Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub

    Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

    Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir sənətkar idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm”.

    Rüstəm İbrahimbəyovun qəlblərdə daim yaşayacağını söyləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var olduqca Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: “Rüstəm İbrahimbəyov fenomen idi. Onun çox dəyərli məsləhətləri var idi. О çoxlu sənətkarlar yetişdirib. Rüstəm Azərbaycanı bütün xarici ölkələrdə vəsf edirdi. Onun əsərləri Avropada məşhur teatrlarda tamaşaya qoyulurdu. О dünyaşöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.

    Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: "Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.

    Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: “Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik".

    Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.

    Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

  • Görkəmli xanəndə Canəli Əkbərovun anadan olmasından 83 il ötür

    Bu gün görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 83-cü ildönümü tamam olan mərhum xanəndənin ifasında səslənən muğam, təsnif və xalq mahnıları hər zaman dinləyicilər tərəfindən böyük məhəbbətlə qarşılanır.

    Canəli Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub. Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

    1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaradıb.

    Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib.

    Geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil edib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.

    Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil edib, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəb olub.

    Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

    Canəli Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

  • Xalq artisti Qəmər Almaszadənin doğum günüdür

    Bu gün Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 108-ci ildönümü tamam olan Şərqin ilk balerinası Qəmər Almaszadə musiqi sənətimizin korifeylərindən biri kimi hər zaman böyük hörmətlə yad edilir.

    Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.

    Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.

    Balerina 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb.

    “Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.

    O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.

    Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.

    Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olub. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilib.

    Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.

    Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib.

    Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.

     

  • Milli Teatr Günü münasibətilə telemarafon keçiriləcək

    10 Mart- Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur. Bu əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.

    Bir sözlə, bu gün Azərbaycanın televiziya məkanında əsl teatr ruzigarı əsəcək.

  • 10 Mart - Milli Teatr Günüdür

    Bu gün milli teatrımız 150 illik yubileyini qeyd edir

    10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

    1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

    AZƏRTAC xəbər verir ki, bu il Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.

    Teatrımızın inkişafında son illərdə yeni mərhələ başlayıb

    Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

    Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir.

    Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

    2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

    Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.

    Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

    Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

    Azərbaycan teatrları beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edir

    Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

    Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.

    Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

    Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 150 illik yubileyini qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

  • Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” sərgisi açılıb

    Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa və digər rəsmi qonaqlar iştirak ediblər.

    Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Sərgidə Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur.

    Sərginin açılış mərasimində çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa bugünkü tədbirin ölkəsi üçün önəmli hadisə olduğunu deyib. O, bu sərginin hər iki ölkənin birgə səyləri nəticəsində baş tutduğunu qeyd edib. Bildirib ki, sərgidə xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur.

    Viya Buşa diqqətə çatdırıb ki, Latviyanın Azərbaycandakı səfirliyi incəsənət sahəsindəki layihələrə xüsusi önəm verir. Eyni zamanda, səfirlik Latviya ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərə, bu istiqamətdə dialoqa öz töhfəsini verir. Beləliklə, bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təşviq edilir. Bu sərginin açılışı ilə biz mədəni əməkdaşlıq sahəsində növbəti addımı atmış olacağıq.

    Latviya Respublikasının Prezidenti Egils Levits müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirmək üçün sərginin adının düşünülmüş olduğunu və düzgün seçildiyini deyib. O bildirib ki, bu gün heç kim yeknəsəq, qlobal mədəni şəraitdə yaşamaq istəməz. Hər bir xalqın özünəməxsus mədəniyyəti qorunub saxlanmalıdır. Milli mədəniyyətlər ənənələrə söykənir, lakin bu ənənələr inkişaf etdirilməlidir. Milli mədəniyyətlər digər mədəniyyətlərin irəli sürdüyü ideyalara açıq olmalıdır.

    Bu sərgini ölkələrimiz arasındakı körpülərin çox bariz nümunəsi adlandıran Latviya Prezidenti tədbirin təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl nümunələrindən biridir. Bu cür birgə mədəni tədbirləri keçirməklə biz bir-birimizi daha da yaxın, bağlı edirik.

    Sərgidə əsərləri nümayiş olunan müəllif İeva Krumina möhtəşəm bir məkanda - Heydər Əliyev Mərkəzində sərginin açılışında iştirak etməkdən və əsərlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edib. Öz əsərləri barədə məlumat verən İeva Krumina diqqətə çatdırıb ki, Şərq üslubunda miniatür ənənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaradıb. “Hər iki xalqın düşüncələrində bir çox oxşarlıqlar var. İncəsənət bizi bir birimizə yaxınlaşdırır. Bu o deməkdir ki, bizim bölüşdüyümüz ideyalar bir-birimiz tərəfindən qavranıla bilər”, - deyə o vurğulayıb.

    Qeyd edək ki, tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır və hər bir sənət əsərinə baxanda insan özünü o sənət əsərində görür. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapları ilə təmir etmək mesajını çatdırır.

    Dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeni və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

    Heydər Əliyev Mərkəzindəki sərgi aprelin 3-dək davam edəcək.

  • “Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

    Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News” saytları Dövlət Tərcümə Mərkəzinin Xocalı faciəsi haqqında sənədli arxiv materialları əsasında müxtəlif dillərdə ərsəyə gətirdiyi “Qanlı tarix – Xocalı soyqırımı” sənədli videoçarxın yayımına başlayıb.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tarixi faktlara və statistik məlumatlara istinadən hazırlanmış, foto və video materiallarla zəngin videoçarx Azərbaycanın yaxın keçmişində baş vermiş bəşəri faciəni – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın qədim şəhəri Xocalıda törətdiyi insanlığa sığmayan vəhşilikləri bütün reallıqları ilə sənədli şəkildə əks etdirir.

  • Dünyaşöhrətli amerikalı biznesmen İlon Mask haqqında film çəkiləcək

    “Taxi to the dark side” adlı sənədli filminə görə “Oskar” mükafatı laureatı və onlarla yüksək səviyyəli filmlərin müəllifi kimi tanınan amerikalı rejissor Aleks Gibni dünyaca məşhur sahibkar, multimilyarder İlon Mask haqqında film çəkəcək.

    AZƏRTAC deadline.com saytına istinadla xəbər verir ki, filmdə “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin direktoru İlon Maskdan bəhs ediləcək.

    Sənədli film “Jigsaw Productions” tərəfindən “Closer Media”, “Anonymous Content” və “Double Agent”lə müştərək istehsal olunacaq. Layihənin prodüserləri Cessi Diter, Steysi Offman və Riçard Perellodur.

    “Mən bir müddətdir ki, bu film üzərində işləyirəm və bundan çox həyəcanlanıram. Mənimlə işləyən bu qeyri-adi qrupa heyranam", -deyə rejissor A.Gibni bildirib.

    Qeyd edək ki, rejissor Aleks Gibni həmçinin Mixail Xodorkovski haqqında “Vətəndaş X”, “Apple” şirkətinin yaradıcısı haqqında “Stiv Cobs: maşındakı adam”, velosipedçi Lens Armstronq haqqında “Armstronqun yalanı” kimi sənədli filmlər çəkib.

  • “Dəyirmi masa” layihəsi şikəstələrə həsr olunub

    Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsinin növbəti tədbiri muğamın tərkib hissəsi olan şikəstələrə həsr edilib və “Kəsmə şikəstə”nin əvəzolunmaz ifaçısı, Əməkdar artist Fatma Mehrəliyevanın xatirəsinə həsr olunub.

    AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan muğamında şikəstələrin fərqli xüsusiyyətləri və yaranma tarixçələri haqqında geniş, ətraflı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, aşıq musiqisindən törəsə də şikəstələr artıq muğam irsimizin bir parçasına çevrilib. Əlliyə yaxın şikəstə məlumdur, amma təəssüf ki, günümüzdə çox az hissəsi ifa olunmaqdadır.

    Tədbirdə iştirak edən mütəxəssislər çıxışlarında şikəstələrin tarixindən, mahir ifaçılarından söz açıblar. “Kəsmə şikəstə”nin mahir ifaçısı Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri müzakirə edilib. Sənətkarın ifasında lentə alınaraq fondda qorunan “Kəsmə şikəstə” səslənib.

    Qeyd edək ki, adı çəkilən tədbirlər BMM-nin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir.

  • Dövlət Arxivinin Şəki filialında ağacəkmə aksiyası keçirilib

    “Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilən işlər davam etdirilir.

    İdarədən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları həyata keçirilir.

    Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək üçün Dövlət Arxivinin Şəki filialında növbəti tədbir gerçəkləşdirilib. Dövlət Arxivinin Şəki filialının rəhbərliyi və kollektivi tərəfindən filialın həyətində yeni həmişəyaşıl ağaclar əkilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə abadlıq və təmizlik işləri aparılıb.