“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənmiş dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb.
Report xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Məlumata görə, barj xüsusi yedək gəmilərinin müşayiəti ilə təyinat məntəqəsinə göndərilib. Xüsusi sürüşdürmə əməliyyatı ilə barjın üzərinə yüklənmiş dayaq blokunun çəkisi 16 000 ton, hündürlüyü 153 metrdir.
Dənizin təxminən 140 metr dərinliyində aparılacaq dayaq blokunun və 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılması işlərinə ASCO-nun 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi də cəlb ediləcək.
ACE layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.
Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 000 tondur.
Martın 17-dən etibarən Bakıdan Şarm əl-Şeyxə çarter reyslərinin icrasına başlanılacaq.
Report xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.
Bildirilib ki, uçuşlar hər həftənin cümə günləri həyata keçiriləcək.
Misirə çarter reysləri AZAL “PASHA Travel” turoperatoru ilə birgə təşkil edib.
Şarm əl-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort şəhəridir.
Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışdadır.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçiriləcək.
Report xəbər verir ki, tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək.
Reportun yerli bürosu xəbər verir ki, Novruz şəhərciyi martın 19-dan martın 26-da daxil olmaqla "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində saat 10:00-dan 22:00-a qədər keçiriləcək.
Bayram günlərində şəhərcikdə konsert proqramı, bol alış-verişli Novruz bazarı və əyləncəli oyunlar baş tutacaq. Seyrəngahda bununla bağlı hazırlıq işləri görülür.
Qeyd edək ki, muxtar respublikanın rayonlarından Novruz şəhərciyinə hər saat pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərəcək.
Mayın 27-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Bakıda ilk dəfə dünyaca məşhur “The illusionist” şousunun yaradıcısı illuziyaçı Enver Ertaşın "Bir sehrim var" adlı möhtəşəm, interaktiv, yeni ailəvi şou proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, sehrli, mistik, əyləncəli, ibrətamiz və təxəyyülün sərhədlərinin aşıldığı şou proqramda uşaqların interaktiv şounun bir hissəsi olmaqla yanaşı, həm də əylənmək imkanları olacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, teatr və kino aktyoru Rafiq Əzimovun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq, sənətkarı yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığı haqqında danışıb.
Xalq artistləri Hacı İsmayılov, Şeyx Əbdül Mahmudbəyov, Əli Nurzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Rüstəmov, Elxan Quliyev, Anar Heybətov, mədəniyyət yazarı Vasif Ayan çıxış edərək yubilyarla bağlı öz xatirələrini bölüşüb və onun kino və teatr mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar.
Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan və aktyorun yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri konsert proqramı ilə çıxış ediblər.
Sonra Rafiq Əzimovun yubileyi münasibətilə çəkilmiş portret rəssam Vüsal Tərlanoğlu tərəfindən ona hədiyyə olunub.
Tədbirdə incəsənət xadimləri, aktyorun ailə və sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edib.
AZƏRTAC xəbər verir ki, martın 14-də Mərkəzdə bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı olub. Bakı sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilir.
Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisidir.
Sərginin açılışından öncə jurnalistlərə açıqlama verən Raşid Al Xəlifə Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini söyləyib: “Mən çox şadam ki, Bakını gördüm və öz sənət nümunələrimi bu gün Heydər Əliyev Mərkəzində nümayiş etdirə bilirəm. Özümlə gətirdiyim sənət nümunələrinin bəziləri məhz bu sərgi üçün hazırlanıb. Bakını ziyarət etmək mənə bir neçə dəfə tövsiyə olunub. Mən Bakını bu Mərkəzin açılışından sonra görmək istəyirdim və burda öz əsərlərimi nümayiş etməkdən böyük şərəf hissi duyuram”.
Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış edərək diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzi hər bir zaman dünya mədəniyyəti nümunələrinin təbliği istiqamətində fəaliyyət göstərir: “Bu gün müasir incəsənət nümunələrinin parlaq nümayəndələrindən olan Bəhreyn Kral ailəsinin üzvü , Bəhreyn Milli İncəsənət Şurasının sədri, İncəsənət Cəmiyyətinin ilk prezidenti və fəxri prezidenti Şeyx Raşid Al Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması mühüm bir hadisədir. Ümid edirik ki, sərgidən zövq alacaqsınız və xoş təəssüratla ayrılacaqsınız”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib: “Bu gün bu möhtəşəm binada belə bir sərgini ziyarət etmək mənim üçün xoş oldu. Dünyada ayrı-ayrı rəssamlarla görüşmək və onların yaradıcılıq dünyaları ilə tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyəti və elminin dünyada özünəməxsus yeri var. Bu sərgi qeyri-adiliyi ilə fərqlənir. Sərgi bir rəssam kimi mənim üçün, ən yüksək hisləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin təşkilində əməyi keçən hər kəsə, xüsusən Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm”.
Sərginin kuratorları Stefan Stoyanov çıxış edərək ən böyük arzusunun bu gün gerçəkləşdiyini dilə gətirib: “Mən Nəsimi İncəsənət Festivalı zamanı Bakıda olmuşdum. Həmin vaxt bu möhtəşəm Heydər Əliyev Mərkəzində də olmuşduq və bina mənə çox böyük təəssürat bağışlamışdı. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev Mərkəzi yeni əsrin ən gözəl memarlıq nümunəsidir. Mənim üçün artıq arzusunda olduğum anın-Raşid Al Xəlifənin sərgisinin bu binada təşkil edilməsi xoşbəxtlik hissi yaradır”.
Sərginin digər kuratoru Yasmin Şarabi çıxış edərək bildirib ki, sərgilərdə rəssamın olduqca maraqlı əsərləri var. Ziyarətçilər burada qeyri-adi parametriyanı görmüş olacaqlar. Həmçinin Bəhreynin özünəməxsus memarlıq hissələrini tərənnüm edən əsərləri və ilahi naxışları özündə daşıyan həndəsi elementləri görə biləcəklər. Şeyx Raşid Al Xəlifə qədimliklə müasirliyi özündə ehtiva edən əsərləri ortaya qoyur. Əsərlər gələcəyə doğru nəzər salır, lakin keçmişi yaddan çıxarmır”.
Şeyx Raşid Al Xəlifə çıxış edərək hər kəsi salamlayaraq, belə bir gözəl binada fərdi sərgisinin təşkilindən məmnun olduğunu qeyd edib.
“Mən Bəhreynlə Azərbaycan arasında incəsənət sahəsində mübadilə proqramının daha da genişləndirilməsini arzu edərdim. Mənim sərgimi qəbul etdiyinə görə Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkür edirəm”, - deyə rəssam vurğulayıb.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin paytaxtımızda təşkilinin əhəmiyyətini qeyd edib. “Bizim üçün böyük imkandır ki, belə gözəl və möhtəşəm sərgini Heydər Əliyev Mərkəzində təşkil edə bilmişik. Biz gələcəkdə Bəhreyndə gənc heykəltəraş və rəssamlarımızın birgə mübadilə sərgilərinin təşkilinə çalışacağıq. Düşünürəm ki, bizim gənc heykəltaraş və rəssamlarımız da bundan bəhrələnəcək”.
Raşid Al Xəlifə əsərlərini onu əhatə edən təbiətdən ilhamlanaraq yaradır. Rəssamın incəsənət nümunələri digərlərindən ənənəvi və müasir memarlığın ətraf mühitlə vəhdəti ilə fərqlənir.
1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Ötən əsrin 80-ci illərində Raşid Al Xəlifənin yaradıcılığında efemer incəsənət nümunələrinə daha çox rast gəlinirdisə, 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edir. 2000-ci illərdə isə alüminium rəssamın yaradıcılığının mərkəzinə çevrilir.
Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və biennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.
Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi ilə əlaqədar hazırlanmış “Azərbaycan ifaçılıq sənəti: tarixin səhifələri” adlı üçcildlik kitabın təqdimatı olub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, kitabın birinci cildində Azərbaycan fortepiano ifaçılıq sənətinin görkəmli ustadları, ikinci cilddə Azərbaycan simli və nəfəs alətlərin ifaçılığının görkəmli şəxsləri, üçüncü cilddə isə Azərbaycan vokal və dirijorluq sənətinin görkəmli ustadları haqqında danışılır. Kitab Azərbaycan, rus və ingilis dilində nəşr olunub.
Tədbirdə Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək, kitabların musiqi mədəniyyətimizdə əvəzsiz rol oynamasını xüsusi vurğulayıb. Kitabın ideya müəllifi Əməkdar müəllim, BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova çıxış edərək nəşrlərin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. Eyni zamanda Xalq artistləri Zəhra Quliyeva, Yusif Axundzadə, Əməkdar artist Validə Rəsulova, Əməkdar müəllim, BMA-nın elmi katibi dirijorluq kafedrasının professoru Leyla Məmmədova, Konsertmeyster ustalığı kafedrasının professoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova və digərləri çıxış edərək kitabın əhəmiyyətindən danışıb, fikirlərini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, eyni zamanda respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynov, Səidə Tağızadə, Nəzrin Aslanlı, Məhəmmədəli Paşazadə, Leyla Fərəcovanın və “Sabah” qrupunun xor kollektivinin ifaları səsləndirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uşaq və gənclər arasında (16 yaşadək) “Türkiye cocuklarina sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verir.
Fonddan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Türkiyədə baş vermiş zəlzələlərdən zərər çəkmiş uşaqlara dəstək məqsədilə türk, eləcə də dünya uşaq və yeniyetmələrinin həmrəylik düşüncəsinin formalaşdırılması istiqamətində birləşdirilməsidir.
Rəsm aksiyasına qatılmaq istəyənlər üçün təyin olunmuş şərtlər və qaydalar aşağıdakılardır:
1. İştirakçılar beynəlxalq rəsm aksiyasına bu çətin zamanda Türkiyə uşaqlarına sevgi, dostluq, dəstək və həmrəylik əks etdirən rəsm işlərini təqdim etməlidirlər. Əsərlərin qiymətləndirilməsində əsas meyar – keyfiyyət, fərdi müəllif yanaşması, eləcə də mövzunun dərinliyinin bədii həllidir.
1. Rəsmlər 10 aprel 2023-cü il tarixinədək qəbul olunur. Göstərilən müddətdən gec göndərilən əsərlər aksiyaya qəbul edilmir.
2. Aksiyada iştirak etmək üçün doldurulmuş ərizə (ərizə forması elanın sonuna əlavə edilir) və çəkilmiş rəsmin yüksək keyfiyyətli fotoşəkili e.tanaguzova@itchf.org elektron poçt ünvanına göndərilməlidir. Eyni zamanda, rəsmin əsli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahına da (A.Bakıxanov küç.73A, AZ1007, Bakı, Azərbaycan) göndərilməlidir.
3. Layihənin nəticələri əsasında gənc rəssamların əl işləri Fondun rəsmi səhifəsinin qalereya bölməsində yerləşdiriləcək. Layihənin bütün iştirakçıları Fondun sertifikatları ilə təltif olunacaqlar. Seçilmiş rəsmlər kataloq şəklində nəşr olunacaq, eləcə də Türkiyədə zəlzələdən əziyyət çəkən uşaqlara birbaşa təqdim ediləcək.