Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi "Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100" layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan materiallar silsilə formasında davam edir. Növbəti material kitabxana əməkdaşları tərəfindən “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı vidoeoçarxdır. Bir neçə hissədən ibarət olması planlaşdırılan materialın birinci hissəsi Avropa və Asiya ölkələrinin dövlət başçılarının, görkəmli siyasi xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri fikirlərdən, müxtəlif görüşlər, beynəlxalq tədbirlər zamanı səsləndirilən çıxışlardan ibarətdir. “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı videomaterialın növbəti bölümlərinin Ulu Öndərin öz müdrik kəlamlarından, beynəlxalq və yerli siyasi, ictimai, mədəni sahədə fəaliyyət göstərən görkəmli şəxslərin fikirlərindən, xatirələrindən, Ulu Öndərlə görüşlər zamanı tarixə həkk olunan hadisələrdən ibarət olması planlaşdırılır.
Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada “Ulu Öndər və Naxçıvanın musiqi mədəniyyəti”, “Dirçəliş strategiyası”, “Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin yanvarı”, “Milli kinomuzun təəssübkeşi və hamisi”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Tariximizin Heydər Əliyev zirvəsi” kimi məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanı qazanırlar. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq məqalələrin sayının da simvolik olaraq 100 olması nəzərdə tutulur.
Sözügedən materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/heyder-eliyev-xatirelerde və https://ryl.az/activity/ulu_onder linklarında yerləşdirilib.
Hazırkı toplantıda TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı deyib.
“Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk
dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”,-deyə mədəniyyət nazirinin birinci müavini bildirib.
Azərbaycanda Rusiya Kinosu Günlərinin ikinci günü rejissor Qleb Orlovun “Libereya: Xəzinə ovçuları” filminin nümayiş ilə başlanıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində nümayiş etdirilən filmə bir sıra ölkələrin Bakıda akkreditə edilmiş diplomatik korpusunun, biznes-strukturların, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəni ziyalılar tamaşa ediblər.
Filmin süjeti müəmmalı bir məkana - çar İvan Qroznunun Libereya adlı kitabxanasına həsr edilib. Minlərlə insan bu kitabxananı tapmağı arzu edib. Filmin baş qəhrəmanı İlya adlı gənc sahibkardır. Bir təsadüf nəticəsində o da Libereyanı axtarmağa başlayır. İlyaya miras qalmış qədim mücrüdə bu kitabxananın şifrələnmiş açarı var. İlya, onun alim atası - fanatik Arkadi və filoloq Arina birlikdə kitabxananın şifrini tapmağa çalışırlar.
Azərbaycanda Rusiya Kinosu Günlərinin ikinci günü rejissor Boris Çertkovun “Suvorov: Böyük səyahət” animasiya filminin nümayişi ilə başa çatıb. Bu filmin baş qəhrəmanı Qrişa adlı gənc sevgilisi Sonyadan ayrılaraq böyük səyahətə çıxmalı olur.
Filmin nümayişindən sonra Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq ilə görüş olub. Multfilmin personajlarından biri onun səsi ilə danışır.
Azərbaycanda Rusiya Kinosu Günlərinin təşkilatçısı “ELS prodakşın” prodüser mərkəzidir. Rusiya Kinosu Günləri keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan - ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Modalar Evi tərəfindən dəstəklənib.
Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqili gecə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, musiqili gecədə Muğam Mərkəzinin solistləri Könül Məmmədli, Vəfa Vəzirova, Hüseyn Məlikov, Könül Xəlilzadə, Murad Laçın, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Elgiz Əliyev, Ehtiram Hüseynov və başqa solistlərin ifalarında bəstəkarın repertuarından olan musiqilər səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclasında protokol imzalanıb.
Report xəbər verir ki, protokolu Azərbaycan tərəfindən Azərbaycan energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfindən isə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıb.
Xatırladaq ki, bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb. İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin arasında ikitərəfli görüş keçirilib. İki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. İclasda Hökumətlərarası Komissiyanın 18-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, media və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.
Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, teatrın direktoru vəzifəsinə Yusif Eyvazov gətirilib.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.
“Warner Bros. Discovery” şirkəti Harri Potter haqqında kinofranşizi serial formatında yenidən ekranlaşdırmağı planlaşdırır.
AZƏRTAC “Bloomberg” saytına istinadla xəbər verir ki, serialın hər mövsümü Coan Roulinqin yeddi kitabından biri əsasında çəkiləcək. Şirkət ümid edir ki, bu serial yaxın vaxtlarda elan ediləcək yeni strategiyanın təməl daşı olacaq. “Warner Bros. Discovery” şirkətinin baş direktoru Devid Zaslav və “Home Box Office” (HBO) teleşirkətinin rəhbəri Keysi Bloys Coan Roulinqlə danışıqlar aparır, onu prodüser və məsləhətçi qismində bu layihəyə qoşulmağa razı salmağa çalışırlar.
Bundan əvvəl “Warner Bros. Discovery” şirkəti salamat qalmış oğlan haqqında yeddi kitabın hərəsini bir filmə çevirib. Serial versiyası ədəbi ilk mənbənin daha ətraflı kino-adaptasiyası olmalıdır.
“Qızıl Alma” və “Böyük Turan” ideyaları və fəlsəfəsini əks etdirən “Qızıl Alma - Böyük Turan” layihəsi davam edir. Azərbaycan rəssamları tərəfindən layihəyə böyük maraq göstərilir və layihədə iştirak etmək üçün müraciətlər daxil olur. Hazırda 50-dək rəssam öz əsərini layihə üçün təqdim edib. Digər türkdilli xalqları təmsil edən rəssamların da layihəyə qoşulması üçün işlər davam edir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq layihənin kuratoru və ideya müəllifi Qalib Qasımov məlumat verib.
“Layihə iştirakçılarından biri Almaniyada yaşayan azərbaycanlı gənc rəssamdır. Layihə Böyük Turan və Qızıl Alma ideyaları və fəlsəfəsini əks etdirən yeni rəsm əsərlərinin yaradılması məqsədilə keçirilir. Ümumilikdə layihə iştirakçılarının sayı 100 nəfər olacaqdır ki, bu da 2023-cü ilin həm Türkiyə Cümhuriyyətinin 100 illiyinə, həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf ediləcək. İlkin mərhələdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacağı nəzərdə tutulur. Layihənin yekun nəticələri və açılacaq sərgilərlə bağlı məlumat veriləcək”, - deyə Qalib Qasımov bildirib.
Bu gün biz Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında Venesuela Turizm Nazirliyinin və Venesuelanın əsas dövlət turoperatoru "Venetur"un nümayəndə heyətinin 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisində iştirakı çərçivəsində görüş keçirdik. Görüş zamanı Azərbaycan və Venesuela arasında turizm mübadiləsi sahəsində əməkdaşlıq planlarını müzakirə etdik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran bildirib.
Azərbaycanın və Venesuelanın dost ölkə və xalqlar olduğunu bildirən səfir deyib: “Prezident Nikolas Maduronun Azərbaycana səfəri və Azərbaycan xalqı, xüsusilə də Prezident İlham Əliyev tərəfindən səmimi qarşılanması bunu nümayiş etdirir. Təşkilatlarımız və dövlətlərimiz arasında da müşahidə olunan eyni qardaşlıq və əməkdaşlıq ruhu ölkəmizin dövlət turoperatoru “Venetur” ilə Azərbaycanın müxtəlif turizm və səyahət agentlikləri arasında keçirilən görüşlərdə də təşviqatçı rolunu oynayır”.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsinin qiymətləndirilməsi hələ başa çatmayıb.
Report xəbər verir ki, bunu yolla bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.
"İki ilə yaxındır ki, bu barədə müzakirələr aparılır. Həmin yol sürüşmə zonasında yerləşir, meşə fondunun, xüsusi mühafizə və bələdiyyə torpaqlarının ərazisinə düşür. Ərazinin 22,6 hektarı meşə, 5,1 hektarı xüsusi mühafizə olunan torpaq, 20 hektarı isə bələdiyyə torpağıdır. Yenidənqurma nəticəsində yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq", - deyə o qeyd edib.
İctimai dinləmələrdə çıxış edən "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev isə bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni normadan 8 metr az olacaq. O, bunu ekoloji təhlükəsizliklə izah edib: "Yolun texniki vəziyyəti yaxşı deyildi, təhlükəsizlik baxımından maneələr var idi. Dövlətin son illər bu məsələyə diqqəti artıb. Bu regionda turizmin inkişafı etdirilməsi üçün tapşırıqlar var. Ayrı-ayrı obyektlər tikilib istifadəyə verilib. Bu obyektlərə, eyni zamanda rayon mərkəzinə təhlükəsiz çatmaq üçün yolun normalara uyğun və geniş olması çox mühümdür. Normalara uyğun olaraq 4 zolaqlı yolun eni 25 metr olmaldır. Amma orada yolun sağında və solunda meşə əraziləri var. Bu halda mənfi ekoloji təsirlər çox olur. Nazirlər Kabinetinin qərarı ilə xüsusi hallarda icazə verilən normalara uyğun olaraq yolun eninin 17 metr olmasına qərar verdik. Bu, normadan 8 metr azdır. Amma bu halda təhlükəsizlik normaları təmin olunur".