Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Biləsuvarda vətəndaşlarla görüşəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də saat 10:00-da Biləsuvar şəhəri Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar martın 27-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

  • Şuşada yeni su anbarının tikintisinə başlanılıb

    Şuşa şəhərində dəniz səviyyəsindən 1 406 metr hündürlükdə yeni su anbarı tikilir.

    Report xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin tikintisi layihəsi çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə şəhərə təşkil edilən səfər zamanı deyib.

    O qeyd edib ki, yeni anbar bu ilin sonuna kimi istifadəyə veriləcək:

    "Anbar iki hissədən ibarətdir və hər birinin həcmi 1 000 kubmetrdir. Anbar vasitəsilə suyun optimal idarəetməsi və dayanıqlılığı təmin edilir. Anbarda toplanan su elektrik enerjisi olmadan Şuşa şəhərinə paylanacaq. Bu anbar baş verən istənilən qəza zamanı şəhərin su təchizatının fasiləsiz davam etməsini təmin edəcək".

  • Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri, nazirə isə iki müşavir təyin edilib

    Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub.

    Report xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmrlər imzalayıb.

    Belə ki, nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin edilib.

    Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.

    Qeyd edək ki, X.Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

    Müşavir C.Səlimxanov bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə işləyib.

    Digər müşavir Oleq Əmirbəyov 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.

  • “Kinokonsert” multimedia şousu

    Ətrafına peşəkar sənət adamlarını toplayan “Art-East Media Group” şirkəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına iki yaradıcılıq layihəsi təqdim edib.

    Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdim olunan yeni yaradıcılıq layihəsi “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu kimi mötəbər sənət ocaqları ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Belə ki, “Art-East Media Group” şirkətinin brendi olan “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən “Kinokonsert” multimedia şousu qarşısına qoyduğu məqsədlərə, habelə ölkəmizin ictimai və mədəni həyatında fəal iştirak etmək, dünyada və ölkədə cərəyan edən sənət prosesinə uyğun ideyalar reallaşdırmaq və yüksək sənəti dərk etməyə qadir mütərəqqi tamaşaçı zövqünü formalaşdırmaq kimi məqsədlərə nail olub. Bunu səhnə əsərini izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictimai xadimlərin, həm də sıravi tamaşaçı rəyləri sübut edir.

    Tanınmış aktyor Ruslan Sabirlinin aparıcılığı ilə baş tutan multimedia şousunda “Avanqard” Kamera Orkestri “Arşın mal alan”, “Baladadaşın ilk məhəbbəti”, “Güllələnmə təxirə salınır”, “Bəxtiyar”, “Alma almaya bənzər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “O olmasın , bu olmasın”, “Gün keçdi” və s. filmlərinin saundtreklərini təqdim edib, bir çox səhnələr peşəkar rəqqas qismində çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik nömrələrlə müşayiət olunub.

  • Zəlzələ dağıntısında əhəmiyyəti artan hörgü blokları – Gobustone

    Bütün inkişaf etmiş ölkələrdə uzun müddətdi tikinti sahəsində həm ekoloji həm də təhlükləsizlik baxımından qazbetondan istifadə edilsə də, Azərbaycan tikinti sektorunda çox az miqdarda bu məhsulun istifadəsinə keçid olmuşdur. Bu təbiiki sözügedən ölkələrin uzun illərdir olan təcrübəsinin və uğurlu sınaqlarının nəticəsidir.

    Reportun xəbərinə görə, bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələ fəlakəti tikintidə istifadə edilən materialların bir daha keyfiyyətli və dayanıqlı olması məsələsini gündəmə gətirmiş oldu. Bildiyiniz kimi, bina inşasında tikilinin dayanaqlığı əsasən daşıyıcı beton kalonların üzərinə düşür. Bildirmək istərdik ki, qazbetonun yekun tətbiqdən sonra binanın əsas konstruksiyasına düşən yükün həcmi daha yüngül və azdır, standartın tələbinə uyğun olaraq dayanıqlığı daha etibarlıdır. Bu da nəticədə tikilinin ömrünü uzatmaqla daha təhlükəsiz, etibarlı olmasına və təməl betona düşən gərginliyin azalmasına gətirib çıxarır. Qeyd etdiyimiz bu əsas üstünlüklə yanaşı qazbetonun digər müsbət tərəflərini də ayrıca bildirmək istərdik:
    1. Məhsulun istehsalı Alman texnologiyası əsasında aparılır.
    2. Hər bir məhsulun QOST 31360-2007 standart tələblərinə uyğun labaratoriya sınaqları mövcuddur.
    3. Mövsümü termal xüsusiyyətlərə malik olmaqla istilik və sərinlik izolyasiyası mövcuddur.
    4. Yanğına davamlıdır.
    5. Ekoloji təmizdir və radiasiya daşımama xüsusiyyətinə malikdir.
    6. Enerjiyə qənaət edir.
    7. Səs izolyasiyası yüksəkdir.
    8. Tikinti vaxtına qənaət edilir.

    Nəzərə alsaq ki, bu texnologiyanın düzgün tətbiqi Azərbaycan inşaat sahəsində çoxda əhəmiyyətli şəkildə yayılmamışdır, biz AAC şirkəti olaraq qeyd olunan məsələlərə də həll yolu kimi, təklif etdiyimiz məhsulun sahədə tətbiqini öz üzərimizə götürməklə həm ustalara lazım olan təlimlərin verilməsini həm də birbaşa əvvəldən sona kimi qazbeton tikintisini özümüz etmək imkanlarımız mövcuddur.

  • Azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam edir

    Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir.

    AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

    Onun sözlərinə görə, bu sahədə çox ciddi problemlər var və ciddi işlərin görülməsi önəmlidir: “Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirili. Onların bərpasına da ciddi ehtiyac var”.

  • Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti Azərbaycanda olub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı qonaqlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub, rektor Ceyran Mahmudova ilə görüşüb, əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb və tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

    Tərəflər müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə dair birgə tədqiqat işlərinin, tədrisə dair təcrübə mübadiləsinin aparılmasını razılaşdırıblar. Bundan başqa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin təcrübəsindən yararlanaraq Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutun eyniadlı fakültənin açılması, müəllim heyətləri tərəfindən ildə bir dəfə qarşılıqlı olaraq bir aylıq dərslərin təşkili barədə razılıq əldə edib. Qonaqlar universitetin qazandığı nailiyyətlər, fakültələr, dərs prosesi, Azərbaycan tərəfinin qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, yerində bir sıra müzakirələr apararaq tədrisin daha keyfiyyətli təşkili, problemli sahələr üzrə əməkdaşlıq aparılmasını təsdiq ediblər.

    Rektor Eldor Şermanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanı cari ilin may ayında Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Türk dövlətləri tələbələri arasında keçiriləcək teatr festivalına dəvət edib.

    Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyəti Bakı Dövlət Universitetində olub, qonaqları rektor Elçin Babayev qəbul edib. Görüş və müzakirələrdən sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə müəllim, tələbə və elmi işçilərin mübadiləsi, informasiya və nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələlərində əməkdaşlıq nəzərdə tutulub.

    Özbəkistan nümayəndə heyəti Azərbaycan Milli Konservatoriyasında da olub. Rektor Siyavuş Kərimi qonaqları qəbul edib. Konservatoriyanın fakültələri, kafedraları ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun əməkdaşlığı, hər iki tərəfdə tədris prosesi, muğam sənəti, vokal, xalq çalğı alətlərinin tədrisi və s. istiqamətdə təcrübə mübadiləsi məsələləri müzakirə edilib, ali təhsil ocağının fəaliyyəti ilə yaxından tanışlıq olub. Tərəflər əməkdaşlığa dair ümumi razılığa gəliblər.

    Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti tərəfindən Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla ilə də görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub. Universitetdə olan digər xarici ölkələrin mərkəzləri ilə tanış olan Özbəkistan nümayəndə heyəti gələcəkdə Azərbaycan Dövlət Dillər Universitetində Özbəkistan ocağının açılmasına dair razılıq əldə ediblər.

    Sözügedən Mərkəzin qurulmasına yardım etmək məqsədilə Özbəkistan tərəfi özbək mədəniyyəti, ədəbiyyatına dair əyani vəsaitlər, banerlər, guşələr, eksponatlar, suvenirlər, geyimlər, nəşrlərlə təmin edəcəklərini bildiriblər.

  • Nazir müavini: Mədəniyyət sahəsinə aid prioritetlər hazırlanır

    Xalqın qeyri-maddi mədəni irsinin qorunması mədəniyyətimizin prioritet istiqamətlərindəndir. Bu sahənin qanunvericiliklə tənzimlənməsi də təbii ki, çox vacibdir. “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin birinci müavini Adil Kərimli fevralın 28-də “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə dinləmədə səsləndirib.

    Dövlətin bu istiqamətdə strategiya sənədinin hazırlanmasının vacibliyini qeyd edən nazir müavini bildirib ki, bu istiqamətdə işlər aparılır. Strategiyaya əsasən, yaxınmüddətli, ortamüddətli və uzunmüddətli məqsədlər müəyyən ediləcək. Bu sahədə sistemli, konkret addımlar atılacaq. Mədəniyyət sahəsində fəaliyyətin yeni formaları müəyyənləşdiriləcək.

    Mədəniyyətin geniş sahə olduğunu vurğulayan Adil Kərimli əlavə edib ki, mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir. Mədəniyyət sahəsinə aid prioritetlər hazırlanır. Qeyri-maddi mədəni irsin qorunması da bu prioritetlərdəndir.

    Nazir müavini vurğulayıb ki, mədəniyyət sahəsində islahatların aparılmasında hər bir vətəndaş fəal iştirak etməlidir.

  • Azərbaycanda logistika subsidiyası tətbiq ediləcək

    Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək.

    Report xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

    O qeyd edib ki, bu subsidiyalar Azərbaycanın digər bölgələrinə təqdim olunandan daha çox və daha uzunmüddətli olacaq:

    "Hazırda AZPROMO tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Burda əsas məsələ odur ki, biz logistika üçün subsidiya nəzərdə tutmuşuq. Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq bir mexanizmdir və bu, ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq".

    Y. Abdullayev bildirib ki, logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir.

    Onun sözlərinə görə, bu layihəni mart ayında Nazirlər Kabinetinə təqdim olunacağı planlaşdırılır.

  • Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

    Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron informasiya resursu yeni "neco.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.

    Report xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

    Bildirilir ki, Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.