Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində

    Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində “Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində” adlı konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsertdə vokalçı Əməkdar artist İlham Nəzərov və pianoçu beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla çıxış edəcək.

    Qeyd edək ki, konsert proqramında görkəmli İsveçrə bəstəkarı H.Huberin romans silsiləsi Bakıda ilk dəfə təqdim olunacaq. Vazehin şeirlərinə yazılmış bu silsilənin notları İsveçrədə 140 il əvvəl, 1882-ci ildə nəşr edilib, lakin ölkəmizdə ilk dəfə ifa ediləcək. Eyni zamanda, Avropa klassik musiqisində romantizm dövrünün bəstəkarlarının fortepiano üçün əsərləri ifa olunacaq.

  • Əli Əmirli ƏSA teatrına dövlət teatrı statusu verilməsini təklif edib

    Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ƏSA teatrına dövlət teatrı statusu verilməsini təklif edib.

    AZƏRTAC xəbər verir ki, o, bu təkliflə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxış edib.

    Əməkdar incəsənət xadimi bildirib ki, ƏSA teatrı ölkədə fəaliyyət göstərən yeganə inklüziv teatrdır və bu səbəbdən də ona dövlət teatrı statusu verilməlidir.

  • “İndiana Cons 5: Taleyin saatı” filminin yeni treyleri yayımlanıb

    “Lucasfilm” kinostudiyası Hollivud ulduzu Harrison Fordun son dəfə məşhur arxeoloq və macəraçı rolunda iştirak etdiyi “İndiana Cons 5: Taleyin saatı” filminin yeni treylerini yayımlayıb.

    AZƏRTAC xəbər verir ki, beşinci bölümün dünya premyerasının Kann Beynəlxalq Film Festivalında baş tutacağı məlum olub. “İndiana Cons 5” filminin treyleri filmin əsas personajlarının münasibətlərinə və ümumi hadisələrə işıq salır.

    "1995-ci ildə Kanna ilk filmimlə gəlməkdən şərəf duydum" söyləyən rejissor Ceyms Mengold əlavə edərək deyib: "İyirmi səkkiz il sonra mən qürurla bir az daha möhtəşəm ekran əsəri ilə qayıdıram. Biz əfsanəvi həmkarlarla İndiana Consun yeni və son macərasını sizinlə bölüşməkdən məmnunuq".

  • Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqə keçiriləcək

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Yuxarıda qeyd olunan Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

    Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.

  • Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilir

    Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

    Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında məlumat verib.

    Vurğulayıb ki, Birinci Teatr Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır.

    Forumun “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ərəfəsində keçirildiyinə diqqət çəkən Adil Kərimli Ulu Öndərin mədəniyyətin inkişafına göstərdiyi dəstəkdən danışıb.

    “Heydər Əliyev mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi. Onun teatr və sənət haqqında ölməz fikirləri var. Ulu Öndər mədəniyyətin və sənətin estetikasını bilən adam idi. Bu gün də o ənənə yaşayır. Mədəniyyətin davamlı və dayanıqlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun qayğısı ilə tam əhatə olunub. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğurlu inkişaf yolu keçməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bu istiqamətdə Heydər Əliyev Fondu böyük işlər görür. Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqli dəyərləndirməliyik. Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.

    Bu gün Mədəniyyət Nazirliyində “Mədəniyyət könüllüləri”nin fəaliyyətə başlamasını deyən Adil Kərimli söyləyib ki, bundan sonra könüllülər mədəniyyətin müxtəlif sahələrinə töhfələrini verə biləcəklər.

    O, diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: “Teatr sənəti daim təkmilləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək”.

    Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ilk dəfə teatrla bağlı Forumun keçirilməsini əlamətdar hadisə adlandırıb. Teatr sənətinin inkişaf naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan M.Əlizadə bu günədək teatrın keçdiyi inkişaf yoluna nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.

    Sonra Məryəm Əlizadə “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda məruzə ilə çıxış edib.

    Forum panel müzakirələrlə davam edib.

    Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, “Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.

    Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

  • Kələntər dayı obrazı ilə daha çox tanınan sənətkar

    Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür

    Tamaşaçılar Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yaxşı tanıyır.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 121 il ötür.

    İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb...

    1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

    İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.

    "Kəndlilər" filmində (daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (Poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sönmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.

    “Mən ki gözəl deyildim” filmindəki poçtalyon Şərif kişi... Sadə, səmimi, insanların dərdinə şərik olmağı bacaran bir insan...

    “Dəli Kür” filmində faytonçu Məmmədəli kişi... Yoxsul, mərd, milli xarakterli azərbaycanlı obrazı…

    “Nəsimi” filmində böyük hürufi şair Nəimi obrazı… Mübariz, öz əqidəsinə sadiq şəxsiyyət…

    Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülmüşdü...

    İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

    Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.

  • Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

    Bakıda müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

    “Report” xəbər verir ki, konsert aprelin 17-də saat 19:00-da Bakıdakı “Rus Evi”ndə keçiriləcək.

    Tədbirin konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən hazırlanıb.

    Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivalların laureatı Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, şair, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü Sahib Məmmədov və başqaları iştirak edəcəklər.

    Qeyd edək ki, tədbirə giriş pulsuzdur.

  • Bakıdakı abidələrlə bağlı monitorinqlərə başlanılıb, məlumat lövhələri dəyişdiriləcək

    Bakıdakı bəzi abidələrin üzərindəki məlumat lövhələri yeniləri ilə əvəzlənəcək.

    Bu barədə Reporta Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, Dövlət Xidməti Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə monitorinq aparılır. Eyni zamanda bir müddət öncə paytaxtda yerləşən tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələri də monitorinq edilir.

    Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib. Hazırda qeyd olunanları nəzərə almaqla məlumat lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.

    Dövlət Xidmətindən qeyd olunub ki, abidələrin üzərindən məlumat lövhələrinin çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri ilə əvəzlənəcək.

  • Azər Paşa Zəfər oğlu Nemətov

    Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir.

    Azər Paşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965–1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır.

    Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973–1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990–1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

    Azər Paşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.

    Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.

    Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.

    Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.

    Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

    Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azər Paşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

  • Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb

    Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.

    Salonda həzin matəm musiqisi səslənirdi.

    Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulmuşdu. Eyni zamanda cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

    Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azər Paşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib.

    Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca mərhum sənətkarın da yaşayacağını qeyd edib. Xalq artisti Hacı İsmayılov Azərpaşa Nemətovun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən bəhs edib.

    Çıxışlar bitdikdən sonra mərhum sənətkarın cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılıb.

    Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıcılıq istiqamətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib. 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.