Xalq artisti Muxtar Maniyevin milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri olan Muxtar Maniyevin anadan olmasının 89-cu ildönümü tamam olur.
Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 nömrəli məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsilin ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr “Neft Daşları”nda cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanıb ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir. Bir aktyor kimi M.Maniyevin konkret ampluası yox idi, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir.
Muxtar Maniyev "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.
Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.
Böyük Teatrın solisti, Azərbaycanın Xalq artisti, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun qızıl səsi Elçin Əzizov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Bu barədə AZƏRTAC müğənniyə istinadla xəbər verir.
Elçin Əzizovun səbirsizliklə gözlənilən “Mənim mahnıma inan” solo konserti mayın 3-də olacaq. Konsertdə hər kəsin ən sevdiyi mahnılar - Rusiyanın ən yaxşı estrada-caz musiqiçilərinin müşayiəti ilə əfsanəvi həmvətən Müslüm Maqomayevin və klassik estradanın ən görkəmli nümayəndələrinin repertuarından olan dahi musiqi ilə birləşmədə əsl poeziya təqdim olunacaq.
“Opera müğənnisi olaraq, mənim üçün hər zaman oxuduğumun mənasını çatdırmaq çox vacibdir. Vokal repertuarımı genişləndirərək, ilk növbədə həmvətənim, dahi Müslüm Maqomayevin mahnılarına müraciət etdim. Onları ifa edərək, mən hər bir hekayəni yaşayıram və bunu böyük zövqlə edirəm. Müasir vaxtda sevilən hitlər yenilənmiş şəkildə səslənir və mənim üçün görkəmli şair və bəstəkarların şeirləri və musiqisi ilə tamaşaçılarla “danışmaq” çox vacibdir”, - deyə müğənni qeyd edib.
Elçin Əzizov Bakıda dünyaya göz açıb və erkən uşaqlıqdan oxumağı xoşlayıb. Kinorejissor təhsili alıb, 10 il ərzində “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı olub, komandanın heyətində Ali Liqanın çempionu, Şən və Hazırcavablar Klubu Superkubokun sahibi olub, “XX əsrin ən yaxşı komandası” adına layiq görülüb.
Elçin Əzizov klassik vokal ilə yalnız 30 yaşında məşğul olmağa başlayıb və artıq 33 yaşında Rusiyanın Böyük Teatrının solisti olub. O mütəmadi olaraq bütün dünyada ən yaxşı opera teatrlarında çıxış edir.
“WhatsApp” messencerinin və “Instagram”ın fəaliyyəti normallaşıb.
“Report” xəbər verir ki, “WhatsApp” messenceri bəzi Avropa və Latın Amerikası ölkələrində, həmçinin Azərbaycanda bir müddət fəaliyyət göstərməyib.
“WhatsApp” messencerinin və “Instagram”ın sahibi olan “Meta” hələ ki, problemin səbəbi barədə şərh verməyib.
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.
"Report" xəbər verir ki, bununla bağlı məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Məlumata görə, xətdən çıxarılan qatar yenisi ilə əvəz edilib.
Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallar arasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsindən videogörüntülər, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi və “Aprel döyüşləri – Zəfərin başlanğıcı” adlı biblioqrafik icmal yer alıb.
Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilərək, Prezident İlham Əliyevin döyüşün əhəmiyyəti haqqında söylədiyi fikirlər yer alıb.
Materialda Aprel döyüşləri haqqında sitatlar, şəhidlərin fotoşəkilləri və “Şəhidlik zirvəsinin fatehləri: bədii-sənədli əsər”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru”, “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kimi iyirmidən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim olunub.
“Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan videomateriallarda isə qəhrəman oğulların keçdikləri şərəfli döyüş yolundan bəhs edilib.
Aprel döyüşləri ilə əlaqədar hazırlanan materiallar ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.
Aprelin 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçiriləcək.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.
Autizm sindromu olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətləri fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşa insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.
Qeyd edək ki, tamaşa Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları Festivalı üçün hazırlanıb.
Aprelin 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri yazıçı İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
“Balaca kişilər” İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası igidlərimizin şücaətindən, onların müharibə fonunda qəhrəmana çevrilmələrindən bəhs edir.
44 günlük Vətən savaşı və qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlayıb.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Bakıda nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq.
Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2024) sərgisində təbliğ olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.
Milli stendi Azərbaycan Respublikasının İsraildəki səfiri Muxtar Məmmədov ziyarət edib.
Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, adət-ənənələri, mədəni irsi, UNESCO-un Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar. Bundan əlavə, qonaqlar ölkənin mədəni landşaftının unikallığını nümayiş etdirən Azərbaycanın qədim yəhudi irsi haqqında məlumat əldə edirlər.
Stendin ziyarətçiləri üçün Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılır.
Aprelin 4-dək davam edəcək sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.
Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı 29 min 93 İsrail vətəndaşı ziyarət edib.
Rusiya ilə turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları aprelin 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr çərçivəsində “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi” sənədi üzrə birgə turizm marşrutlarının yaradılması, investisiya imkanları, təhsil proqramları, məlumat və təcrübə mübadiləsi, turizm şirkətləri arasında əlaqələrin inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın 3 şəhəri və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 19 şəhəri arasında birbaşa uçuşlar həyata keçirilib. Sankt-Peterburq şəhərindən isə Azərbaycana həftədə 10 dəfə olmaqla 540 uçuş təşkil olunub.
Həmçinin Azərbaycanın turizm potensialının Rusiyada tanıdılması üçün 2024-cü il ərzində müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi, sərgilərdə iştirak, seminar və təqdimatların təşkil edilməsi, Moskvada turizm nümayəndəliyinin açılması, ölkəmizdə Rusiyanın turizm şirkətləri üçün tanıtım tədbirlərinin təşkil edilməsi haqqında müzakirələr aparılıb.
2023-cü ildə Rusiyadan ölkəmizə gələn xarici ziyarətçilərin sayı 2022-ci illə müqayisədə 40 faiz artaraq 625 min nəfərə satıb. Cari ilin ilk 3 ayı ərzində Azərbaycan gələn Rusiya vətəndaşlarının sayı 147 min 438 nəfər olub ki, bu da ötən illə müqayisədə 24 faiz artım deməkdir.