistraturanı və aspiranturanı bitirib kəndə işləməyə gedən gənc mütəxəssislər və ədəbiyyatşünas-alimlər belə bir əsəri yazmağa cürət etməzdilər, çünki bu addım hər şeydən əvvəl böyük cəsarət tələb edirdi!
Deməli 1928-ci ildə dünya ədəbiyyatının görkəmli klassiklərinin əsərlərini elmi təhlilə cəlb edərək dünya romantizm məktəbləri haqqında geniş və əhatəli, elmi məntiqə və təxəyyülə söykənən sanballı əsər yazması həqiqətən 20 yaşlı kənd müəlliminin gələcəyin görkəmli ədəbiyyatşünas alimi olacağından xəbər verirdi.
“Ədəbiyyatda romantizm” elmi araşdırmasında dünya romantizm cərəyanının aparıcı qanadları olan alman romantizmi, fransız romantizmi, türk romantizmi, rus romantizmi və digər romantizm məktəblərinin geniş xarakteristikasını verən müəllif, bu ədəbi məktəblərin görkəmli nümayəndələrinin xarakterik əsərlərini geniş təhlilə cəlb edərək onların müqayisəli təhlili nəticəsində nəinki dövrü və zamanı üçün çox mükəmməl elmi nəticələr çıxarır, hətta sensasiya sayıla biləcək elmi fikirlər irəli sürürdü. Əlbəttə XX əsrin əvvəllərində gənc kənd müəllimi üçün bu çox cəsarətli addım hesab oluna bilərdi!
Əlbəttə bu gün bəlkə də kimlərsə bizim bu fikirlərimizə müasir dövrün prizmasından yanaşaraq rast gəlinməsi mümkün olan bir hal kimi baxa bilərlər, ancaq dövr, zaman və məkan anlayışı baxımından yanaşdıqda bu əsərin nadir istedad sahibi tərəfindən qələmə alındığına heç bir şübhə yeri qalmır və sözün əsl mənasında heyrətlənməyə bilmirsən!
Çox təəssüf ki, istedadlı ədib və görkəmli ədəbiyyatşünas alimin ədəbiyyatşünaslıq sahəsində bu ilk sanballı qələm təcrübəsi uzun müddət Azərbaycan ədəbiyyatşünaslarının, tədqiqatçıların diqqətindən kənarda qalmışdır və bəlkə də bunun əsas səbəbi demək olar ki, hamının bu elmi tədqiqat əsəri barədə xəbərsiz olmasından, bu materialın tədqiqatçılar üçün əlçatmaz olmasından irəli gəlmişdir. Belə ki, professor Mir Cəlal Paşayevin bu əsəri ötən əsrin 20-ci illərində Dağıstanın Maxaçqala şəhərində çap olunan “Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və12-ci nömrələrində, 1929-cu ilin 1-2-ci nömrələrində dərc olunmuşdur və çox təəssüflər olsun ki, elə həmin zamanlarda da hansısa məsuliyyətsiz bir oxucunun əli ilə həmin material cırılaraq götürülmüş və nəticədə bununla da “elmi dövriyyədən” çıxarılmışdır.
“Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və 12-ci nömrələrinin Azərbaycan kitabiyyatının və mətbuatının yeganə etibarlı arxivi hesab olunan Milli Kitabxananın arxiv fondunda cildlənərək mühafizə olunan yeganə komplektini nəzərdən keçirərkən məlum olur ki, bu jurnal həmin səhifələr olmadan cildlənmişdir və vərəqlər sonradan cırılmamışdır. Bu fakt bir daha sübut edir ki, ucqar dağ kəndində yaşayan 20 yaşlı gənc kənd müəlliminin çox cəsarətli fikirlərinin yer aldığı bu əsər kimlərisə qıcıqlandırmışdır (ehtimal ki!) və həmin əsər guya hər hansı bir məsuliyyətsiz oxucu tərəfindən Milli Kitabxananın arxiv fondunda mühafizə olunan “Maarif yolu” jurnalının arxiv nömrələrindən cırılaraq götürülmüşdür. Ancaq böyük ehtimalla bu hərəkət bəlkə də kimlərinsə qısqanclığının nəticəsində baş vermişdir. Məhz bu səbəbdən də uzun müddət bu sanballı elmi əsər tədqiqata cəlb olunmamış qalmışdır. Təəssüflər olsun ki, 2018-ci ildə Milli Kitabxana tərəfindən professor Mir Cəlal Paşayevin ədəbi-tənqidi məqalələrinin məcmuəsi çap olunarkən həmin jurnalın 10-11 və 12-ci nömrələri barədə onun çap olunduğu Dağıstan respublikasının Milli Kitabxanasına verilən sorğuya “Təəssüf ki, “Maarif yolu” jurnalının həmin nömrəsi kitabxanamızın fondunda yoxdur” cavabı verilmişdir. Həmin ildə Moskvadakı Rusiya Dövlət Kitabxanasına ünvanlanan sorğuya da “fondumuzda yoxdur” cavabı alınmışdır.
2019-cu ilin dekabrında bu sətirlərin müəllifi Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında ciddi axtarışlarını davam etdirərək “Maarif yolu” jurnalının həmin nömrəsinin bu kitabxananın arxiv fondunda mövcud olduğunu müəyyənləşdirmişdir. Nəhayət, 2020-ci ilin fevralında Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Valeryeviç Dudanın köməkliyi ilə professor Mir Cəlal Paşayevin 20 yaşında olarkən yazdığı və onun gələcəyin parlaq bir ədəbiyyatşünas alimi olacağından xəbər verən ilk sanballı qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” məqaləsi Milli Kitabxanamızın arxiv fonduna daxil edilərək tədqiqatçıların ixtiyarına verilmişdir.
Görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin “yenidən həyata qaytarılan” “Ədəbiyyatda romantizm” əsəri latın əlifbasına transliterasiya olunaraq istedadlı ədibin 115 illik yubileyi ərəfəsində “Azərbaycan” jurnalının 2023-cü il 4-cü nömrəsində çap olunmuşdur.
Necə deyərlər, “istedadı, həqiqəti müvəqqəti olaraq boğmaq gizlətmək mümkündür, amma birdəfəlik məhv etmək, tarixin yaddaşından silmək qətiyyən mümkün deyildir, o haçansa mütləq açılacaq və parlayacaqdır!”. Budur reallıq və əsl həqiqət! İndi söz tədqiqatçı alimlərindir.
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar – videomaterial, ənənəvi kitab sərgisi, biblioqrafik siyahı hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və ingilis dillərində tərtib edilən videomateriallar Zərifə xanımın həyat və elmi fəaliyyətindən, oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən, bu sahə üzrə onlarla yüksək ixtisaslı kadrların yetişdirilməsində göstərdiyi danılmaz fədakarlıqdan bəhs edir. Materiallarda akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər haqqında məlumat verilir. Videomateriallarda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Zərifə xanım haqqında səsləndirdikləri dəyərli fikirlər, xatirələr, foto və videogörüntülər də yer alıb.
Biblioqrafik siyahıda Zərifə xanımın həyat və fəaliyyəti, 100 illik yubileyinin keçirilməsinə dair qəbul edilən rəsmi sənədlər, müəllifi olduğu əsərləri, onun haqqında yazılan kitablar və monoqrafiyalar, kitablarda və dövrü mətbuatda çıxan (Azərbaycan və rus dilində) məqalələr barəsində məlumatlar xronoloji ardıcıllıqla yerləşdirilib. Burada “Xatirələrdə yaşayan Zərifə Əliyeva” başlığı altında bir sıra görkəmli şəxsiyyətlərin, Zərifə xanımı şəxsən tanıyan həmkarlarının, dövlət və elm xadimlərinin görkəmli akademik haqqında söylədikləri dəyərli fikirlər toplanıb.
Kitabxanada təşkil edilən “Zərifə Əliyeva - 100” başlıqlı ənənəvi sərgidə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən kitablar, dərc edilən mətbuat materialları, görkəmli şəxslərin onun haqqında dedikləri fikirlər, kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik siyahı sərgilənməkdədir.
Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir.
Report xəbər verir ki, II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək.
Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2,5 km qısalır. Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin nəzərdə tutulan dairəvi və düzbucaqlı suötürücülərin inşası aparılır.
Paralel olaraq ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri də görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir. Yolda sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə14 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4,5-ci km-də Ağsu çayı üzərində 1 200 metr uzunluqda və 76,5 m hündürlüyündə böyük asma körpünün inşası üzrə ümumilikdə 31 % işlərin icrası yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün dayaqlarının gövdə hissələrinin inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 883 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşıb. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 22 % təşkil edir.
Layihənin 55,5-76,6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.
Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
Sentyabrda Bakıda ilk dəfə olaraq "Kosmik Nəsil Konqresi" mövzusunda forum keçiriləcək.
Report xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Tədqiqat və inkişaf mərkəzinin Elektrik və elektronika qrupunun rəhbəri Nadir Atayev ADA Universitetində "Qadınlar kosmosda: çətinliklər və imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu forum 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçiriləcək:
"Forumda 50-dən çox ölkənin 150-dən çox nümayəndəsinin iştirakı gözlənilir. Forum çərçivəsində kosmik sənayenin əsas məsələləri üzrə səkkiz işçi qrupu fəaliyyət göstərəcək. Bundan əlavə, SGAC təşkilatından (The Space Generation Advisory Council) 75 təqaüd proqramı və mükafatlar nəzərdə tutulur", - N. Atayev qeyd edib.
Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssislərin qatılması gözlənir. Konqresdə iştirak etmək üçün 95 ölkədən 3 532 elmi məqalə göndərilib. Bununla Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.
Bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həddə - 214-dür. Bu göstərici ilə ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb.
Üzeyir Hacıbəylinin ev-muzeyində “Xurşidbanu Natəvanın 190 illiyinə və Üzeyir Hacibəylinin yaradıcılığına həsr olunmuş "Milli musiqi” müsabiqəsi layihəsinin açılış mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, eləcə də media nümayəndələri iştirak ediblər.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov və layihə rəhbəri, gənc muğam ifaçısı Yusif Cəfərbəyli tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihənin əsas məqsədi gənc milli musiqi ifaçılarının ustad dərslərində iştirakını təmin edərək bacarıqlarını inkişaf etdirmək və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır.
Tədbir bədii hissə ilə davam edib.
Bu günlərdə tanınmış yazıçı Qəni Camalzadənin seçilmiş əsərləri 3 cildə nəşr olunub.
Bu barədə AZƏRTAC-a yazıçı-publisist Səadət Sultan məlum verib.
“Qanun” nəşriyyatında bu üç cildliyin təqdimatı keçirilib. İştirakçılar əvvəlcə Qəni Camalzadəyə həsr olunmuş videoçarxa baxıblar.
Şair-publisist Ağacəfər Həsənli tədbirdə çıxış edib və yazıçının yaradıcılıq yolundan söz açıb.
Tanınmış şair Tofiq Nurəli Qəni Camalzadənin şəxsiyyətindən, yaradıcılığından, bəşəri hiss və duyğularından danışıb.
Nurəddin Ədiloğlu çıxış edərək deyib: “İndi yaddaqalan, diqqət çəkən və hamıya lazım olan roman yazmaq çətindir. Lakin qələm dostum Qəni Camalzadə bu işin öhdəsindən ustalıqla gəlmişdir.
Çıxış edən digər natiqlər Qəni Camalzadəni təbrik edib, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.
Sonda müəllif iştirakçılara və təşkilatçılara təşəkkür edib.
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətli Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 100” adlı toplu (daycest) hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan topluda görkəmli alim ilə bağlı 2019-2023-cü illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub. Topluda məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.
Toplu ilə tanış olmaq istəyənlər http://anl.az/down/Z.Eliyeva100.pdf linkindən istifadə edə bilərlər.
Türkiyənin İstanbul şəhərində Mask-Kara Teatrında “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın 8-ci təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, qəzetin və TÜRKSOY-un birgə təşkil etdiyi mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rəssamı Mustafa Mustafayev Türk dünyasının “Ən yaxşı stenoqrafiya üzrə rəssam”ı mükafatına layiq görülüb.
Qeyd edək ki, “Tiyatro” qəzeti bu günə qədər əsasən Türkiyə, Makedoniya, Azərbaycan, Almaniya, İngiltərə, Moldova, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan üç yüz altmış beş teatr sənətçisini mükafatlandırıb.
Bu il mükafat kateqoriyası siyahısında Türkiyədən 17 şəhər və Almaniya, Şimali Makedoniya, İtaliya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən sənətçilər yer alıb.
“Squid Game”, “Triumph” və digər bu kimi serialların uğuru sayəsində “Netflix” Koreya filmlərinə çəkiləcək xərcləri ikiqat artırıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, qarşıdakı dörd il ərzində “Netflix” şirkətinin Cənubi Koreyada Koreya film və seriallarının hazırlanması üçün 2,5 milyard dollar sərmayə qoyacağı bildirilib.
Qeyd edək ki, investisiya planları Vaşinqtona rəsmi səfərə gələn Cənubi Koreya prezidenti Yoon Sok-Yeol ilə “Netflix”-in rəhbərlərindən biri Ted Sarandos arasında keçirilən görüş zamanı açıqlanıb.