Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveç paytaxtının ən tanınmış mərasim mərkəzlərinin birində Grand Hoteldə keçirilən sərgisi, həmişəki kimi çoxlu sayda yerli və beynəlxalq modasevənlər, İsveç ictimaiyyəti və bu ölkədə akkreditə olmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə baş tutub.
Stockholm International Fashion Fairdə qonaqlara ümumilikdə dünyaca tanınmış beş dizaynerin işi nümayiş edilib.
Azərbaycanın qədim geyim ənənələri və milli ornamentlərindən istifadə etməklə, xalqımızın zəngin tarixini və yeni dəb tendensiyalarını özündə birləşdirən Gülnarə Xəlilovaya məxsus ümumilikdə 9 libasdan ibarət “Qarabağ” kolleksiyası sərgisi iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, “Qarabağ” kolleksiyasının 7-ci Stokholm Beynəlxalq Moda Sərgisində nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.
Rauf Əliyev AZƏRTAC-ın xüsusi müxbiri
Azərbaycan tamaşaçıları onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlayıb. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə — “Mixaylo” rolunun öhdəsindən məharətlə gəlib.
Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 96 il ötür.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.
Nodar Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri vardır. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.
“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub.
Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.
Rejissor Ceyms Kameronun “ən yaxşı vizual effektlər” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Tədbir Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) “Dolby” teatrında keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB), "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanıb.
Report bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
"Bu əməkdaşlıq sosial və ekoloji yönümlü fəaliyyətin sistemli şəkildə, institusional əsasda davam etdirilməsinə yönələn könüllü davranış mədəniyyətinin inkişafına, ətraf mühitin qorunmasına dəstək istiqamətində korporativ məsuliyyətin daha darindən dərk edilməsinə, bütövlükdə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində qoyulan hədəflərə nail olunmasına töhfə verəcək", - deyə məlumatda qeyd olunub.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Milli Teatr Günü münasibətilə silsilə materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan peşəkar Milli Teatrı - 150” adlı biblioqrafik icmal, “Milli Teatr Günü” adlı ənənəvi sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Milli Teatr Gününün təsis edilməsi, Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamların tam mətni təqdim edilib. İcmalda xalqımızın böyük mədəni nailiyyəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, görkəmli şəxslərin teatr sənəti haqqında söylədikləri dəyərli fikirlər yer alıb. İcmalda “Azərbaycan teatr tarixi”, “Naxçıvanda musiqili teatrın yaranması və inkişafı tarixi”, “Teatr haqqında söhbətlər”, “Peşəkar milli teatrın yaranması və inkişafı”, “Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilib.
Respublika Gənclər Kitabxanasında Milli Teatr Günü adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan teatr sənətinin tarixindən, korifey sənətkarların həyat və yaradıcılığından bəhs edən kitablar, dərsliklər, dövrü mətbuat materialları sərgilənməkdədir.
Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrində Ümummilli Lider Heydər Əliyevin “Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var” sözlərinin əks olunduğu paylaşım yerləşdirilib.
“Hədəf Nəşrləri”nin rüblük ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 40-cı yubiley nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnal bir qayda olaraq baş redaktor Şəmil Sadiqin yazısı ilə başlayır.
“Ustad”ın çilləsi çıxdı” yazısında baş redaktor dərginin keçdiyi yola nəzər salır. Ardınca yazıçı, tərcüməçi Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikasında “Ədəbiyyatda psixologizm”dən danışır. “Yubiley” rubrikasında ədəbiyyatşünas Nərgiz Cabbarlı “Ustad”la işbirliyindən, jurnalın inkişaf mərhələlərindən söz açır. Şair Emin Piri “Müharibə gündəliyi” rubrikasında “Laçın vaxtlarımız”dan yazır. Şair Ramil Əhməd “Hədəfdəkilər” rubrikasında Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri” memuarından söz açır. Eyni rubrika altında Aybəniz Həsənova isə “Modiano qadınlar barədə necə roman yazıb?” sualına aydınlıq gətirir.
Jurnalist Nuranə Abbasova “Kinopasport”da “Yorulmuş atları güllələyirlər” filmi barədə maraqlı faktları təqdim edir. “KainART” rubrikasında Sergey Kuriy “Həndəsə incəsənətə çevrilə bilərmi?” sualına cavab axtarır. Yazıçı Azər Qismət “Skene” rubrikası altında “Yapon incəsətində fərqlilikləri” araşdırır. “Kitab rəfi” rubrikasında Səbinə Xaniyeva “Koramal”dan söz açır.
Yazıçı Ceylan Mumoğlu “Psixotrap” rubrikasında qrafitlərin psixologiyasına nəzər salır. Yazıçı Xəyalə Murad “Bestseller” rubrikasında “Beatriks Potter və onun rəngli dünyası”ndan danışır.
Jurnal həmişəki kimi Mirzə Bartlbinin “Sözbaz” rubrikası ilə qapanır. Barlbi bu dəfə Aminin “Azel” romanını tənqid edir.
Jurnalda “Ustad”ın redaksiyasından reportaj, incəsənət adamları və ictimai-siyasi xadimlərin təbrikləri də yer alır.
Xətai Sənət Mərkəzində həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə “Hisslər və Rəsmlər...” adlı təsviri sənət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digərləri çıxış edərək ürək sözlərini bölüşüblər.
Sərgidə ən yaxşı əsərlərin müəlliflərinə hədiyyələr verilib və sərgi iştirakçılarına sertifikatlar təqdim olunub.
Sərgi martın 11-dək davam edəcək.
Beynəlxalq Muğam Mərkəzində Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə “Məni taparsınız şeirlərimdə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək, milli poeziyamızın inkişafında Cabir Novruzun xidmətlərindən, şairin qüdrətli publisistikasından, ədəbi qəzet və jurnallarda fəaliyyətindən söz açıb. Şairin qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçildiyini, şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnıların musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılandığını qeyd edib.
Diqqətə çatdırıb ki, Cabir Novruzun əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusunun dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı yaranıb.
Xatirə gecəsi konsert proqramı ilə davam edib. Şairin sözlərinə yazılmış mahnılar tanınmış müğənnilərin ifasında təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 Mart – Milli Teatr Günü” adlı virtual sərgi, həmçinin “Akademik Milli Dram Teatrı – 150” adlı ənənəvi kitab sərgisi açılıb. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən tanış olmaq olar.
Qeyd edək ki, 10 Mart – Milli Teatr Günüdür. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynayıb. Bununla da peşəkar milli teatrımızın, Akademik Milli Dram Teatrının bünövrəsi qoyulub.
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi yeni loqosunun təqdimatını edib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş loqonu Mərkəzin rəhbəri Orxan Sadıqov təqdim edib. Tərkibində alov, sünbül, nar və xarıbülbül simvollarından istifadə edildiyini bildirən Mərkəzin rəhbəri bu rəmzlərin mənalarını da açıqlayıb: “Zərdüşt peyğəmbərin bu coğrafiyada yaşaması odpərəstliyi önəmli edib. Bu baxımdan loqoda alov yer alıb. Eyni zamanda, xarıbülbül də Qələbənin rəmzidir, ona görə də simvolda bu güldən də istifadə edilib. Nara gəldikdə isə bu, bütün Azərbaycanı özündə birləşdirən bir rəmzdir. Sünbül isə Şirvanşahlar və digər dövlətlərin gerbində olub və bu, tərəqqini, həmçinin bolluğu özündə birləşdirir", -deyə O.Sadıqov qeyd edib.
Eyni zamanda, Mərkəzin internet səhifəsinin də hazırlanaraq tezliklə təqdim ediləcəyi vurğulanıb.