Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Günay Sağlam: Ulduz təsnifatı keçən otellər arasında keyfiyyət üzrə təlimlər keçirəcəyik

    Azərbaycan Hotellər Assosiasiyası (AHA) Azərbaycanda milli otel ulduz təsnifatının bazasını yaratmaq üçün İsveçrə Hotellər Assosiasiyası ilə əməkdaşlıq edir. İsveçrə Hotellər Assosiasiyası ölkəmizdə ulduz təsnifatı prosesini araşdırır və yerli otellərin Avropa standartlarına uyğun olub-olmadığını yoxlayır. Qurumumuz tərəfindən bu istiqamətdə regionlarda ulduz təsnifatı çərçivəsində təlim proqramları təşkil olunacaq. Biz otellərdə keyfiyyət üzrə konsultasiyalara başlayacağıq. Bu cür böyük layihələr regionlarda da planlaşdırılır.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

    “Daha çox ulduz təsnifatının davamı olaraq keyfiyyət üzrə təlimlər keçirəcəyik. Çünki otel sahəsində hələ ki, bir çox problemlər var. Biz bunları müəyyən etmişik və onlara bu barədə təlimlər keçəcəyik. Bu təlimlər həm Bakıda, həm də regionlarda təşkil olunacaq. Eyni zamanda, universitetlərlə, peşə agentlikləri ilə əməkdaşlıq edərək karyeraya cəlb etmə layihəsini həyata keçiririk. Bu istiqamətdə də yaxında yeni layihələrimiz və görüşlərimiz olacaq. Dual proqramlarla bərabər bir çox başqa layihələr çərçivəsində işlər planlaşdırılır. Cari ilin birinci yarısı qurumumuz aktiv işlər ortaya qoyub və böyük tədbirlər həyata keçirmişik. Onların arasında əlbəttə ki, lobbiçilik fəaliyyəti də var. Bizim həm vergilər, həmçinin sığorta agentliyi ilə də görüşlərimiz olacaq. Otellərin tələblərini onlara təqdim edəcəyik. Bizim əsas prioritetimiz qonaqların məmnuniyyətidir ki, biz ulduz təsnifatı keçən otellər arasında araşdırmalar aparıb, bunları nəzərə alırıq”, - deyə G.Sağlam qeyd edib.

  • Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib

    Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək nəticələr əldə edib.

    Report bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.

    198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə qalxaraq, yalnız 35 % ölkələrin daxil ola bildiyi 69 ölkədən ibarət qrupda yer alıb.

    İİTKM-nin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Vaqifzadə bildirib ki, hesabatda, Azərbaycanın hökumət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiya və innovativ həllərdən istifadə etməsi xüsusi vurğulanır. Hökumətin rəqəmsallaşması sahəsinin əsas aspektlərini ölçən “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycanı rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

    Bu qrupa həmçinin, Almaniya, Rusiya, Sinqapur, Birləşmiş Krallıq, ABŞ və digər ölkələr də daxil edilib.

    İ. Vaqifzadənin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində aparılan islahatlar ölkəmizin dünya dövlətləri arasında mövqeyinin yüksəldilməsinə xidmət edib.

    Bundan başqa, 2 fevral 2021-ci ildə imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncam və 22 iyul 2022-ci ildə təsdiq edilmiş “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edir.

  • Muzey Mərkəzində “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi açılıb

    Muzey Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğu 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi açılıb.

    Report xəbər verir ki, sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunur.

    Xatırladaq ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.

    Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

  • Xalq şairi Ramiz Rövşənlə görüş təşkil olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Ramiz Rövşənlə görüşə həsr olunmuş “Poeziya xəzinəmiz” adlı tədbir təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Ramiz Rövşən yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Sonra sevilən şairin zəngin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

    Qeyd olunub ki, şairin daxili aləmi, düşüncələri, həmçinin həyata, insanlara münasibəti yazdıqlarında, söz-əməl fəlsəfəsində səhifə-səhifə açılır.

    Görüşdə şairin öz dilindən poeziya çələngi dinlənilib və fəal oxucuların ifasında onun şeirləri səsləndirilib.

  • Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq

    Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.

    Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazan ifaçı

    Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasından 95 il ötür

    Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 ili tamam olub.

    İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.

    F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.

    L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

    Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.

    Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.

    Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.

  • Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı artırılıb

    “Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21, 23 və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.

    Bu barədə Reporta ADY-dən bildirilib.

    Belə ki, 21 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 12:45-də mənzil başına çatacaq.

    Eyni zamanda 23-24 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib. Belə ki, müvafiq tarixlərdə Bakıdan saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

  • Yevlax-Zaqatala yolunun bir hissəsi yenidən qurulur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən ayrılan respublika əhəmiyyətli M-5 (17) - Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulmasına start verib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, hazırda torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.

    Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.

    Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunur.

    Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

    Yenidən qurulan hissənin uzunluğu 10 kilometrdir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2,5 metrdir.

    M-5 (17)-Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub.

  • İlk Azərbaycan operettasının müəllifi - Zülfüqar Hacıbəyli

    Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 139 il ötür

    Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 139-cu ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.

    Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.

    O dövrdə - yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.

    Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.

    Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.

    XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

    Zülfüqar Hacıbəyli 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

    Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.

    Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar...

    Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi... Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.

    Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

    Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.

  • Bu gün Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişlinin anım günüdür

    İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...

    AZƏRTAC xəbər verir ki, bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 8 il ötür.

    Ramiz Mirişli 89 il bundan əvvəl Naxçıvan şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

    Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.

    Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.

    Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.

    Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.

    Bəstəkarın “Dalğalar” mahnısının 60 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu”.

    Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.

    Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.

    Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında “Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb” sözlərini deyib.

    Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

    Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

    2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.