Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.
Report Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə əsasən mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır. Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Gəncədə məşhur bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub.
Reportun Qərb bürosunun məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, idarə, müəssisə və təşkilat rəhbərləri, kollec direktorları, həmçinin bəstəkarın ailə üzvləri iştirak ediblər.
Əvvəlcə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Tədbir zamanı iştirakçılara görkəmli bəstəkarın həyat və yaradıclığı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 16 aprel 1916-cı ildə Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Qəmbər Hüseynlini “Cücələrim”lə tanınsa da, bəstəkarın Azərbaycan xalqı tərəfindən sevilərək dinlənilən digər bəstələri də var. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur.
Tədbirin davamında Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər səsləndirilib.
Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən parkda körpə və uşaqların oynaması üçün müxtəlif atraksionlar quraşdırılıb, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev–100” adlı interaktiv plakat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, interaktiv plakat dörd bölmədən ibarətdir.
Birinci bölmədə Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycan və rus dillərində verilib. Plakatın ikinci bölməsində Gənclər və İdman Nazirliyinin hazırladığı “2023-cü il – “Heydər Əliyev İli” adlı videoçarx və Ümummilli Lider “Heydər Əliyevin ən çox sevdikləri” adlı videoçarx yer alır. Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevlə bağlı biblioqrafik məlumat kitablarının pdf variantları, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” və dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri yerləşdirilib. Dördüncü bölmədə Xalq artisti Ağadadaş Ağayevin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya”nın və Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi fəaliyyətini əks etdirən videoçarxlar verilib.
İnteraktiv plakatı https://padlet.com/filivara/100-heyd-r-l-yev-100-wehqmwvnfqm3dmoh linki vasitəsilə izləmək olar.
Aprelin 17-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyinin nəşr etdiyi yazıçının çoxcildlik “Söz dünyası” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Xalq yazıçısı Anarı Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.
“Anar türk dünyası ədəbiyyatının vizit kartıdır, bizim canlı klassikimizdir. Belə görüşlərin təşkili bizim üçün böyük fəxrdir. Anar, Elçin kimi sağlığında klassikləşən ədəbiyyat xadimlərimizi gənc nəsillərə daha yaxından tanıtdırmaq üçün belə görüşlərin təşkili çox vacibdir”, - deyə K.Tahirov bildirib.
Xalq yazıçısı Elçin bildirib ki, Anarın yaradıcılığını hamı çox yaxşı bilir. 1960-cı ildə Anarın hekayələri çap olunduğu vaxtdan etibarən ona böyük şöhrət gətirib. O, 85 yaşa çatsa da, öz yaradıcılığını daim uğurla inkişaf etdirir. Anarın 85 yaşı tamam olur. 85 rəqəminin fəlsəfi mənası var. Bir tərəfdən insanın surətindən xəbər verirsə, digər tərəfdən yaşanmış həyatı ifadə edir. Anar bu illəri şərəflə yaşayıb. Bu yaşda olsa da daima gənclik enerjisini özündə saxlayıb. Dostum Anara sağlıqlı uzun ömür arzulayıram.
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edib ki, Xalq yazıçıları Anarın, Elçinin ədəbiyyatımızın inkişafında danılmaz rolu var. Onlar ədəbiyyatda ictimai fikirləri sadə dillə ifadə etməklə yeni dövr, yeni mərhələ yaradıblar. 60-cılar ictimai-siyasi ziddiyyətə qarşı münasibətlərini açıq şəkildə ifadə edən ədəbiyyat ideoloqlarıdırlar. Anarın “Nəsrin fəzası” əsərini 60-cı illər ədəbiyyatının manifesti hesab etmək olar. Anarın professionallığı ilə novatorluğu bir-birini tamamlayır. İ.Həbibbəyli bildirdi ki, Anarın dram əsərləri də çox fərqlidir. Onu ssenarist-dramaturq hesab edə bilərik.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Anar kimi canlı klassiklərimizin qarşısında ancaq öz müasirləri söz deyə bilər. Anar hər yaşın yazıçısıdır. Mədəniyyət Nazirliyi daima Anarın yaradıcılığını diqqətdə saxlayır. Anarın çoxcildlik “Söz dünyası” kitabının Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilməsini də bu münasibətin parlaq ifadəsi hesab etmək olar.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı qeyd edib ki, Anar haqqında yazdığı məqalələrdə onun ədəbiyyatda olan mövqeyini açmağa çalışmışdır. “Söz dünyası” kitabında Anar öz yaradıcılıq dostları haqqında sözünü ədalətlə ifadə edib. Bu kitab əslində Azərbaycan ədəbiyyatının söz dünyasıdır. Anar həm də çox yaxşı filosof, ədəbiyyatşünasdır, bu böyük istedadın, zəhmətin göstəricisidir.
Sonda S.Rüstəmxanlı Anar haqqında yazdığı şeiri qonaqların nəzərinə çatdırıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Anar ziyalı, intellektual yazıçıdır. O, xalqın milli-mənəvi dəyərlərini ədəbiyyatda müəyyənləşdirib. Anar həm də ictimai xadimdir. 80-ci illərin sonu, 90-ci illərin əvvəllərində bir sıra üzdəniraq “yazıçılar” Yazıçılar İttifaqını dağıtmaq istəyirdilər, o zaman Anar bütün imkanlarından, nüfuzundan istifadə edərək bu təşkilatı qoruyub saxladı.
Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev 35 ildir Anarla bir yerdə çalışmasından məmnunluğunu ifadə edib, ona cansağlığı arzulayıb.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Anarın ictimai-ədəbi fəaliyyətini 35 ildir izlədiyini söyləyib: “O, həmişə məclislərin arzuolunan qonağı olub, Anarın ictimaiyyət arasında böyük hörməti var və onun yaradıcılığı çoxşaxəlidir. Anar beynəlxalq aləmə çıxan bir yazıçımızdır. Böyük ədəbiyyatşünas, ssenarist, rejissor və folklorşünasıdr. Onun yaradıcılığı heç vaxt tənqid olunmayıb. 60-cılar arasında iki zirvə var: Anar zirvəsi və Elçin zirvəsi”.
Xalq şairi Ramiz Rövşən Anarın 1967-ci ildə çap olunan “Ağ liman” kitabının o zamanların ən oxunaqlı kitabı olduğunu söyləyib: “Həmin əsər 60-cı illərin simvolu olan bir əsərdir. Anar əsri-əsrə, nəsli-nəslə calayan, ədəbiyyat üçün çox işlər görən yazıçıdır, bizim milli yaddaşımızın ən böyük bərpaçılarındandır”.
Daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Xalq yazıçısı Anar” adlı Elektron məlumat bazası qonaqların diqqətinə çatdırılıb.
Sonda Xalq yazıçısı Anar çıxış edərək Milli Kitabxananın rəhbərliyinə və çıxış edən hər kəsə dərin təşəkkürünü bildirib: “Biz əgər bu yaşa çatmışıqsa, deməli bizim müəyyən bir missiyamız var. Biz dünyadan köçən dostlarımızın da yaradıçılığını yaşatmalıyıq və nə qədər ömrüm varsa bu işi görməyə çalışacağam”.
Anar çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin onun yaradıcılığına göstərdiyi diqqət və qayğını da iştirakçıların diqqətinə çatdıraraq yubileyi ərəfəsində Ulu Öndərə Tanrıdan rəhmət dilədiyini bildirib.
Aprelin 15-də “JW Marriott Absheron Baku” otelində Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Peşə təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunan karyera günündə AHA-ya üzv olan 46 hotel aktiv vakansiya və təcrübə proqramları ilə iştirak edəcək. Sənaye liderləri qonaqpərvərlik sahəsində karyera üstünlüklərini izah edən təqdimatlar, həmçinin seminarlar və ustad dərsləri keçirəcəklər.
Azərbaycan Televiziyasının (AzTV) arxivi rəqəmsallaşdırırlır.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən və bu məqsədlə ayrılan 1 milyon manat vəsaitdən yararlanmaqla televiziyanın tarixinin rəqəmsallaşdırılması prosesinə start verilib.
Audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün dövlət başçısının göstərdiyi diqqət televiziyanın daha keyfiyyətli və operativ çalışmasını təmin edəcək, arxivin təhlükəsiz şəraitdə qorunub saxlanılmasında fundamental baza rolunu oynayacaq.
Hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Paralel olaraq proqram təminatı üzərində işlər yekunlaşma mərhələsindədir. Proses bitdikdən sonra elektron arxiv proqram təminatının istifadəsinə başlanılacaq. Bütün bunlar isə çox qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilir. Əsas məqsəd təxminən bir əsr ərzində formalaşan arxivi daha etibarlı və uzunmüddətli qorumaq, mədəni irsimizin gələcək nəsillərə ötürülməsini təmin etməkdir.
Bundan əlavə, elektron arxiv sisteminin təhlükəsizliyi də diqqətdə saxlanılır. Bunun üçün yanğından mühafizə sistemi qurulub. Elektron arxivin yerləşdiyi otağın qapısı isə yanğına davamlı materialdan hazırlanıb və buraya daxil olmaq üçün kart-buraxılış sistemindən istifadə olunur.
Qeyd edək ki, Azərbaycan Televiziyasının “Qızıl Fond"u hazırda 52 mindən çox fiziki daşıyıcıda cəmlənib.
Əfsanəvi kamança ustası Mark Eliyaxu “The Show Is About Love” adlı çox maraqlı turne çərçivəsində iyunun 4-də Heydər Əliyev Sarayında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Mark Eliyaxu təkcə musiqiçi deyil, o, həm də multikulturalizmin və sülhün nümayəndəsidir. Gözəl musiqisi ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesaj çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyaxu musiqisevənlərin ürəyinə yol tapır.
Mark Eliyaxu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyaxu ailəsində dünyaya göz açıb. Mark müasir dövrün ən istedadlı kamança ifaçılarından biridir. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. On altı yaşında o, İsraildən Azərbaycana köçüb və Respublikanın Əməkdar artisti Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa etmə sənətinə yiyələnməyə başlayıb. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, burada Qərb və Şərq musiqisini öyrənməyə başlayıb. Musiqiçi İsrail və digər ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” Holdinqin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının təşkilatçılığı ilə “İrsi izlər” adlı rəsm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Milli Xalça Muzeyində təşkil olunan və 28 rəssamın 40-a yaxın əsərinin yer aldığı sərgi aprelin 16-dək davam edəcək.
Sərgi mədəniyyət sahəsinə xüsusi yanaşması ilə yaddaşlarda iz qoyan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Açılış mərasimində ictimai və siyasi xadimlər, Xalq rəssamları, sənətşünas və sənətsevərlər iştirak ediblər.
Girişi sərbəst olan sərgidə Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digər rəssamların əl işləri nümayiş olunub.
Sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.
Qeyd edək ki, sərgi günlərində ziyarətçilər rəsm əsərləri ilə yaxından tanış olmaqla yanaşı, həmçinin bəyəndikləri rəsm əsərlərini əldə edə bilərlər.
Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib.
Qeyd edib ki, Heydər Əliyev Mərkəzi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq tədbirlərlə, konsertlərlə yanaşı türk incəsənətinin nümayişi və təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirib: “Bu istiqamətdə növbəti layihəmiz Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisidir. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur”.
“Türkiyədən sevgilərlə” sərgisinin kuratoru Renk Erbil qardaş ölkədə olduğundan məmnunluğunu bildirib: “Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.
Tanınmış türk sənətşünas, professor Kiymet Giray rəssam və onun sərgisi haqqında danışıb. O deyib: “Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.
1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan D.Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Mərkəzdə açılan ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.
Türkiyəli rəssam Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.
Bu gün görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı Nəriman Nərimanovun anadan olmasından 153 il ötür.
AZƏRTAC görkəmli dövlət xadiminin doğum günündə onun həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi.
Nəriman Nərimanov 1870-ci ildə aprelin 14-də Tiflis şəhərində anadan olub. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.
1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Nəriman Nərimanov həm də gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.
Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edirdi.
N.Nərimanov bir ata kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.
Nərimanov 19 mart 1925–ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.
Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirib. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilib. Bundan başqa, Bakıda N. Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.