Bu ilin mart ayında Bakıda keçiriləcək Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ölkələrinin görüşündə tranzit sahəsində milli təcrübələr, "bir pəncərə" sistemlərinin qarşılıqlı əlaqəliliyi, elektron gömrük bəyannaməsi, “Regional Sadələşdirilmiş Tranzit Sistemi”nin yaradılmasına dair məsələlər müzakirə olunacaq.
Bu barədə Reportun sorğusunun cavabında Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
“Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi məqsədilə dəhliz üzərində yerləşən ölkələr arasında Vahid Tranzit Portalının yaradılması planlaşdırılır. Bu portal dəhliz boyu yükdaşımaların beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə, tranzit prosedurlarının asanlaşdırılmasına və elektron məlumat mübadiləsinin təşkilinə şərait yaradacaq.
Bu məqsədlə cari ilin mart ayında paytaxtımızda Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit gömrük proseduru layihəsi üzrə müzakirələrin aparılması planlaşdırılır", - məlumatda deyilir.
“Nissan Motor Co” şirkəti 2030-cu ilə qədər 19-u elektromobil də daxil olmaqla 27 yeni avtomobil modelini, 2024-cü ilə qədər isə xüsusi olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etmək niyyətindədir.
Report xəbər verir ki, bu, avtokonsernin bazar ertəsi ictimailəşdirdiyi strategiyada öz əksini tapıb.
“Nissan Ambition 2030”nin uzunmüddətli vizyonunu gerçəkləşdirərək səyahət üsullarını təkmilləşdirmək ... niyyətindəyik. Bütün imkanları araşdırmaq niyyətindəyik və elektrikləşdirmə strategiyamızı genişləndirmək təşəbbüslərimizi elan edirik“, - sənəddə qeyd olunub.
Plana əsasən, 2030-cu il aprelin 1-dən başlayacaq 2030-cu maliyyə ilinə qədər avtomobil istehsalçısı 19-u elektromobil olmaqla 27 yeni modeli təqdim etməyi planlaşdırır. Bundan əlavə, 2024-cü il aprelin 1-dən başlayaraq 2024-cü maliyyə ilində şirkət eksklüziv olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etməyi nəzərində tutub.
2026-cı ilə qədər avtomobil istehsalçısı elektrik və hibrid avtomobillərin inkişafına 2 trilyon iyen (təxminən 14,7 milyard dollar) sərmayə qoymağı planlaşdırır. Avtokonsern 2026-cı ilə qədər hibridlər də daxil olmaqla elektromobillərin payını Yaponiyada satışların 58 %-ə, Avropada isə 98 %-ə çatdırmağı hədəfləyəcək.
Bundan başqa, 2030-cu ilədək elektromobillərin payı şirkətin yeni avtomobillərinin dünya satışlarında 55 %-ə çatmalıdır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımız- Xocalı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını bildirib. İki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söyləyib. Əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırımı aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirib. O, 1997-ci il 25 fevral tarixində Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı Sərəncam haqqında məlumat verərək, Xocalı soyqırımına ilk siyasi qiymətin məhz Ümummilli Lider tərəfindən verildiyini bildirib. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğulayıb.
Aslan Cəfərov eyni zamanda bu gün Xocalı soyqırımının xatirəsini qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib. Bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını alıb.
İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində silsilə materiallar - ənənəvi və virtual sərgi, videomaterial, metodiki vəsait, məlumat bülleteni, biblioqrafik yaddaş və icmal haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Kamil Qürbətov, Nigar Nəzərova, Fidan Həsənova, Hikmət Əliyev, Həsən Hüseynov, Aytən Vətənxah və başqaları Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən, qısa müddət ərzində Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi qəbul edildiyini bildiriblər. Bundan əlavə gənclər daim Vətənin keşiyində durmağa hazır olduqlarını, Vətənin hər qarış torpağını qoruyacaqlarını dilə gətiriblər. “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildiriblər.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış videomaterial və virtual kitab sərgisi də nümayiş olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xocalı sakini, Xocalı faciəsinin şahidi, fədakar rabitəçi, "Erməni zindanında 8 gün", "Yarımçıq qalmış ömür...", "Xocalı şəhidləri 613" kitablarının müəllifi Dürdanə Ağayeva ilə oxucuların görüşü təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı faciəsi zamanı baş verən işgəncələrdən və ağlasığmaz erməni vəhşiliklərindən, törədilən cinayətlərdən danışılıb.
Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva çıxışında ona edilən işgəncə və zülmləri yazdığı kitablar vasitəsilə ictimaiyyətə təqdim etməklə məqsədin əslində əsirlikdə olan bütün insanların hayqırtısını, harayını oxuculara çatdırmaq olduğunu bildirib.
Sonra Elvin Elxanoğlunun müəllifi olduğu "Xocalı" şeiri səsləndirilib.
Fevralın 25-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində italyan bəstəkar C.Verdinin “Aida” operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşada Aida obrazını Əməkdar artist Afaq Abbasova canlandıracaq. Digər rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əməkdar artist Səbinə Vahabzadə, solistlər Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrının solisti Tuncay Kurtoğlu və Almaniyanın Manheym Milli Operasının solisti İrakli Kaxidze ifa edəcəklər.
Unudulmaz operaların müəllifi olan Cüzeppe Verdinin "Aida" operası qədim Misir sərkərdəsi Ramadeslə, hökmdar qızı Aidanın sevgi uğrunda apardıqları mübarizəyə həsr olunur.
Tamaşanı Əməkdar artist dirijor Əyyub Quliyev idarə edəcək.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Azərbaycan İstiqlal Muzeyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirməyə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu 139 nömrəli tam orta məktəbdə “Xocalı dünyanın gözü ilə” adlı sərgi açılıb.
Sərgidə muzeyin fondlarında mühafizə edilən müxtəlif xarici fotoqrafların lentə aldığı 20 foto nümayiş olunub.
Bu gün Cəmil Müfidzadənin doğum günüdür
Azərbaycanın Xalq rəssamı Cəmil Müfidzadənin ömür yolu və rənglər palitrası çox geniş, keşməkeşli və zəngin olub.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli qrafika ustası, Xalq rəssamı, professor Cəmil Müfidzadənin anadan olmasından 89 il ötür.
Cəmil Miryusif oğlu Müfidzadə 1934-cü il fevralın 24-də Ordubadda anadan olub. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb. “Ümumittifaq sərgisinə eksponatların yola salınması” tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsini bitirib. Cəmil Müfidzadənin növbəti diplom işi “Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olub.
Rəssamın işlədiyi “Doğma düzənlər” ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunub. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) “Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak edib. Cəmil Mufidzadənin ksiloqrafiya texnikasında işlədiyi əsərlərə “Bakı albomu” (1962-1966), “Neft daşları” (1965), “Qala divarları” (1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. Misal göstərmək olar. Rəssamın yaradıcılığında "İçərişəhər" (1965-2000) silsiləsi xüsusi yer tutub. "Əcdadlarımızın yaşayış yerləri" (1968), "Göy pəncərəli evlər" (1968), "Babaların yurdu" (1968), "Köhnə Bakı" (1970), "Azərbaycan qadını keçmişdə" (1971), "Şirvanşahlar sarayı" (1971), "Xan sarayı" (1977,1992), "Köhnə evlər" (1977), "Qədim Bakı" (1977), "Yeni Məscid" (1977), "Türbə" (1984), "Dəvələr" (1985), "Qız qalası" (1985), "İçərişəhər" (1991), "Təndir" (1992), "Suçular" (1993), "Şirvan qapıları" (1993), "Namaz" (1993), "Tut ağacı", "Karvansaray" (2003) və digər əsərləri İçərişəhərə həsr edilib. Onun qarışıq texnikada işlədiyi ilk 4 əsəri 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində "Azərbaycanın qədim memarlıq abidələri" adı ilə nümayiş olunub. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi "Abşeron nefti" silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın "Bakı-neft paytaxtıdır", "Abşeron nefti", "Çənlər parkı", qarışıq texnikada isə "Neft ehramı", "Neft saxlancı", "Neft mədənlərində" əsərlərini misal göstərmək olar.1960-1970-ci illər yaradıcılığında yer alan "Buhenvald" (1965-1967), "Sülhün keşiyində" (1970-1972), "Bakı-neft paytaxtıdır" (1967-1970), eləcə də 1980-ci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi "Bu bir daha təkrar olmamalıdır" (1982-1983) silsilələrində C.Müfidzadə dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirib. Rəssamın, eyni zamanda, Xınalıq kəndinə həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutub.
Rəssam "Monqolustan torpağında" (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer alıb. Silsilədə "Axırıncı tikan", "Qurumuş çeşmə başında", "Əsrlərin görüşü" və "Naməlum səs" əsərləri yer alıb. Cəmil Müfidzadənin digər qrafik silsiləsindən "Şimal" (1976-1979), "Bəyaz gecələr", "Şaxta 45 dərəcədədir", "Şimalın adi günləri", "Balıqçı adası" lövhələrini qeyd etmək olar. Onun "Misir təəssüratları" (2004-2006) silsiləsinə "Tənha yolçu", "Misir tarixi", "İki dost", "Daimi dostlar" tabloları aiddir.
Xalq rəssamının Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunub.
Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir.
Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat edib.
Əfsanəvi yunan şairi Homerə aid edilən “Odisseya” epik poeması əsasında yeni film çəkiləcək. Bu dəfə mövzuya italiyalı rejissor Uberto Pazolini quruluş verəcək.
AZƏRTAC xəbər verir ki, “Qayıdış” adı verilən filmin ssenarisini Con Kolli və Edvard Bond yazıblar. Kinolayihə hələ 2022-ci ilin aprelində anons olunsa da, çəkilişlərə 2024-cü ildə başlanılacağı bildirilir.
Yunanıstanda çəkiləcək filmdə əsas rolları ingilis aktyor Reyf Fayns və fransız aktrisa Jülyett Binoş oynayacaqlar. Onlar 9 “Oskar” mükafatı qazanmış “İngilis pasiyenti” (1996, rejissor Entoni Mingella) filmində tərəf-müqabil olublar.
Ekran əsəri İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq.
Qeyd edək ki, Homerin “Odisseya”sı kino sənəti meydana çıxandan bəri dəfələrlə bədii, eləcə də animasiya filmlərinin mövzusu olub. İlk kino nümunəsi 1911-ci ildə İtaliyada lentə alınıb. Bu silsilədə italyan rejissor Mario Kamerininin 1954-cü ildə çəkdiyi film və rus rejissor Andrey Konçalovskinin Hollivudda işləyərkən 1997-ci ildə ekranlaşdırdığı ikiseriyalı “Odisseya” (çəkilişlərin bir hissəsi Türkiyədə aparılmışdı) daha çox məşhurdur.
“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.
XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etmişdir.
AZƏRTAC xəbər verir ki, bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadənin anadan olmasının 159-cu ildönümü tamam olur.
Qeyd edək ki, görkəmli ədibin anadan olmasının 150 illiyi Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verib.
Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub, uşaq yaşlarından babasının - Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb. Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb, türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
Gənc yaşlarından ictimai-siyasi proseslərə biganə qalmayan Əli bəy Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulmuş, müxtəlif tədbirlərdə fəal iştirak edib. O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Üç ildən sonra İstanbula qayıdıb və təhsil aldığı universitetdə professor köməkçisi işləyib, tibbə dair bir sıra əsərlər yazıb. Əlibəy Hüseynzadə “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və ən fəal xadimlərindən biri olub.
1904-cü ildə Bakıya qayıdan Əli bəy Hüseynzadə ictimai-siyasi işlə yanaşı, jurnalistlik fəaliyyətinə də başlayıb, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olub. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb.
Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib.
Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuatımızın tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda mübarizədir. Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü “pəriyi-hürriyyət” adlandırmış, “Kuhi-Qaf və Simurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.
Bakıda, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyib. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirib.
Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilib və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.
O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlib, məruzə adı ilə gətirdiyi “Qərbin iki dastanında türk” əsərinin nəşrinə nail olub.
Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkib, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab edib. Təsadüfi deyildir ki, bu ideologiya Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) öz əksini tapıb.
Görkəmli ədib Azərbaycan dilinin və ədəbiyyatının inkişafı üçün yollar axtarıb, çox qiymətli fikir və təkliflər irəli sürüb. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olub. Vaxtilə reallaşmayan ideya bu gün də aktuallığını itirməmişdir. Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən “Siyasəti-fürusət”, eləcə də “Füyuzat” məcmuəsi xüsusi yer tutur.
Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab edib, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirib. O, həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında işləyib, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.
Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əlibəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən ictimai-siyasi fikir tariximizə qaytarıb. Onun əsərləri, eləcə də “Füyuzat” jurnalının tam dəsti latın əlifbasında nəşr edilib. Əli bəy Hüseynzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılıb, haqqında Rəfiq Zəkanın, Şamil Vəliyevin, Azər Turanın dəyərli monoqrafiyaları nəşr edilib, çoxsaylı elmi, elmi-kütləvi məqalələr çap olunub.
Bu gün Abdulla Şaiqin doğum günüdür
O, romantik şair idi. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə anadan olmasının 142-ci ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.
Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.
Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları üzərində işləyib.
“Laylay” adlı uşaq şeiri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. A.Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.
O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə alıb. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynayıb. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayıb.
Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib.
Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990–cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.