Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasından 126 il ötür
Bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz rolları ilə milyonların sevimlisinə çevrilmiş, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 126 il ötür.
AZƏRTAC xəbər verir ki, ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə böyük həriflərlə yazdırmağı bacarıb. Hər zaman onun adı çəkiləndə insanların gözü önündə bir-birindən maraqlı obrazlar canlanır.
Şamaxıda dünyaya göz açan sənətkar Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb.
İki yüzdən çox rolda səhnəyə çıxan aktyor
Milli teatrımızın klassiklərindən, fədailərindən olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirsən. O, 200-dən çox müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.
Ağasadıq Gəraybəyli xatirələrində deyir: “1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam”.
Üzeyir bəyin adı çəkiləndə ehtiramla ayaq üstə duran sənətkar
Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəylinin adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı: “Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.
Onun yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”. Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: “Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi”.
Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı
91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.
Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Görkəmli müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”
Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Sığortaçılar Assosiasiyası”, “Azərbaycan Mikromaliyyə Assosiasiyası”, “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birlikləri arasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair anlaşma memorandumu”u imzalanıb.
Layihə çərçivəsində bu gün Bakı şəhəri, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ölkə banklarının, o cümlədən "Kapital Bank" ASC-nin iştirakı ilə müxtəlif ağaclar əkilib. Tədbirdə dövlət rəsmiləri, ölkə banklarının əməkdaşları və digər qonaqlar iştirak edib. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.
Memorandumun məqsədi, H.Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.
Bakı Nəqliyyat Agentliyi daha bir müntəzəm marşrut xəttini ona məxsus “BakuBus” MMC-yə verib.
Report agentliyə istinadən xəbər verir ki, “Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.
Keçirilən monitorinq nəticəsində şirkətin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar xəttə natəmiz buraxılır.
Marşrut xətti ilə bağlı vətəndaşlardan da çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. Odur ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar sabahdan “BakuBus”a həvalə edilir.
Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.
Azərbaycanda reklam qurğularının tikintisinə icazə verilməsi ilə bağlı tələblərdə dəyişiklik ediləcək.
Report xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, reklam qurğularının tikintisinə icazə icraatı üzrə hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir.
Report bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.
Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, musiqi gecəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Respublika və beynəlxalq müsabiqələr laureatları, gənc istedadlar Ləman Əsədova (violin) və Hüseyn Nağıyev (kamança) çıxış ediblər.
Solistlər dinləyicilərə Lüdviq Van Bethovenin Violin və orkestr üçün re major op.61, həmçinin Hacı Xanməmmədovun kamança və orkestr üçün konsertlərini təqdim ediblər.
Qeyd edək ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərini ziyarət edib və orada əsrlər boyu yaşayan Litva karaimlərinin nümayəndələri ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə karaimlərin tarixi və mədəni irsinin tanıdılması yönündə Fond tərəfindən Litva Respublikası ilə əməkdaşlıq çərçivəsində ölkə rəsmilərinin və icmanın təmsilçilərinin iştirakları ilə təşkil olunan silsilə tədbirlərdən bəhs edilib. Fondun prezidenti Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında göstərdiyi xüsusi xidmətlərə görə təşkilatın təsis etdiyi “Dədə Qorqud” mükafatını təqdim edib.
Eyni zamanda Günay Əfəndiyeva Azərbaycanın Litvadakı səfirliyində tatar icmasının nümayəndələri ilə təşkil olunmuş görüşdə iştirak edib.
Görüşdə Litva tatarlarının dili, dini, folkloru, adət-ənənələrinə dair geniş fikir mübadilələri aparılıb, milli musiqiləri, mahnıları, mətbəx nümunələri nümayiş etdirilib.
Həmçinin, səfirlikdə çoxəsrlik türk xalqlarının milli-mənəvi dəyərlərini əks etdirən, qədim tarixə malik Novruz bayram süfrəsi açılıb, milli şirniyyatlar təqdim olunub.
Fondun prezidenti Şuşa şəhərinin 2023-cü il Türk dünyasının Mədəniyyət Paytaxtı elan olunmasını nəzərə alaraq, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevə Fondun Şuşanın simvollarını əks etdirən xatirə hədiyyəsini təqdim edib.
Görüşlərdə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas iştirak edib.
Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Report xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, A.Rzayev 1938-ci ilin martın 14-də dünyaya gəlib. Ötən gün onun 85 yaşı tamam olub.
Xalq yazıçısı Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədridir.
Şəki Regional Mədəniyyət İdarəsinə müvəqqəti rəis təyin edilib.
Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İdarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq Aqaəli Cəlilova həvalə olunub.
Amerikalı rejissor və ssenarist Kventin Tarantino özünün yeni və, böyük ehtimalla, sonuncu filminin ssenarisini yekunlaşdırmaq üzrədir.
Report xəbər verir ki, bu barədə “The Hollywood Reporter” dərgisi məlumat yayıb.
Mənbələrinin məlumatına görə, ssenarinin adı “Film tənqidçisidir”, əsərdə hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir. “The Hollywood Reporter” filmin baş qəhrəmanının qadın olduğunu aydınlaşdırıb. Nəşrin mənbələri qeyd edirlər ki, lent amerikalı jurnalist və ən nüfuzlu film tənqidçilərin biri olan Polin Keylə (1919-2001) həsr oluna bilər.
Çəkilişlərin bu ilin payızından başlanması planlaşdırılır. Nəşrə görə, hazırda Tarantino filmin lentə alınması üçün hər hansısa kinostudiya ilə müqavilə bağlamayıb.
“The Hollywood Reporter” vurğulayır ki, yeni əsər 59 yaşlı Tarantinonun karyerasında sonuncu tammetrajlı film ola bilər. Nəşr xatırladır ki, daha öncə rejissor dəfələrlə 10-dan çox olmayaraq film çəkməyi planlaşdırdığını bildirib. Jurnal vurğulayır ki, hazırda, “Billi öldürmək” (“Kill Bill”) döyüş filminin iki hissəsini bir əsərdən saysaq, rejissorun aktivində 9 film mövcuddur.
K.Tarantino 1994-cü ildə rejissoru və ssenari müəllifi olduğu “Bayağı oxumalıq” (“Pulp Fiction”) filminin ekranlara çıxmasından sonra məşhurluq qazanıb. Kinonun büdcəsi 8 milyon dollar olub və 100 milyon dollar qazanc gətirib. Ekran əsəri orijinal ssenariyə görə Kann festivalının baş mükafatı “Oskar”a və digər kinopremiyalara layiq görülüb. Orijinal ssenariyə görə “Oskar” heykəlciyi rejissora bir də 2012-ci ildə izləyicilərə təqdim olunan “Zəncirsiz Canqo” (“Django Unchained”) filminə görə qismət olub.
Tarantinonun işləri arasında “Quduz itlər” (“Reservoir Dogs”, 1992), “Ceki Braun” (“Jackie Brown”, 1997), “Bir gün ... Hollivudda” (“Once Upon a Time in... Hollywood”, 2019) və s. filmlər mövcuddur.
Qeyd edək ki, postmodernizmin cərəyanının görkəmli nümayəndəsi olan Tarantinonun filmləri qeyri-xətti anlatma, mədəni-tarixi prosesin sorğulanması, zorakılığın estetikləşdirilməsi ilə diqqət çəkir.