Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Azərbaycanda ilk peşəkar teatr təhsilli aktrisa Fatma Qədrinin doğum günüdür

    Bu gün Xalq artisti, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş aktrisa Fatma Qədrinin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, milli səhnəmizin ilk peşəkar aktrisalarından olan, yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Xalq artisti Fatma Qədrinin anadan olmasının 116-cı ildönümü tamam olur.

    Fatma Qədri 1907-ci aprelin 14-də Odessada anadan olub. Fatmanın ailəsi çörəkpulu ardınca Cənubi Azərbaycanın Sərab şəhərindən bu şəhərə gəlmişdilər. Atası Qədir kişi şəkər zavodunda fəhlə işləyirdi. 13 uşaqlı ailəni dolandırmaq isə gün-gündən çətinləşir, bir qarın yemək məşəqqətə çevrilir.

    Fatmanın on iki yaşı olsa da, o yoxsulluq ucbatından məktəbə gedə bilmir, yaşıdlarından geri qalırdı. Qızının oxumaq arzusunu hiss edən anası günlərin birində Fatmanın əlindən tutub onu tanıdıqları bir evə gətirir. O, on iki yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailənin qulluqçuluğunu edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır. Fatma əvvəlcə mollaxana dərslərinə gedir. Lakin sonradan o, buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür.

    Bir gün isə valideynləri onu uşaqsız-soysuz olan varlı Astarxanlı xalasına övladlığa verirlər. Fatma isə ailəsindən ayrılmaq, başqa mühitdə yaşamaq istəmədiyindən yarı yoldan qaçıb öz kasıb daxmalarına qayıdır.

    Günlərin bir günü Fatma Odessada çekist işləyən Əhəd Axundzadə ilə qarşılaşır. Axundzadə Fatmaya aşiq olur və onu özü ilə Bakıya gətirir. Axunzadələrin qohumu məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez qonaq olurdu. Çox keçmir ki, o, Fatmaya köməklik etməyi öz boynuna götürür. Fatma Şövkət xanımın təşəbbüsü ilə yenicə yaradılmış Bakı Azərbaycan Pedaqoji institutuna qəbul edilir. Lakin o ailəsindən gizlin həm də Dövlət Teatr Texnikumuna oxuyur. Burada Aleksandr Tuqanovla, Cəfər Cabbarlı ilə tanış olur.

    Fatmanın təhsil almasında baldızlarının və qayınlarının rolu çox böyük olur. Ailə və həyat yoldaşı onun təhsil almasını dəstəkləyir, ancaq onun aktrisa olmasını qəti şəkildə istəmirlər. Bir müddət sonra Axundzadə ilə Fatma arasında soyuqluq yaranır. Dörd ildən sonra isə cütlük yollarını ayırır. Fatma ərindən boşanır.

    Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaradıb.

    1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərib.

    O, 1933-cü ildən pedaqoji fəaliyyət göstərib. F.Qədri 1936-cı ildə Əməkdar artisti, 1943-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Fatma Qədri 1968-ci il fevralın 29-da Bakıda vəfat edib.

  • Bayden Ledi Qaqanı Mədəniyyət üzrə Prezident Komitəsinin həmsədri təyin edib

    Cozef Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ liderinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Sənəddə vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Qeyd edilir ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir

    1982-ci ildə yaradılmış Komitə ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib.

    Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistanın birgə ortaq layihələri müzakirə edilib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Türk Dövlət Başçılarının Türk dünyasında hərtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərinin mühüm əhəmiyyətindən söz açılıb. Türk Dövlət başçıları tərəfindən bu istiqamətdə yaradılan Türk Əməkdaşlıq Təşkilatlarının sıx qarşılıqlı əlaqələrindən bəhs olunub. Türk xalqlarının mədəni əlaqələrin gücləndirilməsi vasitəsilə bir-birinə daha da yaxınlaşdırılmasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədləri sırasında olduğu bildirilib. Fondun həyata keçirdiyi geniş miqyaslı layihələrdə Özbəkistanın aktiv yer alması vurğulanıb. Təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə, o cümlədən ötən il böyük özbək şair mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunan tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatlarının iştiraklarının əhəmiyyəti diqqətə çatdırılıb. Parlament diplomatiyası vasitəsilə türk ölkələri arasında siyasi dialoqun inkişafı yönündə işlər aparan TÜRKPA ilə Fondun birgə fəaliyyətinin önəmi qeyd olunub. Fond tərəfindən Daşkənddə təşkil olunan “Şuşa günləri” Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına töhfə kimi dəyərləndirilib.

    Görüşdə təşkilat ilə Özbəkistan arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və gələcək perspektivlər müzakirə edilib.

  • Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reys təyin edilib

    “Azərbaycan Dəmir Yolları" QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 21-nə əlavə reys təyin edib.

    Report səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, həmin tarixdə əlavə reys üzrə səhər saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.

    Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 08:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatır.

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

  • “Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

    Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) haqqında Əsasnamə”də dəyişiklik edib.

    Report xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, bundan sonra karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar EKTİS-ə daxil ediləcək.

  • Torpaq Məcəlləsi dəyişib

    Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Report xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, bundan sonra dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil ediləcək.

    Bundan başqa, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürüləcək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” qanunda müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə veriləcək.

    Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə veriləcək. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunacaq. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə veriləcək və bu barədə məlumat informasiya sisteminə daxil ediləcək.

    Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilməyəcək. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməli olacaqlar. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

    Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edəcək.

  • Azərbaycanda turistlər üçün Bakı və Abşeron üzrə ilk ətraflı soraq kitabçası nəşr olunub

    “Qızıl kitab” nəşriyyatında Bakı üzrə rus dilində ilk ətraflı turizm soraq kitabçası işıq üzü görüb. “Bakının mədəniyyəti və tarixi” adlanan nəşrə qədim şəhərin və onun görməli yerlərinin əsas inkişaf mərhələləri barədə ətraflı məlumat daxil edilib. Kitabça həm də tətbiqi əhəmiyyət daşıyır. Mütəxəssislər tərəfindən son dərəcə dəqiq tərtib olunan 20 ətraflı xəritə və plan oxucuların sərəncamına buraxılıb. Bu nəşr sayəsində Azərbaycan paytaxtına və paytaxtətrafı qəsəbələrə bələd olmaq və marşrutlar tərtib etmək mümkündür.

    AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq bu cür nəşrə Bakının ətraf qəsəbələri – özünün zəngin mədəniyyəti və yaxşı qorunub saxlanılan tarixi görməli yerləri ilə tanınan Abşeron yarımadasının yaşayış məntəqələri barədə ən yeni məlumatlar daxil edilib.

    Nəşrin böyük hissəsi Bakının turizm imkanlarına həsr olunub. Soraq kitabçasına paytaxtın maraqlı tarixi-memarlıq nümunələrinin, muzeylərin, sərgi mərkəzlərinin, ticarət komplekslərinin tam siyahısı, turistlər üçün faydalı məsləhətlər və s. daxildir. Dünya elm və mədəniyyətinin inkişafına töhfə vermiş tanınmış bakılılar da yaddan çıxmayıb. Onların siyahısında Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcılarından biri Lütfi Zadə, elmi məktəbin banisi Lev Landau və digərləri yer alır.

    Soraq kitabçasından Abşeron yarımadası, o cümlədən Qobustan qoruğu, Nardaran, Mərdəkan, Qala, Balaxanı və digər qəsəbələr haqqında maraqlı ətraflı məlumatlar və az tanınan faktlar öyrənmək olar. Mətnə unikal illüstrasiyalar əlavə olunub, 300-dən yuxarı peşəkar fotoşəkillərə siz heç yerdə rast gələ bilməzsiniz.

    Yeni soraq kitabçası ölkə paytaxtının regionları barədə daha çox məlumat almaq istəyən azərbaycanlılar və Bakı üzrə müstəqil ekskursiyalar planlaşdıran səyahətçilər üçün maraqlı və faydalı olacaq.

    Hazırda “Bakının mədəniyyəti və tarixi” turizm soraq kitabçasını paytaxtın kitab mağazalarından əldə etmək mümkündür. Yaxın vaxtlarda soraq kitabçasını ingilis dilində də çap etdirmək planlaşdırılır.

  • Bu gün - Ümumdünya Rok-n-Roll Günüdür

    13 aprel Ümumdünya Rok-n-Roll günüdür.

    AZƏRTAC xəbər verir ki, Bill Heylinin məşhur "Rock around the clock" mahnısı ilə çəkildiyi film ABŞ ekranlarına çıxdığı gün - 1954-cü il aprelin 13-ü rok-n-roll rəqsinin rəsmi yaranma günü hesab olunur.

    1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərindəki bu musiqi istiqaməti ABŞ-ın cənubunda qaralar və ağlar arasında uzunmüddətli mədəni qarşılıqlı əlaqə nəticəsində yaranıb.

    Ümumdünya Rok-n-Roll Günü dünyada bu musiqini öz həyat tərzinə və üslubuna çevirənlərin bayramı kimi qəbul olunur. “Rock around the clock” sinqlı cəmiyyətə və ənənələrə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşıb, bütün ölkələrə və qitələrə yayılıb. Musiqidə bu istiqamətin yaradıcılarından biri də əfsanəvi Elvis Presli olub. Onun geyim üslubu, hərəkətləri və davranışları onu yeniyetmə və gənclərin kumirinə çevirib. 1960-cı illərin əvvəllərində rok-n-rollun yeni üslubu olan pop-rok meydana gəlib. Onun əsas nümayəndələri “Bitlz” qrupunun üzvləri, liverpullu dördlük olub. Ötən illərin geniş yayılan rok musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur.

    1964-cü ildə sürətli, güclü və texniki səslənməsi ilə “Rolling Stones” meydana gəlir. 1970-ci illərdə isə psixodepik rok yaranır, onun parlaq nümayəndələri “Pink Floyd”, “Deep Purple”, “Led Zeppelin”, “Black Sabbath” idi. Bu onilliyi rok mədəniyyətinin Qızıl dövrü hesab edirlər. Yetmişinci illərin sonu pank-rokun (“zəhlətökən rok”) meydana gəlməsi ilə fərqlənib. Sadə musiqi stemi vokalı və mətnləri ön plana çəkir. Burada tez-tez hökumətlərin, siyasətin və cəmiyyətin varlı təbəqələrinin tənqidinə rast gəlinir. Pank dalğasında “Sex Pistols”, “The Clash”, “Stooges”, İqti Pop qrupları məşhurlaşıb. 1980-ci illərdə qadın roku meydana gəlir, praktiki sayılan 90-cı illərdə isə ən parlaq rok-n-rollçu Kurt Kolbeyn və onun “Nirvana” qrupu fəaliyyətdə olub.

    Bu gün rok musiqisi yüngül rəqs rok-n-rolundan başlamış brutal aqressiv qrayndkora qədər çoxsaylı istiqamətlərə malikdir. Mahnıların mətnləri dərin və fəlsəfi məzmundan ibarətdir. Çox vaxt rok musiqisi ilə pop musiqisini qarşılaşdırırlar, hərçənd bu iki anlayış arasında görülə bilən elə bir sərhəd yoxdur.

    Onu da vurğulayaq ki, Klivlend şəhərində Rock-n-Roll Hall of Fame adlı bu istiqamət üzrə bir muzey var.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın mədəniyyət və turizm naziri ilə görüşüb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə türk dövlətləri arasında qarşılıqlı münasibətlərin hazırda yüksələn xətlə inkişafından söz açılıb.

    Türk xalqlarının sahib olduqları ortaq mədəniyyət onların bir-birinə yaxınlaşdırılmasında mühüm amil kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasına məxsus milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq aləmə çatdırılması üzrə aparılan işlərin önəmi qeyd olunub. Fondun bu səpkidəki fəaliyyətinin türk dövlətlərinin mədəni və dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Fond tərəfindən Özbəkistanın mədəniyyətinin tanıdılması ilə bağlı nəşrlərin, o cümlədən özbək xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin təbliği yönündə kitabın yayınlanması yüksək qiymətləndirilib. Təşkilatın “Böyük İpək yolu üzərində türk dövlətləri”, “Türk Dünyası Mirası Osmanlı arxivlərində” və digər layihələrində Özbəkistanın iştirakının vacibliyi vurğulanıb. Daşkənddə həyata keçirilən “Şuşa günləri”nin Azərbaycan ilə Özbəkistanın mədəni sahədə əməkdaşlığına töhfə verdiyi qeyd olunub.

    Görüş Fond ilə Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.

    Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Fondun layihə meneceri Talgat Muxanov iştirak edib.

  • Azərbaycanlı rejissorun filmi Paris Guimet muzeyində nümayiş olunacaq

    1995-ci ildə yaradılmış Vesul Asiya Filmləri Beynəlxalq Festivalı (FICA- Festival International des Cinémas d'Asie de Vesoul) indiyədək 680 mindən çox ziyarətçi cəlb edib. Bu il 29-cu dəfə təşkil olunan Vesul festivalında 38 film nümayiş olunub. Vesul festivalının 29-cu buraxılışında azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi mükafata layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, Vesul festivalında mükafat qazanmış filmlər Zəfər Tağının yaxınlığında yerləşən Guimet - Paris Asiya İncəsənəti Milli Muzeyində nümayiş olunacaq.

    Nümayiş olunacaq ekran əsərləri sırasında azərbaycanlı rejissorun “Mərmər soyuğu” filmi də var.

    Qeyd edək ki, rejissor yığılan bir-biri ilə heç bir əlaqəsi olmayan əhvalatları, hadisələri, emosiyaları, ideyaları sonda bir filmdə birləşdirib.