Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Yel çərşənbəsidir

    Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.

    AZƏRTAC xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

    Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

    Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
    Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.
    Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.
    Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

    Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!

  • Bakı metrosu martın 8-nə iş rejimini açıqlayıb

    8 Mart – Beynəlxalq Qadınlar Günündə "Bakı Metropoliteni" QSC-nin xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    "Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq. Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək", - deyə məlumatda qeyd olunub.

  • “Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın doğum günüdür

    Bu gün Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 78-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşalarıyla, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır.

    O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.

    Öz dövrünün sevilən aktrisalarından olan Xuraman Hacıyeva 1945-ci il martın 7-də Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və oradakı dram teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) aktrisanın yaradıcılığında xüsusi yer tutur.

    Xuraman Hacıyeva 2005-ci il fevral 15-də Bakıda vəfat edib və Ucar rayonunda dəfn olunub.

  • Xaçmazda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xaçmaz rayonundakı Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 20-ci kilometrindən ayrılan Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimova avtomobil yolunu yenidən qurur.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, ümumi uzunluğu 30 kilometr təşkil edən yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.

    Torpaq işlər bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 10 kilometrlik hissəsində asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

    Sonda yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

    Təmir-tikinti işlərindən sonra isə 10 yaşayış məntəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcək.

  • Xalq rəssamı Salam Salamzadənin anadan olmasından 115 il ötür

    Martın 7-si Xalq rəssamı Salam Salamzadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli fırça ustasının anadan olmasının 115-ci ildönümü tamam olur.

    S.Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını" və "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib, illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri qalereyası ərsəyə gətirib. S.Salamzadənin Bakı, Moskva və Kiyev şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1982) fəxri adlarına, eləcə də Nasir adına Beynəlxalq mükafata (1974) layiq görülüb. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

    Yaradıcılığında tematik tablolar çəkmək üslubu başlıca yer tutmuş istedadlı fırça ustası portret və mənzərə rəsmləri ilə də böyük tamaşaçı marağı qazanıb. S.Salamzadə Azərbaycan modernizminin nümayəndələrindən biridir.

    Rəssam dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb. Dünyanın bir sıra ölkələrində keçirilən fərdi sərgilərində çoxsaylı əsərləri nümayiş etdirilib.

    Salam Salamzadə Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tabloların, portret və mənzərələrin müəllifidir. "Nəriman Nərimanov", "Günəş altında", "Suya gedən qadınlar", "Çay plantasiyası" və sair əsərləri məşhurdur. Dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb.

    Salam Salamzadə 12 may 1997-ci ildə Bakı şəhərində vəfat edib.

     

  • Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

    "Turan Air" MMC ləğv olunduğunu elan edib.

    Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, "Turan Air" 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı "Azərbaycan Hava Yolları" Dövlət Konserni (indiki "Azərbaycan Hava Yolları" QSC - AZAL) və ABŞ-ın "İTİ Trading İnternational" şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.

  • Azərbaycanlı rejissorun filmi Asuan Beynəlxalq Qadın Film Festivalında

    Azərbaycanlı rejissor Təhminə Rafaellanın “Banu” filmi Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan “Banu” filmində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən rol alıblar. Bu ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.

    AZƏRTAC xəbər verir ki, açılış mərasimində Misirin mədəniyyət naziri Nevin Əl-Kilaninin iştirak etdiyi festivalda Avropa, Asiya, Amerika, Afrika və Yaxın Şərq ölkələrindən olan qadın kinorejissorların lentə aldıqları 61 film iştirak edir.

    Martın 10-dək davam edəcək kinofestival çərçivəsində seminarlar, sərgilər və filmlərin yaradıcı heyətləri ilə görüşlər də təşkil olunacaq.

  • Bir yumruq, bir ürək, bir can!

    Azərbaycan Yazıçılar Birliyi (AYB) Beynəlxalq Muğam Mərkəzində “Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirib.

    AZƏRTAC xəbər verir ki, AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək rəhbərlik etdiyi qurumun ölkəmizdəki bir çox təşkilatlar kimi fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə maliyyə yardımı etdiyini bildirib: “45 mindən çox insan bu zəlzələlər zamanı həyatını itirib. Bu acı həm də bizim acımızdır. Yazıçılar Birliyində qərara alındı ki, belə bir xeyriyyə tədbiri də keçirilsin. Bu ilk növbədə qardaşlıq borcumuzdur”.

    Tədbirdə Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev və başqaları türk dünyasının bir araya gəlib qardaş Türkiyəyə dəstək göstərməsindən, Azərbaycanın hər zaman Türkiyənin yanında olmasından söz açıblar.

    Həmçinin şairlər öz şeirlərini səsləndiriblər. Gecədə milli və klassik musiqi nömrələri təqdim olunub.

    Xeyriyyə tədbirində əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə yardım fonduna yönəldiləcək.

  • Xalça Muzeyində batika üzrə mühazirə olacaq

    Martın 11-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika üzrə mühazirə keçiriləcək.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə İnna Kostina tərəfindən rus dilində təqdim olunacaq.

    İştirak üçün öncədən https://forms.gle/Sx6YeA2sWY7hhh7T7 linkinə müraciət edərək qeydiyyatdan keçmək olar.

  • Əməkdar incəsənət xadimi Tərlan Seyidovun xatirəsi anılacaq

    Martın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası akademiyanın böyük zalında Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun xatirəsinə ithaf olunmuş tədbir keçirəcək.

    BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktəb-studiyanın işçi heyəti tərəfindən hazırlanmış xatirə tədbirində professor Tərlan Seyidov tərəfindən yaradılmış təhsil müəssisəsinin yetirmələri, hazırda isə Azərbaycanın mədəni həyatında və onun hüdudlarından kənarda uğurları ilə hər birimizi qürurlandıran musiqiçilər çıxış edəcəklər.

    Onların arasında Əməkdar artist, dirijor Fuad İbrahimov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, II Qarabağ müharibəsinin qazisi, bəstəkar Vüqar Məmmədzadə və məktəbin digər məzunları olacaq. Tədbirdə, həmçinin Azərbaycanın görkəmli musiqi xadimləri öz xatirələrini bölüşəcəklər.

    Qeyd edək ki, yüksək intellekt və bacarıq, gözəl təşkilatçılıq kimi xüsusiyyətləri özündə cəmləşdirən məktəb-studiyanın yaradıcısı Tərlan Seyidov öz işinə daim məsuliyyətlə yanaşar və ətrafında olan insanları bu dəqiqliyə riayət etməyə çağırardı. Onun yarım əsrə yaxın bir vaxt ərzində musiqinin tərbiyə, maarifçilik, elmi-tədqiqi prosesləri sahəsində apardığı işlərin həcmi həqiqətən də heyrətləndirici və təqdirəlayiqdir.

    Professor Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının nüfuzlu müəllimlərindən biri olmuşdur. Məhsuldar pedaqoji işi ilə yanaşı o, daim elmi araşdırmalarla məşğul olur və yeni ixtiralarını təcrübədə uğurla tətbiq edirdi. T.Seyidov, daim Azərbaycan musiqisinin təbliğatı ilə əlaqədar tədbirlər təşkil edən, respublikamızda ümumi musiqi təhsilinin islahat problemlərinin həll olunması sahəsində fəal və müvəffəqiyyətlə çalışan əsl maarifçi idi.

    Musiqişünas-alim kimi Tərlan Seyidov Azərbaycan ifaçılıq musiqişünaslığının yaradıcısı olub. O, XX əsrin Azərbaycan milli fortepiano mədəniyyətinin (pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı sahələri üzrə) dərin bilicisi idi.

    Maraqlı, cəsarətli və orijinal ideyaların müəllifi olmuş Tərlan Seyidov daim çalışırdı ki, gələcəyimizi əmanət etdiyimiz uşaqlar hərtərəfli bilik və bacarığa sahib olsunlar. Onun bu istiqamətdə atdığı vacib addımlardan biri də 1980-ci ildə təsis etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası olub. Hər zaman yüksək fəaliyyəti ilə seçilmiş məktəb-studiya bu gün də T.Seyidovun qoyduğu ənənələri üzrə addımlayır.

    Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolunda misilsiz rolu olmuş professor Tərlan Seyidovun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.