Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub

    Azərbaycan Milli Kitabxanasında yaradılan “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazasında “Rəsmi sənədlər”, Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti, görkəmli şəxsiyyətləri, Naxçıvan Muxtar Respublikası haqqında nəşrlər, fotoqalereya və digər materiallar yer alıb.

    Prezident İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.

    Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli bir yol qət edib. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.

    Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.

  • Qobustan qayaları - tariximizin daş yaddaşı

    Hər daşın altında bir tarix yatır…

    Qobustan qayaları təkcə daşların altında deyil, üstündə də qədim və zəngin tarix yatdığının bariz nümunəsidir. Tariximizin daş yaddaşı adlandırılan bu qayaüstü təsvirlərdə nələr yoxdur?

    Sivilizasiyanın ən qədim mərkəzlərindən olan daş kitabələr min-min illər əvvəl yaşamış babalarımızın həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti, adət-ənənələrindən soraq verir. Atlı, eləcə də piyadaların ov səhnələri, döyüş süjetləri, kollektiv əmək, əkin-biçin və qadınların ocaq başında təsvir olunduğu rəsmlər…Müasir “Yallı” xalq rəqsini xatırladan tək və qrup şəklində mərasim rəqs təsvirləri... Yerə döşənmiş daşların sirri hələ indiyədək heç kəsə məlum deyil.

    Bəlkə də ibtidai insanın dünya ilə ilk təmasının başlandığı və sivilizasiyanın beşiyi hesab olunan yerlərdən biridir. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, "Günəş saatı", "Qavaldaşı" və sirlərlə dolu dünya bura qədəm basan hər kəsi heyrətləndirir…

    Dünya miqyaslı tarixi abidə olan Qobustan qayaları AZƏRTAC-ın fotomüxbiri Aydın Oqtayoğlunu da heyrətləndirib və o, öz heyrətini kameranın yaddaşına köçürüb.

    Baxdıqca heyrətlənməmək, heyrətləndikcə xəyalən uzaq illərin arxasına baş vurmamaq, tarixi keçmişimizi, əcdadlarımızı xatırlamamaq və qürur duymamaq mümkün deyil. Bu, bizim keçmişimizi, tariximizi, milli-mədəniyyətimizi bu günə daşıyan və dünyanın mədəniyyət xəzinəsinə daxil olan daş yaddaşımızdır.

  • “Yarımçıq qalmış” tamaşası yenidən səhnədə

    Aprelin 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə “Yarımçıq qalmış” tamaşası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprelində cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

    Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük Zəfərimizin başlanğıcı oldu. Bizim Qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrildi.

    Psixoloji səpgili dram janrında qurulan səhnə əsərində rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Ramil Şamiloğlu, Nuriyə Əliyeva, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Tahir İsmayılov və Xaliq Bəkirov ifa edəcək.

  • Bakı Bələdiyyə Teatrında premyera

    Bakı Bələdiyyə Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirilib.

    AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib.

    Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.

    Rolları aktyorlar İlqar Musayev, Ülviyyə Rza, Hüsniyyə Mürvətova, Rəşad Kəsəmənli, Zülfiyyə Qurbanova, Tural Əhməd, Toğrul Rza, Elçin Muradov, Rəşid Soltanov və Namiq Cavadov canlandırıblar.

    Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayır, bir neçə personaj başqa planetdən gəldiyini deyir. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayır. Əsərdə baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində öz xəyali dünyalarında yaşayırlar.

    Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla dərketmə fəlsəfəsi ilə ünsiyyət yaradır.

    Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə səhnəyə qoyulub.

    Əsər geniş tamaşaçı auditoriyasının marağına səbəb olmaqla yanaşı, eyni zamanda, dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına geniş şərait yaradıb.

  • Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası olub

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Şuranın sədri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək Şura tərəfindən həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.

    İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı və Vüqar Qədirov, eləcə də üzvləri kinorejissor Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva və Adilə Nəzərova Şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar.

  • “Evsiz qalmış ay”ın ilk nümayişi Beynəlxalq Festivalda keçiriləcək

    Aprelin 16-da “Evsiz qalmış ay” sənədli filmi İsveçrədə keçiriləcək “Visions du Réel” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Atanur Nəbiyevadır. “Chai Khana media”nın istehsalı olan ekran əsərinin xronometrajı 22 dəqiqədir.

    “Evsiz qalmış ay”da yer alan hadisələr rejissorun uşaqlıq günlərini keçirdiyi Avey dağı ərazisində baş verir. O, illər sonra bu dağda qarşılaşdığı nənə və nəvədə öz uşaqlığını tapır. Şəhər həyatından çox uzaqda olan bu ailə həyatlarını ucqar bir komacıqda keçirir. Nənə və nəvənin hər ikisinin daşıdığı Təzəgül adı onları əhatə edən demək olar ki, səhralaşmış dağ görüntüsü ilə poetik ziddiyyət təşkil edir. Onlar daş karxanaları tərəfindən “udulan” və tədricən “əriyən” bu dağda açan son çiçəklərdir. Nənə ilə nəvə arasında zərif və zamandan azad bir bağ üzə çıxır. Onların bu sadə həyatlarının arxa planında görünən monotonluqdan daha böyük şeylər gizlənir.

  • Görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 100 illiyi qeyd olunub

    Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə musiqişünas Gülxanım Əsədzadə çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb.

    “Bəstəkarın yaradıcılığına nəzər salanda onun daim axtarışda olduğunun şahidi oluruq, o, milli və klassik musiqi ənənələrini vəhdətinə çalışıb. Ş.Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır. Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. O bu əsərlə Üzeyir bəy ənənələrini dinləyiciyə yeni müstəvidə ötürüb. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bəstəkarlığa başlayan Şəfiqə xanımın yaradıcılığında mahnı janrı da ana xətt hesab oluna bilər. Bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb. Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib”,-deyə musiqişünas bildirib.

    Sonra tədbir konsert proqramı ilə davam edib. Proqramda teatrın solistləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, müğənnilər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İskəndərli, Rövşən Qəhrəmanov çıxış ediblər. İfaçıları Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.

  • “Baharın rəngləri” yaradıcılıq turnirinin yekun sərgisi açılacaq

    Aprelin 13-də Xətai Sənət Mərkəzində “Baharın rəngləri” Respublika uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunub.

    Turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət etməkdir.

    Müsabiqə çərçivəsində 700-dən çox 10-21 yaşarası uşaq, yeniyetmə və gənc 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak ediblər. İştirakçılar akvarel boyaları ilə baharı tərənnüm edən əsərləri ərsəyə gətiriblər. Bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilib. Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq.

    Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və Hollandiyanın boya markası “Artcreation”dan hədiyyə təqdim ediləcək.

  • Heydər Əliyev Sarayında Belarus mədəniyyəti günlərinin açılışı olub

    Heydər Əliyev Sarayında Azərbaycanda Belarus mədəniyyəti günlərinin açılışı və qala-konsert olub.

    “Report” xəbər verir ki, açılış mərasimində Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

    Azərbaycanın mədəniyyət naziri Adil Kərimli açılış nitqində qeyd edib ki, Belarus mədəniyyəti günlərinin keçirilməsi ölkələr arasında dostluğun və mədəni mübadilənin sübutudur.

    “Qeyd etmək istərdim ki, bu gün toplaşdığımız Heydər Əliyev Sarayı sadəcə rəmzi yer deyil, həm də Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin qurulmasında mühüm rol oynamış Ulu Öndərə dərin ehtiramımızın təzahürüdür. Ölkələrimiz arasında sıx əməkdaşlıq və güclü qarşılıqlı dəstək əlaqələri formalaşıb. Ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”, - o deyib.

    Nazir əlavə edib ki, hər iki ölkə mədəni əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir: “Hesab edirik ki, bu istiqamətdə birgə səylər gələcəkdə də inkişaf etdirilməlidir. Mədəniyyət günləri və digər birgə layihələrin keçirilməsi böyük əhəmiyyət kəsb edir, çünki onlar xalqlarımıza bir-birimizin mədəni dəyərlərini daha yaxşı anlamaq üçün imkan yaradır”.

    Belarusun mədəniyyət naziri Anatoli Markeviç isə öz növbəsində Belarus-Azərbaycan mədəni əməkdaşlığının dərin ənənələrə söykəndiyini bildirib: “Biz əldə olunan səviyyəni yüksək qiymətləndiririk və çox gözəl başa düşürük ki, qarşıda hələ çox uzun yol var. Bu yol ölkələrimizin sakinlərinin marağına səbəb olacaq çox mühüm, irimiqyaslı birgə mədəni layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq. Mədəniyyət sahəsinin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə ciddi təsir göstərməsi çox xoşdur”.

    Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

  • Azərbaycanda daha 4 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

    İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

    "Report" agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 139-a çatıb.

    “Startap” şəhadətnamələri “Yol yoldaşı" MMC-nin şəhərlərarası nəqliyyat axtarışı üçün mobil tətbiq, "Prodigitrack" MMC-nin satınalma prosesinin təşkili üçün onlayn platforma, Rafiq Mirzəyevin kənd təsərrüfatı və qida tullantılarından alternativ protein və yağ istehsalı, Aygün Əliyevanın atmosferdən suyun generasiyası üçün avadanlığın istehsalı və satışı layihələri üçün təqdim edilib.

    “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

    Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi