Bu gün böyük coğrafiyaşünas alim, ictimai-siyasi xadim, AMEA-nın həqiqi üzvü, coğrafiya elmləri doktoru, professor, akademik Budaq Budaqovun anadan olmasından 95 il ötür.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə görkəmli alimin həyat və elmi fəaliyyətinə həsr olunmuş virtual kitab sərgisi və videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda akademik Budaq Budaqovun coğrafiya elminin müxtəlif sahələrinə gətirdiyi yeniliklərdən, onun rəhbərliyi altında çox saylı elmi uğurların əldə edilməsindən, 50-dən çox fəlsəfə və elmi doktorun yetişdirilməsindən bəhs edilir. Virtual sərgidə alimin müəllifi olduğu elmi-kütləvi məqalələr və “Coğrafiya elminin uğurları”, “Dözümlü, dözümsüz təbiət”, “Təbiət poeziya işığında”, “Böyük İpək Yolu”, “Ümumi geomorfologiya” kimi 20-dən çox kitabının biblioqrafik təsviri təqdim edilib.
Materialların hər biri kitabxananın rəsmi saytında yerləşdirilib.
“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaqdır.
Layihənin növbəti buraxılışında görkəmli satirik şair, publisist “Molla Nəsrəddin” jurnalının aparıcı müəlliflərindən Əliqulu Qəmküsarın (1880-1919) “Qatış-bulaş” felyetonu təqdim edilib.
“Molla Nəsrəddin” dərgisinin 4 noyabr 1907-ci il 41-ci sayında dərc olunan əsəri aktyor, rejissor Rövşən İsax qiraət edib.
Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Bu sırada XX əsrin səhnə salnaməmizin nadir simalardan biri - Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun öz yeri var.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Həsənağa Turabovun vəfatından 20 il ötür.
Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun rəhbərliyi dövründə teatr binası əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.
Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin (“Yeddi oğul istərəm”) misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına “bu rejissorun seçimidir” deyərdi, “mən yalnız onun dediklərini etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.
“Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi...”.
Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da ustalıqla oynayıb. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.
Həsənağa Turabovun “Axırıncı aşırım”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.
Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.
Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Xalq artisti Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat edib.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin şikəst edildi, 1275 nəfər isə girov götürüldü.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı soyqırımı” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://bit.ly/3kn2GLs linkindən istifadə edə bilərlər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qurucusu kimi tanınan Şəmsi Bədəlbəylinin teatr sənətimizin inkişafı naminə gördüyü işlər bu gün də böyük hörmət və ehtiram hissi ilə anılır.
AZƏRTAC xəbər verir ki, bu gün mədəniyyət tariximizdə mühüm yeri olan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 112 il ötür.
O, 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. 1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malıy Teatrda Şillerin “Don Karlos” əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. O, sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib.
Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca şöhrət gətirib. Eyni zamanda, sənətkarın Sabit Rəhmanın “Xoşbəxtlər” əsərinə verdiyi quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir edir. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi olub. İkinci Dünya müharibəsinin başlanması bir çox məsələləri yarımçıq qoyan Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilib.
Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.
1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Teatrın yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə, teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır.
Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib. Onun hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada “Koroğlu” operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında o həqiqətən çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar yüksək fikirlər söyləyirdilər.
Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.
Ş.Bədəlbəylinin tamaşaları əlvanlığı, cazibədarlığı, koloritliyi, forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. Musiqili Teatrın formalaşmasında, aktyor truppasının təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Ş.Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı.
Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.
Azərbaycanın əməkdar rəssamı Ağa Saleh Nuriyev vəfat edib.
Reportun məlumatına görə, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əməkdar rəssam adına layiq görülüb.
Mərhum rəssam Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimovanın atasıdır.
2024-cü ildə Yunanıstanda Homerin “Odisseya” klassik poeması əsasında filmin çəkilişlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, film İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq. Baş rolları canlandıracaq Reyf Fayns və Jülyett Binoş Entoni Mingellanın 9 dəfə Oskar mükafatına layiq görülən “İngilis pasiyenti” filmində də birgə çəkiliblər.
Filmin ssenarisi Homerin “Odisseya” poeması əsasında yazılıb. Odissey doğma adaya 20 ildən sonra geri dönür, indi onu yeni sınaqlar gözləyir.
Layihə 2022-ci ilin aprelində anons olunub. Filmin rejissoru Uberto Pazolini, ssenari müəllifləri Con Kolli və Edvard Bonddur.
Parisdə UNESCO və Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Ana Dili Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 22 ölkənin Daimi nümayəndəliyi iştirak edib.
UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini çıxış edərək, ana dili, yerli dillərin qorunmasının vacibliyi, ana dilinə əsaslanan təhsildən danışıb, dünyada danışılan 6700-dən çox dilin ən azı 40 faizinin uzunmüddətli perspektivdə yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Tədbirdə UNESCO yanında Daimi nümayəndəliklərin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb. Hər bir ölkə ana dillərində “Mən öz ana dilimdə danışıram, mən öz ana dilimi sevirəm” şüarı altında çıxış edib.
Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbir çərçivəsində ölkələr musiqi, poeziya, rəqs vasitəsilə mədəniyyətlərini təqdim ediblər. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən xalqımızın qədim xalq rəqsi “Uzundərə”ni nümayiş olunub.
Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır.
Amerikalı kinorejissor Stiven Spilberq HBO telekanalının sifarişi əsasında Fransa imperatoru Napoleon Bonapart haqqında yeni mini-serial üzərində işə başladığını bildirib.
AZƏRTAC xəbər verir ki, mini-serialın ssenari müəllif Stenli Kubrik onu tammetrajlı film çəkilməsi üçün yazıb.
Stiven Spilberq bildirib ki, Napoleon haqqında layihə üzərində işə 2013-cü ildən başlayıb. Mini-serialda “Həqiqi detektiv”in prodüseri Keri Fukunaqa və ssenari müəllifi Devid Obern iştirak edir.
Layihə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.
Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.
“Filmin estetikası” hissəsi, adından göründüyü kimi, filmin estetikasında həlledici olan film rejissorluğu haqqındadır. Kitabın orijinal aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir.
Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət, dünyada ən populyar ssenari ustadlarının, Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərin ensiklopediyasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.
Yeni çıxan kitabın dərslik vəsaiti kimi də əhəmiyyəti yüksəkdir.
“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.