Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Xalq artisti Muxtar Maniyevin milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan Muxtar Maniyevin anadan olmasının 88-ci ildönümü tamam olur.
Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 nömrəli məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsilin ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr “Neft Daşları”nda cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanıb ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir. Bir aktyor kimi M.Maniyevin konkret ampluası yox idi, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir.
Muxtar Maniyev "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.
Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.
Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin anım günüdür.
AZƏRTAC xəbər verir ki, Xalq şairi Qabilin vəfatından 16 il ötsə də onun əsərləri dünən olduğu kimi bu gün də böyük məhəbbətlə oxunur.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.
O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.
Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.
2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.
“Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neft 2024-cü ilin əvvəllərində əldə olunacaq.
Report xəbər verir ki, bu barədə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ACE platformasının üst modullarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsinə səfəri zamanı bildirib.
Q. Counz vurğulayıb ki, Prezident İlham Əliyevi ACE platformasının üst modullarının tikildiyi istehsalat sahəsində qarşılamaq və ona layihədə əldə olunmuş möhtəşəm uğurlar barədə məlumat vermək qürurverici idi: “Üst modulların tamamlanması ACE layihəsinin yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. Hazırda sahədə istismar sınaqları aparılır və bu işləri 2023-cü ilin ikinci rübündə başa çatdırmağı planlaşdırırıq. Bundan sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və artıq AÇG yatağı sahəsində öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Daha sonra bizə bir neçə ay lazım olacaq ki, tikinti işlərinin və istismar sınaqlarının dənizdə aparılacaq hissəsini tamamlayaq və sonra ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunu qazmağa başlayaq”.
O, ACE layihəsinin həyata keçirilməsində göstərdikləri əvəzsiz dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib: “Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və bütün tərəfdaşlarımıza dəstəyə görə və layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə - BP-nin, “Azfen”in, digər podratçı və subpodratçı təşkilatların əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm”.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev artıq tikintisi başa çatmış ACE platformasının üst modullar qurğusunu gəzərək 2023-cü ilin ikinci rübündə dənizə öz daimi yerinə yola salınacaq bu obyektin rəsmi açılışını edib. ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar artıq 95 % tamamlanıb.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4 400 nəfərədək işçi cəlb edilib və onların 90 %-dən çoxu Azərbaycan vətəndaşı olub. Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı icra edilməsini qeyd edib.
Qeyd edək ki, 6 milyard ABŞ dolları dəyərində olan ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard ABŞ dolları investisiya qoyulub.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və “Şərqi Azəri” platformaları arasında suvurma üçün boru xətti də olacaq. ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. BP şırkəti bildirir ki, terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparılsın.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.
Heç bir xəsarətə yol vermədən 25 milyon saat iş yerinə yetirilməklə layihənin iş həcminin 85 %-i artıq tamamlanıb.
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu "Ağıllı şəhər" konsepsiyasının inkişafında rəqəmsal texnologiyaların aparıcı rolu ilə bağlı müxtəlif ölkələrin təcrübəsini öyrənib.
Report xəbər verir ki, bunu institutun İdarə Heyətinin sədri Mahir Hümbətov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, institutun əməkdaşları inkişaf etmiş ölkələrin innovativ texnologiyalarını, süni intellektini, məlumatların emalı və əşyaların internetindən istifadə təcrübəsini təhlil ediblər.
Xatırladaq ki, İqtisadi Elmi Tədqiqat İnstitutu dövlətin iqtisadi siyasətinin və iqtisadi qərarlarının qəbulunun elmi əsaslarının, o cümlədən iqtisadi strategiya, dövlət proqramı və sənədlərinin hazırlanmasında iştirak edərək, modellər, analitik alət və üsullar, metodoloji vəsaitlər, məlumat bazaları və digər analitik vasitələrin və ya yüksəkixtisaslı kadrların hazırlanması ilə, həmçinin beynəlxalq əməkdaşlıq, iqtisadi diplomatiya, nəqliyyat dəhlizləri, yaşıl artım, dövlət əmlakının idarəedilməsi, təbii inhisarlar və s. mövzularda açıq və qapalı arayışlar, qısamüddətli təhlil və rəylər vasitəsilə də İqtisadiyyat Nazirliyinin cari fəaliyyətinə töhfə verir.
XX əsr klassik özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” kitabı Azərbaycan dilində yenidən nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabın yeni nəşri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin təqdimatı ilə açılır: “Azərbaycan – Özbəkistan ədəbi-elmi və mədəni əlaqələri xalqlarımız və ədəbiyyatlarımız arasında etibarlı, möhkəm və əhəmiyyətli körpüdür. Özbək ədəbiyyatı – özbək xalqının tarixi taleyinin, milli-mənəvi varlığının, inkişafda olan müasir dövrünün və daha aydın sabahlarının ədəbi təqdimatıdır. Özbək ədəbiyyatı – Özbəkistanın dünəninin və bu gününün güzgüsü, gələcək inkişafının barometridir. Özbək ədəbiyyatı – müasir Özbəkistanın mükəmməl ədəbi bələdçisidir”.
Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələri ölkələrimizin və xalqlarımızın genişmiqyaslı əlaqələrinin üzvi tərkib hissəsi və əsas hərəkətverici qüvvəsidir. Bu ədəbi əlaqələr hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Abdulla Qədirinin “Ötən günlər” (özbəklərin həyatından tarixi roman) kitabının yenidən nəşr olunmasıdır. Abdulla Qədiri XX əsr özbək ədəbiyyatını yeni ideyalarla zənginləşdirən, müasir özbək ədəbiyyatının bədii səviyyəsini yüksəldən, roman janrının inkişafında xüsusi xidmətləri olan sənətkardır.
Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan özbək əsilli Azərbaycan dilçisi Xalid Səid Xocayev tərəfindən1928-ci ildə tərcümə olunaraq “Azərnəşr” tərəfindən çap olunmuşdu. Kitabın redaktoru isə Hənəfi Zeynallı olmuşdu.
Özbək yazıçısının şəxsiyyəti və yaradıcılığına müasir dövrdə də maraq yaranmışdır. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və İnstitutunun Özbəkistanın ölkəmizdəki səfirliyinin əməkdaşlığı ilə nəşr olunub.
Kitaba yeni nəşrin redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi “Ötən günlər”i nə üçün yenidən xatirladiq?! (“Ötən günlər” romanının ilk nəşrinin 100 illiyinə!) adlı “Ön söz” yazıb. Müəllif “Ön söz”də qeyd edir: “Hər ötən günü yenidən, xüsusən zaman fövqündə baş verən unudulmaz hadisələri xatırlamaqla sabahı daha aydın, daha parlaq görmək mümkündür. Abdulla Qədirinin təbirincə desək, “deyirlər ki, nəyi yeni başlayırsansa, keçmişinə nəzər sal, onda uğur qazanmaq mümkündür. Ona görə də mən keçmişdən, yenicə ötən günlərimizdən, axırıncı xanlıq dövrünün – tariximizin çirkin və qara günlərindən yazmağa başladım”. Əlbəttə, yazıçının qələmə aldığı acı dolu həyatlar oxucunu ağrıdır. Bu qədər ağır notların baş alıb getdiyi əsər niyə 100 ildir ki, sevə-sevə oxunur, təkrar-təkrar nəşr olunur, həm də dünyanın bir çox dillərinə tərcümə olunaraq?! “Ötən günlər”in sadə və axıcı dillə yazılması, personajların xarakterlərinin təfərrüatında ilıq bir təbəssüm görünməsi, eşqin saflığı, məsumluğu, ucalığı, ailə–el adət-ənənəsinin təqdimi və nəhayət, təbiət lövhələrindən yazılı etüdlər əsərə rəng qatır. Sanki göy qurşağı rənginə bələnmiş gözəllik faciə və tale ağrılarını öz sehrində gizlətməyə çalışır”.
Mətni 1928-29-cu illər nəşrindən yenidən çapa hazırlayan və məsul katib Şəbnəm Mirzəzadədir. Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin əməkdaşı, gənc tədqiqatçı Şəbnəm Mirzəzadə “Abdulla Qədiri və Azərbaycan ədəbiyyatı” adlı tədqiqat işi üzərində ciddi araşdırmalar aparır.
Daha sonra müəllifin Abdulla Qədirinin “Ötən günlər” haqqında” giriş sözü verilir. Kitabın sonunda Almaz Ülvinin “Abdulla Qədiri”, “Abdulla Qədiri və Azərbaycan”, “Abdulla Qədiri: tənqid, təhlil və şərhlər”, “Xalid Səid Xocayev” adlı məqalələri verilib. Yazıçı Abdulla Qədiri və tərcüməçi Xalid Səid Xocayevin ümumi həyat və yaradıcılığının kitabda verilməsi olduqca dəyərlidir. Üç hissədən ibarət olan bu roman Azərbaycan oxucuları üçün yeni əlifbaya uyğunlaşdırılmış və oxucuların ixtiyarına verilmişdir.
“Təhsil” nəşriyyatında çap olunan, 408 səhifədən ibarət olan bu kitab müasir oxucular üçün nəzərdə tutulub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günü münasibətilə videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda xanəndənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd olunur ki, Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Onun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor səslə oxuyur.
Eyni zamanda videoçarxda Azərbaycanda opera sənətinin meydana gəlməsində C.Qaryağdıoğlunun böyük rolunun olduğu vurğulanır. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında C.Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib. 1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında xanəndənin anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə C.Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Xanəndənin qrammofon valına köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilib. Yaradıcılığı boyu 500 mahnı toplayan xanəndə onlardan 300-ə qədərini yazdırıb və gələcək nəsillərə misilsiz miras olaraq ötürüb.
Aprelin 4-də Milli Kitabxanada Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir və elektron məlumat bazasının təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir boyunca, qonaqlara dördgünlük Aprel döyüşlərindən, güclü ordumuzun bu şərəfli döyüşlərdə göstərdikləri şücaətdən danışılıb. Bildirilib ki, Azərbaycan xalqının əldə etdiyi qələbənin əsası məhz Aprel döyüşləri ilə qoyulub. Bununla bütün dünyaya Azərbaycan Ordusunun gücü, qələbə əzmi sübut olunub.
Tədbir zamanı qeyd edilib ki, məhz bu zəfərdən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə on bir min hektarlıq ərazi azad olunub, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirilib, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə sarsıdıcı zərbələr vurulub. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi.
Sonda bütün iştirakçılar və qonaqlar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Aprel döyüşləri” adlı elektron məlumat bazası (http://anl.az/el/emb/aprel_doyusleri/index.html) və “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı sərgi ilə tanış olublar.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisi təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə plener2023@gmail.com elektron ünvanına göndərməlidir.
Texnika və ölçü sərbəstdir. İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq.
Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Mədəniyyət Nazirliyinin tabeliyində 2021-ci ildən fəaliyyət göstərən “Filming Azerbaijan” MMC (Azərbaycan Film Komissiyası) ötən müddət ərzində bir çox yerli və beynəlxalq layihələrdə, həmçinin İFFTC və MİPCOM kimi böyük beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, bir sıra beynəlxalq kino jurnallarında “Filming Azerbaijan” haqqında məqalələr dərc olunub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
2022-ci ildən ABŞ-da yerləşən Ümumdünya Film Komissiyaları Assosiasiyası – AFCİ-yə üzv qəbul edilərək beynəlxalq fəaliyyət üçün sertifikat alan “Filming Azerbaijan” ABŞ, Böyük Britaniya, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İndoneziya kimi ölkələrin tanınmış film istehsalçıları ilə əməkdaşlıq edərək, birgə film, klip, reklam çarxlarının, o cümlədən “Netflix” (“Gray Man” filmi), “Disney+” (“Aar ya paar” filmi) kimi platformalar üçün filmlərin ölkəmizdə çəkilişinə təşkilati dəstək göstərib.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsinə çalışırıq. Tuğ kəndində, Hadrut qəsəbəsində, Ağdamda Şahbulaq qalası ətrafında ilkin turizm infrastrukturunun yaradılması istiqamətində layihələndirmə işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisinin açılışında deyib.
“Suqovuşan su anbarı ətrafında turizm kompleksinin qurulması işi davam etdirilir. İnanırıq ki, turizm vətəndaşlarımızın yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacaqdır”,- deyə agentliyinin sədri vurğulayıb.