Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb

    “Air Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.

    Bu barədə Report aviaşirkətin “Facebook” səhifəsinə istinadən məlumat verir.

    Bildirilir ki, ilk aviareys artıq martin 28-də həyata keçirilib.

    “Air Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.

    Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

  • Azərbaycanda ən çox satılan kitab yenidən nəşr olunub

    Yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” romanı yeni redaktədə, 7-ci dəfə təkrar nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, “Azərkitab” yayınlarında nəfis tərtibatla çıxan kitabı bu gündən etibarən bütün kitab satışı mağazalarından əldə etmək mümkündür.

    “Sonuncu ölən ümidlərdir” Varisin 2008-ci ildə - tam 15 il bundan öncə işıq üzü görən, 90-cı illərin sonlarında yazdığı ilk romanıdır. 10000 nüsxəlik ilkin tirajı və sonrakı 6 təkrar nəşri ilə, üstəlik, günü bu gün də qeyri-leqal konveyerlərdən çıxan on minlərlə pirat nüsxələri ilə, internetdən pdf formatının yarım milyona yaxın yüklənməsi göstəricisi ilə kitab sözün həqiqi mənasında kütləvilik qazanıb.

    “Bakı Kitab Klubu” “Sonuncu ölən ümidlərdir”in ölkədə ən çox satılan kitab olduğunu rəsmən bəyan edib.

    Roman 90-cı illərdə ölkə paytaxtında baş vermiş bir kriminal hadisəsinin araşdırılması nəticəsində ərsəyə gəlib, amma janr etibarı ilə detektiv deyil, sevgi romanıdır. İlk baxışda yeni dövrün sevgisini xarakterizə edir, amma daha dərinliklərə varır, yüz illərdir dünyada statistik insanın devizinə çevrilmiş “Məqsəd vasitələri doğruldur” təmrininə qarşı əks arqumentlər qoymaqla, bir növ didaktik əsər funksiyasına keçid edir.

    Romanda ayrıca hər bir hissədə Azərbaycan poeziyasının ən gözəl lirik nümunələrinin təqdim edilməsi onun rənginə xüsusi rəng qatmaqla diqqət çəkir. Roman olduqca dramatik süjetli, təhkiyə olduqca sadə, oxunaqlıdır. Məhz bu da romanı geniş oxucu kütləsi üçün əlçatan edir.

  • Rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş konsert

    Aprelin 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində əvvəlcə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunacaq.

    Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.

    Konsertin solistləri Əvəz Abdulla (bariton), Gökhan Aybulus (Türkiyə, piano), Yelizaveta Kulaqina (Rusiya, soprano), İqor Morozov (Rusiya, tenor) olacaq.

  • Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru istifadəyə verilib

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tövsiyəsi ilə fermerlər üçün ilk dəfə əkin kalkulyatorunu istifadəyə verib.

    Bu barədə Reporta nazirlikdən bildirilib.

    Fondun sədri Sərxan Sərxanov bildirib ki, əsas məqsəd fermerləri əkin xərcləri və gəlirləri barədə daha ətraflı məlumatlandırmaqdır. Kənd təsərrüfatı istehsalçıları kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müəyyən edə biləcəklər. İstənilən şəxs kalkulyatora fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsinin ölçüsünü daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkəcəyi xərcləri və əldə edəcəyi gəlirləri asanlıqla hesablaya bilər.

    Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.

  • Kitabxanada “Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının "Heydər Əliyev İli" çərçivəsində reallaşdırdığı "Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100" layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən xalqın Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi, eləcə də gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Heydər Əliyev gənclərin gözü ilə” adlı geniş videomaterial hazırlanaraq, istifadəçilərə təqdim edilib. Materialın hazırlanmasında, çəkiliş prosesində Bakı Dövlət Universitetinin tələbə-gəncləri iştirak edib.

    “Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial kitabxananın rəsmi saytında, https://ryl.az/multimedia/heyder-eliyev-genclerin-gozu-ile linkındə yerləşdirilib.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində özünəməxsus yerə malik Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi mövzusuna həsr edilib. Burada müasir kitabxana quruculuğunun təməlinin məhz ötən əsrin 70-ci illərin əvvəllərində, Ulu Öndərimiz Azərbaycana rəhbərlik etməyə başladığı ilk zamandan onun Azərbaycanda kitabxana işinin inkişafına verdiyi töhfələri haqqında bəhs edilib.

    Material Ulu Öndərin “Biz hər birimiz ilk növbədə kitab vasitəsilə təhsil almış, elmə yiyələnmişik. Biz hamımız kitablara borcluyuq” fikri ilə başlayaraq, Ümummilli Liderin hakimiyyət illərindən Azərbaycanda mütaliə, kitab, həmçinin kitabxanalara göstərilən qayğı, kitab və kitabxana mədəniyyətinin formalaşması, Ulu Öndər Heydər Əliyevin bu sahədə olan müstəsna əməyi təsvir edilib. Onun Azərbaycanda kitabxanalara kitab bağışlamaq ənənəsinin təşəbbüskeşi olması, bununla da bir sıra ziyalılara, elm və mədəniyyət nümayəndələrinə nümunə olaraq, Azərbaycanda fəaliyyət göstərən bir sıra kitabxanaların fondlarının zənginləşməsinə səbəb olduğu haqqında maraqlı faktlar təqdim olunub.

    Materialda eyni zamanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi diqqətin ayrılması fikri də səsləndirilib. Videomaterialda Ulu Öndərin foto, video görüntüləri və haqqında yazılan kitabların nümunələri təqdim edilib.

  • Xalq artisti Lütfiyar İmanovun xatirəsi anılacaq

    Dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası növbəti dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, aprelin 1-də nümayiş olunacaq səhnə əsəri Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 illiyi münasibətilə göstəriləcək.

    Operada əsas rolları Xalq artistləri Samir Cəfərov, Əkrəm Poladov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev, teatrın solistləri Mahir Tağızadə, Fəhmin Əhmədli, Taleh Yahyayev, Aytən Məhərrəmova, Nəzər Bəylərov, Emin İsmayilov və digərləri canlandıracaqlar.

    Xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan səhnə əsəri Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.

    Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

  • Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

    Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb.

    Bu barədə Reporta Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bakıxanov qəsəbəsi ev, Razin T/M ünvanında fəaliyyət göstərən fiziki şəxs Əzizova Şamama Camal qızına məxsus “Uğur” dönər evində plandankənar yoxlama həyata keçirilib.

    Yoxlama zamanı qida obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb.

    Aşkarlanmış pozuntularla bağlı obyektin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Həmçinin müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda “Uğur” dönər evinin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib.

  • Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

    Azərbaycan "yaşıl enerji", kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər.

    Report İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib.

    Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. "Yaşıl enerji", kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.

    İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

    Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat keçirilib.

  • Respublika Gənclər Kitabxanası “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

    Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.

    İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

    Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

    Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

    Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

    Müsabiqədə iştirak qaydaları:

    Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

    Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

    Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

    Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.

    Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası:

    Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

    Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

    İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

    Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

  • Teatr Muzeyində növbəti tədbir “Sabah” yaradıcılıq studiyasının 30 illiyinə həsr edilib

    Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Teatr Gününə həsr olunmuş “Sabah: Azərbaycan televiziyasında üzən ada” adlı tədbir keçirilib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir tanınmış televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun rəhbərlik etdiyi “Sabah” yaradıcılıq studiyasının 30 illik yubileyinə həsr olunub.

    Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq qonaqları salamlayıb və “Sabah” yaradıcılıq studiyasının yaranma tarixi barədə məlumat verib.

    Teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə çıxış edərək studiya barədə fikirlərini bölüşüb.

    “Sabah”ın sənət emalatxanasından studiyaya qədər yüksəlməsində böyük xidmətləri olan Ramiz Həsənoğlu və yaradıcı heyət öz çıxışlarında iş prosesi ilə bağlı maraqlı faktlara toxunublar.

    Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış və “Sabah”ın yaradıcılıq yolunu əks etdirən videoçarxlar, tamaşa və filmlərdən fraqmentlər nümayiş olunub. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artistləri Afaq Bəşirqızı və Cahangir Novruzovun virtual təbrikləri təqdim olunub.

    Tədbirdə incəsənət xadimləri, rejissorun sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.