Rusiya hökuməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 17 gəmisinin Xəzər dənizindən Azov dənizinə Həştərxandan Volqa çayı ilə Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-Dona və əks istiqamətdə hərəkətinə icazə verib.
Bu barədə Reporta ASCO-dan məlumat verilib.
Məlumata görə, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan bayrağı altında üzən “Qaradağ”, “Teymur Əhmədov”, “Maestro Niyazi”, “Qafur Məmmədov”, “Üzeyir Hacıbəyli”, “Natəvan”, “Rəsul Rza”, “Hüseyn Cavid”, “General Aslanov”, “Şair Sabir”, “Şair Vaqif”, “Mahmud Rəhimov”, “Gəncə”, “Professor Əziz Əliyev”, “Laçın”, “Kəlbəcər”, “Akademik Xoşbəxt Yusifzadə” gəmilərinə Rusiyanın daxili su yolları ilə Xəzər dənizindən Azov dənizinə və əks istiqamətdə tranzit məqsədilə çoxsaylı keçidinə icazə verilir.
Gəmilər xarici gəmilər üçün açıq dəniz limanlarında yaradılmış Rusiyanın dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, federal dövlət sanitariya-epidemioloji, karantin, fitosanitar və baytarlıq nəzarətindən keçəcəklər.
Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsi məqsədilə “Nar” İT ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Proqrama seçilən tələbələr “Nar”ın mobil rabitə şəbəkəsinə nəzarət edən peşəkar texniki heyətlə birgə çalışmaq və karyeralarını artıq indidən qurmaq imkanı əldə edir.
May ayının sonunadək davam edəcək proqram çərçivəsində 27 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçir. Bu tələbələr Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində təhsil alırlar.
Korporativ sosial məsuliyyət siyasətinin təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” AzTU ilə uzunmüddətli əməkdaşlıq qurub. Əməkdaşlıq çərçivəsində universitetdə Nar GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”da dəyişiklik edib.
Report xəbər verir ki, bununla bağlı nazir İnam Kərimov yeni qərar imzalayıb.
Dəyişikliklə nəqliyyat vasitələri “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda texniki baxışa buraxılacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu elektron informasiya sistemi vasitəsi ilə yoxlanılacaq.
Nazirliyin Hüquq və İcra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Kənd Təsərrüfatı Nazirliyinin Novruz bayramı ilə əlaqədar olaraq təşkil edəcəyi növbəti “Kənddən Şəhərə” yarmarkaları 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək.
Report nazirliyə istinadən xəbər verir ki, əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. “Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı “TuralTuranX” dueti təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il mayın 9-13-də Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim edilən biblioqrafiyada 1969-2022-ci illəri əhatə edən zəngin material toplanıb. Vəsaitdə “Vilayət Quliyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında” bölmələri, siyasətçinin elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, həmçinin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.
Biblioqrafiyada Vilayət Quliyevin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də əhatə olunub. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə bölmələrə ayrılıb.
Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Əməkdar mədəniyyət işçisi Ilqar Fəhminin aparıcılığı və Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi Ibayev, eləcə də digər xanəndələrin ifası ilə davam edəcək. Gecəni tarzən Rüstəm Müslümovun müşayiəti ilə ansambl idarə edəcək.
Qeyd edək ki, Bakının Maştağa kəndində anadan olan Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Filarmoniyanın nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmış və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik etmişdir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səs yazıları AzTv-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar bir çox xanəndələrin repertuarlarına daxil edilib. M.Füzuli, Ə.Vahid, M.Müşviq, S.Rüstəm, B.Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və bir çox digər mahnılar AzTv-nin fondunda görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. O, 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyərək, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan və İsrail informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələrində qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Report bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi", Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib. Xidmət rəisi adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən "PROSOL" şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olub.
Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.
İ.Musayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov ilə görüşüb.
Fondan AZƏRTAC-a bildirilib ki, görüşdə müasir dövrdə Türk dövlətləri arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Türk xalqlarının ortaq mədəniyyətinin mühüm birləşdirici amil olduğu vurğulanıb. Fond tərəfindən ümumtürk mədəni irsinin mühafizəsi və geniş miqyasda təbliği istiqamətində aparılan işlər Türk dünyası üçün önəmli töhfə kimi qiymətləndirilib. Eyni zamanda Fond tərəfindən keçirilmiş Qırğızıstanın qədim dəyərlərini, zəngin mədəniyyətini əks etdirən və tanıdan layihələrin əhəmiyyətindən bəhs olunub. Görüşdə dünyanın ən zəngin folklor sərvətləri sırasında yer alan, qırğız xalqının mənəvi abidəsi - “Manas” eposunun dərindən öyrənilməsi yönündə Fond tərəfindən həyata keçirilməkdə olan silsilə layihələr yüksək qiymətləndirilib. Fond ilə təşkilatın qurucu üzv dövləti Qırğız Respublikası arasında əlaqələrin daha da genişlənməsi istiqamətində birgə əməkdaşlığa dair dəstək ifadə edilib.
Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kairat Osmanaliyev də iştirak edib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli aviaşirkəti “Buta Airways” mayın 4-dən Bakıdan Türkiyənin Trabzon şəhərinə uçuşlara başlayacaq.
Report AZAL-a istinadən xəbər verir ki, aviareyslər hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Aviabiletlər www.butaairways.az saytında, həmçinin www.azal.az saytında və aviaşirkətlərin mobil tətbiqlərində mövcuddur.