Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq

    Prezident İlham Əliyev martın 3-də Azərbaycanın görkəmli teatr rejissoru, Dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 ili haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

    Sərəncamda bildirilir ki, orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirib. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olub və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırıb. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanıb, respublikanın mədəni həyatında hadisəyə çevrilib. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynayıb.

  • Sumqayıt Kimya Sənaye Parkının rezidenti ixrac coğrafiyasını genişləndirib

    İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlayıb.

    Bu barədə Reporta Agentlikdən bildirilib.

    Məlumata görə, şirkət ilk dəfə Ruminiya, Çexiya, Latviya, Litva və İordaniyaya yağ ixrac edib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.

    “Alco” 150 növdən çox sürtkü yağı istehsal edir. Məhsullar daxili bazarla yanaşı 30-dan çox ölkənin bazarına “Made in Azerbaijan” brendi ilə çıxarılır.

  • “Buta Airways” Bakıdan Mahaçqalaya uçuşlara başlayır

    "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - “Buta Airways” şirkəti martın 15-dən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

    Report AZAL-a istinadən xəbər verir ki, aviareyslər hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.

    Biletləri aviaşirkətin www.butaairways.az internet səhifəsindən və yaxud mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • Pulsuz dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir

    Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir.

    Reportun xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

    Məruzədə bildirilib ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın növlərinin və ya əvəzedicilərinin sayının artırılması təklif edilir.

  • “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

    Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, konsert gənc violin ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşovanın iştirakı ilə reallaşıb.

    Musiqili gecəni beynəlxalq müsabiqələr laureatı Arzu Səfərova müşayiət edib.

    Proqramda Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.

  • Turistlər üçün aeroportu olmayan 5 kiçik ölkə haqqında məlumat

    Dünyanın 5 kiçik ölkəsində aeroport yoxdur və bu dövlətlərin ərazisinə gələn turistlər digər nəqliyyat vasitələrindən istifadə edirlər. AZƏRTAC həmin ölkələr barədə məlumatları təqdim edir.

    Vatikan: Əhalisinin sayı cəmi 800 nəfər olan dünyanın bu ən kiçik dövlətində aeroport tikintisi üçün uyğun ərazi də yoxdur. Eyni zamanda, çay və dənizin də olmadığı Vatikanda su nəqliyyat vasitələrindən də istifadə etmək mümkün deyil. Lakin İtaliyanın Ciampino və Fiumicino aeroportlarına gələn səyahətçilər qatarla cəmi 30 dəqiqəyə bu şəhərə çata bilirlər.

    Monako: Bu ikinci ən kiçik dövlət üç tərəfdən Fransa ilə həmsərhəddir və ərazisində aeroport yoxdur. Monakoya səfər etmək istəyənlər Fransanın Nis şəhərinin “Côte d'Azur” aeroportuna gələrək taksi ilə bu knyazlığa yollana bilərlər.

    San Marino: Vatikanın yaxınlığında yerləşən bu kiçik ölkə dünyanın ən qədim dövlətlərindən biridir. Hər tərəfdən İtaliya ərazisi ilə əhatə olunmuş San Marinonun dənizə çıxışı yoxdur. Torpaqları çox kiçik olduğundan, burada aeroport tikilməyib. Bu ölkəyə gələnlər İtaliya aeroportlarından istifadə edirlər. Daha sonra avtomobillər təyinat yerinə çatmaq mümkündür. San Marinoya ən yaxın aeroport İtaliyanın Rimini Beynəlxalq Hava Limanıdır. Bununla yanaşı, Florensiya, Bolonya, Venesiya aeroportlarından da istifadə etmək mümkündür.

    Lixtenşteyn: Bu ölkənin o qədər də böyük olmayan ərazisinin perimetri cəmi 75 kilometrdir. Dağlıq relyefi və çox kiçik ərazisi bu cırtdan dövlətə Reyn çayı sahilində və Avstriya dağları ətəyində aeroport tikməyə imkan verməyib. Lixtenşteyn əhalisi təxminən 120 kilometr uzaqlıqda yerləşən Sürix hava limanına çatmaq üçün avtomobil və ya avtobusdan istifadə edirlər.

    Andorra: Ərazisi sadaladığımız ölkələrdən böyük olsa da, Andorra Knyazlığı dağlıq relyefə malik olması səbəbindən aeroporta sahib deyil. Bu dövlət Fransa və İspaniya arasında yerləşir və Pireney dağları ilə əhatə olunub. Burada hündürlüyü 3 min metrə çatan dağlar var və bu, təyyarələrin mütəmadi uçuşu üçün təhlükə yaradır. Andorra sakinləri və knyazlığa gələn turistlər təxminən 200 kilometr uzaqlıqda yerləşən İspaniyanın Barselona aeroportundan istifadə edirlər.

  • “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbir

    Martın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil - muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bəstəkarın həmkarları, sənət dostları - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, bəstəkar, Xalq artisti Elnarə Dadaşova onun yaradıcılığı haqqında çıxış edib, ürək sözlərini bölüşüblər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub. Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik Orkestr Alətləri”, “Qələbəyə doğru...Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirilib.

    Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun Azərbaycan Respublikasında “Heydər Əliyev İli”nə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

    Sonda Məmmədağa Umudov tədbir iştirakçılarına və tədbiri təşkil edən muzey əməkdaşlarına minnətdarlığını bildirib.

  • Rus evi nəzdindəki kinoklubda “Mənim xeyirxah atam” filminin müzakirəsi olub

    Rus evi nəzdindəki kinoklubda Bakıda lentə alınmış “Mənim xeyirxah atam” filminin müzakirəsi olub. Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində məlumat veriblər.

    Filmdə uşaq rollarını ifa edən Harri Məmmədov və Samir Musayev kinoklubun xüsusi qonaqları olublar. Onlar klubun üzvlərinə filmin ərsəyə gəlməsi prosesi və çəkiliş meydançasında baş verən maraqlı hadisələr barədə məlumat veriblər.

    “Mənim xeyirxah atam” tammetrajlı sovet ekran əsəridir. Filmdə Petya adlı oğlan müharibədən əvvəl Bakıda keçirdiyi xoşbəxt ömür səhifələri, bəstəkar və dirijor olan atası, daim narahatlıq keçirən anası və kiçik qardaşı Bob haqqında xatirələrini bölüşür.

  • Bakı Dövlət Sirki “DZİVA” sirk şousunun nümayişinə başlayır

    Bakı Dövlət Sirki yaz mövsümündə “DZİVA” sirk şousunun nümayişinə start verib.

    AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Bakı Dövlət Sirkinin direktor əvəzedicisi Nahid Ağayev proqramın əvvəlcə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunacağını bildirib.

    Diqqətə çatdırılıb ki, şounun təşkilatçısı Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur. Proqramda Monte-Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər. Şounu Parisdə keçirilən sirk festivalında bürünc medal qazanan janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları - Oleq fon Suvorov və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılovun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edir. Bundan başqa, uçuş gimnastlarının kollektiv qeyri adi-fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi maraq qatır.

    Proqramda Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsinin də xüsusi maraqla qarşılanacağı bildirilib.

    Qeyd edək ki, yeni yaz proqramı martın 4-dən aprelin 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.

  • Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş musiqi axşamı

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsert keçirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

    Qeyd olunub ki, Oqtay Kazımi musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkarlardandır. Bəstəkar böyük simfonik orkestr üçün "Azərbaycan rapsodiyası" (1962), "Qəhrəmanlıq simfoniyası" (1964), "Bayram uvertürası" (1976), proqramlı simfonik süita "Sumqayıt lövhələri (1977), "Şəhidlər" simfoniyası (1990), "Qarabağ lövhələri" (1992) simfonik süitası və s. əsərlərin müəllifidir. O.Kazımi eyni zamanda "Qılınc və qələm", "Ümid", "Danabaş kəndinin əhvalatı", "Müsyö Jordan və dərviş Məstəli şah", "Şeyx Sənan", "Ədirnə fəthi", "Büllur sarayda" və başqa məşhur tamaşalara musiqilər yazıb.

    Sonra konsert proqramı təqdim olunub. Konsertdə Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” Dövlət Ansamblı çıxış ediblər.

    Proqramda bəstəkarın mahnıları səsləndirilib.

    İfaçıları Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri (bədii rəhbər – Xalq artisti Salman Qəmbərov) və ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edib.