F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Beynəlxalq Sirk Günü münasibətilə hazırlanan eyniadlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitin əvvəlində milli sirk sənətinin yaranma tarixi, Azərbaycanda və xarici ölkələrdəki sirk sənəti haqqında fikirlər, Şərq ölkələrində sirk teatrlarının tikilməsi haqqında fikirlər yer alıb. İkinci hissədə isə metodiki köməklik məqsədilə “Beynəlxalq Sirk Günü” ilə bağlı keçiriləcək tədbirlərin planı verilib.
Təqdim edilən vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Sirk - bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.
Sirkin yaranmasının qədim tarixi vardır. Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olmuşdur.
Azərbaycan Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Xəttatlıq sənəti” adlı ustad dərsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ilk olaraq iştirakçılara Çin yazısının tarixi, heroqriflərin mənşəyi və xəttatlığın əsas qaydaları ilə bağlı məlumat verilib.
Sonra heroqriflərin fırça ilə yazılması üzrə xəttatlığa dair ustad dərsləri keçirilib.
Xatırladaq ki, bir neçə ay davam edəcək sərginin məqsədlərindən biri Çin və Azərbaycan mədəniyyəti arasında körpünün qurulmasıdır.
Sərginin kuratoru və ideya müəllifi olan Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, koordinatoru isə Könül Rəfiyevadır.
"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin hazırda inşası davam edən və şərti adı "B-04" olan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.
Report xəbər verir ki, stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.
Burada tikinti işləri “qruntda divar" üsulu ilə, yəni, yuxarıdan alt qatlara doğru aparılır. Ərazinin relyefindən asılı olaraq, işlər hazırda 29-32 metr dərinlikdə həyata keçirilir.
"Qruntda divar” üsulu yaşayış sahələrində daha səmərəli və rahat, məhdud məkanlara uyğunluğu və effektivliyi ilə seçilir. Bununla yanaşı, bu üsul texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilməsi baxımından daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi, dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması "qruntda divar" üsulunu fərqləndirən keyfiyyətlərdəndir. Buna qədər Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr" stansiyaları analoji qaydada aparılıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası yazıçı, dramaturq Salam Qədirzadənin 100 illiyi münasibətilə silsilə materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual kitab sərgisi və videomaterialda yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun bir çox gözəl ədəbiyyat nümunələrinin müəllifi olduğu qeyd edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Salam Qədirzadənin dramaturq kimi fəaliyyətinə də yer verilərək, onun təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulan “Haradasan, ay subaylıq?”, “Gurultulu məhəbbət” kimi əsərləri haqqında məlumat verilib.
Materiallarda tanınmış ədəbiyyat xadimləri tərəfindən yazıçı haqqında söylənilən fikirlər, ailə üzvlərinin xatirələri, yazıçının foto və videogörüntüləri də yer alıb.
Virtual kitab sərgisində yazıçının “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar”, “Hər gün ömürdən gedir” kimi 20-ə yaxın əsərinin biblioqrafik təsviri verilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli imzalayıblar.
Sənəd özündə türk dövlətlərinin ali musiqi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilələrin yaradılması, eləcə də Türk dünyasının musiqisinin beynəlxalq səviyyədə tanıdılması yönündə əməkdaşlığı ehtiva edir.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək BMA-nın ümumi fəaliyyətindən söz açıb, Akademiyanın məzunlarının Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil etdiklərini vurğulayıb. Rektor Bakı Musiqi Akademiyası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun imzaladığı memorandumu türk dövlətlərinin musiqi sənətinin bir araya gətirilməsinə yönəlmiş addım kimi qiymətləndirib. Fərhad Bədəlbəyli Türk dünyasının sənət adamlarının eyni kökdən olan türk xalqları arasında müasir dövrdə mədəni əlaqələrin gücləndirilməsinə dəstək vermək üçün hər zaman hazır olduqlarını bildirib. Rektor Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, təşkilat ilə birgə əməkdaşlığın ümumtürk musiqisinin və incəsənətinin inkişafına önəmli töhfələr verəcəyinə inandığını qeyd edib.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva yaşı 100 ildən artıq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycanda peşəkar musiqiçi kadrların yetişməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Günay Əfəndiyeva mərasimin Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” fəxri statusunu daşıdığı ilə təsadüf etməsinə diqqəti çəkib. Fondun prezidenti Şuşanın bütün Türk dünyasında zəfər və qürur rəmzini ifadə etdiyini vurğulayıb. O, təşkilat tərəfindən Şuşanın tarixi və mədəni irsinin müxtəlif ölkələrdə təbliği yönündə başladılan geniş miqyaslı layihələrdən söz açıb. Günay Əfəndiyeva ötən il Fondun ilk dəfə Azərbaycanın hüdudlarından kənarda - Türkiyənin Bursa şəhərində həyata keçirdiyi “Şuşa günləri”nin yaxın zamanda Özbəkistanın paytaxtı Daşkənddə davam etdiriləcəyini bildirib. O, türk xalqlarının dünya xalqları ilə yaxınlaşdırılmasının Fondun əsas məqsədləri sırasında yer aldığını qeyd edib. Fondun prezidenti təşkilatın musiqi sahəsində fəaliyyətindən bəhs edib. Günay Əfəndiyeva bildirib ki, imzalanan memorandum birgə layihələrin keçirilməsi, fərqlənən tələbələrə mükafatların verilməsi, Akademiyanın müəllim heyətinin mütəxəssis şəklində təşkilatın tədbirlərinə cəlb olunması və digər bu kimi məsələlərə imkan yaradır. O, Fondun əməkdaşlıq etdiyi müxtəlif ali təhsil müəssisələrində sahə üzrə Türk Dünyası Mərkəzlərinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Günay Əfəndiyeva onların əsasında böyük şəbəkənin qurulmasının türk xalqlarının inteqrasiyasının, qarşılıqlı mədəni-mənəvi mübadilələrinin intensivləşməsinə yönələcəyini diqqətə çatdırıb.
Tədbir Bakı Kamera Orkestrinin və Bakı Musiqi Akademiyasının müəllim - tələbə heyətinin ifasında türk bəstəkarlarının musiqilərindən, mahnılarından ibarət konsert proqramı ilə davam etdirilib.
Azərbaycan Dövlət Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecədə orkestr dirijor Murtuza Bülbülün rəhbərliyi altında çıxış edib.
Konsert zamanı Lüdviq Van Bethovenin “Eqmont” uvertürası, Edvard Qriqin “Per Günt” süitası No. 1, Ferents Listin “Prelüdlər” simfonik poeması, Modest Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi (işləyəni Nikolay Rimski-Korsakov), Pyotr İliç Çaykovskinin “Qu gölu” baletindən süita səsləndirilib.
"Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib".
“Report” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
"Bu gün Heydər Əliyev haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.
Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib.
"Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Qazaxıstan Prezidenti əlavə edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi - Bakıdakı Rus Evi ənənəvi “Dünyəvi və səmavi” uşaq yaradıcılığı müsabiqəsi təşkil edirlər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin iştirakçılarına gündəlik həyatda onları əhatə edən hər şeyi - ailəni, dostları, doğma evi və şəhəri, müxtəlif təzahürlərində təbiəti rəsmlərində və təsviri sənətin digər növlərində əks etdirmək təklif olunur. Təqdim olunan əsərlərin mövzusu Müqəddəs Yazılardan və Müqəddəs Ənənədən süjetlər ola bilər. Uşaqlar tanrının yaratdığı dünyaya baxışlarını kağıza köçürərək ətrafdakı gözəllikləri görməyi, deməli öz torpağını, Vətənini sevməyi öyrənirlər.
Bu il müsabiqənin əsas mövzuları: “Müqəddəs Kiril və Mefodi”, “İncil süjeti”, “Sevimli məbəd”, “Slavyan nağıllarının qəhrəmanları”, “Azərbaycan mənim doğma yurdumdur” (Heydər Əliyevin 100 illiyinə), “Sankt-Peterburq Rusiyanın mədəniyyət paytaxtıdır” (qurulmasının 320 illiyi).
Müsabiqədə ümumtəhsil məktəbləri, liseylər, bədii məktəblər və studiyaların şagirdləri, Azərbaycanın məktəbəqədər və digər uşaq müəssisələrində tərbiyə alan uşaqlar iştirak edə bilər.
Müsabiqə iştirakçılarının işləri 2023-cü il may ayının 10-dək Bakıdakı Rus Evində qəbul olunur. Ünvan Bakı ş., Ü.Hacıbəyli küç., 77b, 1178, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi.
Ətraflı məlumat ““Dünyəvi və səmavi” uşaq yaradıcılığı müsabiqəsi haqqında Əsasnamədə” əldə oluna bilər https://disk.yandex.ru/i/zyiKDDvwLDXc1A .
Bu gündən başlayaraq aprelin 27-nə qədər Azərbaycanda "Karyera Hazırlığı Həftəsi" keçiriləcək.
Report xəbər verir ki, təşkilatçı ADA Universitetinin Karyera xidmətləri şöbəsidir.
Bu münasibətlə ali təhsil müəssisəsində açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən karyera xidmətləri üzrə menecer Təranə Aslanova bildirib ki, "Karyera Hazırlığı Həftəsi"ndə 30 %-i dövlət, 70 %-i isə özəl sektordan olmaqla 17 müəssisə, eləcə də 382 tələbə iştirak edir: "Bu tələbələr müəyyən proseslərdən keçərək seçiliblər. 8 gün ərzində onlar əmək bazarında ən vacib sahələr üzrə təlimlərdə iştirak edəcəklər. Müəssisələrin müxtəlif departamentlərinin rəhbər şəxsləri onlarla öz təcrübələrini bölüşəcəklər. Təlimlərin sonunda hər müəssisə 5 nəfər qalib seçəcək, qaliblər təcrübə proqramı ilə təmin olunacaqlar. Təcrübə proqramından sonra adətən, 4-cü kurs tələbələri işlə təmin olunurlar", - deyə o qeyd edib.
"Karyera hazırlığı həftəsi"nin son mərhələsi isə karyera sərgisinin təşkil olunmasıdır. Aprelin 27-də ADA Universitetində 120 şirkətdən çox dövlət və özəl qurumun iştirakı ilə karyera sərgisi keçiriləcək", - deyə mütəxəssis əlavə edib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün 303 ədəd platforma vaqon və 18 ədəd drezin alaraq ölkəyə gətirib.
Report xəbər verir ki, bununla da səhmdar cəmiyyəti hərəkət tərkibini və maşın-mexanizmlər parkını son nəsil texnikalarla təchiz edib və beynəlxalq daşımalarda rəqabətədavamlılığını artırıb.
Bu gün media nümayəndələrinin iştirakı ilə Biləcəri yeni lokomotiv deposunda texnikaya baxış keçirilib. ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün ilk növbədə infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır: ‘’Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’.
QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov isə bildirib ki, yeni alınmış platforma vaqonlar tranzit daşımalarının, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımaların həcminin artırılmasına geniş imkanlar açacaq: "Məqsədimiz Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionun əsas nəqliyyat habına çevrilməsinə dəstək verməkdir. Yeni vaqonlardan əsasən Şərq-Qərb marşrutunda istifadə edilməsi, Çin, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gələn yüklərin Qara Dənizlə Avropaya daşınması planlaşdırılır".
Onun sözlərinə görə, quru yolla yükdaşımalarda əsas lokomotiv rolunu oynayan ADY ötən il 18 731 000 ton yük daşıyıb və əvvəlki illə müqayisədə 24,9 % artıma nail olub: "Bu ilin I rübündə isə səhmdar cəmiyyəti 4 441 970 ton yük daşıyıb və ötən ilin eyni dövrünə nisbətən 17 % artıma nail olub. Yükdaşımalarda artım Şimal-Cənub və Şimal-Qərb marşrutunda müşahidə edilir. Ölkəyə gətirilmiş bu yeni vaqonlar isə Altay zavodunun istehsalıdır, təkcə konteyner daşımaları üçün deyil, həmçinin meşə materialları - taxta şalban daşımaları üçün istifadə ediləcək. Yeni drezenlər isə Bakı-Böyük Kəsik dəmir yolu xəttində, eləcə də Qarabağda istismar olunacaq".
Baxış zamanı qeyd olunub ki, ADY yükdaşımaların fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.