Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Kinokonsert” multimedia şousu

    Ətrafına peşəkar sənət adamlarını toplayan “Art-East Media Group” şirkəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına iki yaradıcılıq layihəsi təqdim edib.

    Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdim olunan yeni yaradıcılıq layihəsi “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu kimi mötəbər sənət ocaqları ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Belə ki, “Art-East Media Group” şirkətinin brendi olan “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən “Kinokonsert” multimedia şousu qarşısına qoyduğu məqsədlərə, habelə ölkəmizin ictimai və mədəni həyatında fəal iştirak etmək, dünyada və ölkədə cərəyan edən sənət prosesinə uyğun ideyalar reallaşdırmaq və yüksək sənəti dərk etməyə qadir mütərəqqi tamaşaçı zövqünü formalaşdırmaq kimi məqsədlərə nail olub. Bunu səhnə əsərini izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictimai xadimlərin, həm də sıravi tamaşaçı rəyləri sübut edir.

    Tanınmış aktyor Ruslan Sabirlinin aparıcılığı ilə baş tutan multimedia şousunda “Avanqard” Kamera Orkestri “Arşın mal alan”, “Baladadaşın ilk məhəbbəti”, “Güllələnmə təxirə salınır”, “Bəxtiyar”, “Alma almaya bənzər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “O olmasın, bu olsun”, “Gün keçdi” və s. filmlərin saundtreklərini təqdim edib, bir çox səhnələr peşəkar rəqqas qismində çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik nömrələrlə müşayiət olunub.

  • Bakıda “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir

    Bu gün Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılıği ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir.

    Report xəbər verir ki, maliyyə və bank sahəsində yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə 200-ə yaxın şəxsin iştirakı ilə keçirilən tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilir.

    Konfransda açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50%-ni, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35%-ni təşkil edir, ümumi məşğulluğun isə 60-70%-ni təmin edir.

    O, vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99%-dən çoxu KOB subyektləridir. Bütün dünyada olduğu kimi Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi banklara üstünlük verirlər. KOB-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə alternativ maliyyə alətlərinin tətbiqi KOBIA-nın fəaliyyətinin prioritetlərindəndir. USAID ilə birgə təşkil edilmiş bugünkü tədbirin məqsədi də məhz KOB-ların maliyyə əlçatanlığının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə və alternativ maliyyə alətlərinin ölkəmizdə tətbiqi imkanlarını müzakirə etməkdir.

    USAID-in Azərbaycan üzrə Missiya Direktoru Maykl Nirbas: “Əminəm ki, bu konfrans hamınızın məlumat paylaşa biləcəyi, yeni tərəfdaşlıqlar üçün əlaqələr qurmağınıza imkan yaradan, yeni texniki biliklər qazanacağınız və digər ölkələrin borc və kapital maliyyələşməsini necə təşkil etdiyi barədə birbaşa məlumat əldə edə biləcəyiniz platforma olacaq. Bu gün ekspertlərin iştirakı ilə baş tutacaq panellər layihə maliyyələşdirilməsi üçün müxtəlif seçimlərin aydınlaşdırılmasına da imkan yaradacaq”.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Innovasiya və Rəqəmsal Inkişaf Agentliyinin rəhbəri Inarə Vəliyeva təmsil etdiyi qurumun fəaliyyəti və startaplara göstərdiyi dəstək, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev isə alternativ maliyyələşmə barədə fikirlərini bölüşüb.

    Forum çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişafı perspektivləri”, “KOB dəstək alətləri: Zəmanət, Aktivlərə əsaslanan maliyyələşmə və Lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılır.

  • Azərbaycanda ilk dəfə elektrikli avtomobillərin sərgisi keçiriləcək

    Bakıda martın 12-14-də tarixlərindəı ilk dəfə olaraq elektrikli avtomobillərinin sərgisi keçiriləcək.

    Report Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) istinadən xəbər verir ki, "Auto Eko 2023" adı altında avto-şou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi: Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılması, bayram ərəfəsində Bakı sakinlərinin və qonaqlarının mənalı asudə vaxtının təşkilidir.

    Sərginin rəsmi açılışı martın 12-də saat 12.00-da olacaq. Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-prezentasiyalar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada "Need for Speed" kiber-disiplini üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaq. Bundan əlavə avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.

    Qeyd edək ki, "Azərbaycan-28 May" birinci avtomobil yürüşü hələ 1999-cu ildə təşkil olunmuşdu. Ölkədə ilk avtomobil sərgiləri - "Caspian Motor-Show" və "Caucasus Motor-Show" AADA-nın layihələridir və 2002-ci ildən keçirilir. Təşkilat bu gün öz missiyasını Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdə görür.

    Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkilini AADA öz qarşısına vəzifə qoyub. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə "Yaşıl ölkə" adlı ilk ekoloji avtomobil yürüşünü gerçəkləşdirib.

  • Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi ucaldılıb

    Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

    Report xəbər verir ki, mərasim martın 10-da keçiriləcək.

    Həmin tarixdə saat 12:00-da Birinci Fəxri xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı baş tutacaq.

    Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

    Qeyd edək ki, R.brahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

    R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.

  • Günay Əfəndiyeva Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın baş qərargahında Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumışla görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, Günay Əfəndiyeva Qazaxıstanda bu gün qeyd olunan Təşəkkür Günü münasibətilə qonağı təbrik edib.

    Görüş zamanı Günay Əfəndiyeva Fondun fəaliyyətindən, türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlərdən söz açıb. Fondun prezidenti türk dünyasının qədim irsinin beynəlxalq aləmdə təbliği ilə bağlı birgə layihələrin görülməsinin əhəmiyyətindən bəhs edib.

    Qazaxıstanın xarici işlər nazirinin müavini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, təşkilatın türk ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi töhfələr verdiyini vurğulayıb. O, eyni zamanda, Qazaxıstanın Fond tərəfindən keçirilən layihələrə hərtərəfli dəstək verəcəyini bildirib.

    Görüşdə Fondun fəaliyyət göstərdiyi illər ərzində yalnız türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmi qeyd edilib. Tərəflər bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının X Zirvə Görüşünün türk dövlətlərinin inteqrasiyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.

    Eyni zamanda, bu il Azərbaycanın və bütövlükdə türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi, Türk təsəvvüfünün banisi Əhməd Xoca Yasəvinin 930 illiyi, məşhur türk hökmdarı Sultan Beybarsın 800 illiyi kimi əlamətdar tarixlərin türk dünyasında təntənə ilə qeyd edildiyi vurğulanıb.

    Görüşdə Qazaxıstanla təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

  • Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçiriləcək

    Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Rusiya Maarif Nazirliyi, “Rossotrudniçestvo” və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil olunur. Layihənin ölkəmizdə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.

    Müsabiqəyə qoşulmağı arzu edən, yaşı 10-dan 17-yə qədər olan hər kəs dəvət olunur, iştirak ödənişsizdir.

    Müsabiqə iştirak etmək istəyən şəxslər “youngreaders.ru” saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib, onu əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək lazım olacaq.

    “Canlı klassika” – rusiyalı yazıçıların nəsr əsərlərindən nümunələrin ucadan oxunması üzrə yarışma tədbiridir.

  • Bu gün Xalq rəssamı Kamil Əliyevin anım günüdür

    O, bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir. Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmişdi.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin vəfatından 18 il ötür.

    Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

    İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. O, ornamentdən istifadə edərək şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərir.

    Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdir. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.

    Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunub.

    Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olur, İndira Qandinin portret-xalçasını yaratmaq üzərində düşünür. Vətənə qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin incilərilə tanışlıq müəllifə bu işdə kömək etmişdir. Kamil Əliyev Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus surətdə ustalıqla istifadə etmişdir.

    Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

    Portret təsvirli xalılar, adətən, "Türkbaf" ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunması ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçalığı yüksək professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

    Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyyətinin əsas hissəsini məhz “Azərxalça” birliyi təşkil edib. Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır. Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur.

    Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib.

  • “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” adlı konsert

    Beynəlxalq Muğam Mərkəzində (BMM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” adlı konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, BMM və “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan konsertdən əvvəl iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib. Sonra Vətən müharibəsi şəhidləri və Türkiyədə baş vermiş zəlzələlər zamanı həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Qeyd edib ki, dahi siyasətçi Türk dünyasının birliyi və bərabərliyi uğrunda misilsiz işlər görüb. Ulu öndərin yüksək ideyaları, amalları bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

    Türkiyəli müğənni Orxan Çakmak qeyd edib ki, Heydər Əliyevin hər zaman diqqət yetirdiyi Türkiyə-Azərbaycan birliyi bu iki qardaş ölkə ilə məhdudlaşmır, bütövlükdə Türk dünyasının güclənməsində də böyük rol oynayır: “Hazırda Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bizi birləşdirən tarixi köklər, həm də mədəni əlaqələrdir”.

    Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim edildi. “Buta” ansamblının (bədii rəhbər Rövşən Qurbanov) müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynova, solistlər Orxan Çakmak və Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirildi. Çıxışlar alqışlarla qarşılanıb.

  • Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu müzakirə olunub

    Bu gün İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirə təşkil olunub.

    Bu barədə Report Agentlikdən (KOBİA) bildirilib.

    Məlumata görə, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının, bank və sığorta şirkətlərinin və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

    İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, tədbir şuranın təşkilatçılığı ilə 2023-cü ildə keçirilən ilk ictimai müzakirədir və məqsəd KOB subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının müzakirə edilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsidir.

    KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyələşdirilməsi vəziyyəti və kredit zəmanət mexanizminin KOB-lar üçün önəminə dair fikirlərini bölüşüb. O qeyd edib ki, Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verir. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23%, Bakı üzrə isə 77%-dir. Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrin maliyyələşdirilməsi üçün sahibkarların uzun müddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir. Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var.

  • “Bank Respublika” “Bahar müjdəsi” nağd kredit kampaniyasına start verib

    Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən “Bank Respublika” ASC Novruz bayramı ərəfəsində müştərilərinə sevinc bəxş edəcək yeni sərfəli kredit kampaniyasına start verib.

    Belə ki, aprelin 30-nə qədər davam edəcək “Bahar müjdəsi” kredit kampaniyası çərçivəsində Banka müraciət edən müştərilər nağd kreditləri illik minimum 12%-lə və daha sərfəli şərtlərlə əldə etmək imkanı qazanacaq:

    - Maksimal məbləğ – 50 000 manat;

    - Maksimum müddət - 48 ay;

    - Güzəşt müddəti – 3 ay;

    - Zamin – tələb olunmur;

    - Sığorta xərci – yoxdur.

    “Bank Respublika”da kredit sifarişinin daha bir üstünlüyü ondan ibarətdir ki, krediti onlayn sifariş edən müştərilər, komissiyada 50% ENDİRİM əldə edəcək və kredit birbaşa qeyd edilən ünvana çatdırılacaq.

    Əgər Siz də bayram sevincinizə sevinc qatıb, özünüzü və əzizlərinizi sevindirmək istəyirsinizsə, elə indi krediti “Bank Respublika”dan sifariş edin!

    Kampaniyadan faydalanmaq istəyən müştərilər, bankın istənilən filialına yaxınlaşaraq, bankın rəsmi saytında onlayn müraciət edərək, eləcə də “WhatsApp”da “Çat-Bot” xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək kredit sifariş edə bilərlər.Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.