Aprelin 20-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xaric ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.
Əvvəlcə Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışaraq deyib: “Zəngin irsə sahib olan Azərbaycan kino sənətinə həsr edilmiş bu Forum Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Cəmi 10 gün bundan əvvəl məhz bu məkanda Teatr Forumu təşkil edildi. Forum iki gün ərzində Azərbaycan və bir neçə xarici ölkələrin teatr sahəsinin dəyərli nümayəndələrini bir araya gətirərək bu sahədə mövcud olan problemlər, müasir çağırışlar və inkişaf istiqamətlərinin müzakirəsi platformasına çevrildi. Ümid edirik ki, Kino Forumu da çox maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq. Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr və Kino forumundan əlavə bu il ərzində Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçiriləcək və nəticədə Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik”.
Qeyd edib ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxmışdır. Əsası 1923-cü ildə qoyulmuş və bu il 100 illik yubileyi qeyd edilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin sistematik şəkildə inkişaf etməsi üçün geniş zəmin yaratmışdır. Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.
Adil Kərimlinin sözlərinə görə, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. “Kino bizim xalqımızın salnaməsidir” - deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərmişdir. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu Öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf etməyə başlamışdır.
Ümummilli Liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılımasına başlanılıb və həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edilib. Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Ulu Öndərin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunmuşdur. Lakin, Ulu Öndər Heydər Əliyev tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyulmuş və 18 dekabr 2000-ci il tarixli Sərəncam ilə milli kino tarixinin başlanğıcı 1898-ci il, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilməyə başlamışdır.
Bu gün cəmiyyətdə sosial təhsil və maarifləndirmə işinin həyata keçirilməsində, milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində misilsiz xidmətləri olan Azərbaycan kino sənətinə dövlətimiz tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir.
Son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verir.
Bundan başqa, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapmışdır. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq rəqabətə davamlılığın və bir çox beynəlxalq birgə layihələrdə, kino istehsalında iştirakın təmin edilməsi və eləcə də beynəlxalq platformaların tərkib hissəsinə qoşularaq həm Azərbaycan kinemotoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Bu baxımdan, xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilmişdir.
Mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlamışdır. Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsi ilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq.
Bu gün Azərbaycan kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyur deyən A.Kərimli bildirib ki, bu dövr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kinomuza marağın yenidən artmasına və Azərbaycan milli kinematoqrafiyasının daha da inkişaf etdirilməsinə böyük təkan verəcək.
Onun sözlərinə görə, bütün bu inkişaf yolu ilə yanaşı Azərbaycan kino sənətinin bir sıra problemlər də mövcuddur. Buna görə də, bu Forumun əsas məqsədi kino tariximizin zəngin irsini qoruyub saxlamaqla yanaşı, bu mirasın daşıyıcıları olaraq hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafını təmin etmək və rəqabət qabiliyyətli kinomuzun formalaşması istiqamətində atıla biləcək addımları birlikdə müzakirə etmək, bunun əsasında inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanılmasına nail olmaqdır: “Düşünürük ki, bu sahədə yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan trendlərə çatması üçün müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət vardır. Əminik ki, sizlər artıq bu dəyişikliklərin və çağırışların tərkib hissəsi kimi öz fəaliyyətinizi çox uğurla qurmusunuz. Sadəcə olaraq bir araya gələrək vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac vardır.
Bu baxımdan, bu Forum sadalanan məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi, əsas ictimai dialoq formatıdır. Təbii ki, kinomuzda, kinematoqrafiyamızda mövcud olan bütün problemləri bu iki gündə həll etmək mümkün deyil və belə bir hədəfimiz də yoxdur. Lakin əsas məqam ondan ibarətdir ki, bu cür dialoqların, bu cür müzakirələrin daha da geniş formatda davam etdirilməsi, bu prosesin işlək bir mexanizmə çevrilməsi üçün bu iki gündə sizlərdən mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər gözlənilir. Düşünürük ki, bundan sonra da belə dialoqlar, müzakirələr daha da geniş formatda davam etdirilməli, bu proses işlək mexanizmə çevrilməidir.
Ümid edirik ki, bu Forum gözlənilən məqsədlərə nail olmasında uğurlu vasitə olacaq”.
Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq. Forum panel müzakirələrlə davam edəcək.
Kino Agentliyinin fəaliyyətə başlaması üçün bütün işlər tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.
Azərbaycan Mədəniyyətinin İnkişaf Strategiyası sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyada öz əksini tapacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli söyləyib.
Nazir deyib: “Cəmi 10 gün bundan öncə burada Teatr Forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino Forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”.
Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 107-ci ildönümü tamam olur.
Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır. Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.
Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 107-ci ildönümü tamam olur.
AZƏRTAC-ın əməkdaşı görkəmli sənətkarın doğum günündə onun həyat və yaradıcılığının bəzi məqamlarını öyrənmək üçün onunla eyni səhnəni bölüşmüş aktyorlarla həmsöhbət olub.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov Nəsibə Zeynalova haqqında xatirələrini bölüşüb: "Biz qohum olmuşuq, 5-6 yaşlarımda rəhmətlik nənəm məni tez-tez Nəsibə xanımgilə aparırdı. Nəsibə xanım çox diqqətcil adam idi, nənəmə teatr biletləri verirdi ki, mütəmadi olaraq gəlib tamaşaları izləyə bilək. Hər zaman tamaşa başlamamışdan qabaq orkestrin qarşısında dayanıb bütün prosesləri diqqətlə izləyirdim. Nəsibə xanım səhnəyə çıxarkən o möhtəşəm alqışları görürdüm. Beləcə tamaşalara gedə-gedə məndə də bu sahəyə həvəs yaranırdı. Universiteti bitirdikdən sonra aktrisa Ofelya Məmmədzadə özüm də gözləmədən məni aparıb Musiqili Teatra işə düzəltdi. Bu teatra işə girdim və bir gün Nəsibə xanıma teatrda dedim ki, Mömə, tanıdın məni? Dedi ki, “Adə, şirin gəlirsən mənə, televizordan tanıyıram, kimsən sən?” Dedim, Zibeydə xanımın nəvəsiyəm, sizə gəlirdim. Dedi, “Hə, yadıma düşdü”...
Biz qastrol səfərlərinə gedirdik, avtobusumuz onu evinin qarşısından götürürdü və Nəsibə xanım bir qazan peraşki ilə gəlirdi. Ər, kartof, kələm peraşkisi. Ət peraşkilərinin də əksəriyyətini mənə yedirdirdi. Sonra mənim televiziyada "Yeriniz məlum" adlı verilişim olanda onu tez-tez həmin verilişə dəvət edirdim. Heç bir verilişə getməsə də mənim dəvətimi qəbul edirdi. Rayonlarda birgə qastrol səfərlərində olmuşuq. Nəsibə Zeynalova ilə bizim çox maraqlı və unudulmaz anlarımız olub. Bir gün mən onu öz istəyi ilə Xudata apardım. Bacılığı var idi orada. Yolda Xudata az qalmış su istədiyini bildirdi. Maşını saxlayıb su almağa düşərkən orada böyük insan kütləsi ətrafıma yığışdı və görüşdülər, imza aldılar, xoş sözlər dedilər. Mən suyu maşına aparan zaman Nəsibə xanım qapını açdı və adamlar Nəsibə xanımın səsini eşidən kimi onun ətrafına toplaşdılar. Mən onda anladım ki, xalq Nəsibə xanımı necə sevir. Oraya həmin an bir ləzgi kişi gəldi və Nəsibə xanımın əlindən öpmək istədi. Həmin kişi Nəsibə Zeynalovanın əlini öpəndən sonra arzusuna çatdığını dedi. Nəsibə xanımla bu cür unudulmaz xatirələrimiz çox olub. Səhnədə də onunla tərəf müqabili olmuşam. Bu gün də teatra daxil olarkən o cür sənətkarların yoxluğunu görüb, onlar üçün çox darıxıram. Özümü xoşbəxt bilirəm ki, onları sağ ikən görmək, onlarla ünsiyyətdə olmaq, hətta bir səhnəni bölüşmək mənə nəsib olub. Onlar bizim unudulmayan və daim qəlblərdə yaşayan sənətkarlarımızdır".
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının xüsusi yeri var. Onun uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyev Nəsibə Zeynalovanın səhnə fəaliyyətindən və onun həmkarlarına olan qayğıkeş münasibətindən danışıb: “Nəsibə Zeynalova bizim teatrın əzizi idi. Nəsibə xanım hamımıza teatrda ana qayğısı ilə yanaşırdı. Yadımdadır ki, sovet dövründə evim olmadığından mən ev üçün xeyli növbə tutub əziyyət çəkəndə Nəsibə xanım mənə bildirmişdi ki, Sumqayıta gəlib xahiş edərəm sənə ev versinlər. Baxmayaraq ki, ev növbəsində olsam da ev ala bilmirdim, əziyyət çəkirdim. Nəsibə xanım sözünün üstündə duraraq, gəldi, o vaxtkı icra başçısı ilə danışdı və məni evlə təmin etdilər. Nəsibə Zeynalovanın bu yaxşılığını mən heç zaman unutmaram. Onunla çox tamaşalarda tərəf müqabili olmuşam. Bununla bağlı xoş xatirələr çoxdur. O vaxt Nəsibə xanımla eyni səhnəni bölüşəndə mənə bala Lütfəli deyirdilər. Mən Lütfəli Abdullayevlə Nəsibə Zeynalovanın birgə çıxışlarını həvəslə izləyib, bundan ilhamlanaraq bu sahəyə gəlmişəm. Onları izləyib düşünmüşəm ki, görəsən nə vaxtsa mən də onların çıxdığı səhnəyə çıxa bilərəm?... Nə yaxşı ki, onunla bir səhnəni bölüşmək mənə də qismət olub. Onunla bir səhnəni bölüşmək özü bir xoşbəxtlik idi. Nəsibə xanım haqqında çox danışmaq olar, o yaddaşlarda daim xoş iz qoyan sənətkarlarımızdandır. Nəsibə Zeynalova ilə biz rayonlarda çox qastrol səfərlərində olmuşuq. Nəsibə xanımı teatrda hamı ana kimi qəbul edirdi. Teatrda kimin nə problemi, çətinliyi olurdusa Nəsibə xanım həmin adamın problemini həll etməyə çalışırdı. Hamı ona xilaskar, qayğıkeş kimi baxırdı. 100 illər keçsə də Nəsibə xanımın Azərbaycan səhnəsində yeri daim görünəcək. O unudulmaz sənətkarlarımızdandır. Onun yerini dolduracaq kimsə olmayacaq. Nəsibə Zeynalovanın gözəl bir sözü vardı: "Mənim çəkmələrimi geyinmək olar, amma mənim yerişimi yeriyə bilmərsən".
Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.
"Qayınana" filmindəki Cənnət xala obrazı aktrisanı insanlara daha da sevdirərək, qəlblərdə öz möhürünü vura bildi. Xalq artisti İlham Namiq Kamal deyir ki, unudulmaz sənətkarımız Nəsibə Zeynalova haqqında xoş xatirələr çoxdur, adam bilmir hansını danışsın: "Bir teatrda işləməsək də, Nəsibə Zeynalova ilə yaradıcılıq əlaqələrimiz vardı. Mən o vaxtlar Milli Dram Teatrında, Nəsibə xanım isə Musiqili Komediya Teatrında çalışırdı. AzTV-nin “Mavi işıq” Yeni il proqramında, “Səhər görüşləri”, “Yumoristik novellalar” proqramlarında Nəsibə xanımla bir çox səhnəciklərimiz olmuşdu. Nəsibə xanıma sənətçi kimi hörmətimiz həddən artıq idi. Onun oğlu Cahangir Novruzovla da dost idik, bir-birimizi tanıyırdıq. Nəsibə xanıma nurani bir ana kimi hörmət edirdik. 1978-ci ildə onunla birgə çəkildiyim "Qayınana" filmi haqqında da xoş xatirələr çoxdur. Yadımdadır ki, həmin filmin hər çəkiliş günü bir bayram olurdu. Zarafatla, deyib-gülməklə... Yaradıcı heyət xoş əhvali-ruhiyyədə idi. Çəkiliş kollektivi hamı bir-birilə ailə kimi idi. Nəsibə xanımın həyatda da maraqlı yumoru vardı. Həddindən artıq səmimi insan idi. İllər keçsə belə, Nəsibə Zeynalovanın yaratdığı rolları izləyərkən tamaşaçı özünü bu rollarda tapır. Nəsibə Zeynalova təkrarolunmaz sənətkar idi. Mən xarici ölkələrdə olarkən orada yaşayan azərbaycanlıların evində “Qayınana” filminin disklərini görəndə çox təəccüblənərək sevinirdim. Demək Nəsibə xanım hər zaman qəlblərdə yaşayacaq və necə ki, bu gün yaşayır".
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir. Onun bədii filmlərdə yaratdığı bir sıra obrazlar “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.
Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.
İllər, qərinələr, əsrlər keçsə də Nəsibə Zeynalovanın sənətinə maraq azalmır, əksinə günbəgün daha da çoxalır. Bütün bunlar bir daha onu göstərir ki, əsl sənət, əsl sənətkar hər zaman mənsub olduğu millətin yaddaşında diridir və heç vaxt ölmür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi "Azersky" – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
Report nazirliyə istinadən xəbər verir ki, peyklə məlumat mübadiləsi dayanıb.
"Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.
"Azərkosmos"un 2014-cü ildə “Airbus Defence and Space” şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, peyk “Airbus Defence and Space" şirkətinin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, peyk olmasa belə, "Azərkosmos" “SPOT 6” peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək. Hazırda “SPOT 6” peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin, "Azərkosmos" ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.
"Azersky" peyki yer müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsində ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılması və beynəlxalq imicin yüksəldilməsinə xidmət etməklə, həm də kommersiya layihəsi kimi özünü doğruldub. Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub.
ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, "Azersky" peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36 500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.
Yaxın tarixə baxsaq, bu ilin əvvəli Səudiyyə Ərəbistanının "Arabsat" şirkətinin BADR-6 və ABŞ-ın Orbcomm şirkətinin FM36 peykləri, 2021-ci ildə Çinin Yunhai 1-02 peyki, 2019-cu ildə 50-dən çox peyki idarə edən "İntelsat" şirkətinin "İntelsat-29e" peyki, o cümlədən Rusiya və Türkiyənin peykləri də missiyalarını nəzərdə tutulan istismar müddətlərindən daha tez baş vurublar. Ona görə də, kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortası böyük əhəmiyyət kəsb edir. "Azersky" peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Orbitdə olduğu müddətdə "Azersky" peykindən yarım petabayt həcmində, 80 000-dən çox peyk təsviri yüklənib. "Azərkosmos"da peyk təsvirlərinin geniş arxivi formalaşıb ki, peykin arxiv təsvirlərinin Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından əvəzsiz rolu var. "Azersky" layihəsi çərçivəsində ölkəmizdə quraşdırılmış yerüstü infrastruktur və anten sistemləri həm növbəti peyk layihələrində istifadə baxımından, həm də müxtəlif xarici peyk operatorlarının anten ehtiyaclarını kommersiya şərtləri ilə ödəmək baxımından faydalı olacaq.
İlk "Azersky" peyki layihəsi çərçivəsində Yerin məsafədən müşahidə peyklərinin idarəolunması üzrə Azərbaycanda peşəkar mütəxəssislər yetişib, qazanılmış bilik və təcrübə yeni müşahidə peyklərinin hazırlanması və orbitə buraxılmasına yol açıb. "Azərkosmos" artıq ötən ildən müasir texnoloji inkişafın çağırışlarına cavab verən və yerli qurumların istəklərinə uyğun olaraq yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə başlayıb.
Ötən il Azərbaycanda məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt/saat və ya 2021-ci illə müqayisədə 6,3 % çox elektrik enerjisi istehsal edilib.
Bu barədə Report Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Bildirilib ki, 2022-ci ildə Azərbaycanda 3 milyon 984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 % çox tullantı əmələ gəlib. Onların 66,7 %-ini bərk məişət tullantıları, 33,3 %-ini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Ötən il yaranmış 2 milyon 658,3 min ton bərk məişət tullantılarının 78,3 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,2 %-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 %-i ölkə daxilində satılıb.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, 2022-ci ildə istehsalat tullantılarının 28,5 %-i müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 %-i ölkə daxilində satılıb, 3,8 %-i ixrac olunub, 13,8 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 %-i isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 8,5 % olub. Tullantıların 63,1 %-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Azərbaycanın aparıcı yol tikinti təşkilatlarından olan “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunan torpaqlarda reallaşdırılan quruculuq işlərində aktiv iştirak edir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Qarabağın dirçəldilməsi prosesində “AzVirt” şirkəti də bir sıra mühim layihələrin icrasına başlayıb. Hazırda intensiv şəkildə iş aparılan layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanının tikintisidir. Bu hava limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 17-də qoyulub.
Laçın Hava Limanında uçuş-enmə zolağının uzunluğu 3 kilometr, perronun sahəsi 60 min kvadratmetr təşkil edəcək. Burada 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu hava nəqliyyatı infrastruktur layihəsinin önəminə toxunmuş və yerli şirkət – “AzVirt”in inşaatda iştirakını yüksək dəyərləndirmişdir. “Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız, maliyyə imkanlarımız və güclü iradəmiz var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir”.
“AzVirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyev bildirib ki, Laçın Beynəlxalq Hava Limanı şirkətin işğaldan azad edilən ərazilərdə inşa etdiyi sayca 3-cü nəhəng layihədir. Bundan öncə Füzuli və Zəngilan Beynəlxlq Hava Limanlarının inşası uğurla başa çatdırılıb və açılış mərasimlərində Azərbaycan və Türkiyənin dövlət başçıları iştirak edib. “Azərbaycan Prezidenti, cənab İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın Hava Qapısı” adlandırıb. Bu hava limanı çox sürətlə, rekord müddətə - cəmi 8 aya təhvil verilib. Laçın Hava Limanın inşası isə həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
Beləliklə, bu hava limanları azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya qaytarılması üçün yeni imkanlar açacaq”.
Qeyd edək ki, hazırda "AzVirt" şirkətinin üzərində daha çox çalışdığı layihələrdən biri də Kəlbəcər-Laçın avtomobil yolunun 38-76-cı km-lik hissəsinin tikintisidir. Bu barədə açıqlama verən şirkətin baş mühəndisi Cəfərağa Şiriyev bildirib ki, yolun qeyd edilən hissəsi mürəkkəb coğrafi şəraiti ilə seçilir və burada çox sayda tunel və körpü tikintisi nəzərdə tutulub: “Kəlbəcər-Laçın yolunun biz inşa etdiyimiz hissəsində 15 körpü və 11 tunel olacaq. Ən böyük tunelin uzunluğu 720 metr təşkil edəcək. Körüplərdən isə ən uzunu 510 metr olmaqla, 70 metr dayaqlar üzərində yerləşəcək”.
Bundan başqa, "AzVirt" MMC Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut avtomobil yollarının tikintisində də podratçı təşkilat kimi iştirak edir. Sadalanan layihələrin sifarişçisi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlində, Kəlbəcər-Laçın avtomobil yolunun isə 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Bundan sonra “Nar” abunəçiləri Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən “Nar”ın yenilənmiş mağazasında üstün müştəri xidmətləri ala biləcəklər.
Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, və dublikatının çıxarılması kimi xidmətlərlə yanaşı mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
Yeni konseptli mağaza ilə yanaşı, “Nar” abunəçilərinə muxtar respublika ərazisində fəaliyyət göstərən ən geniş mobil şəbəkələrdən birini təqdim edir. Naxçıvan şəhəri ilə yanaşı, Ordubad, Şahbuz, Culfa, Sədərək, Babək və Kəngərli rayonlarında “Nar” abunəçiləri yüksək sürətli və kəsintisiz mobil rabitə xidmətlərindən istifadə edir.
Mobil operatorun regionlara xüsusi diqqətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Naxçıvandakı abunəçilərimizə üstün müştəri təcrübəsi təqdim etməklə yanaşı, muxtar respublikaya geniş həcmli investisiya edirik. “Nar” artıq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ən geniş mobil şəbəkələrdən birinə sahibdir. Bundan başqa, faydalı sosial layihələrimizlə Naxçıvan sakinlərinə dəstək olmaqdayıq. Buradakı fəaliyyətimizlə bağlı aldığımız xoş rəylər bizi çox sevindirir və bizi müştərilərimizə daha da yüksək xidmət göstərməyə sövq edir”.
Müştərilərə ən üstün xidmət strategiyasına uyğun olaraq, “Nar” ilin sonuna kimi ölkə boyunca 17 mağazasını tamamilə yeniləməyi və ziyarətçilərə daha da yüksək xidmət göstərməyi planlaşdırıb. “Nar” mağazalarının ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map səhifəsindən öyrənmək olar.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Sabah saat 09:00-dan saat 16:00-dək Bakının Heydər Əliyev prospektinin yan yolunda (şəhər istiqamətində SOCAR-ın inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, buna səbəb aparılacaq təmir işləridir.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edir.
Rusiyanın “Red Wings” aviaşirkəti mayın 4-dən Moskvadan Bakıya birbaşa müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.
Report bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, aviareyslər Moskva-Bakı istiqamətində mayın 4-dən başlayaraq həftənin cümə axşamı və bazar günləri, Bakı-Moskva marşrutu üzrə isə mayın 5-dən etibarən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Səyahət müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 yerlik müasir komfortlu “SSJ100” təyyarələri ilə həyata keçiriləcək.