1998-ci ildə qəbul olunmuş “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu artıq mövcud reallığı əks etdirmir. Belə ki, köhnəlib, yaradıcılıq və istehsalat münasibətlərinin tənzimlənməsinə daha xidmət edə bilmir. Bu mənada qanunun yenidən hazırlanması zərurəti yaranıb. Bu yöndə hüquqşünaslarla və Milli Məclisdə müvafiq komitələrlə aparılan işlər, eləcə də Mədəniyyət Nazirliyinin tərkibində işçi qrupunun yaradılması düşünürəm ki, işimizi bir qədər yüngülləşdirəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, yenidən hazırlanacaq qanunda kino istehsalı prosesində müxtəlif formalı imtiyazların və güzəştlərin bu sahəyə tətbiq edilməsi də nəzərdən keçirilir. “Tezliklə peşəkar hüquq şirkətləri ilə birgə yeni qanunvericilik layihəsi hazırlanaraq kino ictimaiyyətinə təqdim olunacaq. Düşünürəm ki, onların təklifləri nəzərə alındıqdan sonra qanun layihəsi daha da təkmilləşdiriləcək və sonda aidiyyəti üzrə daha yüksək ünvanlara göndəriləcək”, - deyə Əməkdar incəsənət xadimi söyləyib.
Bakıdakı Rus evinin fotoklub layihəsi çərçivəsində Nurziya Xəlilovanın “Gəl. Əbədi nağıl göstərəcəyəm” adlı fərdi fotosərgisinin açılışı olub.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sərgi Sankt-Peterburqa və Leninqrad vilayətinə həsr edilib.
“Mövzuya köklənmə həddinə yüksələ bilmək heç də təəccüblü görünməməlidir, çünki fotoşəkillərin müəllifinin ixtisası məhz landşaft memarlığıdır”, - məlumatda bildirilib.
Nurziya Xəlilovanın landşaftlarla işləmək qabiliyyətinin özəlliyini sərginin qonaqlarından biri, peşəkar fotoqraf Rüstəm Hüseynov da qeyd edib.
Sərgiyə gələn tamaşaçılar təqdim olunan fotoşəkillərə böyük maraq göstəriblər.
“Sotheby's” hərracında məşhur britaniyalı yazıçı Artur Konan Doylun qiymətli məktubları və “Dördlərin işarəsi” romanının yeganə əlyazma nüsxəsi satışa çıxarılacaq. AZƏRTAC “Sotheby's” auksionunun saytına istinadla xəbər verir ki, əlyazmanın təxmini qiyməti 800 000 – 1 200 000 dollardır.
“Dördlərin işarəsi” Artur Konan Doylun Şerlok Holms haqqında qələmə aldığı ikinci romandır. “Lippincott's Magazine” jurnalı bu əsəri 1890-cı ildə dərc edib və həmin vaxtdan Şerlok Holms və doktor Vatsonun macəraları Atlantikanın hər iki tərəfindən olan oxucular üçün xeyli populyar olub.
Əlyazma iki il əvvəl vəfat etmiş Çikaqodan olan kolleksiyaçı doktor Rodni Svantkonun zəngin kolleksiyasının yalnız bir hissəsini təşkil edir.
Kolleksiyanın hərraca çıxarılan bir çox diqqətçəkən eksponatları arasında Edqar Allan Ponun Marin Self tərəfindən təqdim edilmiş ilk kitabı - “Tamerlan və digər şeirlər”in nüsxəsi (400.000 -600.000 ABŞ dolları), həmçinin Ponun üç avtoqraflı poeziya əlyazması, o cümlədən “Annie üçün” əsərinin ilk səkkiz misrası (400,000 - 600,000 dollar); Sidni Pacet tərəfindən mürəkkəblə çəkilmiş rəsmin orijinalı, “Son Problem” hekayəsi üçün “Şerlok Holmsun ölümü” illüstrasiyaları (250.000 - 350.000 dollar); üzqabığında Fitscerald tərəfindən “Scott and Zelda” imzası ilə gəlininə bağışlanan “The Great Gatsby”nin ilk nəşrinin gözəl təqdimat nüsxəsi (180.000-250.000 dollar); Nabokovun müvafiq olaraq Qrem Qrin və Vera Nabokovaya öz imzası ilə göndərdiyi və hər birində kəpənək təsviri olan “Lolita”nın ilk Amerika nəşrinin iki nüsxəsi də var.
Hərrac iyunun 26-da Nyu-Yorkda canlı auksion formatında keçiriləcək. Bu satışlardan 4-6 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.
Xalq yazıçısı Çingiz Abdullayevin doğum günü ilə əlaqədar Milli Kitabxanada “Xalq yazıçısı Çingiz Abdullayev” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, “Ön söz” yazdığı, həyat və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Azərbaycanın məşhur yazarı, detektiv janrının ustası, əsərləri təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan Xalq yazıçısı Çingiz Abdullayev 1959-cü il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Yazıçının ilk böyük əsəri “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub.
Çingiz Abdullayev ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifidir. Onun əsərləri dünyanın hər yerində bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılanır. Kitabları dünyanın bir çox ölkələrində, Almaniyada, İrlandiyada, Fransada, Rusiyada və s. kütləvi tirajla buraxılıb, 32 dilinə tərcümə olunaraq nəşr olunub.
Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Azərbaycanın Xalq yazıçısı” fəxri adı və “Şöhrət” ordeni ilə təltif olunub, həmçinin, dünyanın bir çox nüfuzlu beynəlxalq mükafatlarına və medallarına, çox sayda ədəbi mükafatlara layiq görülüb.
Qarşıdan gələn Ramazan bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib. Bu səbəbdən sabah şənbə günü olsa da, iş günü hesab ediləcək və Bakı metrosu buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək. Həmin gün saat 7:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək.
Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində növbətçilik cədvəli əsasında işçi personalının fəaliyyəti təmin ediləcək. Bütün stansiyaların infrastrukturu, o cümlədən mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.
Aprelin 10-11-də saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsi üzrə qatarlar arasında interval 2,5 dəqiqə olacaq. Aprelin 12-14-də həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.
Lakin sərnişin axını istiqamətləri diqqətdə saxlanılmaqla, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət yarandığı hallarda xəttə buraxılacaq.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər aprelin 6-da iş günlərinin, aprelin 10-11-də şənbə gününün, aprelin 12-14-də bazar gününün hərəkət cədvəllərindən istifadə edə bilər.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməlini qoyduğu Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir.
"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 331,35 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanmışdır.
Yolun 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidi, 31 dairəvi su ötürücü borunun, 27 düzbucaqlı boru, 5 alt keçid, 1 kəhriz keçidinin, 3 ədəd körpünün inşası 90% tamamlanmışdır. Bundan başqa, bitki qatının çıxarılması və qazma işləri 100%, torpaq yatağının tikintisi 92% yerinə yetirilib. Layihənin ilk 32,4 km-lik hissəsi üzrə fiziki tərəqqi 64% təşkil edir.
Yolun 32,4-64,8 km hissəsində torpaq işləri və hamarlayıcı qatın tikintisi bitib. Ayrı-ayrı hissələrdə əsasın alt qatının tikintisi və asfalt-beton örtüyün döşənməsi işləri davam etdirilir. Layihənin sözügedən hissəsində 16 keçid və 25 kommunikasiya borusu, 67 müxtəlif diametrli suötürücü boru inşa edilib.
Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 100 %, süni qurğular 99 %, yol geyimi 65 % olmaqla, ümumilikdə tikinti işləri 72% icra olunub.
Yolun layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpü dayaqlarının tikintisi işləri davam etdirilir. 63 və 65-ci km hissələrində yolötürücünün tikintisi yekunlaşmışdır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Azərbaycan Respublikası Kino Agentliyi “Kinomuzu yaradanlar... kinomuzu yaşadanlar” adlı yeni layihəyə start verib. Layihə milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və bədii yaşadılması məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğl məlumat verib.
“Layihənin il boyu hər ay bir kino xadiminə həsr olunması və onların çəkdikləri filmlərin nümayişi nəzərdə tutulub”,- deyə o bildirib.
Mayın 21-də Bakıda "Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
"Report" xəbər verir ki, tədbirin təşkilatçısı Dövlət Turizm Agentliyidir.
Artıq qurum konfransla bağlı hazırlıqlara başlayıb. Tədbir çərçivəsində ölkəyə gələcək xarici qonaqlar üçün Bakı və Qəbələyə turlar nəzərdə tutulub.
Türkiyənin ən nüfuzlu sənətkarlarını Azərbaycandakı dinləyiciləri ilə bir araya gətirəcək “Jolly Joker Bakı” aprelin 20-dən etibarən qapılarını pərəstişkarların üzünə açacaq. İlk olaraq Yıldız Tilbe, Dolu Kadehi Ters Tut qrupu, Levent Yüksel, Yüzyüzeyken Konuşuruz qrupu, Gökhan Türkmen, Adamlar qrupu, Son Feci Bisiklet qrupu və İrem Derici kimi simalar paytaxt Bakının qonağı olacaqlar.
İyirmi iki filialı ilə Türkiyənin ən böyük və ən prestijli konsert şəbəkəsi olan “Jolly Joker” brendi Azərbaycanda özünün yeni filialını açır. Əvvəllər “Elektra Events Hall” kimi tanınan və hər kəs tərəfindən sevilən konsert zalı artıq “Jolly Joker Bakı” olaraq şəhərimizin əyləncə həyatına yeni nəfəs gətirəcək və aprelin 20-də Yıldız Tilbe konserti ilə fəaliyyətə başlayacaq.
“Jolly Joker Bakı” səhnəsində ilk olaraq səhnə alacaq simalarla görüşə sayılı günlər qaldı
On altı ildir yüksək keyfiyyət standartlarında tərtib edilmiş konsert məkanlarında ulduzlarla pərəstişkarlarını birləşdirən “Jolly Joker” geniş və fərqli kütlələri bir araya gətirərək Bakıdakı konsert məkanında türk ulduzlarından başqa yerli və xarici sənətkarları da öz səhnəsində qonaq edəcək. Aprelin 20-də Yıldız Tilbe, aprelin 21-də Dolu Kadehi Ters Tut qrupu, aprelin 27-də Levent Yüksel, mayın 4-də Yüzyüzeyken Konuşuruz qrupu, mayın 10-da Gökhan Türkmen, mayın 11-də İrem Derici, mayın 17–də Son Feci Bisiklet qrupu və iyunun 1-də Adamlar qrupu “Jolly Joker Bakı”da səhnəyə çıxacaqlar.
“Jolly Joker” yeni məkanı ilə Azərbaycanın qəlbində
Azərbaycanın qəlbində “Jolly Joker Bakı”nı açmağın sevincini bölüşən “Jolly Joker”in İdarə Heyətinin üzvü Can Aydoğdunun sözlərinə görə, “Jolly Joker”in qloballaşma yolundakı ilk addımı qardaş ölkə Azərbaycandan başlayır. Yeni açılacaq məkanda “Jolly Joker Bakı” komandası hər zaman rəngarəng və yüksək standartlara cavab verəcək konsert və əyləncələr təşkil etməyə çalışacaq.
Rezervasiya və ətraflı məlumat üçün +994 50 700 70 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Konsertin biletlərini iTicket.az veb-saytından əldə edə bilərsiniz.
Bu gün Xalq şairi Qabilin anım günüdür
Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin anım günüdür.
AZƏRTAC xəbər verir ki, Xalq şairi Qabilin vəfatından 17 il ötsə də onun əsərləri dünən olduğu kimi bu gün də böyük məhəbbətlə oxunur.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.
O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.
Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.
2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.