Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar

    Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən TuralTuranX (Tural və Turan Bağmanovlar) Avropa səhnələrinə çıxıblar.

    Report xəbər verir ki, gənclər Amsterdam və London şəhərində yüzlərlə Avroviziya həvəskarları qarşısında çıxış ediblər.

    Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur.

    Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil - onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər.

    Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər.

  • “Start-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “START-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub.

    AZƏRTAC xəbər verir ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Müsabiqə müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Ümumilikdə 45 layihə dəyərləndirilmək üçün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilib.

    Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.

    Ekspert şurasının sonuncu iclasında qaliblər müəyyənləşdirilib. Belə ki, “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub.

    Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə qalib olunan layihələrin istehsal olunması nəzərdə tutulub.

    Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsinə 2022-ci il noyabrın 1-dən etibarən start verilmişdi və layihəyə sənəd qəbulu cari il yanvarın 31-dək davam edib.

  • Heydər Əliyev Mərkəzində Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq

    Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından olan Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri nümayiş olunacaq.

    Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada S.Dalinin orijinal işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.

    Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.

  • Biz Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) beynəlxalq layihəsinə qoşulmuşuq - Günay Sağlam

    Biz Hotel Sustainability layihəsinə də goşulmuşuq. Bu, Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) beynəlxalq layihəsidir. Bu il həmçinin bu layihənin təqdimatının keçirilməsi planlaşdırılır. Gözləntimiz ilin sonuna qədər 40 otelin bu layihəyə qoşulmasıdır.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

    “Bu günlərdə eyni zamanda, Bakıda qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü təşkil etdik və biz bu layihəni regionlarda da davam edəcəyik. Layihənin təşkilində əsas məqsəd bu istiqamət üzrə universitet məzunlarının milli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli olması, həmçinin turizm sahəsi üzrə diplomların dəyərinin artırılmasına nail olmaqdır. Bu bizim işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə təmas yaratmasına, işə düzəlmələrinə kömək göstərmək məqsədilə keçirilən aktiv məşğulluq layihəmizdir. Təşkil olunan yarmarkaya işsiz və işəgötürən vətəndaşlar müraciət edir. Bu istiqamətdə işlər davam etdirilir”, - deyə G.Sağlam vurğulayıb.

  • Bakıda növbəti dəfə kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçiriləcək

    Mayın 17-19-da Bakı Ekspo Mərkəzində sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçiriləcək.

    Təşkilatçı şirkətdən Reporta daxil olan məlumata görə, ötən il olduğu kimi bu il də sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş etdiriləcək.

    "Caspian Agro" kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer alacaq.

    "InterFood Azerbaijan" isə keyfiyyətli malları bazara çıxarmaq, sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, Almaniya, Fransa, İtaliya, Polşa, Slovakiya, Sloveniya, Belarus, Rusiya, İran, Türkiyə, Çin, Şri-Lanka, Tayland və ilk dəfə Tunisdən olan şirkətlər yer alacaq.

    İştirakçı və ziyarətçilərin maraqları nəzərə alınaraq, sərgilərin proqramı maraqlı tədbirlər və vacib mövzuları əhatə edir. Sərgilər çərçivəsində, dekorativ yeməklərin kompozisiyasından ibarət "Qida – sənət əsəri" sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qızıl Şah - Qızıl Yüzlük" III Milli Kulinariya Çempionatı keçiriləcək.

    Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksək keyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il baş tutacaq tura isə Naxçıvan MR-dan fermerlərin dəvət edilməsi nəzərdə tutulub.

  • “Formula 1”ə görə Bakıda 20 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

    Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışları ilə əlaqədar 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.

    Bu barədə Reporta Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Dəyişikliyə əsasən:

    1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küçəsi ilə təşkil ediləcək;

    10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küç, ilə təşkil ediləcək;

    5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;

    88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küçəsi (28 May m.st) olmaqla hərəkəti D.Əliyeva küçəsi, - R.Behbudov küçəsi ilə təşkil ediləcək;

    6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küçəsi olmaqla Ş.Şamil küçəsi, Lermantov küçəsi, B.Sərdarov küçəsi ilə təşkil ediləcək;

    53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;

    61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küçəsi - Ş.Bədəlbəyli küçəsi – R.Behbudov küçəsi ilə təşkil ediləcək;

    65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küçəsi, - Ə.Cavad küçəsi, - Azərbaycan prospekti ilə təşkil ediləcək;

    205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küçəsi daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

    E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küçəsi, A.Şaiq küç, - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Neftçilər prospekti ilə təşkil ediləcək.

    6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küçəsi

  • 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

    Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

    AZƏRTAC xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkilata üzv ölkələrə müraciət edib. Müraciətdə dünya ictimaiyyətinin aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd etdiyi, bu əlamətdar günün bütün dünyada, o cümlədən İslam aləmində maddi və qeyri-maddi mədəni irsin əhəmiyyətini diqqətə çatdırmaq üçün bir fürsət olduğu vurğulanıb.

    Qeyd edək ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

    İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

    Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

    Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.

    Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

    Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

    “İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

    Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

  • Azərbaycan Prezidenti: "Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq"

    Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək.

    Report xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

    “İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür”, - deyə dövlət başçısı vurğulayıb.

  • Musiqili Teatr “Sehrli nəğmə” ilə azyaşlı tamaşaçıları sevindirəcək

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri aprelin 20-də teatrsevərlərin ixtiyarına veriləcək.

    Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.

    Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.

    Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.

    Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.

    Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.

    Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.

    Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.

  • Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbirləri keçirilib

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə tədbiri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin, Dövlət Neft Fondunun rəsmilərinin, əməkdaşlarının, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədrinin və könüllülərin iştirakı ilə keçirilib.

    Reportun xəbərinə görə, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

    Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.