Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası və “Anar – 85” adlı ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Anar haqqında”, “Əsərləri”, “Haqqında”, “Filmoqrafiya”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Anar/index.html linkindən istifadə edə bilərlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Xalq yazıçısı Anar 85” adlı elektron bazada Anarın həyatı, bədii və ictimai yaradıcılığı haqqında geniş məlumat verilib. Burada yazıçının Azərbaycan və xarici dildə çap edilən əsərlərinin, haqqında qələmə alınan kitab və dövrü mətbuat materiallarının siyahısı əks olunub. Məlumat bazasında Anarın tərcümələri, redaktoru, “Ön söz” müəllifi olduğu əsərlər, onun həyat və yaradıcılığına həsr edilən dissertasiya və avtoreferatlar təqdim edilib. Anar haqqında görkəmli şəxslər tərəfindən söylənilən fikirlərin yer aldığı elektron bazada yazıçının təltif edildiyi mükafatların siyahısı da əks olunub.
Bundan əlavə kitabxana əməkdaşları tərəfindən Anarın bədii və ictimai fəaliyyətinə həsr edilən videomaterial və biblioqrafik vəsait hazırlanıb. Kitabxananın sosial şəbəkə səhifələrində Ümummilli Lider Heydər Əliyevin Xalq yazıçısı Anar haqqında söylədiyi “Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir” sözlərini əks etdirən paylaşımlar edilib.
“Heydər Əliyev İli”nə Yazıçılar Birliyinin töhfəsi yeni kitab olacaq. Belə ki, Yazıçılar Birliyi bu əlamətdar ilə kitab hazırlayır. Bu kitabda Ulu Öndər Heydər Əliyevi şəxsən tanıyan yazıçıların xatirələri toplanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
“Kitabda mənim də xatirələrim yer alır. Tanımayan, şəxsən ünsiyyətdə olmayan yazıçıların da Heydər Əliyevə həsr etdikləri yazılar bu nəşrdə olacaq. 100 illik yubileyə belə bir sanballı nəşrlə töhfəmizi verəcəyik”,- deyə Xalq yazıçısı bildirib.
Xalqımızın tarixində, mədəniyyətində və adət-ənənələrində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında bərabərlik, dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən, xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin, əvəzsiz yaz bayramıdır.
Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə bayram haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar nümayiş olunur.
Son günlər Azərbaycanda media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.
Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Qurumun apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.
ETX istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edib:
- Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;
- Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;
- Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;
- İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı və reports@cert.az e-poçt ünvanı vasitəsilə ETX-yə müraciət edə bilər.
2022-ci ildə Azərbaycanda balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat olub.
Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 5,5 % çoxdur.
Ötən il ölkədə mumun 1 kiloqramının orta satış qiyməti 11,4 % artaraq 14,7 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 1,4 % azalaraq 91 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 12,1 % artaraq 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 13,85 % azalaraq 5,6 manat təşkil edib.
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.
“Report” xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Qazaxıstanın Litvadakı səfiri Timur Urazayev və Türkiyənin Litvadakı səfiri Barış Tantekin ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşlərdə Fond ilə təşkilatın üzv dövlətləri arasında ümumtürk mədəniyyətinin, ənənələrinin qorunub-saxlanılması istiqamətində sıx əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Müasir dövrdə Türk dövlətlərinin ortaq irsinin, dəyərlərinin mühafizəsi və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub. Müxtəlif ölkələrdə yaşayan azsaylı türk xalqlarının Türk dünyasına inteqrasiya olunmasının və bu səpkidə Fond tərəfindən həyata keçirilən bir sıra tədbirlərin vacibliyi vurğulanıb. Təşkilatın xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, türk və digər xalqlar arasında qarşılıqlı mədəni mübadilələrə töhfə kimi qiymətləndirilib.
Söhbətlər zamanı Fondun qurucu üzv dövlətləri Qazaxıstan və Türkiyə ilə iş birliyi əlaqələrinin prioritetləri nəzərdən keçirilib, gələcək planlar, mümkün birgə layihələr haqqında ümumi müzakirələr aparılıb.
Bu gün Xalq yazıçısı Anarın 85 yaşı tamam olur
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Anar yazdığı əsərləri ilə nəinki ölkəmizin, bütün türk dünyasının sevimli yazıçısı kimi tanınır. Onun çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri xalqa sədaqətlə xidmət еtmək nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu ali məqsəd naminə Anar dünən də, bu gün də həm nasir və dramaturq, həm ssenarist və kinorejissor, həm də publisist və ictimai xadim kimi yaşayıb yaradır, çalışır və geniş fəaliyyət göstərir.
Anar 1938-ci il martın 14-də Bakıda tanınmış Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Anar, eyni zamanda, Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin nəvəsidir. Anar 1955-ci ildə hazırda Bülbülün adını daşıyan musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat muzeyində kiçik elmi işçi, Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. Radioda çalışdığı vaxtda “Axşam görüşləri”, “Tərcümə saatı”, “Səslər muzeyi” kimi daimi verilişlərin əsasını qoyub.
1962-1964-cü illərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972-ci illərdə Rejissor emalatxanasında təhsilini davam etdirib. 1964-1967-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb.
İlk bədii yazıları olan “İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952-ci ildə Şuşada yazıb. Mətbu əsərləri isə 1960-cı ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində dərc olunmuş “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələridir. “Bayram həsrətində” adlı ilk kitabı 1963-cü ildə Bakıda çapdan çıxıb.
Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr edilib.
Bakıda Azərbaycan dilində yeddicildliyi, rus dilində beşcildliyi və dünyanın müxtəlif ölkələrində kitabları çap olunub.
“Ağ liman”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”,” Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “O gecənin səhəri”, “Qırmızı limuzin”, “Vahimə”, “Yaxşı padşahın nağılı” adlı povest, roman və hekayələri, “Molla Nəsrəddin 66” satirik hekayələr silsiləsi qırxa yaxın dilə çevrilib.
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, Nazim Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş “Kərəm kimi” sənədli romanının, valideynlərini itirdiyi ağır günlərə həsr olunmuş “Sizsiz” xatirə romanının, Ənvər Məmmədxanlıya həsr olunmuş “Həyatım ağrıyır” xatirə povestinin, Rəsul Rzanın həyat və yaradıcılığı barədə “Mübarizə bu gün də var” kitablarının müəllifidir.
Azərbaycan, türk, rus və dünya klassik və çağdaş yazıçıları, sənət adamları haqqında onlarla esse, memuar xarakterli yazıların müəllifidir. Ən qədimlərdən bu günə qədər Azərbaycan ədəbiyyatına, musiqisinə, təsviri, tətbiqi sənətinə, memarlığına, teatr və kinosuna, mətbuatına, elminə, tarixinə həsr olunmuş yazıları toplanmış üçcildlik “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” kitabı rus dilində nəşr olunub. Bakıda çap olunmuş ikicildlik “Min beş yüz ilin oğuz şeiri” və Ankarada nəşr edilmiş “Min ilin yüz şairi” antologiyalarının tərtibçisi, “Dədə Qorqud ensiklopediyası”nın təşəbbüskarı və “Ön söz” müəllifidir.
Anarın səkkiz pyesi - “Keçən ilin son gecəsi”, “Qaravəlli”, “Adamın adamı”, quruluşunu Tofiq Kazımov verdiyi və Azərbaycanın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay günləri” tamaşası, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”, “Təhminə və Zaur”, “Telefon gecələri” ölkəmizdə və dünyanın müxtəlif ölkələrinin teatrlarında səhnəyə qoyulub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin, Vasif Adıgözəlovun “Aldın payını, çağır dayını” musiqili komediyasının librettosu Anara məxsusdur.
Anar bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin -“Evləri köndələn yar”, “Nigarançılıq”, “Bu - Səttar Bəhlulzadədir”, “Bu - Cavaddır”, “Daş saatın səsi”, “Dədə Qorqud dünyası”, “Çinar ömrü” və s. ssenari müəllifidir. Anarın ssenariləri əsasında “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” tammetrajlı bədii filmlər çəkilib. “Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar və Gülbəniz Əzimzadə çəkib. Anar həm də hər biri iki seriyalı olan “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin ssenari müəllifi və quruluşçu rejissorudur.
Əsərləri ölkəmizdən kənarlarda da kinematoqrafçıların diqqətini cəlb edib. “Mən, sən, o və telefon” hekayəsi əsasında “Mosfilm”də “Hər axşam 11-də” filmi çəkilib və həmin hekayə Türkiyədə də ekranlaşdırılıb. Türkiyədə “Dantenin yubileyi” povesti əsasında “Aktyorun əsgisi” adlı bədii film çəkilib. Moskvada mərkəzi televiziyası “Mən, sən, o və telefon” hekayəsini və iki müxtəlif quruluşda “Keçən ilin son gecəsi” hekayəsini ekranlaşdıraraq nümayiş etdirib.
Yazıçı haqqında Bakıda Azərbaycan və rus dillərində onlarla kitab, Türkiyədə, Rumıniyada da kitablar nəşr olunub. Onun yaradıcılığına Azərbaycan, Türkiyə, İran, Moskva, MDB, Avropa və ərəb ölkələrində ümumi sayı yüzlərlə ölçülən məqalələr, resenziyalar, dissertasiya və monoqrafiyalar həsr edilib.
Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş “Anarla üz-üzə” və “Anarlı anlar” televiziya filmi çəkib. Anarın sözlərinə Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyiblər.
Anarın yaradıcılığı və fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın yüksək ordenləri - “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.
Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatından bir il keçir. Bu münasibətlə dramaturqun yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap olunan, Azərbaycan və rus dillərində yayımlanan jurnalın “Ön söz”ünü yazıçı, filologiya elmləri namizədi, teatr və ədəbiyyat tənqidçisi Natalya Davidovna Staroselskaya qələmə alıb.
Yazıçı qeyd edib ki, teatr və kino dramaturgiyası ustadı Rüstəm İbrahimbəyov yaradıcı fəaliyyətinə görə təkcə vətəni Azərbaycanda deyil, eləcə də Rusiya və bir sıra başqa ölkələrin çoxsaylı mükafatlarına layiq görülüb.
Jurnalda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin sədri, Xalq artisti Rasim Balayevin, Xalq yazıçıları – Çingiz Abdullayevin, Natiq Rəsulzadənin, professor Rəhman Bədəlovun, Rusiya kinossenaristi Pavel Finnin, dövlət və ictimai və mədəniyyət xadimi Mixail Şvıdkoyun, kinorejissor, ictimai və siyasi xadim Yuli Qusmanın, Sovet və gürcü kinorejissoru, ssenarist Eldar Şenqelayanın, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Zülfiqar Musakovun, Kino Mətbuatı Beynəlxalq Federasiyasının prezidenti Andrey Plaxov və başqalarının xatirələri yer alıb.
Qeyd edək ki, jurnalın tərtibatçısı Fatimə İbrahimbəyova, dizayneri Xəyal Danyal, tərcümə edəni Rəbiqə Nazimqızı, nəşrin koordinatoru Əli İsa Cabbarovdur.