Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunacaq

    Martın 18-dən Şuşaya Azərbaycan vətəndaşları üçün turlar başlayacaq. Düşünürük ki, bu ənənə xarici turistlərə də şamil ediləcək. Xarici turistlərin təkcə Şuşya deyil, işğaldan azad edilmiş digər ərazilərə də səfərləri təşkil olunacaq.

    Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

    Xatırladaq ki, Azərbaycanın turizm potensialı hazırda Moskvada keçirilən “MITT 2023” beynəlxalq səyahət və turizm sərgisində nümayiş etdirlir.

    K.Quluzadə bildirib ki, Rusiya Azərbaycan turizmi üçün əsas ölkələrdən biridir. Ənənəvi olaraq Rusiyadan azərbaycana gələn turistlərin sayı ümumi turist sayından xeyli artıqdır.

    “Cari ildə də bu sahədə dinamika müşahidə olunur. Yanvar- fevral aylarında Azərbaycana 75 mindən çox turist gəlib ki, bu da ötən illə müqayisədə 51 faiz çoxdur. Düşünürəm ki, bu dinamika artacaq. Hələlik pandemiya məhdudiyyətləri mövcuddur. Bundan başqa, postsovet məkanında müəyyən dəyişikliklər də turist axınına təsir göstərir. Qarşıdan gələn Novruz bayramı günlərində, “Formula 1” yarışları zamanı rusiyalı turistlərin sayının artacağını gözləyirik. Yay mövsümünə də hazırlıq gedir. Bütün ölkələrdən, o cümlədən Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır”, - dəyə o bildirib.

    Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd edib ki, Moskva sərgisində işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı nümayiş edilir. Sərgi çərçivəsində Rusiyanın dövlət qurumları, turizm şirkətləri ilə əlaqələrin genişləndirilməsi, qarşılıqlı uçuşların sayının artırılması məsələləri müzakirə olunur. Təkcə son ay ərzində Rusiyadan Azərbaycana 400 aviareys həyata keçirilib və bu sahədə də müsbət dinamikanın davam edəcəyi gözlənilir.

    Kənan Quluzadə turistlərin bölgələrə də böyük maraq göstərdiklərini vurğulayıb. O deyib: “Bölgərimizdə hazırda mövcud olan və işğaldan azad edilmiş ərazilərdə tikilən aeroportlar da Rusiyadan və digər ölkələrdən daha çox turist cəlb etməyə imkan yaradacaq. Bu ilin qış mövsümündə rusiyalı turistlər arasında Bakı ilə yanaşı, əsas turistki dəhlizlər, xüsusilə isə “Şahdağ” Turizm Mərkəzi yetərincə populyar olub. Bu il Qəbələ, Şəki, Lənkəran, Gəncə istiqamətində səfərlərin sayının artacağı gözlənilir. Rusiyalı turistlər Azərbaycanda daha çox mədəni-tarixi irsimizlə bağlı, müalicə-sağlamlıq turizmi, qastro turizminə maraq göstərirlər. Tələbata uyğun olaraq yeni turizm marşrutları qurmaqda davam edəcəyik”.

  • Aprel ayında “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək

    Aprelin 5-dən 8-dək Bakıda “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkilatçısı “ELS prodakşn” prodüser mərkəzidir.

    “Azərbaycanda Rusiya kinosu günləri” keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan “Savalan - ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Moda Evi tərəfindən dəstəklənib.

    “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir.

    Filmlər “Nizami” kino mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş etdiriləcək.

    “Azərbaycanda Rusiya kinosu günləri”nin təntənəli açılış mərasimi aprelin 5-də “Nizami” kino mərkəzində keçiriləcək. Elə həmin gün “On bir susqun kişi” filmi nümayiş etdiriləcək (rejissor Aleksey Pimanovun bu filmini teatr və kino artisti Pavel Kraynov təqdim edəcək).

    Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Suvorov: Böyük səyahət” filmi nümayiş etdiriləcək (rejissor Boris Çertkovun filmini Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək). Elə həmin gün rejissor Qleb Orlovun “Libereya: Xəzinə ovçuları” filmi də nümayiş etdiriləcək.

    “Azərbaycanda Rusiya kinosu günləri” aprelin 8-də “1941. Berlin üzərində qanadlar” filminin nümayiş etdirilməsi ilə başa çatacaq (rejissor Konstantin Buslovun filmini teatr və kino artisti, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko təqim edir).

    “Azərbaycanda Rusiya kinosu günləri” çərçivəsində aprelin 7-də Bakıda Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.

    Bakı “Azərbaycanda Rusiya kinosu günləri” ilə bağlı bütün tədbirlərin aparıcısı teatr və kino artisti, “Teatr na Taqanke”nin aktrisası Polina Neçitaylo olacaq.

    “Azərbaycanda Rusiya kinosu günləri” layihənin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.

  • YARAT Müasir İncəsənət Məktəbinin tələbələri üç buraxılış layihəsi hazırlayıb

    YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirib. Proqramın yekun nəticəsinə əsasən, 27 tələbə müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihəsi -sərgi hazırlayıb.

    Bu barədə proqramla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq YARAT-dan bildirilib.

    “Sərgilərdən birincisi – “Babil 2.0” sərgisi martın 16-da “Artım” layihə məkanında açılıb və 14 gün ziyarətçilər üçün açıq qalacaq. İkinci layihə - “Keçmiş nəsillərdən qalan izlər” aprelin 6-da açılacaq və 16-dək davam edəcək. Üçüncü sərgi – “Dərman aradım dərdimə” sərgisi isə aprelin 21-dən mayın 4-dək açıq qalacaq”, - deyə məlumatda qeyd olunub.

    Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. “Babil 2.0”, “Keçmiş̧ nəsillərdən qalan izlər” və “Dərman arardım dərdimə” sərgiləri həmin mövzuları araşdırır.

    “Babil 2.0” sərgisi zaman və məkan məhdudiyyətlərinin azalması, sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də “qlobal şəhərə” çevrilə bilməməsi, insanların ortaq dil tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.

    Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində, fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş keçmişimizlə əlaqə saxlayan yaddaşdır. Davranışlar, adət-ənənələr, mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

    İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Varşava Universiteti ilə əməkdaşlıq edəcək

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində Varşava Universitetinin rektoru Aloyzi Novak ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Varşava Universitetinin Türk xalqlarının mədəni irsinin təşviqi yönündə qarşılıqlı iş birliyi məsələləri müzakirə olunub. Bu istiqamətdə birgə konfrans, seminar, sərgilərin keçirilməsi, Universitetin Türk dünyası ilə bağlı tədqiqat işləri aparan tələbələri üçün təqaüd proqramlarının ayrılması qeyd olunub.

    Universitetdə Fondun himayəsi ilə Türk dünyasının elmi tədqiqat və araşdırmaları mərkəzinin yaradılması ətrafında fikir mübadiləsi edilib.

    Görüşün sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Varşava Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

    Sonra Fondun prezidenti Universitetin müəllim heyəti və Türkologiya fakültəsinin tələbələri ilə görüşüb.

    Günay Əfəndiyeva Fondun qədim köklərə malik türk xalqlarının zəngin dəyərlərinin qorunması, yayılması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətindən söz açıb. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Universitet ilə imzaladığı memorandumun əsas məqsədlərindən, eləcə də səmərəli iş birliyi və gələcək birgə layihələr üçün yaratdığı imkanlardan bəhs edib.

    Tədbirdə Universitetin Türkologiya fakültəsində təhsil alan, Türk dövlətlərini təmsil edən tələbələr tərəfindən kiçik konsert proqramı təqdim olunub.

    Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

  • Kamera və Orqan Musiqisi zalında konsert - “Keçmişdən gələcəyə”

    Aprelin 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” silsiləsindən “Keçmişdən gələcəyə” adlı konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək konsertdə solist beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə (viola) rəngarəng ifalarını tamaşaçılara təqdim edəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • “Masdar” Qaradağ Günəş Elektrik Stansiyasının inşasını bu ilin sonunadək başa çatdırmaq istəyir

    Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti 2025-ci ilə qədər Azərbaycanda 1 geqavat həcmində günəş, 2026-cı ilə qədər 1 geqavat həcmində külək enerjisi stansiyalarının tikilməsi planlaşdırır.

    Report xəbər verir ki, bunu "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkə meneceri Murad Sadıqov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.

    M. Sadıqov bildirib ki, “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsi gələn ilin əvvəlində yekunlaşacaq:

    "Amma biz bunu bu ilin sonuna qədər başa çatdırmaq istəyirik. Azərbaycan BƏƏ üçün əsas strateji yerlərdən biridir. Biz burdakı layihələrdə iştirak etməkdən və Azərbaycanın "yaşıl" gündəliyinin tərkib hissəsi olmaqdan çox məmnunuq. Bunun müxtəlif səbəbləri var. Bura dənizdə və quruda bərpa olunan enerji potensialının böyük olması və digər səbəblər aiddir.

    Bizim "yaşıl enerji" ilə bağlı gündəliyimiz var. Bu gündəlikdəki məsələlər və bizim hədəflərimiz Azərbaycanın strateji xətti ilə üst-üstə düşür. Bu məsələlər əsasən neft-qaz sektorunun dekarbonizasiyası, mövcud infrastrukturun yaxşılaşdırılması və neft-qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, yüksək karbon tullantılarının azaldılması, yerli şirkətlər üçün yeni iş yerlərinin açılması, yeni təchizat zəncirinin təşkili və "yaşıl enerji"nin inkişafına töhfə verməklə bağlıdır".

    M. Sadıqov qeyd edib ki, "Masdar" olaraq Azərbaycan hökuməti və maraqlı tərəflərlə birlikdə istəyirik ki, Azərbaycanda ilkin investisiya təşəbbüslərini yerinə yetirək və gələcəyə doğru addımlayaq: "Biz SOCAR-la əməkdaşlıq memorandumu imzalamışıq və əməkdaşlığımız davam edir. Eyni zamanda Cənub Qaz Dəhlizi bizim üçün strateji məsələlərdən biridir. Biz yerli təchizat zəncirinin dəyərləndirilməsi barədə tədqiqatlar aparırıq və yerli şirkətlərin də potensialını aşkar edirik ki, onlar da bərpa olunan enerjidən istifadəyə təkan versinlər".

  • Azərbaycan-Rusiya sərhədindəki “Xanoba” gömrük postunun açılışı olub

    Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

    Report xəbər verir ki, tədbir iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə baş tutub.

    Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Rusiya ilə bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub.

    Onun sözlərinə görə, ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 24 % artaraq 3,7 milyard ABŞ dollarına çatıb.

    Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş. Mustafayev “Xanoba” sərhəd-buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli tənzimlənməsi üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

    Hökumət rəsmisi əlavə edib ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılmasına hazırdır: “Bu artım iki ölkə arasında logistikanı inkişaf etdirəcək”.

    Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş, Şimal-Cənub dəhlizi üzərində yerləşən “Xanoba” gömrük postunun iki​ ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcəyini diqqətə çatdırıb. O da vurğulanıb ki, Azərbaycan və region üçün strateji əhəmiyyətə malik olan “Xanoba” sərhəd-buraxılış məntəqəsinin əhəmiyyəti daha da artacaq. ​

    Prezident İlham Əliyevin sərəncamına əsasən yenidən qurulmuş “Xanoba” gömrük postunun açılışında Ş.Mustafayev və Ş.Bağırovla yanaşı, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk, Federal Gömrük Xidməti rəhbərinin I müavini Ruslan Davıdov, Dağıstan hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər.

    Tədbirdən əvvəl Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə əklil qoyulub. İki ölkənin dövlət sərhədində yerləşən “Samur” və "Yaraq-Qazmalar”​ gömrük postunda olan nümayəndə heyətinin üzvləri​ sərhədkeçmə prosesləri, buraxılış qabiliyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Daha sonra “Xanoba” sərhəd-buraxılış məntəqəsində yenidən inşa edilmiş infrastrukturun açılışı olub. Rəmzi lenti kəsən nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3 331,7 m2, tikililərin sahəsi 20 104,23 m2, buraxılış məntəqəsinin sahəsi isə 22 000 m2-dir.

    “Xanoba” gömrük postunda gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5 000 nəfərə qədər fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

  • İşləməyən şəxslər üçün 2027-ci ilə qədər icbari tibbi sığortanın pulsuz olması təklif edilir

    "Müsbət meylləri nəzərə alaraq işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərdən icbari tibbi sığorta haqqlarının toplanılmasının təxirə salınması müddətini 2024-cü ildə daha 3 il uzadılmasını təklif etmək istərdik".

    Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

    O, həmçinin təklif edib ki, icbari sığorta haqları ilə bağlı yeni vergi növü yaradılsın: “Ümumiyyətlə hesab edirik ki, icbari tibbi sığorta haqları yeni vergi növü ilə əvəz olunarsa, yığımlar birbaşa dövlət büdcəsinə ödənərsə, əvəzində isə bütün vətəndaşların istisnasız olaraq tibbi xidmətlərə əlçatanlığına dövlət tərəfindən zəmanət verilərsə əhalinin sağlamlığı sahəsində ciddi nəticə əldə etmək mümkün olacaq. Bu təcrübənin uğurlu tətbiq edildiyi ölkələr mövcuddur".

    "2022-ci ildə dövlət büdcəsi xərclərinin 99,3 % icra olunmasını təqdirəlayiq hal hesab edirik. Bu, son 10 ildə ilk dəfə rast gəlinən haldır. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi üçün çox vacibdir. Hesabat ilində büdcə xərclərindən 11,5 milyard manatın sosial xərclərə, o cümlədən 1,1 milyard manatın icbari tibbi sığorta xərclərinə yönəldilməsini sosial siyasətin maliyyə təminatı üçün vacib nəticə hesab edirik. Yeri gəlmişkən, hesabat ilində 4,5 milyon vətəndaşın icbari tibbi sığortadan faydalanmasını, xidmətlərə cəlb edilmiş özəl tibb müəssisələrini sayının 4,6 dəfə artaraq 111-ə yüksəlməsini, minimum vəzifə maaşı alan həkimlərin əmək haqlarının orta hesabla 3 dəfə artmasını yaxşı göstərici kimi qiymətləndiririk”, - deyə deputat əlavə edib.

  • Xalça Muzeyində kitab təqdimatı - “İnancdan mədəniyyətə”

    Azərbaycan Milli Xalça Muzeyində rəssam, kinorejissor, incəsənət nəzəriyyəçisi Teymur Daiminin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabının təqdimatı keçirilib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, müəllif mədəniyyətin mənəviyyat, iman, ənənə, mistisizm, həmçinin digər müasir problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün qələmə aldığı kitab haqqında ətraflı məlumat verib.

    Teymur Daimi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

    Qonaqlara həmçinin “İnancdan mədəniyyətə” (“От Культа к Культуре”) kitabı hədiyyə olunub.

    Qeyd edək ki, kitabda ənənəvi olaraq “incəsənət” adlandırılan fəaliyyətə alternativ olaraq “vizual antropoloji təcrübə” tərifi verilir. Vizual təcrübənin əsaslarını yenidən nəzərdən keçirən Teymur Daimi bu təcrübənin insanın estetik ehtiyaclarının ödənilməsi, dünyanın incəsənət prizmasından və ya obrazlı dərk edilməsi üçün yaranmadığı qənaətinə gəlir. O, bəşər tarixi yaranandan meydana çıxan vizual təcrübənin məqsədinin həm incəsənətin, həm də ümumiyyətlə mədəniyyətin hüdudlarından kənara çıxdığını əsaslandırır. Yeni nəşr bütövlükdə bu fenomenal təcrübənin geniş izahına həsr olunub.

  • Qobustan Milli Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçiriləcək

    Qobustan Milli Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçiriləcək.

    Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bayram adət-ənənələrinin ziyarətçilər arasında təbliği məqsədilə​ keçiriləcək tədbir sabah, martın 18-i saat 10:00-da başlayacaq.

    Şənlikdə ​Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributlarının nümayişi, eləcə də konsert proqramı və aktyorların ifasında səhnəciklər nümayiş olunacaq.