Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı nəşr olunub.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, kitaba Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar. Ona görə də, bu kitab Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.
Nəşrin layihə rəhbəri, tərtibçi (AYB mətbuat katibi Xəyal Rza ilə birlikdə) və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, redaktoru Dürdanə Hüseynovadır.
TEAS-PRESS Nəşriyyatında nəfis şəkildə nəşr edilmiş 468 səhifəlik kitabın yaxın günlərdə geniş ictimaiyyət üçün təqdimatı nəzərdə tutulur.
Bu gün Azərbaycanın Xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 109-cu ildönümü tamam olan M.Bürcəliyev yaratdığı obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünə layiqli yer tutub.
Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb.
1967-1968-ci illərdə N Moskva Dövlət İncəsənət Universitetinin “Teatr aktyoru və rejissoru” fakültəsini bitirib.
1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif, “Səyavuş”da Kərşivaz, “Fərhad və Şirin”də Azər baba, “Otello”da Radriqo, “Vaqif”də İbrahim xan, “Üç qəpilik opera”da Bıcaq Mex, “III-Riçard”da Lord Xestinqs, “Odu atma, Prometey”də Kefest, “Dəli Kür”də Qoca, “Qacaq Nəbi”də Koxa Məmməd, “Qəribə dilənçi”də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Cəlil Məmmədquluzadənin “Ölülər”, Teymur Məmmədovun “Ürək yanarsa”, Altay Məmmədovun “Həmyerlilər” və “Bəraət”, Tofiq Mahmudun “Onuncular”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Qərib Mehdiyevin “Oxşarlar”, Şəfayət Mehdiyevin “Mirzə Fətəli”, Rəsul Həmzətovun “Dağlı qızı”, Yusif Əzimzadənin “Anacan”, Abdulla Şaiqin “Tülkü həccə gedir” pyeslərinə quruluş verib.
1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın “Əməkdar artisti”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.
Respublikanın Xalq artisti, qocaman teatr və kino aktyoru olan Məmməd Bürcəliyev haqqında bir çox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilib. Həmçinin 1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilib.
Əsasən teatr aktyoru olsam da Azərbaycan kinosuna da töfhələrim çox olub. Əminəm ki, yaxın gələcəkdə teatrlarımızda bir-birindən gözəl tamaşalar hazırlanacaq və baxımlı, keyfiyyətli filmlər çəkiləcək. Bu bizim mədəniyyətmizin istənilən sahəsində özünü göstərəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov deyib.
“Bildiyiniz kimi bu günlərdə mədəniyyətimizin inkişafı naminə teatr və kino forumları keçirildi. Bu təşəbbüs çox gözəl addımdır. Həmin tədbirlərdə milli mədəniyyətimizdə olan çatışmazlıqlar müzakirə olunurdu. Hər dəfə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gedəndə ürəyim ağrıyır. Çox istərdim ki, kinostudiya yenidən bərpa olunaraq, əvvəlki kimi işlək mexanizmə çevrilsin. Mən mədəniyyətimizin bundan sonrakı inkişafını səbirsizliklə gözləyir və buna çox inanıram. Azərbaycan incəsənətində yetərincə istedadlı, savadlı, bacarıqlı gənclər var. Düşünürəm ki, onlara bu yolda dəstək olmaqla incəsənətimizin gələcək inkişafına töhfə vermiş olarıq", - deyə Xalq artisti vurğulayıb.
Aprelin 25-də Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin birinci seçim turlarının növbəti mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, seçim turlarının ikinci günündə əvvəlcə instrumental ifaçılıq üzrə dinləmələr keçirilib.
Sözügedən kateqoriya üzrə 8 nəfər ifaçı səhnəyə çıxıb.
Səhnəyə dəvət olunan müsabiqə iştirakçıları Bayraməli Əliyev, Çingiz Əliyev, Samir Əsədli, Aişə Əmrahova, Hüseynağa Səmədov, Soltan Nadirov, Vaqif Təhməzov və Solmaz Rəhimovanın ifaları dinləniləcək. Ümumilikdə ifaçılara 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Onları münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərova qiymətləndirəcəklər.
İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında xanəndəlik kateqoriyası üzrə dinləmələrə başlanılacaq.
Turun ikinci günündə 8-i instrumental ifaçılıq, 10 –u isə xanəndəlik üzrə olmaqla 18 ifaçı səhnəyə çıxacaq.
Qeyd edək ki, müsabiqənin ilk gündə 9-u instrumental, 10 –u isə xanəndəlik üzrə olmaqla 19 iştirakçı dinlənilib.
Xatırladaq ki, Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə üzrə keçirilən Milli Muğam müsabiqəsində birinci tura bu gün yekun vurulacaq. Müsabiqənin ikinci turu isə aprelin 26-da keçiriləcək.
Azərbaycanın Rus İcması yanında Rus Mədəniyyəti Mərkəzində Azərbaycanın Rus İcmasının yaradılmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa və sərginin təqdimatı keçirilib.
RİMM-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Rus dili və ədəbiyyatının qorunub saxlanmasında və təbliğində, Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində Azərbaycanın Rus İcmasının rolu” mövzusunda tədbiri giriş sözü ilə açan Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Ümummilli Lider Heydər Əliyevin icma quruculuğuna verdiyi töhfələri qeyd edib.
Bundan əlavə, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova, 160 nömrəli Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Emiliya Fətəliyeva məruzələrlə çıxış ediblər.
Dəyirmi masanın sonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova və 14 nömrəli məktəbin şagirdi Anastasiya Primakın ifasında musiqi kompozisiyalar səsləndirilib.
Azərbaycanın Rus İcması sədrinin müavini, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina dəyirmi masanın nəticələrinə yekun vurub.
“Bakcell” MMC Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb.
Abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan “Bakcell” bu dəfə yüksək sürətdən zövq alan "Formula 1" azarkeşlərini sevindirəcək.
“Azərbaycanın ən sürətli mobil şəbəkəsi “Bakcell” "Formula 1" təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq "Formula 1", avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, deyə "Bakcell"in baş icraçı direktoru Klaus Müller bildirib.
Tərəfdaşlıq çərçivəsində “Formula 1” yarışlarındakı "Azneft" tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət-əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.
Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran Prisinin tamaşaçılarına nümayiş etdirəcək.
“Bakcell” şirkəti Formula 1 yarışı zamanı abunəçiləri yüksək keyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb. Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
2019-cu ildə “Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi dəstəkçisi olub.
“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” Azərbaycanda “VoLTE” və “eSIM” texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində “5G”nin sınaq tətbiqini elan edib. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib.
Daha sonra mərasimdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman çıxış ediblər.
Ardınca isə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev çıxış etdilər.
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Aprelin 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq.
Bu barədə Reporta AYNA-dan bildirilib.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlərin alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.
"Azərbaycan Hava Yolları” QSC (AZAL) və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə şəhid övladları üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına ekskursiya təşkil olunub.
Report xəbər verir ki, bu barədə AZAL-ın yaydığı məlumatda deyilir.
Bildirilir ki, zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin, onlara hava limanının fəaliyyətində iştirak edən xidmətlərin işi barədə məlumat verilib.
Belə ki, gənc qonaqlar hava gəmilərinə texniki xidmət anqarını ziyarət edib, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.
Ekskursiyanın kulminasiyası kimi “Boeing 787 Dreamliner” hava gəmisinə baş çəkən iştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Onlar hava gəmisinin pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB ) vasitəsilə Azərbaycandan təbii qaz tədarükünü 1,2 milyard kubmetrə qədər artırılması ilə bağlı razılaşma var.
"Report"un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (ESTK) sədri İvan İvanov deyib.
Komissiya rəhbəri qeyd edib ki, Bolqarıstan hazırda IGB vasitəsilə Azərbaycandan 1 milyard kubmetr təbii qaz alır: “Təbii ki, lazım gələrsə, həcmin daha da artırılması üçün həll yolu tapacağıq”.
Onun sözlərinə görə, Bolqarıstan üçün Azərbaycan və Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çox vacibdir: "Bolqarıstan üçün tədarükün şaxələndirilməsini təmin etmək və ölkənin təbii qaz bazarında sağlam rəqabətə nail olmaq çox vacibdir".