Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mərdəkan-Zağulba yolunda hərəkət məhdudlaşdırılacaq

    Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

  • Ceyhun Bayramov: UNESCO çərçivəsində əməkdaşlığımız səmərəli olacaq

    Bugünkü tədbir ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin müzakirəsi baxımdan mühüm əhəmiyyət kəsb edir.

    AZƏRTAC xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

    Bildirib ki, ölkələrimiz arasında sıx qardaşlıq və dostluq münasibətləri vahid soykökümüz, adət-ənənələrimiz dilimiz, dinimiz və bir çox müqəddəs abidələrimizlə bir-birinə bağlıdır.

    Azərbaycanın daim UNESCO-nun missiyasını dəstəklədiyini bildirən XİN rəhbəri deyib ki, UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Onun sözlərinə görə, Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir. Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir.

  • TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakıda iclası işə başlayıb

    Aprelin 7-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçirilir.

    AZƏRTAC xəbər verir ki, açılış mərasimində nazirlər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin, UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidentinin, UNESCO üzrə Milli Komissiyaların baş katibləri və səfirlər iştirak edirlər.

    İclas çərçivəsində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcəyi gözlənilir.

    Qeyd edək ki, 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək bağlanış mərasimində sözügedən iclasın yekun bəyanatı qəbul ediləcək.

  • Əfsanəvi "Corolla"nın yenilənmiş versiyası və yeni "Corolla Cross" modeli sevənləri ilə görüşdü!

    Martın 28-də Gürcüstanın Acarıstan bölgəsində yenilənmiş "Toyota Corolla" və "Toyota" ailəsinin tam yeni üzvü "Corolla Cross" avtomobilsevənlərlə görüşüb. Burada “Hər kəs üçün Corolla” şüarı altında təqdim edilən, üslub, texnologiya, performans və sürüş cazibəsini gücləndirən 2023 modelləri barədə ətraflı məlumat verilib. Təqdimatda Azərbaycan deleqasiyasından avto və “lifestyle” bloggerlər iştirak edib. Tədbir zamanı iştirakçılara 12-ci nəsil "Corolla" dizaynının eksteryer və interyer yeniləmələri barədə detallı məlumatlar tədqim olunub. Daha sonra C-SUV sinfinə aid, ailənin yeni üzvü "Corolla Cross" modeli barədə danışılıb. Məlumatlandırma tamamlandıqdan sonra dəvətli qonaqlar iki yeni avtomobilin test yürüşündə iştirak ediblər. İştirakçıların yenilənmiş "Toyota Corolla"nın fərqlərini hiss etməsi üçün yürüşdə köhnə modeldən də istifadə edilib.

    Yenilənmiş "Corolla" üslub, texnologiya, performans və sürücülük həzzini gücləndirir!

    Zamanla uyğunlaşmaq "Corolla" modellərinin prioritetlərindəndir. Yarım əsrdən çoxdur sürücülərin ehtiyac və seçimlərini nəzərə alan bu model dəyişikliklərlə rahat şəkildə ayaqlaşır. 1966-cı ildən bəri 12 nəsil təqdim edən "Corolla" bu yolla 50 milyondan çox satış rekordu əldə edib.

    Yenilənmiş "Corolla" modeli sürücülük həzzini yeni eksteryer xüsusiyyətləri, təqdim etdiyi rəng seçimləri, dizaynı, uyğunlaşdırılmış interyer bəzək, üzlük və bitirişləri ilə daha da gücləndirir. Bu avtomobil daha çox güc, daha çox sürücülük təcrübəsi və performans təmin edən yeni beşinci nəsil "Toyota" hibrid elektrik texnologiyasına malikdir. Dörd müxtəlif rejimdə fərdiləşdirilən 12,3 düymlük kombimetr və yeni, tam ölçülü 10,5 düymlük multimedia ekranı ilə sürücülərə təkmilləşdirilmiş rəqəmsal istifadəçi təcrübəsi təqdim edir.

    1,8 litrlik hibrid mühərrikin ümumi gücü artıq 140 DIN at gücünə bərabərdir. Bu da 0-100 km/saat sürətini 1,7 saniyəlik azalma ilə 9,2 saniyəyə salır. Bu performans artımına baxmayaraq, CO2 emissiyasının dəyişməyib 102 q/km olması gözlənilir.

    Praktik ailə avtomobili, yeni "Toyota Cross" modelini qarşılayın!

    "Corolla" ailəsinə görünüşü və genişliyi ilə böyük ailələrin əlverişli seçiminə çevriləcək "Toyota Cross" qoşuldu. Burada istifadəçiyə daha çox güc, yüksək yanacaq və dövriyyə səmərəliliyi təqdim edən, "Toyota"nın ilk dəfə tətbiq etdiyi beşinci nəsil özü şarj olan hibrid elektrik sistemi də yer alır. Avtomobilin yeni elektron platforması 12,3 düym tam dijital kombimetr, "Toyota Smart Connect Multimedia" ekranı və səsli əmr ilə 10,5 düym yüksək keyfiyyətli əylənmə-öyrənmə paketli sensor ekrana malikdir. Bu yeni modeldə ən son nəsil, yeni və təkmilləşdirilmiş funksiyaları ilə təhlükəsizlik və sürücülük assistenti "T-Mate" güclü qorunma nümayiş etdirir.

    "Corolla Cross" modeli 2 litrlik hibrid mühərrikə sahibdir. 2 litrlik hibrid mühərrikin gücü 197 at gücü/145kVt-a çatıb. Bununla da CO2 emissiyasını 113 və 120 arasında saxlayıb 0-100 km/saat sürəti 7,6 saniyəyə qət edə bilir.

    "Corolla" Azərbaycanda da daim sürücülərin rəğbət bəslədiyi, tələb olunan və yüksək satış rəqəmlərinə çatmış bir modeldir.

  • UNESCO-nun mənzil-qərargahında “İpək Yolu” ölkələrinin konsert proqramı təqdim olunub

    UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində konsert təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, konsertdən öncə çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb. Sonra təşkilatçı ölkələrin səfirləri mədəni irsdən danışıblar. Konsertdə ölkələr musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələrini təqdim ediblər.

    Konsertdə Səidə Zülfüqarova (piano) və Ağarəhim Quliyev (fleyta) Cövdət Hacıyevin “Ballada”, Fazil Soyun “Qara torpaq”, Fikrət Əmirovun fleyta və fortepiano üçün pyeslərini ifa ediblər. Bununla yanaşı, Azərbaycan milli rəqsləri “Naz eləmə” və “Uzundərə” təqdim olunub.

    Xatırladaq ki, UNESCO-nun “İpək Yolu” proqramının 35 illiyi münasibətilə “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayan təbirlər silsiləsi Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Find your own Silk Road in Azerbaijan” adlı sərginin açılışı ilə davam edib. “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr edilmiş tədbirlər təşkilatçı ölkələrin konsert proqramı ilə yekunlaşıb.

  • “Tesla” dəmir əsaslı batareyalardan istifadə edəcək

    “Tesla” böyük həcmdə elektromobillərin istehsalında daha ucuz dəmir əsaslı akkumulyatorlardan istifadə etməyi planlaşdırır.

    Report xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı “kiçik hərəkət radiuslu” ağır elektrik yük maşınları üçün dəmir əsaslı LFP batareyalarından istifadə edəcək.

    Şirkət indi əksər avtomobilləri üçün nikel əsaslı akkumulyatorlardan istifadə edir. LFP batareyalarının əsas üstünlükləri arasında əhəmiyyətli dərəcədə aşağı qiymətlər və bazarda çoxlu sayda məhsul var.

    Keçən ay “Tesla” Meksika və digər ölkələrdəki zavodlarında istehsal olunacaq elektrik avtomobillərinin gələcək nəsillərinin xərclərini yarıya endirəcəyini söyləyib.

  • Alen Delonun incəsənət əsərlərindən ibarət qiymətli şəxsi kolleksiyası hərraca çıxarılacaq

    İyunun 22-də Parisdə dünyaşöhrətli fransız aktyoru Alen Delona məxsus şəxsi incəsənət əsərlərindən ibarət kolleksiya hərraca çıxarılacaq.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, XIX əsr fransız rəssamları olan Delakrua, Koro, Millet və digər başqa rəssamların rəsm əsərləri, həmçinin heykəltaraşlıq nümunələri də daxil olmaqla 80-dən çox sənət əsərinin yer aldığı kolleksiyanın dəyəri 4-5 milyon avro arasında qiymətləndirilir. Hərraca qədər kolleksiya Nyu-York, Honq-Konq, Cenevrə, London və Parisdəki sərgilərdə növbə ilə nümayiş olunacaq.

    “Bonhams-Cornette de Saint Cyr” hərrac evinin nümayəndələrinin verdiyi məlumata görə, əsas sənət əsərləri arasında 600-800 min avro dəyərində olan Raul Dufinin “Sent-Adres çimərliyi” (1906) rəsmi və dəyəri 400-600 min avro olan Ejena Delakruanın rəsm əsəri (1825) yer alır.

    A.Delonun dediyinə görə, o, bu rəsm kolleksiyasını təxminən 60 il ərzində toplayıb. 87 yaşlı aktyor deyir: "İlk əsəri 1964-cü ildə Londonda almışam. Bu illər ərzində çoxlu rəsmlər, heykəllər, müxtəlif incəsənət nümunələri əldə etmişəm. Onlar uzun illər mənim həyatımın bir parçası olublar. Bütün həyatım boyu kolleksiya toplamaqla məşğul olmuşam, həmçinin çoxlu hədiyyələr almışam. İndi yaş və fiziki vəziyyəti nəzərə alsaq, yığılan bu qədər kolleksiya nümunələri mənə böyük bir dağ kimi görünür. Düşünürəm ki, bunları satıb övladlarıma pul qoymaq ən yaxşı qərardır”.

    Qeyd edək ki, 2014-cü ildə A.Delon silah kolleksiyasını da hərracda satdı. Həmin vaxt başlanğıc qiymətini dəfələrlə aşan, məşhur "Qanun naminə" televiziya serialında istifadə olunan 1894-cü ilin 30 kalibrli vinçesteri satıldı. Həmin silahı A.Delona aktyor Stiv Makkuin şəxsən hədiyyə etmişdi. Bundan əlavə hərraclarda aktyorun saat kolleksiyaları və elit şərabları da nümayiş etdirilib. 2016-cı ildə onun kolleksiyasına daxil olan italyan heykəltaraşı Rembrandt Bugattinin 12 bürünc heykəlcikdən ibarət kolleksiyası 4 milyon avroya satılıb.

  • Dünya Bankında Azərbaycan xalçaçılıq sənayesinin müasir inkişaf mərhələsi müzakirə edilib

    Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin ABŞ-da tanıdılması istiqamətində təşkil olunmuş sərgi ilə əlaqədar Vaşinqtona səfəri çərçivəsində “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədovun Dünya Bankının bir sıra rəsmi şəxsləri və mütəxəssisləri ilə görüşüb.

    “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi Azərbaycan xalça sənayesinin müasir inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparmaq və bu sənaye növündə Dünya Bankı Qrupuna daxil olan maliyyə institutları ilə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi olmub.

    Dünya Bankının İdarə Heyətinin üzvü, icraçı direktor Dominik Favre, Bankın Gender departamenti və Avropa və Mərkəzi Asiya regionlarında münaqişələr üzrə qrupunun rəhbər şəxsləri və mütəxəssisləri ilə keçirilmiş görüşlərdə “Azərxalça” ASC rəhbərliyi Azərbaycanda xalça sənətinin müasir inkişaf mərhələsi barədə məlumat verib. Emin Məmmədov təmsil etdiyi qurumun regionlarda ən çox qadın işçilərin çalışdığı müəssisə olduğunu diqqətə çatdıraraq, xanımların sosial rifah halının “Azərxalça” ASC üçün prioritet təşkil etdiyini bildirib.

    Hazırda Azərbaycan xalçaçılıq sənətinin sənaye sahəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən “Azərxalça” ASC sədri bütün digər incəsənət növlərində olduğu kimi, xalçaçılıq sənətinin də rəqabətə davamlılığının artırılması üçün müasir dünyanın həm zövq, həm də texnika tələblərinə cavab verməli olduğunu bildirib. Bunun üçün “Azərxalça” ASC-nin həm yerli, həm də dünyanın tanınmış dizayn mütəxəssisləri ilə də çalışdığı qeyd edilib. Emin Məmmədov bu dəyişikliklərin Azərbaycan xalçalarının ənənəvi bazarlardan başqa, ABŞ kimi yeni bazarlarda da geniş yayılmasına imkan verəcəyinə inamını ifadə edib.

    Görüşlərdə, ənənəvi sayılan və daha çox əl əməyi tələb edən bu kimi sənət növlərinin qorunması və iqtisadi cəlbediciliyinin artırılması istiqamətində Azərbaycanın gördüyü işlər təqdir edilib və bunun gələcəkdə digər inkişaf etməkdə olan ölkələrdə də sosial və iqtisadi model olaraq tətbiq edilə biləcəyi vurğulanıb.

    Keçirilmiş görüşlərdə Dünya Bankında Azərbaycanın nümayəndəsi Namiq Nağdəliyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Mahmud Mahmudov iştirak ediblər.

    Qeyd edək ki, “Azərxalça” ASC-nin nümayəndə heyəti mart 27-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan xalçalarından ibarət sərginin açılışında iştirak edib. “Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkil etdiyi sərgidə Azərbaycan xalçaçılıq sənətinin ənənəvi nümunələri ilə yanaşı, müasir dizaynda tərtib edilmiş yeni xətt xalçaları da nümayiş etdirilir. Sərgi bir il müddətində ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən qalereyasında fəaliyyət göstərəcək.

  • Bu gün səhnəmizin ilk balerinası Qəmər Almaszadənin anım günüdür

    Bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin anım günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün Qəmər Almaszadənin vəfatından 17 il ötsə də onun adı hər zaman böyük hörmət və ehtiramla anılır.

    Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.

    Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.

    Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb.

    “Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub.

    Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.

    O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.

    Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.

    Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.

    Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub.

    Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.

    Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib.

    Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.

  • Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

    Bakıda Azneft dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205, 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

    Bu barədə Reporta Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Dəyişikliyin səbəbi paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işlərinin aparılmasıdır. Görülən işlərlə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq. Nəticədə sözügedən marşrut xətləri üzrə hərəkət alternativ yollardan keçməklə təşkil ediləcək.