Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə türk xalqları arasındakı hərtərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsində Türk Əməkdaşlıq Təşkilatları tərəfindən göstərilən səylərin önəmindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un türk xalqlarına məxsus ortaq mədəni irsin təşviqi istiqamətindəki işləri üzrə ümumi söhbət aparılıb. Şuşanın “2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin mühüm əhəmiyyəti vurğulanaraq, bu səpkidə birgə təbirlərin həyata keçirilməsi müzakirə olunub.
Görüşdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili ilə bağlı görülən hazırlıqlardan bəhs edilib.
Eyni zamanda, tərəflər Beynəlxalq Türk Dilləri Forumunun və digər layihələrin keçirilməsi, eləcə də Türk Dünyasının böyük şəxsiyyətlərinin ildönümlərinin qeyd olunması yönündə əməkdaşlığın vacibliyinə toxunub.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Reportun xəbərinə görə, layihə energetika sahəsində rəqabətli mühit yaradacaq.
Layihəyə əsasən, elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.
Elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, qapalı paylayıcı şəbəkə operatoru, bazar operatoru, techizatçı (topdan və pərakəndə satış üzrə), istehlakçılardır.
Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycanın ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər. Elektrik enerjisinin idxalı və ya ixracı topdansatıș bazarı qaydaları ilə tənzimlənir:
- elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;
- elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;
- elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;
- topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;
- topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;
- bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;
- topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;
- topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;
- balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;
- topdansatış bazarı subyektləri arasında bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;
- topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;
- öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və tənzimləyiciyə təqdim etmək.
Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.
Elektroenergetika subyektlərinin idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər bazar operatorunun müstəqilliyini təmin etmək məqsədi ilə onun idarə olunmasında və topdansatış bazarının fəaliyyətinin təşkili funksiyasının həyata keçirilməsində iştirak etməməlidirlər.
Elektrik enerjisinin topdansatış bazarıının fəaliyyətinin təşkilinin əsas prinsipləri aşağıdakılardır:
- topdansatış bazarı subyektlərinin topdansatış bazarına ayrı-seçkiliyə yol verilmədən çıxışı;
- topdansatış bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;
- alıcı və satıcıların qiymət təklifləri əsasında elektrik enerjisinin bazar qiymətinin formalaşması;
- topdansatış bazarı subyektlərinin müqavilə öhdəliklərinə riayət etməsi.
Elektrik enerjisinin topdansatış bazarı ikitərəfli müqavilələr, mərkəzləşdirilmiş, balanslaşdırıcı və köməkçi xidmətlər bazarlarından ibarətdir.
İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alqı-satqısı ikitərəfli müqavilələr əsasında heyata keçirilir. Ikitərəfli müqavilə ilə elektrik enerjisinin alqı-satqısı müddəti (ən azı altı ay olmaqla) topdansatış bazarı qaydaları ilə müəyyən olunan maksimal müddətdən çox olmamalıdır. İkitərəfli müqavilədə satılan elektrik enerjisinin həcmi, qiyməti, satış müddəti, ödəniş qaydası və tərəflərin hüquqları və vəzifələri göstərilməlidir. İkitərəfli müqavilə bağlayan elektrik enerjisi bazarının subyektləri topdansatış bazarı qaydalarında nəzərdə tutulmuş müddətdə bazar operatorunu ikitərəfli müqavilə üzrə qeydə alınmış elektrik enerjisinin həcmləri barədə məlumatlandırır.
Balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatoru balanslaşdırıcı bazarda elektroenergetika sisteminin balanslaşdırılması məqsədilə elektrik enerjisinin istehsalçıları ilə elektrik enerjisinin alqı-satqısını, topdansatış bazarı subyektlərinin elektrik enerjisinin qeyri-balansının alqı-satqısını həyata keçirir.
Elektrik enerjisinin istehsalçıları ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli, habelə sərbəst (müqavilə bağlanılmamış) güclər üzrə balanslaşdırıcı elektrik enerjisi haqqında təkliflərini ötürücü sistem operatoruna təqdim etməlidirlər. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçılarının balanslaşdırmada iştirakı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun ilə tənzimlənir. Topdansatış bazarının subyektləri elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli və balanslaşdırma məsuliyyətini sərbəst şəkildə, yaxud balanslaşdırıcı qrup çərçivəsində daşımalıdırlar.
Balanslaşdırıcı qrup elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında balanslaşdırma qrupunun yaradılması haqqında müqavilə əsasında yaradılır və həmin müqavilə ilə müəyyən edilmiş qaydada balanslaşdırıcı qrupun hər bir iştirakçısı balanslaşdırma məsuliyyəti daşıyır. Topdansatış bazarının subyektleri balanslaşdırma qaydalarında nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq müqavilə münasibətləri əsasında balanslaşdırıcı qruplarda könüllü birləşmək hüququna malikdirlər. Ötürücü sistem operatoru balanslaşdırıcı bazarın fəaliyyetinə dair balanslaşdırma qaydaları ilə müəyyən edilən hesabat və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və tənzimləyiciyə təqdim edir.
Elektrik enerjisi təminatının etibarlılığının ve elektrik enerjisinin keyfiyyətinin artırılması məqsədilə topdansatış bazarının subyektləri ötürücü sistem operatoruna elektroenergetika sisteminin tezliyinin ve gücünün, gərginlik və reaktiv enerjinin tənzimlənməsi, sistem qəzalarından sonra elektroenergetika sisteminin fəaliyyətinin bərpası və ehtiyat gücün saxlanılması üzrə köməkçi xidmətləri göstərirlər.
Köməkçi xidmətlərin göstərilməsinə dair tələblər elektrik şəbəkəsinə dair qaydalarda müəyyən olunur. Köməkçi xidmətlərin göstərilməsi müddəti və qaydaları, onların qiymətlərinin müəyyən olunması və ödənişlərin (xidmətlər ödənişli əsaslarla aparıldığı hallarda) həyata keçirilməsi qaydası balanslaşdırma qaydaları ilə müəyyən olunur.
Elektrik enerjisinin pərakəndə satış bazarında təchizatçı elektrik enerjisinin təchizatının icazə əsasında, elektrik enerjisinin təchizatının bu Qanuna və pərakəndə satış bazarı qaydalarına uyğun, elektrik enerjisinin təchizatının istehlakçılarla bağlanılmış müqavilələr əsasında həyata keçirilməsi əsasında fəaliyyət göstərir.
Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçiriləcək.
Yeni qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Fevralın 26-sı Bakıda 8 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə Reporta Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Belə ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Xocalı prospekti, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bunu nəzərə alaraq qeyd olunan küçə və prospektlərdən keçən 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov dəfn olunub.
AZƏRTAC xəbər verir ki, mərhum Yasamaldakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vüqar Məmmədov, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, nazirliyin digər əməkdaşları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları iştirak ediblər.
Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.
1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli Sərəncamında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq 12 regional mədəniyyət idarəsi (Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Mədəniyyət İdarəsi, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi, Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Mil–Muğan Regional Mədəniyyət İdarəsi, Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi, Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi) yaradılıb.
Azərbaycan Banklar Assosiasiyası (ABA) “Pilot özəl icra sisteminin qurulması” fəaliyyəti ilə bağlı Almaniya və Fransa şirkətləri ilə məsləhətləşmələr aparıb.
Report xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Sistemin qurulması Dünya Bankının mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi çərçivəsində nəzərdə tutulub.
Görüşdə “Dünya Bankının European Management Solutıons Germany GmbH” - Almaniya (əsas məsləhətçi) və “İcra Məmurlarının Beynəlxalq İttifaqı” - Fransa şirkətlərinin konsorsiumundan ibarət olan məsləhətçilər iştirak edib.
Məsləhətləşmələrin məqsədi qabaqcıl beynəlxalq təcrübəyə əsasən pilot özəl icra sisteminin yaradılmasına, tətbiqinə və qiymətləndirilməsinə yönəlmiş tövsiyələrin hazırlanmasında Ədliyyə Nazirliyinə dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Fevralın 25-26-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Bu barədə Report Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, həftəsonu yarmarkalarının keçirilməsində əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Budəfəki yarmarkalarda 56 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-ə yaxın çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı
“Həzi Aslanov” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edən 57 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.
Report xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.
"57 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Xətai rayonun 10 min nəfərdən artıq əhalisi olan “Həzi Aslanov” adlanan yaşayış sahəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək", - BNA bildirir.
Məlumata əsasən, sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir.
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin “Yaddaş#2” adlı proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin ildönümünə həsr olunan konsertdə orkestrin ifasında Orxan Həşimov “Piano və solo üçün violin”, Fərhəng Hüseynov “Stabat Mater”, Qalib Məmmədov “Simli kvartet”, Ayaz Qəmbərli “Miniatür”, Tahir İbişov “Epitafiya” və Azər Hacıəskərlinin “ 613.1992” əsərləri səsləndirilib.
Cadenza orkestrinin təşkil etdiyi proqram Xocalı soyqırımını sənətin dili ilə də təqdim edib. Bəstəkarların əsərlərində hüzn, kədər, qəm-qüssə intonasiyalarla yanaşı, mübarizə ruhu və düşməni məğlub edərək Qələbəmizə inam hissi öz əksini tapıb.
BBC şirkəti Aqata Kristinin “Öldürmək asandır” romanını televiziya üçün ekranlaşdırmağa hazırlaşır. Çəkilişlər yayda başlanacaq.
AZƏRTAC xəbər verir ki, yeni ekran əsərinin rejissoru Britaniya-Hindistan kinematoqrafı Muni Zaur olacaq. Filmdə rolları kimlərin ifa edəcəyi hələ bildirilmir.
Romanın süjetinə görə, Lyuk Fitsvilyam ad-soyadlı bir gənc və miss Pinkerton adlı yaşlı xanım qatarda yol yoldaşı olur.
Miss Pinkerton özünün yaşadığı kənddə törədilmiş silsilə qətllər barədə məlumat vermək üçün Skotlend-Yarda gedir. Lakin onu avtomobil vurur və onun nəzərdə tutduğu işi Lyuk öz üzərinə götürməli olur.