Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bəhram Bağırzadə: Burada stendim var və xaricdən gələn qonaqlara müəllifi olduğum kitabları təqdim edirəm

    Bakıda hazırda turizm sahəsi istiqamətində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi keçirilir. Burada bir çox yerli və xarici şirkətlər iştirak edir. Mən bu gün bu sərgiyə daxil olarkən dua etdim. Allah hər bir Azərbaycan vətəndaşına ruzi-bərəkət və ölkəmizə hər zaman əmin-amanlıq nəsib etsin ki, hər kəs ürəyi istədiyi, öz arzusunda olan ölkələrə istirahətə, səyahətə gedə bilsin. Digər millətlərə də arzuladım ki, onların da pulu çox olsun və onlar da bizim ölkəmizə gələrək bizim milli xüsusiyyətlərimiz, adət-ənənələrimiz, eləcə də qonaqpərvərliyimizlə tanış ola bilsinlər.

    Bu sözləri  AZƏRTAC-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib.

    “Prezident İlham Əliyevə minnətdarıq ki, bu gün ölkəmizdə belə bir mötəbər tədbirlər təşkil olunur. Çox qürurvericidir ki, müharibədən yeni çıxmış xalq belə mötəbər tədbirlərə imza atır. Bu da özlüyündə böyük bir göstəricidir. Bu gün gördüyünüz kimi mənim də burada stendim var və xaricdən gələn qonaqlara müəllifi olduğum "Bakı", "Şuşa", "Qarabağ", "Qəbələ", "Gəncə", "Naxçıvan", "İrəvan" və digər kitablarımı təqdim edirəm. Məqsəd, xarici qonaqlarda ölkəmiz haqqında xoş təəssürat yaratmaq və doğma Azərbaycanımız haqqında onları məlumatlandırmaqdır", - deyə B.Bağırzadə vurğulayıb.

  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Qobustanda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli aprelin 28-də saat 10:00-da Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar aprelin 19-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

     

     

  • Sədi Mirseyibli: Zəfər Muzeyi fondlarının komplektləşdirilməsi üçün indiyədək 8580 əşya toplanılıb

    Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinə toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8580-ə çatıb.

    Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.

    “Bu ilin son üç ayı ərzində şəhid ailələri, qazilər və Vətən müharibəsində iştirak edən şəxslərə aid 251 əşya muzeyə gətirilib. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Proses davam edir. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.

  • Azərbaycan və İtaliya qarşılıqlı sərmayələrin təşviqini müzakirə edib

    İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə qarşılıqlı sərmayələrin təşviqini və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

    Report xəbər verir ki, bunu nazir "Tviter" hesabında bildirib.

    Onun sözlərinə görə, görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

  • “Azəristiliktəchizat” borcu olan abonentlərin istiliyinin kəsilməsi üçün hökumətə müraciət edib

    “Azəristiliktəchizat” ASC istiliyin qiymətinin hesablanması qaydasına yenidən baxılması və borclu abonentlərin istilik təchizatının dayandırılması imkanlarının yaradılması üçün hökumətə təkliflər təqdim edib.

    Bunu Reporta açıqlamasında səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

    İ.Mirzəliyevin sözlərinə görə, istilik təchizatının sayğaclar vasitəsi ilə hesablanması nəzərdə tutulur:

    “Energetika Nazirliyi ilə birlikdə təkliflərimiz ondan ibarətdir ki, yeni tikilən binalarda mütləq qaydada fərdi tənzimləmə imkanları mümkün olan sxem və sayğac quraşdırılsın. Nəzərdə tutulur ki, xətt binanın pilləkən qəfəsindən qalxsın, sayğac qoyulsun və sonra xətt mənzilə daxil olsun. Sərhəd müəyyən edildikdən sonra vətəndaş mənzilin daxilindən necə və hansı həcmdə istifadə edəcəyini özü bilər. Ən azından yeni tikilən binalar üçün bu təklifin üzərində israrlıyıq".

    “Azəristiliktəchizat” rəhbəri qeyd edib ki, hesablamalar Qkal/saat ilə hesablanacaq: "Amma onu kVt/saat-la da hesablamaq olar".

    İ.Mirzəliyev vurğulayıb ki, təkliflər yalnız yeni tikiləcək binalara aiddir, mövcud istilik şəbəkəsi olan binalarda yeniliklər etmək nəzərdə tutulmur.

  • Azərbaycan UNESCO-nun “İpək Yolları” proqramını ildönümünü qeyd edəcək

    Azərbaycan UNESCO-nun “İpək Yolları” proqramını ildönümünü qeyd edəcək.

    Report xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi Nümayəndəliyi məlumat yayıb.

    Qeyd edilir ki, aprelin 6-da UNESCO-nun “İpək Yolları” proqramının 35-ci ildönümü Azərbaycan, Çin, Qazaxıstan, Monqolusan, Oman tərəfindən qeyd olunacaq.

    “Proqrama forum, sərgi, film nümayişi, elmi simpozium və konsert daxildir. Hamınızı şənlikdə gözləyirik!”, - nümayəndəlikdən bildirilib.

  • Naxçıvanda Kətə Festivalı keçiriləcək

    Naxçıvanda Kətə Festivalı keçiriləcək.

    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən Reportun yerli bürosuna verilən məlumata görə, festival aprelin 7-8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq.

    Festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.

    Həmçinin muxtar respublikanın rayonlarından yığılmış müxtəlif çeşiddə göyərtilərin satışı təşkil olunacaq, həm də onlardan hazırlanacaq kətələr nümayiş olunacaq. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyəcək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edəcəklər. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.

    Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə diplomlar təqdim olunacaq.

  • “Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan

    Ötən il – “Şuşa İli”ndə Azərbaycan Milli Xalça Muzeyində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin – Şuşanın tanınmış soyları, onların tarixdəki rolu barədə dolğun məlumatların cəmiyyətə çatdırılması məqsədilə başlanılan “Şuşanın tanınmış soyları” layihəsi davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti tədbir Azərbaycanın görkəmli musiqiçisi, tarzən, bəstəkar, tarı təkmilləşdirən sənətkar kimi tarixə düşən Mirzə Sadıq Əsəd oğlu Sadıqcana həsr olunub.

    Azərbaycan musiqisinin inkişaf tarixində əvəzedilməz rolu olan Sadıqcana həsr olunan tədbirdə onun həyatı və yaradıcılığı haqqında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, sənətkarın kötücəsi Elxan Cəfərov və ictimai xadim, yazıçı, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış ediblər.

    Qeyd olunub ki, 1846-cı ildə Şuşada dünyaya göz açan bu qüdrətli şəxsiyyət tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə çalmağa başlayıb. O, həmçinin tarın boyunlarına tutma sistemini tamamilə dəyişdirib, onların sayını 27-28-dən 22-yə endirib. “Segah”, “Mirzə Hüseyn Segahı” və “Mahur” muğamını təkmilləşdirib. Azərbaycan muğamında “Mahur-Hindi”, “Orta Mahur”, “Zabul Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Yetim Segah”, “Çoban Bayatı”nın yaranması Sadıqcanın yaradıcılığı ilə bağlıdır.

    Vurğulanıb ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib. Musiqiçilərin “tarın atası” adlandırdığı sənətkarın gətirdiyi yeniliklər tar ifaçılığı mədəniyyətini daha yüksək səviyyəyə qaldırıb.

     

  • Andre Moruanın “Seçilmiş əsərləri” nəşr olunub

    Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünyaşöhrətli Fransa yazıçısı Andre Moruanın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba yazıçının “Yad qadına məktublar” romanı, “Tufan”, “Fəslin çiçəkləri”, “Bacım, Ariadna...”, “Qızıl pulun qarğışı”, “Vəsiyyətnamə”, “Çərşənbə gününün bənövşələri”, “Bioqrafiya”, “Məşhurluğun yaranması” hekayələri, “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Uolter”, “Anatol Frans” kimi məşhur ədiblər haqqında qələmə aldığı esse və ədəbi portretləri daxil edilib.

    Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Hamlet Qoca, Mahir N.Qarayev və Nəriman Əbdülrəhmanlıdır.

    Kitab yazıçının həyat, nikbinlik, bədbinlik, mütaliə, yazıçılıq peşəsi və s. haqqında qələmə aldığı dəyərli aforizmlərlə başlayır.

  • Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq

    Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq.

    AZƏRTAC xəbər verir ki, səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

    Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.

    Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayacaq.

    İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.

    6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.

    Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.

    Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.

    “Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gələcək. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olacaq.