Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları tətəfindən görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Akademik Zərifə Əliyeva – 100” adlı videoçarx hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

    Videoçarxda akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələri haqqında məlumatlar yer alıb. Videoçarxda həmçinin görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin pedaqoji, elmi, əməli təcrübəsi və ailəsi ilə birlikdə olduğu zaman çəkilmiş fotolarını da izləmək mümkündür.

    Videoçarxda Ulu Öndər Heydər Əliyevin Zərifə Əliyeva haqqında söylədiyi sözlər də yerləşdirilib.

    Videoçarx sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus “Ana” elegiyası ilə müşayiət olunur.

  • Qala Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala Qoruğunda ağacəkmə aksiyası təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, aksiyada İçərişəhər və Qala qoruqlarının sakinləri, “İçərişəhər” İdarəsinin rəhbərliyi, həmçinin əməkdaşları, Qoru Gənclər Təşəbbüs qrupunun üzvləri iştirak ediblər.

    Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

     

     

     

  • Respublika Gənclər Kitabxanasında Xalq artisti Lütfiyar İmanovun xatirəsi anılıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq artisti, Koroğlu obrazının əvəzsiz ifaçısı Lütfiyar İmanovun anadan olmasının 95 illiyi münasibətilə tədbir təşkil edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə elm və mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, mətbuat işçiləri, Lütfiyar İmanovun ailə üzvləri və sənətinin pərəstişkarları iştirak ediblər.

    Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanovun milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkar, adını qızıl hərflərlə Azərbaycan mədəniyyəti tarixinə yazan görkəmli ifaçı olduğunu bildirib. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin inkişafı naminə yorulmadan, əzmkarlıqla çalışmasından, bu böyük şəxsiyyətin zəngin yaradıcılıq irsinin yetişməkdə olan gənc nəsil üçün örnək olduğundan danışıb.

    “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə Lütfiyar İmanovla olan şəxsi tanışlığından və uzun illərə dayanan dostluq əlaqələrindən danışaraq, onun böyük sənətkar olması ilə yanaşı, tanınmış ictimai xadim, qayğıkeş pedaqoq, gözəl dost, həmkar olduğunu da qeyd edib. Lütfiyar İmanovun adının ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi yaradıcılığının çoxşaxəli olmasını, onun həm xalq mahnılarının ifaçısı, həm də rəngarəng repertuarlı kamera müğənnisi olduğunu vurğulayıb.

    Uzun illər kitabxanaşünaslıq sahəsində fəaliyyət göstərən Tahir Sadıqov Lütfiyar İmanovun 80 illik ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş görkəmli sənətkar olduğunu söyləyərək, sənətkarın qazandığı uğurlar və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. Lütfiyar İmanovun çox nadir səsə malik sənətkar olmasını və onun adıçəkilən zaman hər kəsin hafizəsində “Koroğlu” obrazının canlandığını söyləyib.

    Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva Lütfiyar İmanov kimi sənətkarların timsalında Azərbaycan dilinin, düzgün ifa tərzinin, Azərbaycan mədəniyyəti incilərinin təhrifsiz, qüsursuz dinləyicilərə çatdırılması əhəmiyyətindən danışaraq, bu gün xalqımızın hər bir nümayəndəsinin Azərbaycan dilini qorumalı olduğunu, onu müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə, xarici konfranslarda layiqincə təqdim etməli olduğunu vurğulayıb.

    Kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana əməkdaşları tərəfindən Lütfiyar İmanovun 95 illik yubileyi ilə əlaqədar hazırlanmış virtual kitab sərgisi haqqında məlumat verərək, materialda sənətkarın həyat və yaradıcılığı, müxtəlif xarici ölkələrin opera səhnələrində olan uğurlu, unudulmaz ifaları haqqında geniş məlumat verildiyini bildirib. Virtual kitab sərgisində Xalq artisti Lütfiyar İmanov haqqında xatirələrin yer aldığını, bir sıra foto və video görüntülərin sərgiləndiyi haqqında məlumat verib. Materialda sənətkarın həyat və yaradıcılığına həsr olunmuş 10-dan çox kitabın biblioqrafik təsvirinin verildiyini də qeyd edib.

    Sonda Lütfiyar İmanovun oğlu Rauf İmanov atası ilə bağlı xatirələrindən danışıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

    Tədbir boyunca Tofiq Əlizadənin Lütfiyar İmanov haqqında çəkdiyi qısametrajlı musiqili video film nümayiş olunub.

  • Gəncədə ilin sonunadək "KOB evi" fəaliyyətə başlayacaq

    Gəncə şəhərində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən "KOB evi" inşa edilir.

    Reportun Qərb bürosunun məlumatına görə, bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə KOB evi”ndə aparılan tikinti işləri ilə yerində tanış olub.

    Şəhər rəhbərinə məlumat verilib ki, 2 183 kv.metr tikinti sahəsi olan “Gəncə KOB evi” 2 mərtəbədən və zirzəmidən ibarətdir.

    Burada 70 xidmət masası quraşdırılacaq və Gəncə-Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İstehsalat Birliyi, "Azərsu" ASC, "Azərişıq" ASC və sair qurumlar tərəfindən 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri biznes-biznes (B2B) xidmətləri göstəriləcəkdir.

    “Gəncə KOB evi”nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub.

    Qeyd edək ki, "KOB evləri" – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu KOBİA-nın struktur bölmələridir. KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə G2B və B2B xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. "KOB evlərində" xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.

  • KOBİA Naxçıvanda ofis açıb

    Naxçıvanda İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ofisi yaradılıb.

    Reportun Qərb bürosunun məlumatına görə, bu barədə Naxçıvan Biznes Mərkəzində KOBİA və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla keçirilən görüşdə qeyd olunub.

    Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, NAR-ın iqtisadiyyat naziri Tapdıq Əliyev, agentlik, nazirlik əməkdaşları, sahibkarlar iştirak ediblər.

    Tədbir çərçivəsində KOBİA-nın Naxçıvanda ofisinin yaradılması ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

  • "Azəriqaz" abonentlərinə xəbərdarlıq edib

    Aprelin 21-i saat 22:00-dan aprelin 22-si saat 10:00-a qədər, həmin gün saat 22:00-dan aprelin 23-ü saat 10:00-a qədər Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.

    Bu barədə Reporta qurumdan məlumat verilib.

    Bildirilir ki, 21 aprelə qədər balansında kifayət qədər qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etməlidir: “Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 "Whatsapp" nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərlə bağıə mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları geri zəng edəcək".

  • Azərbaycanda hər kəs sudan danışacaq!

    Məhz “Gələcək üçün su” şüarı ilə 30 may 2023-cü ildə ölkəmizin aparıcı su mühəndisləri, mütəxəssisləri və dövlət rəsmiləri “Baku Marriott Hotel Boulevard”da toplaşacaqlar. Bu tarixdə Azərbaycanda hər kəs sudan danışacaq.

    Tədbir “Aqualink” MMC-nin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, “AO Smith Inc.”, “Nijhuis Saur Industries”, “ARC Water Technologies” şirkətlərinin baş sponsorluğu və "Azərsu" ASC-nin sponsorluğu ilə təşkil ediləcək.

    Forum hazırda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan “Su ehtiyyatlarının idarəedilməsi”, “Tullantı su sistemləri, təkrar emal və ətraf mühitə təsirləri”, su sistemlərinin idarəedilməsində “İnnovasiya və səmərəli həllər” mövzularına həsr edilmiş 3 paneldən ibarət olacaq. Hər panel yerli mütəxəssislər, rəsmi nümayəndələr və beynəlxalq ekspertlərin fikir mübadiləsi, təqdimatları və təcrübə paylaşımları ilə zəngin olacaq.

    Forumda yerli layihələr, gələcək perspektivlər və beynəlxalq təcrübələr paylaşılacaq, dünyanın sahə üzrə aparıcı şirkətlərinin qabaqcıl texnoloji yenilikləri təqdim ediləcək.

    Tədbirdə 12 ölkədən (Türkiyə, Ukrayna, Almaniya, Niderland, İtaliya, Yaponiya, İsrail, Danimarka, Fransa, ABŞ, Rusiya və s.) 50-dən çox beynəlxalq mütəxəssisin, 500 yerli şirkət və dövlət nümayəndələrinin iştirakı regionda mövcud su çatışmazlıqları fonunda xarici investorların maraqlarının, eləcə də ölkəmizdə su ehtiyatlarının idarə edilməsinə verilən diqqətin bariz nümunəsidir.

    Dünyanın aparıcı su texnologiya firmalarından “BWT”, “Evoqua”, “SAUR”, “Nijhuis”, “Unidro”, “PWNT”, “AO Smith”, “ULTRAQUA”, “Atlantium Technologies”, “Hydranautics” bu tədbirə qatılaraq yerli partnyorlarla təcrübə və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.

    Tədbirə siz də qatılın, gələcək üçün suyumuzu birlikdə qoruyaq!

    Xəzər Su İnnovasiya Forumuna iştirak etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://wif.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

    Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028

    İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku/

    Linkedln: https://www.linkedin.com/company/wif-baku/

  • “PMD Projects” "PAŞA Holdinq"in dəstəyilə Zəfər Parkı salır

    Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Bakının 8 noyabr prospektində Zəfər Parkı salınır.

    Layihə “PAŞA Holdinq” MMC-in maliyyə dəstəyi ilə “PMD Projects” MMC həyata keçirir.

    Bu barədə Zəfər Parkının təqdimatına həsr olunmuş ictimai dinləmədə bildirilib.

    “Zəfər mövzusu, Vətən müharibəsinin işritakçıları, Qarabağın dirçəlməsi mövzuları "PAŞA Holdinq"in diqqət mərkəzindədir və bu səbəbdən holdinq və onun törəmə şirkələri tərəfindən davamlı olaraq sözügedən mövzulara həsr olunmuş layihələr icra olunur. Buna bariz nümunə olan, strateji önəm kəsb edən “Zəfər Parkı” layihəsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır. Parkda Vətən Müharibəsi Memorial Kompleksi, eləcə də Zəfər Muzeyi yer alacaq” – "PAŞA Holdinqin mətbuat katibi Aytac Muxtarzadə bildirib.

    “PMD Projects” şirkətinin nümayəndəsi, “Zəfər Parkı” layihəsinin rəhbəri Pərviz Mehralıyev isə ildirib ki, parkın konsepsiyası artıq təsdiqlənib və hazırda dövlət qurumları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, “yaxın 18 ayda, yəni 2024-cü ilin sonuna qədər tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə layihənin sahəsi 98 min kvadratmetr təşkil edəcək və onun ərazisində Azərbaycanın tarixini və İkinci Qarabağ müharibəsində qələbəsini əks etdirən obyektlər tikiləcək”.

    Zəfər Parkı üçün nəzərdə tutulan ərazidə hazırda yerləşən yaşıllıqlara zərər yetirməmək məqsədilə ərazidəki tikinti altına düşən ağacların xüsusi texnikanın köməyi ilə parka yaxın sahəyə köçürülməsi də təmin ediləcək.

    Hazırda "PAŞA Holdinq"in dəstəyi ilə Şuşa şəhərində də Zəfər parkı salınır, eləcə də işğaldan azad olunmuş ərazilərdə məscidlər və digər infrastruktur obyektlərinin bərpası həyata keçirilir. Keçirilən bərpa işlərində, xüsusilə də işğaldan azad olunmuş Ağdam bölgəsinin yenidən qurulmasında “PMD Projects” də fəal iştirak edir.

  • “TuranBank” Beynəlxalq Maliyyə Korporasiyası ilə növbəti layihəyə start verdi

    Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən “TuranBank” ASC və Beynəlxalq Maliyyə Korporasiyası arasında kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalanıb.

    Layihə çərçivəsində Korporasiya yeni kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasında Banka dəstək göstərəcək. Hazırlanacaq məhsul konsepsiyalarını müzakirə etmək və dəyər zəncirində iştirak edən aqrobizneslərin ehtiyaclarına uyğunlaşdırmaq üçün Korposasiya məhsul istehsalçılarının iştirak edəcəyi Dəyirmi Masa müzakirəsi təşkil edəcək. Bundan başqa layihə çərçivəsində Bankın kənd təsərrüfatı kredit portfelinin keyfiyyətinin təmin edilməsi və mütəxəssislərinin kredit anderraytinq biliklərinin artırılması istiqamətində müvafiq mövzularda təlimlər təşkil ediləcək.

    Layihənin icrası regionlarda kənd təsərrüfatı kreditləşmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı kreditlərinə çıxışın artırılması və bu sahədə qabaqcıl təcrübələrin tətbiq edilməsi istiqamətində Bankın apardığı işlərin nəticələrinə müsbət təsir göstərəcək.

    Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən “TuranBank” 10 ildən çox müddətdir ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.

    “TuranBank”ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Çağrı Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və yaxud sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

     

  • Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

    Bəlli bir həqiqətdir: şair - doğma xalqının yaradıcı istedadının daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti şairlik amalının ucalığını, eyni zamanda, çətinliyini şərtləndirir. Öz varlığında xalq başlanğıcını duymaq şairin poeziyasına təbiilik, səmimilik, vətəndaşlıq aşılayan amildir. Belə poeziyanı geniş oxucu kütləsi sevir, yaddaşına yazır. Tofiq Bayramın vətəndaş inamlı, xalqsevər poeziyası beləcə sevilir. Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus bir yeri var. O, hər zaman poeziyamızın seçilən şairlərindəndir. Xarakterindəki bütövlük, çılğınlıq, onun şeirlərində və bütün yaradıcılığında özünü göstərir. Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir.

    AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Tofiq Bayramın vəfatından 32 il ötür.

    Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da, onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci il sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında Ümummilli Lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.

    Şairin sevimli bacısı Svetlana Bayramova qeyd edir ki, Tofiq Bayramın himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti və xeyirxahlığı olub. Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya "tədbir görülsün” mesajı gəlib. Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən qoruya bilib.

    Unudulmaz, korifey ifaçılarımız Tofiq Bayramın sözlərinə yazılmış mahnıları xüsusi şövq və ahənglə oxuyublar. Çoxu da dünyasını dəyişib. Nəfəslər bitsə də, səs yaşamaqdadır. Hər dəfə Əbülfət Əliyevin ifasında bu mahnıları dinlədikcə, sanırsan ki, sənət yolu həqiqətən uzundur. Bir təsəlli də var ki, mənəvi xəzinəmizin bu inciləri həmişəyaşardır, yeni ifaçılar da Tofiq Bayramın sözlərindən ibarət mahnıları həvəslə, yeni tərzdə oxuyurlar.

    Tofiq Bayram torpağına bağlı, poetik amalına sadiq, humanist, istedadlı və bitkin qələm sahibi olan şəxsiyyət kimi seçilərək sevilirdi. Həyat müşahidələri çox dərin idi. Güclü poetik mühakiməsi onu həmişə şablonçuluqdan, süni müraciətlərdən uzaqda saxlayırdı. Duyğularını səmimi, ifadəli, təsirli qələmə alırdı. Şeirlərinin poetik vüsəti çox genişdir. Bu səbəbdən də onun poeziyasında müxtəlif şəxsiyyətlərin şərəfinə hörülmüş şeir çələngləri çox əlvan, füsunkar və maraqlıdır.

    “Vətən torpağına baş əyənləri, ellər baş üstə bayraq tək saxlar” deyən Tofiq Bayram o səhərlərin arzusu, istəyi ilə yaşayırdı ki, Yer kürəsində ölüm olmasın. Bu bəşəri diləklərin sarı simində Vətən nəqarət idi. “Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm” hayqırırdı böyük və məramlı, əqidəli, məğrur şairimiz! Ulduz sanılı arzuların sahibi idi, dostlarını, tanışlarını tez-tez başına yığaraq, onlar üçün Vətən ünvanlı şeirlərini oxumağı da çox sevərdi:

    Hər qarış torpağı dünyaca şirin,

    Hər axan bulaqda səsim-ünüm var,

    Sevgidən füsunkar, röyadan şirin,

    Arzudan müqəddəs bir Vətənim var.

    Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.