Bakıdakı Rus Evində kinorejissor, Azərbaycanın Xalq artisti, Rusiyanın “Dostluq” ordeninə layiq görülmüş Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi nümayiş etdirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, film Şərq dünyasının dahi bəstəkarı, Azərbaycan musiqisində yeni janrın – simfonik muğam janrının yaradıcısı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyi çərçivəsində çəkilib.
Tədbiri giriş sözü ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikov açıb. Gecədə Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova da çıxış edib.
Görkəmli bəstəkarın qızı Sevil Əmirova atasının xatirəsinə və yaradıcılığına göstərilən ehtirama görə rejissora, qonaqlara və Bakıdakı Rus Evinə minnətdarlıq edib. Filmin rejissoru Vaqif Mustafayev çəkiliş qrupuna təqdim olunan arxiv materiallarına görə təşəkkürünü bildirib.
Tədbirdə diplomatik korpusun, Azərbaycan Mədəniyyət Nazirliyinin təmsilçiləri, incəsənət xadimləri, ziyalılar iştirak ediblər.
Qlobal yükdaşıma aviaşirkəti "Silk Way West Airlines" bu həftədən etibarən Hyustona həftəlik reyslərə start verdiyini elan edib.
Aviaşirkət ABŞ-ın ən iri hava limanlarından biri olan Corc Buş Qitələrarası Hava Limanına (IAH) uçuşlar həyata keçirəcək. "Silk Way West Airlines" həmçinin Amerika qitəsindəki marşrut şəbəkəsini genişləndirərək, Çikaqo və Dallasa müntəzəm uçuşları davam edəcək.
"Silk Way West Airlines" şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas yeni marşrutun əhəmiyyətini vurğulayaraq, qeyd edir: "ABŞ-ın ən mühüm hava yük keçidlərindən biri olan Hyustona yeni həftəlik uçuşlara başlamaqdan məmnunluq duyuruq. Bu, müştərilərimiz üçün əlavə tutumluq və daha sürətli tranzit vaxtları təmin edəcək. Amerika qitəsində artan mövcudluğumuz bu regiondakı müştərilərimiz üçün etibarlı və səmərəli yük daşımaları təqdim etmək niyyətimizi təsdiqləyir. Yeni marşrut həm də müştərilərimizi Mərkəzi Asiya və Yaxın Şərq bazarları ilə əlaqələndirmək imkanlarını artıracaq".
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir "Boeing 747-8F" və "Boeing 747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
"Silk Way West Airlines" şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.
Bu il Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda xüsusi sessiya keçiriləcək
31 may-3 iyun tarixlərində Bakı şəhəri Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək.
Reportun tədbirin təşkilatçısı “Caspian Event Oraganisers” şirkətinə istinadən verdiyi məlumata görə, Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumunu keçiriləcək.
Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan, ABŞ, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Ukrayna və Yaponiyadan artıq 164 şirkət iştirakını təsdiq edib. “Caspian Oil & Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.
Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənib. Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapacaq.
“Caspian Oil & Gas” sərgisi ilə eyni tarixlərdə təşkil ediləcək digər tədbir isə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” olacaq. Sərgi gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunacaq. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaq. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu və s. daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə olunacaq. Bundan əlavə, tədbirdə diqqət mərkəzində Xəzər regionunun bərpa olunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpa olunan enerji mənbələrinin infrastrukturunun inkişafı, yaşıl enerji sahəsində layihələrin həyata keçirilməsi olacaq.
Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır Tullantı) proqramı da daxil edilib. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq olunacaq.
Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi gözlənilir. Naxçıvan şəhərində xüsusi sessiyanın planlaşdırılması təsadüfi deyil. Belə ki, "Heydər Əliyev ili" kontekstində bu sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək.
Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Ölkə başçısı İlham Əliyev yaxın günlərdə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Naxçıvanda təşkil olunması planlaşdırılan tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram da keçiriləcək.
Azərbaycan teatr salnaməsinə adını yazdıran, öz dəst-xəti ilə tamaşaçıların rəğbətini qazananlardan biri də Xalq artisti Məmmədəli Vəlixanlıdır.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Məmmədəli Vəlixanlının vəfatından 54 il ötür.
Məmmədəli Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub. Fatmayı kəndindən şəhərə köçən, ticarətlə məşğul olan atası Məmmədəlini “Səfa” mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə qoyub. Ancaq uşaq vaxtlarında gördüyü dini şəbihlər, “Qaravəlli”, “Kosa-kosa” kimi xalq oyunları onda teatr sənətinə maraq oyadıb. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov 1912-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyarkən Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırır. Beləcə o, sənətdə ilk addımlarını atmağa başlayır.
1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunur. "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Məmmədəli tədricən dram tamaşalarında da kiçik rollarda səhnəyə çıxır. Teatrda işləyə-işləyə 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirir.
Realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı M.F.Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silinməz izlər qoyub. Eyni zamanda, Hüseyn Cavidin "Səyavuş" (Kosa), Uilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) və digər pyeslərin səhnə təfsirlərində son dərəcə şirin, koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR-nin Əməkdar artisti (1938) və Xalq artisti (1949) fəxri adlarına layiq görülüb.
Görkəmli sənətkar 12 aprel 1969-cu ildə, 62 yaşında dünyasını dəyişib.
Bu gün Seyid Şuşinskinin anadan olmasından 134 il ötür
Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli xanəndənin anadan olmasından 134 il ötür.
Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində dünyaya göz açıb. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər. Balaca Seyid atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edib.
İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, Seyid Şusinskini “Şərq musiqisinin incisi” adlandırıb.
Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (bəstəkar Fikrət Əmirovun atası) tanış olur. O, Şuşinskinin ifasını bəyənir və özü ilə onu Gəncəyə aparır.
“Ağa” gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verirdi.
O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyib, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.
Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.
Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Füzuli şəhərində bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq.
Report xəbər verir ki, bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında deyilir.
Planda vurğulanıb ki, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq.
Həmçinin, Füzulidə ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq. Təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək. Şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, Füzuli Meydanı, Memorial parkın yaradılması nəzərdə tutulur və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək. Məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdiriləcək.
Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrına yeni baş rejissor təyin olunub.
Reportun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Mir Qabil Əkbərov mədəniyyət müəssisəsinin baş rejissoru təyin edilib.
Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Forumda dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında məlumat verib.
Vurğulayıb ki, Birinci Teatr Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır. Forum “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ərəfəsində keçirilir. Ulu Öndər mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi. Onun teatr və sənət haqqında ölməz fikirləri var.
“Ulu Öndər mədəniyyətin və sənətin estetikasını bilən adam idi. Bu gün mədəniyyətin davamlı və dayanıqlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun qayğısı ilə əhatə olunub. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğurlu inkişaf yolu keçməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqincə dəyərləndirməliyik. Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu gündən mədəniyyət könüllüləri də fəaliyyətə başlayıb”,- deyə Adil Kərimli bildirib.
O əlavə edib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: “Teatr sənəti daim təkmilləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ilk dəfə teatrla bağlı Forumun keçirilməsini əlamətdar hadisə adlandırıb. Teatr sənətinin inkişaf naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan M.Əlizadə bu günədək teatrın keçdiyi inkişaf yoluna nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.
Sonra Məryəm Əlizadənin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.
Forum panel müzakirələrlə davam edib.
Bugünkü “Azərbaycan teatrında ənənələr və trendlər” adlı birinci paneldə müzakirə üçün “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları”, “Müasir teatr tənqidinin funksiyası” mövzuları seçilib.
“Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” adlı ikinci panelin müzakirə mövzuları isə “Müasir teatrda universal aktyor tipi” və “Müasir rejissurada yeni təmayüllər”dir.
Aprelin 12-də keçiriləcək növbəti panel müzakirələrdə “Konsepsiya və strateji hədəflər” adlı üçüncü paneldə “Milli teatrı inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması”, “Marketinq və reklam strategiyası”, “Teatrların fəaliyyətində fandrayzinq, alternativ maliyyə mənbələr və yeni maliyyələşdirmə mexanizmləri”, “Prodüser institutunun milli teatr məkanında tətbiqi” və “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzularında təhlillər aparılacaq.
Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.
Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.
Gələrkən şəxsiyyəti təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özünüzlə gətirmək, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlmək xahiş olunur.
Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edə bilərsiniz.
Bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək.
Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb.
Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərlə məhz Məcid Behbudovun obrazını yaradıb.