Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Teatrlarda Xocalı kədəri və Zəfər tariximiz

    Xocalı faciəsinin ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” tamaşası nümayiş etdirilib.

    AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli tariximizin ağrılı-acılı günlərinin, qan yaddaşımızın bədii nümunələrdə, o cümlədən səhnə əsərlərində təcəssüm etdirilməsinin vacibliyindən söz açıb, teatrın yaradıcı heyətinə uğurlar arzulayıb.

    Səhnə əsərinin qəhrəmanı xüsusi təyinatlıların mayoru Mübariz Eyvazov 44 günlük Vətən müharibəsində Şuşa yaxınlığında ağır yaralanaraq komaya düşür. Ruhlar aləmində 1992-ci ildə Şuşa uğrunda şəhid olmuş atası ilə görüşür. Ata ilə oğulun söhbətində və atanın xatırlamalarında erməni vandalizmi açıqlanır, bugünkü Azərbaycan Ordusunun qüdrəti vurğulanır. Mayor hospitalda gözlərini açanda Ali Baş Komandanın fərəh və iftixarla söylədiyi ifadələri eşidir: “Əziz Şuşa, sən azadsan!”

    Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı poetik faciə nümayiş olunub.

    Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

    Rolları İntizar Quliyeva, Sehran Xanlarov, Şəlalə Nəsirova, Sevinc Məmmədova, Emin Abışov, Əli Hüseynov və başqaları oynayıblar.

    Şuşa Dövlət Musiqili Dram Teatrı Xocalı faciəsinin 31-ci ildönümünü "Xocalım, biz qayıdırıq" adlı ədəbi-bədii kompozisiya ilə qeyd edib. Teatrın kollektivi səhnə əsəri ilə Dövlət Sərhəd Xidməti Akademiyasının şəxsi heyəti, Yasamal və Binəqədi rayon məktəblərinin şagirdləri qarşısında çıxış edib.

    Salyan rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti "Xocalı harayı" adlı kompozisiya təqdim edib. Kompozisiyada 26 fevral 1992-ci ildə baş verən Xocalı faciəsinin dəhşətləri və 44 günlük müharibədəki Zəfər tariximiz əksini tapıb.

    Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı Mingəçevir Dövlət Dram Teatrı ilə birgə Mingəçevir şəhərində tədbir keçirib. Tədbirdə əvvəlcə Mingəçevir teatrının aparıcı səhnə ustası, Xalq artisti Ella Yaqubova və aktyor Paşa Salmanovun ifasında “Xocalım” kompozisiyası göstərilib.

    Sonra Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olunub. Azərbaycanın dövlət atributlarına – Dövlət Bayrağına və Dövlət Himninə həsr edilən tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli və Qurban Əhmədov ifa ediblər.

  • Kinostudiyanın 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

    Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış tədbirləri keçiriləcək.

    Fonddan AZƏRTAC-a bildirilib ki, ilk baxış çərçivəsində martın 3-də saat 15:00-da Azərbaycan Dövlət Film Fondunda qocaman rejissor, görkəmli sənədli kino ustası Niyazi Bədəlovun “150 il. Mirzə Fətəli Axundov”, “Dağlarda ada” və “Estafet” filmləri nümayiş olunacaq.

  • “Macar etüdləri” kitabı nəşr olunub

    Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – Turançılıq ideyasının geniş miqyasda yayılması və bərqərar olması işinə xüsusi töhfələr vermiş tanınmış macar alimləri və elm korifeylərinin həyat və fəaliyyətini əks etdirən “Macar etüdləri” kitabı işıq üzü görüb.

    Görkəmli filoloq, professor Vilayət Quliyevin təhlil və araşdırmaları əsasında ərsəyə gətirilmiş kitab macar-türk əlaqələrinin mənəvi yaxınlığının tarixi köklərindən bəhs edən “Hun-türk qurultayı və Macarıstanda turançılıq”, “Macarları özlərinə tanıdan alim”, “Macar türkologiyasının ikinci adamı”, “Budapeştdə türk ellərinin elçisi”, “Avropa türkologiyasının son mogikanı”, “Macar nəsrinin sevilən “türk povesti” kimi maraqlı faktlar və hadisələrlə zəngin fəsillər üzrə tərtib edilib.

    Kitabın ön sözünün müəllifi – Vilayət Quliyev, redaktoru – İradə Musalıdır.

  • Bakı və Abşeronda barista sahəsində çalışmaq istəyənlərə kofe avadanlıqları verilib

    Bakı və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən 20 nəfərə səyyar kofe satışı üzrə kiçik bizneslərini qurmaları üçün avadanlıqlar təqdim olunub.

    Report xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

    Qeyd olunub ki, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən "Səyyar kofe evləri" layihəsi çərçivəsində baş tutub.

  • Azərbaycanda idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişlənib

    Azərbaycan Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Fərmana dəyişikliklərin edilməsi barədə Fərman imzalayıb.

    Report xəbər verir ki, dəyişikliklərə əsasən, idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına “digər kalsium fosfatları” və “Treonin” əlavə olunaraq, bu güzəştin müddəti bir il uzadılıb. Bununla bağlı “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilib.

    Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.

  • YARAT növbəti səyyar sərgisini Saatlıda açacaq

    Martın 1-də YARAT Müasir İncəsənət Məkanı tanınmış gənc rəssamların əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlıda təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürüb. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya "dumanının" içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardan hesab olunurlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər. Gündəliyin müvəqqətiliyi kontekstində, sərgi müşahidə, refleksiya etmək və yaxşılığa doğru dəyişmək üçün humanist yanaşmanı təklif edir.

    Fotoqraf Dadaş Adna öz əsərlərində sadəliyin poetikasını – insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.

    Oxşar üsul ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır. Rəssam videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür.

    Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür.

    Ramal Kazımın əsərlərində təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini qrotesk, güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir. Nadir Eminovun "Okey, bumer" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir. Sanki həyat ekranın o biri tərəfindən güdülür, burada sənətçi reallıq və idrak arasındakı qaçış və uçuruma işarə edərək, tənha və əzmkar bir atmosfer yaradır.

    Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.

    Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur, məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməyin həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar.

    Habib Saherin "Qodonu gözləyərkən" instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir.

    Rəssam Rəşad Babayevin "Dərviş" əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir. Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.

    Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər daxildir.

    Ənənəvi olaraq, sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq.

    Sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə həyata keçirilir.

  • "Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə uğurla nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşa böyük maraqla qarşılanıb.

    Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

    Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşov, rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

    Qeyd edək ki, səhnə əsəri Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edir.

  • Gürcüstanın Kral Milli Baleti Bakıda rəqs tamaşası təqdim edəcək

    Gürcüstanın dünyaşöhrətli Kral Milli Baleti Avropa və Amerikaya möhtəşəm qastroldan sonra – aprelin 21-də Heydər Əliyev Sarayında “Gürcüstan atəşi” rəqs tamaşasını təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, “Gürcüstan atəşi” adlı xoreoqrafiya proqramı – ayrı-ayrı rəqs nömrələrindən seçimlər deyil, ümumi ideya və süjet xətti ilə birləşmiş bütöv tamaşadır. Bütün bunlar gözəl kostyumlar və möhtəşəm dekorasiyalar ilə ahəng təşkil edərək tamaşaçının diqqətini özünə çəkir. “Gürcüstan atəşi” tamaşaçıya bənzəri olmayan gürcü mədəniyyəti ilə tanış olmaq və məftunedici rəqs aləminə səyahət etmək imkanı verən rəngarəng lirik şoudur.

    Qeyd edək ki, Kral Milli Baleti 2008-ci ildə Gürcüstanda xoreoqraflar Gela Potshişvili və Maya Kiknadze tərəfindən yaradılıb. Gürcü milli rəqs ənənələrini qoruyub saxlayan ansambl novatorluğu və yüksək peşəkarlıq səviyyəsi ilə seçilir.

  • Azərbaycanlı rəssamın Tallində Xocalı soyqırımı ilə bağlı sərgisi açılıb

    Estoniyanın paytaxtı Tallində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Rövşən Quliyevin (Nur) fərdi rəsm sərgisi açılıb.

    Bu barədə AZƏRTAC-a məlumat verən rəssam sərgi ilə yanaşı, Tallinin mərkəzi küçələrində 24 saat ərzində böyük ekranda Xocalı faciəsindən bəhs edən videomaterialların da göstərildiyini bildirib.

    Qeyd edək ki, Tallin Rəssamlıq Akademiyasını bitirən Rövşən Quliyev artıq 17 ildir bu ölkədə Azərbaycanın mədəniyyətini və tarixi irsini çəkdiyi rəsmlərlə tanıtmağa çalışır.

  • Azərbaycanda xəstəxana iki şirkətə bölünüb

    "N.Tusi adına Klinika" MMC-nin bazasında iki şirkət yaradılıb.

    Report xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Birincisi "N.Tusi adına Klinika" MMC-dir. O, yenidən təşkil olunub və nizamnamə kapitalı 5 min manat azaldılaraq 5 min manata endirilib.İkincisi isə "N.Tusi adına Hospital" MMC-dir.

    Bildirilir ki, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 53 ünvanına bildirə bilər.

    Xatırladaq ki, "N.Tusi adına Klinika" 2002-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Asif Qurban oğlu Qurbanovdur.