Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, aprelin 6-da açılacaq sərgi 10 gün davam edəcək.
“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.
Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.
Martın 29-da Milli İncəsənət Muzeyində muzey, həmçinin Mədəniyyət Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılış mərasimi olacaq.
AZƏRTAC xəbər verir ki, sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.
O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə edib.
Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradacaqlar. Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.
Sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olacaq.
Qeyd edək ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində təşkil edilir.
Mayın 26-da Heydər Əliyev Mərkəzinin səhnəsində “Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyov çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət konsertdə həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylı adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında olacaq.
Gecədə bu il dünyada 150 illik yubileyi qeyd olunan Sergey Raxmaninovun əsərləri səslənəcək.
Qeyd edək ki, dünyaca məşhur rusiyalı pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. O, 16 yaşındaykən Parisdə gənclərin beynəlxalq fortepiano müsabiqəsinin laureatı olsa da, geniş musiqi auditoriyasına 1978-ci ildən – Çaykovski adına beynəlxalq müsabiqənin qalibi olduqdan sonra tanınmağa başlayıb. Musiqiçi Avropanın və Amerikanın məşhur orkestrləri ilə müxtəlif ölkələrdə solo konsertlərlə çıxış edib. Mixail Pletnyov həm də Pyotr Çaykovskinin əsərlərinin dünyada ən yaxşı interpretasiyalarını təqdim edən musiqiçilərdəndir.
1980-ci ildə isə Pletnyovun dirijor kimi debütü olub. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestri – Rusiya Milli Orkestrini yaradıb və həmin orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.
Rusiyanın “IrAero” aviaşirkəti Bakıya daha bir Sibir şəhərindən uçuşlar həyata keçirə bilər.
Reportun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) daşıyıcı şirkətə Omsk-Bakı istiqamətində uçuşlar həyata keçirilməsi üçün icazə verib.
Bu icazəyə əsasən, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Bu günə qədər Bakı və Omsk arasında birbaşa uçuşlar həyata keçirilməyib.
Azərbaycanla Hindistan arasında qarşılıqlı turizm axınını genişləndirmək üçün imkanlar mövcuddur.
Report xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar bu gün Bakıda keçirilən Azərbaycan-Hindistan B2B görüşündə bildirib.
"Son illər Hindistandan Azərbaycana turizm axını əhəmiyyətli dərəcədə artsa da, Azərbaycandan Hindistanı az sayda insan ziyarət edir. Bu yəgin ki, Azərbaycan vətəndaşlarının Hindistanda gedə biləcəyi cəlbedici yerlər haqqında məlumatının olmaması ilə əlaqədardır. Ona görə də ümid edirəm ki, bugünkü mübadilələr və təqdimatlar vasitəsilə biz Azərbaycandakı əsas maraqlı tərəflərə daha çox məlumat verə biləcəyik. B2B görüşü münasib bir vaxtda təşkil edilib. Çünki biz turizm sektorunda hər iki tərəfin əməkdaşlığının genişləndiyini görürük", - deyə o qeyd edib.
Səfirlik rəsmisi vurğulayıb ki, Azərbaycan və Hindistan arasında tarixi-mədəni əlaqələrə əsaslanan dostluq münasibətləri mövcuddur.
"Ötən il bizim ikitərəfli ticarətimiz 1 milyard 882 milyon ABŞ dolları dəyərində olub. Hindistan hazırda Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıdır", - deyə o əlavə edib.
"Turizm sektoru Hindistan üçün çox vacibdir, ölkədə xidmət sektorunun ən böyük komponentlərindən biridir, hər il ÜDM-in 7%-ni təmin edir. Pandemiyadan sonra sektorun güclü böyüməsi gözlənilir. Bunun üçün hökumət turizm infrastrukturunun təkmilləşdirilməsi, Hindistana səyahətin asanlaşdırılması daxil olmaqla, elektron viza imkanını Azərbaycan da daxil olmaqla 150-dən çox ölkəyə genişləndirməklə müxtəlif tədbirlər həyata keçirib".
Əfsanəvi “Bakı Payızı” festivalı yenidən istedadları kəşf etməyə başlayacaq.
Report xəbər verir ki, “Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur.
Festivalın əsas məqsədlərindən biri dünya azərbaycanlılarını birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaq və təmsil etməkdir.
Festivalın təşkilatçılarından olan pianoçu, bəstəkar və musiqi prodüseri, Əməkdar artist Emil Əfrasiyab qeyd edib ki, layihə təkcə vokal istedadları üçün deyil, həm də beş janr üzrə böyük müsabiqəyə çevriləcək: qruplar, orijinal janr, xoreoqrafiya və bəstəkarlar.
O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.
“Bu “Bakı Payızı” musiqi festivalı mədəniyyətimizin inkişafında, yeni istedadların üzə çıxarılmasında çox mühüm və önəmli rol oynayır!” - E.Əfrasiyab vurğulayıb.
Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaransa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayıb. 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.
Konsert günü Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir. Müsabiqənin ən yaddaqalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar Mikayıl Vəkilovun bəstələdiyi “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olur.
4 illik fasilədən sonra bu il aprelin 26-27-də Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") vaxtı aprelin 4-6-na dəyişdirilib.
Bu barədə Reporta sərginin təşkilatçısı olan şirkətdən bildirilib.
Məlumata görə, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirəcək. Tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayacaq, xalqımızın qonaqpərvərliyini xarici iştirakçılara və ziyarətçilərə nümayiş etdirəcək.
Sərgidə Azərbaycandan başqa Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya və Tunis iştirak edəcək. Belarus, Çexiya, Polşa və Özbəkistan milli stendlə təmsil olunacaq.
Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan Baş Sponsor qismində çıxış edəcək. Özbəkistan isə tərəfdaş ölkə olacaq.
Sərgi gediş (Outbound tourism), gəliş (Inbound tourism) və yerli (Domestic tourism) turizm istiqamətlərini əhatə edəcək. "AITF 2023"də tibbi və sağlamlıq turizmi, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səyahət agentlikləri, turoperatorlar və s. kimi bir sıra sektorlar təqdim olunacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə möhtəşəm premyera təqdim olunub.
AZƏRTAC xəbər verir ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub.
Dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edib. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunub. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbinin Rəssamlıq şöbəsinin şagirdi Ziyad Qasımlı (müəllim Elmar Ağamirzə) Yaponiyada keçirilən Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisində uğurla iştirak edib.
AZƏRTAC xəbər verir ki, Ziyad Qasımlı çəkdiyi rəsmlər sayəsində "Xüsusi mükafat"a layiq görülərək istedadı və işinin keyfiyyəti ilə seçilib.
Qeyd edək ki, Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisi müxtəlif ölkələrin gənc rəssamlarının əsərlərini bir araya gətirməklə, incəsənətin gücünü və uşaq yaradıcılığını nümayiş etdirmək üçün ənənəvi olaraq hər il keçirilən müsabiqədir.
“Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu “Park Cinema” və Nizami Kino Mərkəzində nümayişə çıxarılır.
AZƏRTAC xəbər verir ki, son dövrlərdə istehsal olunmuş animasiya filmlərini bir yerə toplayan “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” adlı milli animasiya toplusu azyaşlı tamaşaçılara əyləncəli anlar yaşadacaq.
“Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə ekranlara çıxan animasiya toplusu “Cırtdan və sehrli xalat” (2019), “Mənim balaca Şahzadəm” (2019), “Tarix” (2022) və “Baharın oğurlanması” (2023) filmlərindən ibarətdir. “Baharın oğurlanması” filminə tamaşaçılar ilk dəfə olaraq baxacaq.
“Azanfilm” studiyası, “Salnaməfilm” studiyası və “OB film”in istehsalı olan ekran əsərlərinin rejissorları Aleksandra Şirinova, Rəşad Əfəndiyev, Arif Məhərrəmov və Ceyhun Türksoydur.
Qeyd edək ki, bu milli animasiya filmlərinin yerli kinoteatr şəbəkəsində nümayişinin ilk təşəbbüsüdür.
“Baharın oğurlanması”nda Bahar qız div tərəfindən oğurlanır. Bunu görən balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib divin qəsrindən qaça bilirlər. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.
“Cırtdan və sehrli xalat”da Şahzadə qız əhalini bədheybət Təpəgözdən xilas etmək üçün Cadu nənədən kömək istəyir. Cadu nənə Sehrli xalatın göstərişi ilə 21-ci əsrdə yaşayan Cırtdanı köməyə çağırır. Cırtdan keçmişə gedir və Sehrli xalatın köməyi ilə Təpəgözə qalib gəlir.
“Tarix”də kiçik yaşlı oğlan Qarabağ ərazisindəki rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını yerinə yetirməyə çalışır. Hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqlar hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirir. Yuxudan oyanan qəhrəman kitabçasındakı işğal tarixlərinin üzərindən xətt çəkildiyini görür.
“Mənim balaca şahzadəm”də pilot səhrada balaca şahzadə ilə qarşılaşır. Balaca şahzadə pilota yaşadığı yer haqqında danışmağa başlayır. O, tək yaşadığı planetində çox sevdiyi gülə qulluq edir. O, gülünə daha faydalı olmağın yollarını araşdırmaq üçün başqa planetlərə səyahət edir. Bu planetlərdə balaca şahzadə müxtəlif şəxslərlə qarşılaşır. Onun ziyarət etdiyi son planet Yerdir. Yer planeti digərlərindən fərqlənir.