Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivala 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Müstəqilik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

    İştirakçıların qeydiyyatı fevralın 20–dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılır. Martın 6-dək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.

    Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.

    Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.

  • “Mehmetcik məktəbləri”ndəki uşaqlardan əsgərlərə duyğusal məktublar və şəkillər

    Türkiyənin Milli Müdafiə və Milli Təhsil nazirliklərinin təşkilatçılığı ilə zəlzələ bölgəsindəki çadır və konteyner şəhərciklərində açılan “Mehmetcik məktəbləri”ndə təhsil davam edir.

    Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mehmetcik məktəbləri”ndə təhsillərini davam etdirən uşaqlar çəkdikləri şəkillərlə və yazdıqları məktublarla əsgər qardaşlarına təşəkkür ediblər.

    Milli Müdafiə Nazirliyi sosial media hesabından “Mehmetcik məktəbləri”ndə təhsilini davam etdirən övladlarımızın qələmindən əsgər qardaşlarını duyğulandıran şəkillərdən və məktublardan bəziləri” qeydi ilə şagirdlərin duyğusal şəkillərini və məktublarını paylaşıb.

    Əsgər və uşaq çəkilmiş şəkildə “Əziz Yunus abimə, səni sevirəm Yunus abi. Sən bizi qoruyursan, çox sağ ol” sözləri yazılıb.

    Başqa bir şagird “Əsgər abi, sənə bir şey demək istəyirəm. Mən səni çox sevirəm, sən yaxşı insansan. Əsgər abi, mənə yaxşı davrandığın üçün çox sağ ol” yazıb.

    Başqa bir şəkildə isə “Mehmetcik məktəbi” və əsgərlərin rəsmi çəkilib.

  • Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı sərgi açılacaq

    Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq.

    AZƏRTAC xəbər verir ki, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.

    Tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.

    REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

  • Oğuz dağ yəhudiləri haqqında filmin çəkilişləri başa çatıb

    Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb.

    AZƏRTAC xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

    Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.

    Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

    Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 5-ci filmidir.

  • Azərbaycan Düşənbədə keçirilən Beynəlxalq Xəttatlar Forumunda təmsil olunub

    Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” ictimai təşkilatının təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.

    “Azərbaycan xalçaçıları” İctimai Birliyində  AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsindən əsas məqsəd Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan şedevrlərin təbliği olub.

    Forum çərçivəsində dəyirmi masa arxasında diskussiyalar aparılıb, xəttatlıq sənəti nümunələrinin sərgisi təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan olan müasir xəttatların əl işləri nümayiş etdirilib.

    Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bugünündən bəhs ediblər.

    Forumda Azərbaycanı tanınmış xəttat, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələrin laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədov təmsil edib. O, “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzə oxuyub.

    Dəyirmi masanın materialları və diskussiyaların nəticələri forumun təşkilatçılarının culcooperation-tj.com. saytında yerləşdiriləcək.

  • Bakıda “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzi açılıb

    Bakıda “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzinin açılış mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Azərbaycanın Xalq artisti Emin Ağalarov və digər qonaqlar tədbirdə iştirak ediblər.

  • "Aeroflot" Gəncəyə uçuşlara başlayır

    Martın 5-dən “Aeroflot” aviaşirkəti Şeremetyevo hava limanından Gəncəyə uçuşlara başlayacaq.

    Reportun Rusiya bürosunun məlumatına görə, bu barədə Şeremetyevo hava limanının rəsmi teleqram kanalı məlumat yayıb.

    Moskvadan Gəncəyə uçuşlar həftədə bir dəfə, bazar günləri həyata keçiriləcək.

  • Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılıb

    Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq.

    Report xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır.

    Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

    Bildirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

    "Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir.

    Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

  • Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib

    Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Xaçmaz, Qusar və Quba rayonlarında olub.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzinə, uşaq musiqi və incəsənət məktəblərinə, muzey və klublara, kitabxanalara baxış keçirilib. Yaradılan şəraitdən səmərəli istifadə olunması, nəticəyönümlü fəaliyyət və işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.

    Qusar rayonunda Uşaq İncəsənət məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və onun 43 kənd və qəsəbə kitabxana filialları, Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, eləcə də 14 Mədəniyyət evi və 38 klub fəaliyyət göstərir. Rayondakı mədəniyyət müəssisələrinin bir qismi və tarixi irsimizi əks etdirən tikililərə baxış keçirilib. İşlək mexanizmlərin tətbiqi üçün bölgəyə xas olan yaradıcılıq istiqamətlərinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilib. Qusar rayonunun Əniq kəndi ərazisindəki XIII əsrə aid qala divarlarının qalıqları və məscidə də baxış keçirilib.

    Quba Heydər Əliyev Mərkəzindəki təmir işlərinin gedişatı ilə maraqlanılıb, Yaşıl teatr və Bayraqlar muzeyinə, eləcə də "Günbəzli hamam"a baxış keçirilib. XVIII-XIX əsrlərə aid edilən hamamın tanıdılması və mühafizəsinin təşkili ilə bağlı müvafiq göstərişlər verilib.

  • Teatr Xadimləri İttifaqında “Baxış-3” festivalının açılışı olub

    Martın 6-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış-3” teatr festivalının açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək festival haqqında məlumat verib və festivalın əhəmiyyətini vurğulayıb.

    Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

    “Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edəcək festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Səhnə əsərləri Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində nümayiş ediləcək. Bildirilib ki, martın 10-da isə festival çərçivəsində nümayiş edilən tamaşaların mükafatlandırma mərasimi təşkil olunacaq.

    Qeyd edilib ki, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

    Sonra rejissor Məhəmməd Verdiyevin səhnələşdirdiyi “Sonuncu güllə” tamaşası nümayiş edilib. Tamaşada rolları Feyruz Bayramov və Leyla Ələsgərova canlandırıblar.