Ümumi uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) yolunun tikintisi 73 % icra olunub.
Reportun tikinti gedən əraziyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, layihə üzrə həyata keçirilən işlər çərçivəsində 265 dairəvi borudan 202-i (32-də inşaat işləri davam etdirilir) 41 düzbucaqlı borudan 26-sı (4-də), 55 alt keçidin 44-ü (2-də), 27 körpünün 12-i artıq tikilib (12-də).
A.Nəcəfli yol boyu şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşasının aparıldığını xatırladan, T1 və T2 tuneli üzrə artıq qazma işlərinin, həmçinin beton püskürtmə və kəmər beton işlərinin tam yekunlaşdığını, T3 tunelinin sol istiqaməti üzrə qazma işlərinin, həmçinin beton püskürtmə və kəmər beton işlərinin tamamlandığını, sağ istiqaməti üzrə isə qeyd olunan işlərin yekunlaşmaq üzrə olduğunu bildirib.
"Bundan başqa layihə üzrə 123,6 kilometrlik yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Belə ki, ortalama 48 kilometrlik hissədə hamarlayıcı lay, 38 kilometrlik hissədə əsasın alt layı, 36 kilometrlik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 kilometrlik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib. Qeyd olunan işlər üzrə digər hissələrdə tikinti işləri davam edir", - deyə o əlavə edib.
Qurum tikinti işlərinin əsas hissəsini 2025-ci ilədək başa çatdırmağı planlaşdırır.
Mərmər soyuğu” tammetrajlı bədii filmi 28 fevral - 7 mart tarixlərində Fransanın Vesoul şəhərində keçirilən 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) müsabiqə proqramında iştirak edəcək.
Bu barədə Reporta “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Bildirilib ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək.
“Mərmər soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edərək “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramda və 16-cı Avrasiya Beybəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədini hazırlayır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Sənəddə qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək. Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu müəyyən edilməlidir. Artıq mədəniyyət sahəsinə aid olan prioritetlər müəyyənləşdirilməkdədir”, - deyə A.Kərimli qeyd edib.
Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino – ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi marağına səbəb olub, özünəməxsus yaradıcılıq yolu keçib. Bəli, Ənvər Məmmədxanlı gözdə-könüldə yaşayan sənətkarlardan idi.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 110-cu ildönümü tama olur.
Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.
Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə, ümumən, o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və "İkinci Dünya müharibəsi" ordenləri, döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Bu gün Xalq artisti Mustafa Mərdanovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 129 il ötür.
Tiflisdə anadan olan Mustafa Mərdanov kiçik yaşlarından teatra böyük maraq göstərib, 1910-cu ildən dram dərnəklərində çıxış edib. Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.
Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.
Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək dəvəti alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.
Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.
Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.
Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.
Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar. Od çərşənbəsində də su çərşənbəsində olduğu kimi, bütün ailə üzvləri süfrə başına yığılar ki, ailə bütöv olsun. Aş dəmlənər, süfrə açılar, şəkərbura, paxlava bişirilər.
Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlanılır. Çünki Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi buna əyani misaldır.
Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunub. Xalqın həm şad, həm də kədərli günündə tonqal köməyə gəlib, müjdəçi, carçı rolunu oynayıb.
Od çərşənbəsinə və oda aid, ümumiyyətlə, bir çox atalar sözləri və məsəllər də vardır. “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s.
Ümumiyyətlə, Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini əks etdirir.
Novruz müjdəçiləri olan yel və torpaq çərşənbələrində də torpağımızda ocaqlar çatılacaqdır.
Od çərşənbəniz mübarək!
Qeyd edək ki, martın 7-də Yel, martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Hazırda Azərbaycan Milli Kitabxanasında “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində işğaldan azad olunan ərazilərdə yaradılacaq kitabxanalar üçün 120.000 nüsxədən artıq kitab toplanıb.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib.
Qeyd edilib ki, ilk növbədə kitabxanaların Zəngilanın Ağalı kəndində və Şuşa şəhərində yaradılması nəzərdə tutulur.
Xocalı qurbanlarını lentə alaraq vizual tarixi yadda yaradan tanınmış fotojurnalist Reza Deqatinin “khojalywitness.org” adlı yeni saytı bu il dünyaya nümayiş olundu. Xocalı soyqırımının daha geniş tanıdılması üçün dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 31-ci ildönümündə dünyaca məşhur fotojurnalist Reza Deqatinin istər ölkəmizdə, istərsə də dünyanın bir çox yerlərində silsilə sərgiləri açılıb.
Növbəti belə sərgi Ağdamda təşkil olunub. Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri çərçivəsində Reza Deqatinin Birinci Qarabağ müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgisinə baxış keçirilib. Qeyd edək ki, tədbir “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.
Həmçinin bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında da Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada Reza Deqati çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.
Bu ilin I yarısında Azərbaycanda “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərin təşkilatçılığı ilə 8 sərgi keçiriləcək.
Bu barədə Reporta sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.
Məlumata görə, sərgi mövsümü Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlara həsr olunmuş "Fərqli Fərdlər" konqresi ilə başlayacaq, Bakı Enerji Həftəsi ilə yekunlaşacaq.
Ənənəvi keçirilən tədbirlərdən "Fərqli Fərdlər" konqresi 5, "Translogistica Caspian" sərgisi isə 20 illik yubileylərini qeyd edir. Tədbirlərin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzvlük sayəsində daha da möhkəmlənir. Belə ki, burada sərgilər bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanılaraq sonradan müvafiq keyfiyyət nişanı ilə təltif edilir.
"Fərqli Fərdlər" konqresi martın 11-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Konqresdə gündəliyə ilk dəfə olaraq əlavə edilmiş yeniyetməlik və inkişaf özəllikləri olan insanların böyüməsi mövzusu ilə yanaşı, onların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, məktəbə inteqrasiya, inklüziv işə qəbul və digər mövzular qaldırılacaq. "Fərqli Fərdlər" 2023 aid geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər.
Təqvimdə olan növbəti layihə isə turizm sahəsinin qabaqcıl iştirakçılarını bir araya toplayan ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi "AITF" olacaq. Pandemiya səbəbilə yaranan üç illik fasilədən sonra sərgi aprelin 4-6-da Bakı Ekspo Mərkəzində keçiriləcək. "AITF" 2023-də tibbi və sağlamlıq turizmi, maarifləndirici turizm, xaricdə daşınmaz əmlak, idman avadanlığı və inventor, ovçuluq və balıqçılıq, dəniz və çay kruizləri, aviaşirkətlər, milli və regional turizm orqanları, turizm agentlikləri və tur operator kimi müvafiq sektorlar iştirak edəcək. Sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İsveçrə, Kuba, Malayziya, Özbəkistan, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis, Türkiyə və digər ölkələrdən şirkətlər iştirak edəcək. "AITF" sərgisinin vizit kartı olan milli stendlərlə bu il Belarus, Bolqarıstan, Çexiya, Xorvatiya, Özbəkistan, Polşa və digər ölkələr çıxış edəcək. Sərginin daimi iştirakçısı olan Bolqarıstan bu il "AITF 2023" sərgisinin baş sponsoru, Özbəkistan isə tərəfdaş ölkəsidir.
Sərgi mövsümü may ayının 17-dən 19-dək Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri ilə davam edəcək.
Daim rəngarəng ekspozisiyaları ilə seçilən, regionun ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan "Caspian Agro" bu il də çoxsaylı ölkələrdən kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorlarını, o cümlədən Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəsi bir araya gətirəcək. Təşkilatçılar tərəfindən regionlardan gələn fermerlər üçün ənənəvi sərgi üzrə turlar təşkil olunacaq.
Bu il təşkil olunan sərgidə iştirakçılar arasında Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarus, Çexiya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və Yunanıstan şirkətləri yer alacaq. "Caspian Agro" 2023 sərginin əsas istiqamətlərindən biri yaşıl kənd təsərrüfatı olacaq. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda öz əksini tapacaq.
“Caspian Agro” ilə paralel olaraq, Azərbaycan, Belarus, İran, İtaliya, Rusiya Federasiyası, Sloveniya və Türkiyə şirkətlərinin iştirak edəcəyi 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi "InterFood Azerbaijan" keçiriləcək. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, çay, tütün və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edir. Sərgi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aşpazlar kuboku üzrə "Qızılşah" adlı 3-cü Azərbaycan Aşpazlar çempionatı da təşkil ediləcək.
Sərgi mövsümü 31 may-3 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi ilə davam edəcək. Sözügedən hadisə bir sıra sənaye tədbirlərini - 28-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji "Caspian Power" sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu özündə birləşdirir. Qeyd edək ki, Bakı Enerji Həftəsi Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.
Ənənəvi "Caspian Oil & Gas" sərgisi hər il olduğu kimi bu il də enerji sənayesinin liderlərini bir araya gətirəcək. Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə təşkil ediləcək: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi. Hər il keçirilən "Caspian Oil & Gas" neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. "Caspian Oil & Gas" sərgisi artıq neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı bir platformadır.
Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər "Caspian Power" sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. "Caspian Power" sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcəkdir. Sərginin proqramı bərpa olunun enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin başlıca çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən forum isə konfransın missiyasını daha geniş spektrdə davam etdirəcək. Forumun gündəliyinə "Keçid dövründə yeni enerji şərtləri", "Qlobal enerji perspektivləri", "Xəzər regionunun bərpa olunan enerji potensialı", "Enerji sektorunda dördüncü sənaye inqilabı", "Enerji̇ böhrani dövründə qaz təchi̇zatinin rolu" və s. kimi mövzular müzakirə olunacaq.
Ənənəyə sadiq qalaraq Bakı Enerji Həftəsinin xüsusi sessiyası bu il Azərbaycanın Naxçıvan şəhərində baş tutacaq. "Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı" adlı xüsusi sessiya sonrası Naxçıvan şəhər turu və konsert proqramı nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq hər üç tədbirdə iştirakçılar siyahısında Azərbaycan, Almaniya, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer tutur.
Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə Bakı Ekspo Mərkəzində təşkil ediləcək növbəti tədbir - Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi "Translogistica Caspian" olacaq. Ənənəvi olaraq ölkəmizdə keçirilən sərgi bu il 20-ci yubileyini qeyd edəcək. Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgisi olan bu tədbirdə dəmir yolu nəqliyyatı, dəniz sənayesi, aviasiya, kommersiya nəqliyyatı müzakirə ediləcək. Sərgi çərçivəsində ilk dəfə "Azərbaycan Beynəlxalq Nəqliyyat və Logistika Forumu" keçiriləcək, forum zamanı sənayenin mühüm . "Translogistica Caspian" iştirakçıları arasında Azərbaycan, İsveçrə, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin şirkətləri yer alır.
Hər sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə "B2B" formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr təşkil ediləcək.
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.
Report xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilir ki, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib.