Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı-Şamaxı yolunda sürət həddi endirilib

    Bakı-Şamaxı yolunun paytaxtın inzibati ərazisinə düşən hissəsində yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.

    Report bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

    "Bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.

  • UNESCO: “İpək Yolu-35” Forumunda Azərbaycanın İpək yolunun inkişafına verdiyi töhfələrdən danışılıb

    Parisdə UNESCO-nun “İpək yolu” proqramının 35 illiyi qurumun mənzil-qərargahında qeyd edilir.

    AZƏRTAC xəbər verir ki, “İpək yolu” Proqramının 35 illiyinə həsr edilmiş tədbir Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən birgə təşkil edilib.

    Tədbir “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayıb. Forumda təşkilatçı ölkələrin mədəniyyət nazirləri, nazir müavinləri, UNESCO yanında daimi nümayəndələr, ekspertlər iştirak edirlər. Azərbaycan forumda mədəniyyət nazirinin müavini Səadət Yusufova, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Daimi Nümayəndəliyin diplomatı Nahid Ömərov ilə təmsil olunur.

    Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək, ölkəmizin İpək yolunun bərpasına verdiyi önəmdən və töhfələrdən söz açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı “TRACECA- tarixi İpək yolunun bərpası” adlı Zirvə toplantısına ev sahibliyi etmiş və bu toplantıda imzalanmış “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Həmin sazişlə İpək yolu yenidən canlandırılmışdır. Həmçinin 2017-ci ildə Azərbaycanın imza atdığı Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Çindən Avropaya qədər mədəniyyətlərarası əməkdaşlığın inkişafına böyük töhfələr verir.

    Azərbaycanın İpək yolunu daha da inkişaf etdirmək üçün yeni təkliflər irəli sürdüyünü bildirərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilməkdə olan Orta Dəhliz layihəsinin potensialını qeyd edib və onun İpək yolunun yenidən daha da genişlənməsinə böyük töhfələr verəcəyini bildirib. Vurğulayıb ki, Azərbaycanın Qarabağ regionu İpək yolunun inkişafına müsbət təsir göstərəcək.

    S.Yusifova Azərbaycan Mədəniyyət Nazirliyinin UNESCO-nun İpək yolu proqramında fəal iştirak etdiyini, onu dəstəklədiyini qeyd edib. Ölkəmizin UNESCO Dünya İrs Komitəsi, eləcə də onun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi çərçivəsində İpək yolu ölkələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

    Mədəniyyət nazirinin müavini dünyəvi ölkə olan Azərbaycanın mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyini diqqətə çatdıraraq, onun tolerantlıq mühitinin dünya ölkələrinə nümunə olduğunu bildirib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”ndən, onun mədəniyyətlər və dinlər arasında dialoq sahəsində mühüm platforma olduğundan danışıb və “Mədəniyyət naminə sülh” layihəsinə toxunub.

    Qeyd edib ki, İpək yolu mədəniyyəti dünyanın ən qədim və zəngin xəzinəsi kimi böyük əhəmiyyət daşıyır. Müxtəlifliyi, dialoqu və sülh dəyərlərini təşviq etmək üçün UNESCO-nun İpək yolu proqramı daha da inkişaf etdirilməli və bu dəyərlər gələcək nəsillərə ötürülməlidir.

    Forum digər ölkələrdən olan mədəniyyət nazirlərinin, ekspertlərin çıxışı ilə işini davam etdirib.

  • Filarmoniyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, musiqili gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist Əməkdar artist Sahib Paşazadə (tar) ifasını dinləyicilərə təqdim edib.

    Proqramda Fikrət Əmirov “1001 gecə” baletindən “Orgiya”, Tofiq Bakıxanov Tar və orkestr üçün Konsert №5, Azər Dadaşov Simfoniya №14 “Mələyin günü”, Həmid Vəkilov Tar və orkestr üçün Konsert №2 səsləndirilib.

  • Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə - Nigar Rəfibəyli

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı şairə, tərcüməçi Nigar Rəfibəylinin 110 illik yubileyi münasibətilə ”Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə - Nigar Rəfibəyli” adlı metodik vəsait virtual rejimdə istifadəçilərin ixtiyarına verilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Nigar Rəfibəyli haqqında fikirləri yer alıb. Metodik vəsaitin birinci hissəsində Nigar Rəfibəylinin həyat yolu, həmçinin təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları haqqında məlumat verilib. İkinci hissədə isə metodik köməklik məqsədilə Nigar Rəfibəylinin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilib.

    Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

  • Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür

    Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 84 il ötür.

    Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 nömrəli Bakı şəhər tam orta məktəbini bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində, sonra Rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfilm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

    “Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında dərc edilib.

    Tofiq İsmayılov uzunsürən xəstəlikdən sonra 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.

  • Şamaxıda 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı rayonunda Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunu yenidən qurur.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən yolda hazırda torpaq, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. Daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Sonuncu mərhələdə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

  • “Buta Airways” Bakıdan Düşənbəyə uçuşlara başlayır

    "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - “Buta Airways” gələn aydan Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə uçuşlara başlayacaq.

    Report aviaşirkətə istinadən xəbər verir ki, reyslər mayın 30-dan etibarən həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.

    Aviabiletləri www.butaairways.az saytından və yaxud mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • Azərbaycanda mahnılarla bağlı monitorinq aparılıb, nöqsanlar aşkarlanıb

    Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb.

    Report xəbər verir ki, 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib.

    Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb.

  • Bakıda iki yolda sürət həddinin endirilməsi ilə bağlı yol nişanları quraşdırılıb

    Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

    Bu barədə Reporta Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

    "Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik",- deyə məlumatda qeyd edilib.

  • Azərbaycan və Qazaxıstan arasında sənədlər imzalanıb

    Bakıda Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sazişlər imzalanıb.

    “Report” xəbər verir ki, imzalanma mərasimi Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyası çərçivəsində baş tutub.

    Sazişlər Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, akkumulyatorların, qida və qənnadı məmulatlarının, eləcə də transformatorların tədarükünü nəzərdə tutur.