Böyük Britaniyada BBC telekanalında yayımlanan “Antiques Roadshow” verilişinin efirində ekspertlər tərəfindən Devid Hokninin yaradıcılığının erkən dövrünə aid naməlum əsəri tapılıb.
AZƏRTAC “ARTnews” nəşrinə istinadla xəbər verir ki, sənətşünaslar əvvəlcə bu rəsmin Hokniyə aid olduğuna inanmayıblar. Onlardan birinin, Rupert Maasın sözlərinə görə, bu, rəssama xas olan üslub deyil və kobuddur. Lakin proqramın müəllifləri müəyyən ediblər ki, 1950-ci illərin sonunda Devid Hokni həqiqətən də bu yerdə olub.
“Düşünürəm ki, Hoknidə ancaq yaşıl və qəhvəyi boyalar var idi, çünki onun maliyyə vəziyyəti ağır idi”, — deyə Maas vurğulayıb.
Mənzərə 30 min funt sterlinq (36 min ABŞ dolları) dəyərində qiymətləndirilir.
Rəsmin sahibi babasının Hokni ilə tanış olduğunu bildirib. 1957-ci ildə o, bu əsəri rəssamdan alıb.
İndi Devid Hokni 85 yaşındadır. O, 2018-ci ildə hazırda yaşayan rəssamlar arasında ən bahalı fırça ustası olub.
Mədəniyyət sahəsində çox böyük islahatlara ehtiyac vardır. Tarixi abidələrin restavrasiyası mühüm məsələdir. Bəzi abidələrimiz var ki, vaxtında tədbirlər görülməsə, onları tamamilə itirə bilərik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən plenar iclasda müzakirələr zamanı səsləndirib.
Komitə sədri yerlərdə bir çox kənd məktəblərinin təmirə ehtiyacı olduğunu da bildirib. Deputat əhalisinin sayı 10 mindən artıq olan kəndləri daha çox diqqətdə saxlamağın vacibliyini qeyd edib.
Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişafı uğrunda göstərdiyi müstəsna tarixi xidmətlərini əks etdirən “Heydər Əliyev və Azərbaycan dili” kitabını ərsəyə gətirib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dövlət başçısının Azərbaycan dilinin milli dəyər kimi qorunub saxlanılması, dövlət dili statusunun qanunvericilikdə təsbit olunması, işləkliyi və tətbiqi əhatəsinin genişlənməsi istiqamətində imzaladığı fərman və sərəncamlarla yanaşı, müxtəlif görüşlərdə, tədbir və mərasimlərdə dil və ədəbiyyat haqqında səsləndirdiyi fikirləri, nitq və çıxışları toplanmış kitab “Heydər Əliyev Azərbaycan dili haqqında”, “Azərbaycan dili rəsmi sənədlərdə”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı fəsillər, eləcə də siyasi xadimin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin “Fotoalbom”la təqdim edilib.
Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Xalq yazıçısı Afaq Məsud, redaktoru Yaşar Əliyevdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində bu ölkənin Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetini ziyarət edib, universitetin inkişaf üzrə prorektoru Yaroslav Gorniaki ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin müxtəlif fakültələrinin nümayəndələri, eləcə də Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub. Fondun Polşa ilə əməkdaşlıq çərçivəsində Yaqellon Universiteti ilə işbirliyi məsələləri müzakirə edilib, anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinib.
Sonra fondun prezidenti Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.
Eyni zamanda fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlardan olan Novruzun tarixi, özündə ehtiva etdiyi dəyər və ideyalarından bəhs edib.
Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
Bu gün dünyaşöhrətli Azərbaycan pianoçusu, bəstəkar, caz-muğam janrının banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. Bu münasibətlə AZƏRTAC-ın müxbiri İçərişəhərdə Vaqif Mustafazadənin ev-muzeyində olub, muzeyin direktoru, sənətkarın adını daşıyan xeyriyyə fondunun rəhbəri Afaq Əliyeva ilə görüşüb, söhbət edib.
Muzeyin Vaqif Mustafazadənin anası Zivər Əliyeva tərəfindən yaradıldığını bildirən həmsöhbətim deyib ki, 1989-cu il iyulun 28-də fəaliyyətə başlayan muzey ötən illər ərzində bir sıra mühüm işlərə, layihələrə imza atıb: “1994-cü ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb. 1989-1997 illər ərzində muzeyin müdiri Zivər Əliyeva olub. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunların arasında Vaqif Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. eksponatlar var. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada Vaqifin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. 2004-cü ildə muzeyi tamamən təmir-restavrasiya etməyə başladıq. 2005-ci ildə muzeyin əsaslı təmirdən sonra açılışı oldu”.
Muzeyin tərkibində fəaliyyət göstərən Vaqif Mustafazadənin adını daşıyan xeyriyyə fondunun fəaliyyətindən də söz açan Afaq Əliyeva deyib ki, görülən işlərin nəticəsi olaraq 1999-cu ildə sənətkarın ilk musiqi albomu buraxılıb. Mütəmadi olaraq fond və ev-muzeyi tərəfindən təşkil olunan tədbirlərə toxunan A.Əliyeva 2005-ci ildə Moskvada V.Mustafazadəyə həsr olunmuş festivalı xüsusi ilə qeyd edib.
Muzeydə sənətkara məxsus şəxsi əşyalar sırasında köhnə radio diqqətimi çəkir. Muzeyin rəhbəri deyir ki, Vaqif Mustafazadə 16 yaşından bu radio qəbuledicisi ilə caz musiqilərini həvəslə dinləyib. O, Bill Evans və saksofonçu Con Koltraneni dinləməyi çox sevirdi. Onları dinlədikdən sonra V.Mustafazadə royal arxasında oturaraq həmin musiqiləri böyük coşqu ilə ifa edirdi. Onun çox gözəl musiqi duyumu var idi. O, anında dinlədiyi musiqini həmin an ifa edərək improvizə edə bilirdi".
Caz-muğam üslubunun yaranma tarixinə nəzər salan A.Əliyeva maraqlı məqamlara toxunur: "Vaqif cazı sevdiyi kimi anası Zivər xanım da muğamı çox sevirdi. Zivər xanım hətta dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ilk tələbələrindən olub. Vaqif Mustafazadə bu səbəbdən də uşaqlıqdan muğam sədaları ilə böyümüşdü. Onun cazla muğamı sintez etməsi böyük bir hadisə idi. 1969-cu ildə V.Mustafazadə Gürcüstandan Azərbaycana qayıdır. Həmin zamanlarda ölkəmizdə "Bakı caz-69" adlı mötəbər caz festivalı keçirilirdi. O, bu festivalda iştirak edir. Bakılılar onu yenidən ölkəmizdə gördüklərindən məmnun olaraq, onun ifalarını təntənəli şəkildə alqışlayırdılar. Festivalda Vaqif Mustafazadə "76 kompozisiyası"nı ifa etməyə başlayır və anidən "Bayatı-Şiraz" muğamına keçid edir. Əsər 76 taxtdan ibarət olduğuna görə belə adlanır. O anlayır ki, Azərbaycan musiqisində böyük yenilik edib. Cazla muğamı sintez edərək birləşdirir. Bu, həqiqətən də musiqidə yenilik idi. Bundan sonra isə təkcə ölkəmizdə yox, bütün dünyada caz-muğam üslubu yaranmış olur”.
Amansız ölümün Vaqifi tez apardığını söyləyən Afaq Əliyeva deyib: “Təbii ki, Vaqif davamlı olaraq çox yeniliklər etmək istəyirdi, amma qismət olmadı. Buna baxmayaraq o, çoxsaylı ölməz əsərlər qoyub getdi. Bu gün Vaqif Mustafazadənin yolunu qızı Əzizə Mustafazadə böyük uğurlarla davam etdirir. Əzizə 7-8 yaşında Tbilisidə keçirilən caz festivalında laureat olub. Ə.Mustafazadə hazırda Almaniyada yaşayır və bəstəkarın mədəni irsini layiqincə təbliğ edir. O, 1997-ci ildə İngiltərə Kraliçasının klubunda konsert proqramı ilə çıxış edib və Kraliça ona "Cazın şahzadəsi" adını verib. Hazırda dünyada Əzizə Mustafazadəni hamı bu adla tanıyır".
Daha sonra muzeyi gəzərək burada sərgilənən görkəmli caz ustasının şəxsi əşyaları ilə də tanış oluruq.
Muzey bələdçisi Nigar İmanova bura daha çox xarici qonaqların üz tutduğunu bildirir: “Muzey ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Xaricilərlə yanaşı, yerli ziyarətçilər arasında tələbələr daha çox üstünlük təşkil edir. Onların Vaqif Mustafazadə irsinə sonsuz sevgisini muzeyin qeyd kitabına yazdıqları xoş sözlərdən bir daha hiss etmək olur. Qonaqlar daha çox görkəmli bəstəkarın şəxsi əşyalarına və şəkillərinə maraq göstərirlər”.
Sonra muzeyin digər bölmələri ilə də tanış oluruq. Burada qorunan hər bir əşya böyük cazmenin həyat yoluna, yaradıcılığına, onun fitri istedadına bir növ bələdçilik edir, insana xoş, həzin hislər bəxş edir və adamı özü ilə çox da uzaq olmayan bir keçmişə aparır.
Muzeyin digər əməkdaşı Fəridəxanım Seidzadə də deyir ki, bura mütəmadi olaraq məktəblilər, tələbələr gəlirlər. Muzey İçərişəhərə gələn turistlərin daha çox üz tutduğu məkanlardandır: “Ziyarətçilərin, qonaqların buradan xoş təəssüratla ayrılmaları bizi sevindirir”.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Cabir Novruzun 90 illik yubileyi münasibətilə hazırlanan “Düşündürən poeziya sahibi Cabir Novruz” adlı metodik vəsait virtual istifadəçilər üçün təqdim edilib.
AZƏRTAC xəbər verir ki, metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Cabir Novruz haqqında fikirləri yer alıb. Metodik vəsaitin birinci hissəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Cabir Novruzun həyat və yaradıcılığından bəhs edir. İkinci hissədə isə Cabir Novruzun yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilib.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Qeyd edək ki, metodik vəsaitlə bu linkdən https://www.clb.az/biblioqrafik tanış olmaq mümkündür.
Novruz bayramının qeyd olunması və bayram adət-ənənələrinin ziyarətçilər arasında təbliği məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda martın 18-də bayram şənliyi keçiriləcək.
Qoruqdan AZƏRTAC-a bildirilib ki, tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları nümayiş olunacaq.
Ozan baba və Bahar qızının gətirdiyi məşəllə dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılacaq. Aktyorların ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaradacaq. Tədbirdə həmçinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunacaq, satış yarmarkası keçiriləcək.
“Heydər Əliyev İli” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədilə elan olunmuş “Baharın rəngləri” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin birinci yekun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək müsabiqə barədə məlumat verib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının nümayəndəsi Elçin Hüseyn, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyasının üzvü, gənc fəal Sahib Şəmizadə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Hüseynov və digərləri çıxış edərək müsabiqə və sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər sərgilənmək üçün seçilib.
Sonra sərginin açılışı olub. Sərgidə 200-dən çox rəsm əsəri nümayiş olunur. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya və kənar müdaxiləsiz əsərlərə üstünlük verilib.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və ən az 5 üzvü ilə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif ediliblər.
Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.
Onun sözlərinə görə, bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır: “Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir. Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub”.
Bildirilib ki, filmin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır. Filmin montajını Jorge Sánchez Calderón həyata keçirib. Filmə musiqini Ondřej Zavadil yazıb. Filmi Zöhrə Kərimi səsləndirib. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir. “ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi verib.
Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 83-cü ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.