Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) X.K.Andersen mükafatını 1956-cı ildə təsis edib. Bu mükafat ədəbiyyat sahəsində çalışan müəllif və rəssamlar üçün ən nüfuzlu beynəlxalq mükafat olub. “Uşaq” müəllifləri üçün bu mükafat ən nüfuzlu beynəlxalq mükafatdır, o, çox vaxt “Kiçik Nobel mükafatı” adlandırılır. Mükafat yalnız hazırda həyatda olan yazıçılara və rəssamlara verilir.
Solmaz Amanova AZƏRTAC-a bildirib ki, mükafata namizədlər Beynəlxalq Uşaq Kitabı Şurasının milli bölmələri tərəfindən irəli sürülür. Azərbaycanda mükafata namizədlər F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən irəli sürülür. Qaliblər bir qayda olaraq Bolonyada Beynəlxalq uşaq ədəbiyyatı yarmarkasında IBBY-nin mətbuat konfransında elan olunur.
Ənənəvi olaraq qızıl medallar IBBY-nin milli bölmələri olduğu ölkələrdən birində iki ildən bir keçirilən Ümumdünya IBBY Konqresləri günlərində təqdim olunur. IBBY-nin qərarı ilə aprelin 2-si, X.K.Andersenin doğum günü, 1967-ci ildən bütün dünyada fəal şəkildə qeyd olunan Beynəlxalq Uşaq Kitabı Günü elan olunub. Hər il IBBY-nin milli bölmələrindən biri Beynəlxalq Uşaq Kitabı Gününün təşkilatçısı olur.
2022-ci il sentyabrın 5-dən 8-dək Putradjaya şəhərində 38-ci Ümumdünya Beynəlxalq Uşaq Kitabı Şurasının konqresi (IBBY) keçirilib. Konqresin əsas təşkilatçısı kimi IBBY-nin Malayziya Milli Bölməsi çıxış edib.
Konqresin proqramı çərçivəsində sentyabrın 6-da Şuranın milli bölmələri tərəfindən irəli sürülmüş qaliblərin təqdimatı və IBBY Fəxri Siyahısının diplomlarının təqdimatı olub.
Mükafatın laureatları arasında uşaq yazıçısı, professor, “İrs” Nağıllar evinin rəhbəri, “Everest” Nəşriyyat evinin baş redaktoru Solmaz Amanovanın “Qoçaq ayı balası və onun dostları” kitabı da yer alıb (illüstrator İsgəndər Məmmədov). Kitab “Everest” Nəşriyyat evi tərəfindən nəşrə hazırlanıb. Nağılda həm uşaqların, həm də intellektual ayı balası oyuncağının hissləri əks olunur. “Qoçaq ayı balası və onun dostları” uşaqlara xalqının irsi və ənənələrinə məhəbbət və xeyirxahlıq, hörmət hisslərini aşılayır. Bütün bunlar barədə siz “Qoçaq ayı balası və onun dostları” kitabçasını oxuyub öyrənə bilərsiniz. Bu kitab bütün məktəb kitabxanalarında Azərbaycan və ingilis dillərində vardır. 2022-ci ilin Fəxri Siyahısına 53 ölkədən 47 müxtəlif dildə 163 nominasiya daxildir. 2022-ci ilin Siyahısı üçün “Müəllif” kateqoriyasında – 63, “İllüstrasiya” kateqoriyasında - 52 və “Naşir” kateqoriyasında - 48 iş seçilib. Azərbaycan hər üç kateqoriya üzrə Fəxri diplomlar alıb.
Diplomlar və kataloq Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli və Milli Kitabxanasının direktoru Kərim Tahirov tərəfindən qaliblərə təqdim olunub.
Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, Kann Film Festivalının 76-cı buraxılışında “Çiçək ayın qatilləri” filmi ilə Martin Skorsez, sevimli aktyorlar Leonardo Di Kaprio , Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir.
Pedro Almodovarın yeni qısametrajlı filmi "Qəribə həyat tərzi" rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Festivalda qısametrajlı və uzunmetrajlı məşhur filmlərin rejissorları və aktyorlarının iştirakı gözlənilir. Ancaq tanınmış rejissor və aktyorların bəzilərinin seçilməsi hələ də sual altındadır.
Festivala seçkilərdə qadın rejissorların yeri də araşdırılacaq.
Netflix Kann Festivalı qaydasına əməl etməkdən imtina edərək, “La Mostra de Venise” İtaliya film festivalında iştiraka üstünlük verir.
Türkiyənin Ankara şəhərində “CSO ADA Ankara”nın böyük salonunda 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın açılış günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. Tədbirin ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi sevindirici, eyni zamanda, qürurvericidir.
Konsert proqramında tanınmış solistlər – Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Vilyamsın “Şindlerin siyahısı” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazinin “Türk marşı” ilə tamamlanıb.
Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı aprelin 28-dək davam edəcək.
“BN Team Orchestra” simfonik orkestri türk seriallarını xoşlayanlar üçün “Türk serialları dünyası” adlı unikal layihə hazırlayıb. Konsert mayın 23-də Heydər Əliyev Sarayında olacaq.
AZƏRTAC xəbər verir ki, “BN Team Orchestra” simfonik orkestri Qazaxıstanda müxtəlif janrlar üzrə ixtisaslaşan gənc və enerjili musiqiçi, aktyor və aktrisalardan ibarət yaradıcı və kreativ komandadır.
Orkestr “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini toplayıb. Tamaşaçılar sevimli seriallardan ən yaxşı parçaları böyük ekranda da görəcəklər.
Söhbət sadəcə serialları müşayiət edən musiqidən getmir. Bu musiqi ekran qəhrəmanlarının bütün iztirablarını tamaşaçıya çatdırır, onu kino aləminə aparır və həmişəlik yadda qalır.
Konsertə getmək arzusunda olanlar biletləri şəhər kassalarında və iticket.az saytından ala bilərlər.
Bu gün maliyyə naziri Samir Şərifov Cənubi Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq ilə görüşüb.
Report nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, Koreyanın bir çox şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər prioritet sahələrdə uğurla iştirak etdikləri vurğulanıb.
Səfir Azərbaycanın iqtisadi potensialı və coğrafi mövqeyinə görə təkcə region üçün deyil, eyni zamanda, Avropa və Asiya arasında iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Koreya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə hər iki ölkənin müharibədən sonrakı dövrdə dağıntıların aradan qaldırılması, yenidənqurma və bərpa işlərində ortaq tarixi xüsusiyyətlərə və oxşarlığa malik olduğu ifadə olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, o cümlədən infrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı, ən son texnologiyaların tətbiqi və digər sahələrdə Koreya təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunub.
Sonda S.Şərifov qlobal miqyasda maliyyə və biznes dairələri üçün ən nüfuzlu tədbirlərdən biri hesab edilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının cari ilin 1-5 may tarixlərində 56-cı illik toplantısının keçirilməsi üçün İncheon şəhərinin seçilməsi münasibətilə səfiri təbrik edib, Cənubi Koreyanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.
"Azərsu" ASC Laçın şəhərinin içməli və tullantı su sistemlərini yenidən qurur.
Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, işğal dövründə Laçında su təchizatı infrastrukturu dağıdılaraq istismara yararsız vəziyyətə salınıb. Şəhərdə icra olunan yeni layihə hazırda bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin yeni yaradılan içməli su təchizatı və tullantı su sistemlərinə qoşulmasını təmin etməklə, ümumilikdə 18 min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb.
Layihəyə əsasən, Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Eyni zamanda quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunur.
Su mənbəyindən Laçın şəhərinə qədər polad borularla 10 kilometr uzunluğunda magistral su kəmərinin inşası nəzərdə tutulub. İndiyə qədər kəmərin tikintisi üzrə işlərin 70 %-i başa çatdırılıb. Şəhərə içməli su pilləli nasoslarla çatdırılacaq. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzərində 3 nasos stansiyası inşa edilir. Laçın şəhərində məskunlaşacaq əhalinin, idarə və müəssisələrin, ictimai-iaşə və turizm obyektlərinin fasiləsiz su təminatı məqsədi ilə şəhər ərazisində ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikinti və bərpası işləri davam etdirilir. Anbarlara toplanan su şəhərin böyük hissəsinə özüaxımlı rejimdə veriləcək. Relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini və obyektləri içməli su ilə təmin etmək məqsədilə 2 ədəd hidrofor quraşdırılır.
Layihəyə əsasən, Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsinin 42 kilometrlik hissəsi, 49 kilometr tullantı su şəbəkəsinin isə 39 kilometrlik hissəsi inşa edilib. 4 km yağış su xətlərinin və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 7 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Hazırda məhsuldarlığı sutkada 4 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Laçın şəhərində formalaşacaq tullantı suları bu qurğuda ekoloji baxımdan tam təmizlənib kənarlaşdırılacaq. Layihə üzrə işlərin cari ildə başa çatdırılması nəzərdə tutulur.
Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək.
Hazırda "Azərsu" ASC Laçın şəhərində fasiləsiz xidmət təşkil edib. Bununla yanaşı Şuşa şəhərində, Zəngilan və Kəlbəcər rayonlarında, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilir.
Aprelin 16-da Azərbaycan Milli Konservatoriyasının təqdimatında “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində “Şuşanın səsi ümumdünya səs günündə” adlı konfrans-konsert keçiriləcək.
Milli Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə konservatoriyanın professor-müəllim heyəti, tanınmış muğam ifaçıları və musiqişünas alimlər iştirak edəcəklər.
Konfransın təşəbbüskarı, elmi laboratoriyanın rəhbəri Alexandria Sultan von Bruseldorffdur.
Qeyd edək ki, hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Onun keçirilməsində əsas məqsəd ictimaiyyətə səsin rolu və əhəmiyyəti, yaranan problemlərin müalicə-profilaktik həlli prinsipləri haqqında informasiya verməkdir.
Aprelin 15-də müstəqil “M Teatrı”nın (“Mənim teatrım”) səhnəsində dünyaşöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır.
Qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir. Bu əsər dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda romançı ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Dünyanın ən böyük filmfestivalı olan76-cı Kann Film Festivalı may ayının 16-dan başlayacaq və 27-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, münsiflər heyətinə ötən il festivalın 2-ci dəfə “Qızıl Palma” mükafatına layiq görülmüş isveçli rejissor Ruben Östlund sədrlik edəcək. Bu barədə festivalın təşkilatçıları məlumat verib. Qeyd edilib ki, 48 yaşlı isveçli rejissor mayın 16-dan 27-dək keçiriləcək festivalda Vinsent Lindonu əvəz edəcək.
İsveçli rejissor, amerikalı Frensis Ford Koppola və Franko-Serb Emir Kusturitsadan sonra münsiflər heyətinin iki “Qızıl Palma” mükafatı alan üçüncü prezidentidir.
Festivala Martin Scorsese, Leonardo Di Caprio, Robert de Niro, Harrison Ford, Maïwenn və Johnny Depp kimi böyük ulduzların qatılacağı da gözlənilir.
Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun anım günüdür.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Nodar Şaşıqoğlunun vəfatından 10 il ötür.
Nodar İzzətoviç Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Əsli acar olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib.O, bir il Vaxtanqov adına teatrda işləyib, beş il isə Taqanka Teatrında çalışıb.
İlk rolunu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oynayıb. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.
Azərbaycanın əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadə roluna aktyor axtaran rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) təsadüfən Nodar Şaşıqoğlunun oynadığı tamaşaya baxır, aktyoru bəyənərək "Uzaq sahillərdə" filminə dəvət edir. Əfsanəvi Mixaylo rolundan sonra Nodar Şaşıqoğlu ard-arda “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, "Telefonçu qız", “Leyli və Məcnun” filmlərinə çəkilib.
Nodar Şaşıqoğlu, eyni zamanda, teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Berjerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa") və s. obrazlar yaradıb. 2003-cü ildə S.Vurğun adına Rus Dram Teatrına qayıdıb və səhnədə Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") və s. bu kimi parlaq obrazlar ifa edib. Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.