Bu gün Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin anım günüdür.
AZƏRTAC xəbər verir ki, ölümündən 37 il ötən Səməndər Rzayevin Azərbaycan teatr və kinosunda yaratdığı bir-birindən bənzərsiz obrazlar dünən olduğu kimi bu gün də maraqla qarşılanır.
Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Xalq artisti Rza Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.
Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
S. Rzayevin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev Azərbaycan kinosunda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. S.Rzayev millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.
"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar S.Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.
Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, Xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər Rzayev obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.
Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.
Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev onu böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.
Günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu, soyuq səhnədə xəstə aktyorun son oyunu idi...
Aprelin 5-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq konsertdə bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc tarzən, Əməkdar artist Sahib Paşazadə çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Aprelin 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında bəstəkar Georgi Liçeli simfonik orkestrin müşayiəti ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, müasir bəstəkar Georgi Liçelinin simfonik şousu - səs, işıq, emosiya və canlı səsin vibrasiyası dinləyicinin bütün hissiyyat orqanlarına təsir göstərir. Onun hər bir kompozisiyası bütöv bir hekayətdir. Simfonik orkestr, virtuoz dirijor və royal arxasında bəstəkarın özünün əyləşməsi tamaşaçıları saat yarım ərzində necə deyərlər, hər şeyi unutmağa məcbur edəcək, onları hisslər və emosiyalar aləminə aparacaq.
1982-ci ildə Tbilisidə musiqiçilər ailəsində anadan olmuş Georgi Liçeli hələ uşaq yaşlarında konsertlərdə səs rejissorunun köməkçisi kimi çalışırdı. Musiqi məktəbini fərqlənmə ilə bitirəndən sonra orkestrdə skripka çalıb. 2004-cü ildə Liçeli öz melodiyalarını yaratmağı sınaqdan keçirib. On ildən sonra isə simfonik orkestrin müşayiəti ilə öz kompozisiyalarını lentə yazdırıb. Elə həmin il bacısı ilə ayrı düşməsinə görə dərin kədərin təsirindən yaranmış “Bacı” adlı kompozisiyasını tamaşaçılara təqdim edib.
2020-ci ildə Georgi Liçelinin “Ritorika” adlı ilk neoklassik albomu rəqəmsal məkanlarda bütün dünyaya təqdim edilib. Musiqiçilər mühitində və kino sənayesi işçiləri arasında Georgi Liçelini yeni ulduz adlandırırlar. Onun “Epika” adlı ikinci albomu kinofilmlərə saundtreklər janrında yaranıb.
Bu gün dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasından 96 il ötür.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dünyaşöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib.
Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.
Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.
Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edib. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.
Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.
Dünyaşöhrətli musiqiçiyə D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.
Mstislav Rostropoviç 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.
Mstislav Rostropoviç sovet ideologiyasının ən təhlükəli illərində belə demokratik ideyaları çəkinmədən səsləndirib.
Dünyaşöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç UNESCO-nun səfiri kimi bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləyib. O, həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak edib.
2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb. M.Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı gəlib və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr verib.
Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.
Müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkar - Mstislav Rostropoviçin əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq.
Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
AZƏRTAC xəbər verir ki, yaranmasının 150-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.
Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
“Christie’s” hərrac evində bu yaz keçiriləcək satışlarda ən yaxşı lot Pablo Pikassonun “Başında dəfnə çələngi olan kişi” əsəri olacaq.
AZƏRTAC bu barədə “Forbes”a istinadla xəbər verir.
1969-cu ildə yaradılmış bu əsərin hərracda ilkin dəyəri 9-12 milyon dollar həddində müəyyən edilib.
Qeyd edək ki, rəssam, qrafik, heykəltaraş və dizayner Pablo Pikasso özünün qeyri-adi əsərləri ilə əvvəlcə tamaşaçıları heyrətləndirib, daha sonra XX əsrin bütün rəssamlıq dünyasına öz böyük təsirini göstərib. O, insanı bir araya yerləşdirilmiş müstəvidən təsvir edərək, kubizmin banisinə çevrilib.
Pablo Pikasso metal, daş, gips, kömür, qələm və ya yağlı boya kimi qeyri-adi materialları kətan üzərində bacarıqla uyğunlaşdırırdı. Möhtəşəm rəssamın yaradıcılığına heç nə mane ola bilmirdi. Yəqin ki, məhz bu səbəbdən Pikassonun əsərləri öz emosionallığı və cəsarətliliyi ilə heyrətləndirir.
Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.
Bu barədə Reporta Agentlikdən bildirilib.
Məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq. Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilsə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.
Aprelin 5-dən 8-dək Bakıda “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkilatçısı “ELS prodakşn” prodüser mərkəzidir.
“Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir.
“Azərbaycanda Rusiya kinosu günləri”nin təntənəli açılış mərasimi aprelin 5-də Nizami Kino Mərkəzində “On bir susqun kişi” filminin nümayişi ilə keçiriləcək (rejissor Aleksey Pimanovun bu filmini teatr və kino artisti Pavel Kraynov təqdim edəcək).
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Suvorov: Böyük səyahət” filmi nümayiş etdiriləcək (rejissor Boris Çertkovun filmini Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək). Elə həmin gün rejissor Qleb Orlovun “Libereya: Xəzinə ovçuları” filmi də nümayiş etdiriləcək.
Aprelin 7-də “Azərbaycanda Rusiya kinosu günləri” çərçivəsində Bakıda Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.
“Azərbaycanda Rusiya kinosu günləri” aprelin 8-də “1941. Berlin üzərində qanadlar” filminin nümayiş etdirilməsi ilə başa çatacaq (rejissor Konstantin Buslovun filmini teatr və kino artisti, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko təqdim edəcək).
Hər il martın 27-də dünya ictimaiyyəti incəsənətin “atası” hesab edilən, zəngin ilham mənbələrini və konstruktiv mədəniyyətlərarası və sivilizasiyalararası münasibətləri təşviq edən teatrların problemlərinə diqqəti cəlb etmək məqsədi daşıyan Beynəlxalq Teatr Gününü qeyd edir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) teatrların inkişafına yönəlmiş təşəbbüslər vasitəsilə incəsənətin bu vacib növünü dəstəkləmək öhdəliyini bir daha bəyan etmək məqsədilə üzv dövlətlərə müraciət edib. Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda teatrın milli mənsubiyyət və vətəndaşlıq, inklüzivlik və komanda ruhu, dialoq və digər mədəniyyətlərə açıqlıq dəyərlərini əks etdirən qeyri-maddi və sivilizasiya irsinin bir hissəsi olduğu vurğulanıb. Təşkilat bu kontekstdə dövlətləri və vətəndaş cəmiyyətlərini müasir texnologiyanın yaratdığı çoxsaylı platformalardan faydalanmaq yolu ilə hazırda böyük rəqabətlə və bir çox problemlərlə üzləşən teatr sənətinin davamlılığını təmin etmək istiqamətində birgə səylər göstərməyə çağırıb.
Bəyanatda qeyd olunub: “Ümumilikdə, incəsənətə və xüsusən də teatra olan böyük marağın bir hissəsi olaraq, ICESCO bir neçə akademik əsər nəşr etdirib və bu sənətin üzv dövlətlərdə mövcudluğunu gücləndirməyə kömək etmək üçün silsilə simpozium və təlim sessiyaları təşkil edib. Teatrları dəstəkləmək məqsədilə bu ilin fevralında Komor adalarında ərəb ölkələrinin teatr festivalı təşkil edilib.
ICESCO Beynəlxalq Teatr Günü münasibətlə üzv dövlətləri teatrı təbliğ etmək üçün gənc nəslin istedad və bacarığından istifadə etməyə, bu sənət ocaqlarına davamlı dəstək göstərməyə çağırır. Biz, həmçinin teatr və sənətçilərə maddi-texniki və maliyyə dəstəyi göstərməyi, onların hüquqlarını, xüsusən əqli mülkiyyət hüquqlarını qorumağı, teatr sənəti ilə təhsil mədəniyyəti arasında bir-birini tamamlayan əlaqələri təşviq etməyi tövsiyə edirik. Eyni zamanda, təşkilat xüsusi qayğıya ehtiyacı olan insanların teatr səhnəsinə inteqrasiyasına, ictimaiyyətin birliyini gücləndirmək üçün teatrdan istifadəyə və ən son texnologiyalar əsasında arxivləşdirmə yolu ilə teatr əsərlərinin qorunmasına çağırır”.
İyunun 13-14-də Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.
Report bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, tədbir “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda baş tutacaq.
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.
"Fintech Summit" bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birgə müzakirə olunduğu platforma, bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.