Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın "Avroviziya" mahnısı təqdim olunub

    Azərbaycanın builki "Avroviziya" mahnısı -“Tell Me More” təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, mahnı “Avroviziya”nın rəsmi yutub səhifəsində yayımlanıb.

    Qeyd edək ki, "Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər. Müsabiqə bu il mayın 9-13-də Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

  • Bakıdakı Rus Evində Çingiz Abdullayev ilə görüş keçirilib

    Bakıdakı Rus Evinin Poeziya klubu çərçivəsində Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş təşkil olunub.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, mədəniyyət və təhsil müəssisələrinin, rusiyalı həmvətənlər təşkilatları və gənclər hərəkatının nümayəndələri iştirak ediblər.

    Çingiz Abdullayev qonaqlarla yaradıcılıq təcrübəsini bölüşüb, yazıçılıq fəaliyyətində zəruri olan bacarıqlardan söhbət açıb, öz həyatı və əsərləri barədə sualları cavablandırıb.

  • Xalq şairi Cabir Novruzun 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, “Sağlığında qiymət verin insanlara” sətirləri dillər əzbəri olan Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Xalq şairinin həyatı, ictimai və ədəbi fəaliyyəti haqqında geniş məlumat verilib. Burada Cabir Novruzun uzun illər müxtəlif aparıcı mətbuat orqanlarında redaktor, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışması, 1995-ci ildə Azərbaycanın Milli Məclisinə deputatı seçilməsi haqqında məlumat verilib. Şairin ədəbi yaradıcılığına geniş yer verilən virtual sərgidə onun şerlərindən nümunələr, sözlərinə bəstələnən musiqi əsərləri yer alıb. Materialda, həmçinin görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Cabir Novruzun təltif olunduğu mükafatlar haqqında da məlumatlar əks olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Cabir Novruzun həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu “Vətən əbədi qoruqdur”, “Bir dünyam var”, “Mənim muğamatım”, “Özünü qoru xalqım”, “Seçilmiş əsərləri” və digər kitabların biblioqrafik təsviri verilib. Xalq şairi Cabir Novruzun foto və video görüntülərinin yer aldığı materialda şairin “Sağlığında qiymət verin insanlara” şeri öz ifasında təqdim edilib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv dövlətlərlə Litva arasında mədəni əlaqələr müzakirə olunub

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasına səfəri çərçivəsində ölkə prezidentinin təhsil, elm və mədəniyyət sahələri üzrə müşaviri Vilma Backiute və Litva Respublikasının xarici işlər nazirinin müavini Jonas Survila ilə görüşlər keçirib.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasında imzalanmış əməkdaşlıq memorandumunun əsasında qarşılıqlı iş birliyinin uğurla həyata keçirilməsindən söz açılıb. Litvanın ərazisində məskunlaşmış türk etnik kökənli xalqlara - tatarlara və karaimlərə dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətindən bəhs olunub. Bu münasibətin bariz nümunəsi kimi Litva Respublikasında 2021-ci ilin “Tatarların tarixi və mədəniyyəti ili”, 2022-ci ilin isə “Karaimlərin tarixi və mədəniyyəti ili” elan olunması vurğulanıb. Litva Respublikasının birinci xanımı Diana Nausedienenin, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Fondun prezidenti ilə görüşləri xatırlanaraq, təşkilat tərəfindən tatar və karaim illərinin açılışları çərçivəsində təşkil olunan tədbirlərdə iştirakları məmnuniyyətlə qeyd olunub. Fondun digər xarici ölkələrlə, eləcə də Avropa məkanında əməkdaşlıq əlaqələrini günü-gündən genişləndirməsi yüksək dəyərləndirilib.

    Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev, Litva Respublikasının Azərbaycandakı səfiri Egidius Navikas iştirak ediblər.

    Görüşlər Litva ilə təşkilata üzv olan türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, eləcə də mədəni mübadilələrin intensivləşdirilməsi yönündə gələcək əməkdaşlığın perspektivlərinin müzakirələri ilə davam edib.

  • Oscar-2023: “Hər şey hər yerdə və dərhal” filmi “Ən yaxşı film” mükafatını qazanıb

    Rejissor Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” adlı ekran əsəri “Ən yaxşı film” nominasiyasında “Oscar” mükafatını qazanıb.

    AZƏRTAC xəbər verir ki, həmin film “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarının da sahibi olub. Bundan başqa filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib, Ceymi Li Körtis və Ke Hyui Kvan ən yaxşı ikinci palan aktyorları seçilib.

    Ümumilikdə 158 mükafat qazanan film kino tarixinin ən titulu ekran əsəri olub.

    Bu film camaşırxanada çalışan və vergi müfəttişliyinə gedərkən paralel dünyalar arasında səyahət edə bildiyini aşkarlayan çinli mühacirin həyatından bəhs edir.

    2023-cü ilin “Ən yaxşı film” nominasiyası uğrunda on ekran əsəri, o cümlədən Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Sara Pollinin “Qadınlar danışır”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik”, Ruben Estlundun “Qəm üçbucağı”, Baz Lurmanın “Elvis” və Martin Makdonahın “İnişerin Banşiləri” filmləri mübarizə aparıb.

    Digər əsas nominasiyaların qalibləri:

    Ən yaxşı aktyor – Brendan Freyzer (Darren Aronofskinin “Kit” filmi).

    Ən yaxşı xarici bədii film - “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Almaniya). Bu ekran əsəri, həmçinin Ən yaxşı operator işi, Ən yaxşı orijinal saundtrek və Ən yaxşı quruluşçu-rejissor işi nominasiyalarının qalibi olub.

    Ən yaxşı adaptasiya olan ssenari – “Qadınlar danışır”.

    Ən yaxşı sənədli film – Deniel Roerin “Navalnı” əsəri (HBO kinokompaniyası).

    Ən yaxşı animasiya filmi – Hilyermo Del Toro və Mark Qustafsonun “Pinokkio Hilyermo Del Toro”.

  • “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş

    Martın 15-də Azərbaycan Rəngkarlıq Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Zaur Kantemirovun yaradıcılığına həsr olunmuş görüş keçiriləcək.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı rəssamın qızı, incəsənət sahəsi üzrə jurnalist, teatrşünas, “DNO” anderqraund teatr festivalının prodüseri Zalina Kantemirova və bacısı Rimma Səlimova rəssamın yaradıcılıq və həyat hadisələrindən danışacaqlar.

    Zaur Kantemirov (1942-2021) – qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı və fotoqrafiya sahələrində böyük uğurlar qazanmış rəssamdır. O, çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər yaradıcılığında şüşə materialını əsas hədəf götürərək, fantastik əsərlər hazırlayıb. “Şüşə qəlbli” təxəllüsü də elə bu əsərlərinə görə daşıyırdı.

    Tədbirin sonunda kiçik sual-cavab sessiyası təşkil olunacaq.

  • Yenikənd-Biləsuvar avtomobil yolu yenidən qurulur

    Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrə qədər) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

    Bu barədə Reporta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

    2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.

    Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 ədəd körpü yenidən inşa olunacaq.

    Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü borular üzrə əks dolğu və inşa işləri aparılır. Artıq 15 suötürücü borunun tikintisi yerinə yetirilib.

    Layihə üzrə 4 körpünün inşası davam edir.

  • “AzerGold” Kəlbəcərdə yerləşən “Tutxun” sahəsində geoloji kəşfiyyat işlərinin I mərhələsini tamamlayıb

    “AzerGold” QSC-nin geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85,56 km2 olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb.

    Bu barədə Reporta “AzerGold”dan məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8,29 km2 ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayları ərzində yerüstü aktiv axtarış-kəşfiyat işləri icra edilib. Nəticədə əldə edilmiş sınaq nümunələri element tərkiblərinin müəyyən edilməsi məqsədilə analiz üçün beynəlxalq laboratoriyaya göndərilib.

    Qeyd edək ki, “Tutxun” sahəsində geoloji kəşfiyyat işlərinin sözügedən ərazilərin 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla çirkləndirildiyi üçün sürətlə davam etdirilməsi mümkün deyil. Minalanmış sahələrin xəritələrinin alınması ilə bağlı danışıqlar isə Ermənistanın bu məsələ ilə bağlı destruktiv mövqeyinə görə ləngiyir. Bu səbəbdən axtarış-kəşfiyat işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. 2023-cü il ərzində işlərin davam etdirilməsi üçün daha 45,5 km2 sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.

    “AzerGold” torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1 624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir.

    Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

  • Azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlanıb

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlanıb.

    ANAMA-dan Reporta verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

  • “Qafqazlı qardaşqızı” operettası yenidən səhnədə

    Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək.

    AZƏRTAC xəbər verir ki, teatrın rus bölməsi tərəfindən hazırlanan tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur.

    Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.

    Qeyd edək ki, martın 17-də göstəriləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.

    Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.