Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Azərbaycan Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı seçilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqramın geniş ictimaiyyətə tanıdılması məqsədilə martın 6-da Almaniyanın Berlin şəhərində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson, Dayanıqlı Qonaqpərvərlik Alyansının baş icraçı direktoru Qlen Mandjuk və Proqramın hotel tərəfdaşı olan “Radisson” Hotel Qrupunun dayanıqlılıq üzrə vitse-prezidenti İnge Huybrexts iştirak ediblər.
Proqramın əsas məqsədi dayanıqlı turizmin təbliğ edilməsi məqsədilə hotellərdə qlobal olaraq qəbul edilmiş bir sıra meyarların tətbiq edilməsinə nail olmaqdır.
Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə istehlak olunan məhsulların yenidən istifadəsi, təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) kimi 3 sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.
Konfransda çıxış edən Florian Zenqstşmid bu proqramın Azərbaycanın dayanıqlı turizm inkişafı strategiyasına mühüm əlavə olduğunu qeyd edib.
O bildirib ki, bu proqrama qoşulmaq təkcə özümüzə və ziyarətçilərə qarşı deyil, həm də Azərbaycan kimi inkişaf etməkdə olan digər destinasiyalara qarşı məsuliyyət deməkdir.
Azərbaycanda proqramın tətbiq edilməsinin birbaşa Azərbaycan Hotel Assosiasiyasının məşğul olacağını bildirən Baş icraçı direktor, həmçinin ölkənin ümumi dayanıqlılıq strategiyası haqqında məlumat verib.
Slou Fud səyahət proqramı, quş müşahidəçiliyi, Basqalda həyata keçirilən restavrasiya işləri haqqında mətbuat konfransı iştirakçılarına məlumat verilib və bu layihələrin yerli icmaların rifahının yaxşılaşdırılması, fauna və floranın mühafizəsi, kiçik bizneslərə dəstək və digər məsələlərdə rolu vurğulanıb.
Bu gün BMTİP-nin Gəncədəki PROGRO Mərkəzi Texnologiya Universitetində “İş həyatında qadınlar” adlı tədbir təşkil edib.
Reportun Qərb bürosunun məlumatına görə, tədbirin təşkilində əsas məqsəd öz sahəsində uğur qazanmış qadınları gənclərlə bir araya gətirmək, eləcə də təcrübə mübadiləsi və şəbəkələşmə üçün imkan yaratmaq olub.
Tədbirdə Gəncədə fəaliyyət göstərən dövlət və özəl sektordan olan rəhbər şəxslər və nümayəndələr, iş adamları qonaq qismində çıxış ediblər.
Qonaqlar iş həyatında qarşılaşdıqları çətinliklər, fürsətlər haqqında danışıb və təcrübələrini bölüşüb.
Qeyd edək ki, “PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMTİP və Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi yaradılıb və USAID-in maliyyə dəstəyi ilə fəaliyyət göstərir.
Peşəkar İnkişaf və İnnovasiyalar Platforması (PROGRO) işaxtaran və işə götürənləri birləşdirən inkişaf şəbəkəsidir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun və Dağçılıq İdman Klubunun qrupu olan “race.az”ın birgə təşkilatçılığı ilə aprelin 23-də qoruq ərazisində növbəti “Gobustan Trail 2023” cığır qaçışı yarışları keçiriləcək.
Qoruqdan AZƏRTAC-a bildirilib ki, bu yarışlar Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.
Layihə sağlam həyat tərzinin və Qobustan abidələrinin təbliğinə xidmət edir.
Qeyd edək ki, yarışda təqdim olunun məsafələr Azərbaycanda ilk dəfə olaraq, Beynəlxalq Treylranninq Təşkilatında (lTRA) qeydiyyatdan keçib və uzaq məsafələrin iştirakçıları xallar qazanacaq.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı nasir, dramaturq, ssenarist, Xalq yazıçısı Mövlud Süleymanlının 80 illik yubileyi münasibətilə hazırlanan “Sevilən romanlar müəllifi - Mövlud Süleymanlı” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsait iki hissədən ibarətdir. Vəsaitin I hissəsində “Ədəbiyyatımızın öndər yazıçılarından biri” adlanan bölmədə Mövlud Süleymanlının ədəbiyyatımıza olan misilsiz xidmətlərindən, onun yaradıcı həyatından bəhs edilib. Vəsaitin II hissəsində isə unikal düşüncə sahibi, qələm-söz ustası Mövlud Süleymanlının yaradıcılığını oxuculara daha yaxından tanıtmaq məqsədilə kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim olunub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Metodik vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Bakıdakı Rus evinin dəstəyi ilə martın 6-da “Harmoniya” adlı qrup sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, Bakıdakı Rus evinin sərgi salonunda açılacaq sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Statusundan və yaşından asılı olmayaraq qadın gözəlliyi, incəlik, mənəvi müdriklik və qadına diqqət hər zaman təsviri sənət ustalarının yaradıcılığında tərənnüm edilib.
“Harmoniya” adlı qrup sərgisi qadın təbiətini, kainatın ülvi gözəlliyini əsərlərində tərənnüm edən rəssamların yaradıcılığına diqqət çəkmək məqsədilə keçiriləcək.
Sərginin ekspozisiyasında 30-a yaxın müəllifin müxtəlif üslub və texnikalarda ərsəyə gətirdiyi 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunacaq.
Bu gün Ümumdünya Yazıçı Günüdür.
AZƏRTAC xəbər verir ki, maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və novelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
İlk turist səfərləri Novruz bayramı öncəsi - mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarıbülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma... onları da özü ilə haqq dünyasına apardı.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-cı ildönümü tamam olur.
Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.
Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin vətənə, göndərin məni.
Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yadda qalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni,
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə Təbriz!
Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.
Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.
Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək davam edəcək.
Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda office@spaceofmugam.az ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.
Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.
Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.