“Heydər Əliyev İli” ilə bağlı regional mədəniyyət idarələrinin (RMİ) tabeliyində fəaliyyət göstərən müəssisələrdə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, Ağstafa RMİ-nin Tovuz rayon Aşıq Sənəti Dövlət Muzeyində keçirilən tədbirdə çıxış edənlər müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildiriblər. Qeyd olunub ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
İsmayıllı RMİ-nin Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyində “Heydər Əliyev ideyalarına sadiqik” adlı tədbir keçirilib. Çıxışlarda Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin hərtərəfli inkişafından söz açılıb. Şamaxı rayon A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin şagirdləri Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.
Kürdəmir RMİ-nin Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və 8 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu” mövzusunda intellektual yarış təşkil edilib. Yarışda qalib adını qazanan “Qarabağ” komandasına fəxri fərman, eləcə də bütün komandalara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar təqdim olunub.
Şəki RMİ-nin Zaqatala rayon Heydər Əliyev Mərkəzində mətbuat işçilərinin iştirakı ilə konfrans keçirilib. Çıxış edənlər 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini dahi şəxsiyyətin Azərbaycanın inkişafında göstərdiyi xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi üçün mühüm fürsət olduğunu bildiriblər. Sonda bir qrup mətbuat nümayəndəsinə fəxri fərman və hədiyyələr təqdim edilib.
Masallı RMİ-nin Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Bir dahi ömrü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə C.Kazımov adına Qodman kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Sumqayıt RMİ-nin Sumqayıtın Tarixi Muzeyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şabran Regional İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəni irsimiz” adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunması və inkişafına diqqət və qayğısından bəhs edən sənədli videomaterial təqdim olunub.
Sabirabad RMİ-nin Hacıqabul şəhər Uşaq musiqi məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda “Dostluq görüşləri” adlı konsert proqramı keçirilib. Konsertdə Şirvan şəhər Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında musiqi nömrələri təqdim edilib.
Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. Bədii qiraət dərnəyinin üzvləri Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.
Biləsuvar RMİ-nin Salyan rayon Heydər Əliyev Mərkəzində “Qurtuluşdan Zəfərə, zəfərlə gələcəyə” adlı layihə gerçəkləşib. Ümummilli Liderin siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri üçün “Müasir Azərbaycan dövlətinin müstəqillik dövrü” mövzusunda tarix dərsi keçirilib.
Gəncə RMİ-nin Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialında “Heydər Əliyev İli” ilə əlaqədar “Zəmanəmizin lideri” adlı kitab sərgisi təşkil olunub.
Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir.
AZƏRTAC xəbər verər ki, müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Layihənin yeni mövsümdə ilk konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.
Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.
Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılanıb.
Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin ən parlaq səhifələrindən biridir. Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun anadan olmasının 99-cu ildönüm tamam olur.
Süleyman Ələsgərov 1924-cü il fevral 22-də Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinfində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlanıb. “Üzeyir ruhlu sənətkar” kimi dəyərləndirilən Süleyman Ələsgərov ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib.
O, 1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub.
Qarabağda baş verən hadisələrə bəstəkar öz fikrini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında Vətən harayı, düşmənə qisas çağırışı olub.
Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də vəfat edib.
Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə professor Vaqif Sultanlı və yazıçı-publisist İrəc İsmayılın birgə tərtib etdiyi “Ana dili - milli varlığın təməli” kitabının təqdimatı olub. Kitabda Azərbaycanın bir çox görkəmli alimlərinin dilin ayrı-ayrı problemlərinə həsr olunmuş məqalələri toplanıb.
Tədbirin aparıcısı görkəmli türkoloq, professor Tofiq Məlikli Azərbaycan dilinin siyasi statusu ilə bağlı məqamları vurğulayıb, Sovet İttifaqının dağılmasından sonra milli dilin inkişafı istiqamətində görülən və görülməsi zəruri olan məsələlərə toxunub.
Akademik Nizami Cəfərov Azərbaycan türkcəsinin mifoloji qatları, folklor qaynaqları, tarixi kökləri, türk dilləri içərisində yeri, o cümlədən çağdaş problemlərinə toxunub, həmçinin dilin adı ilə bağlı bu və ya digər şəkildə davam etməkdə olan mübahisələrə aydınlıq gətirib.
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı kitabın nəşrə hazırlanmasının səbəblərinə diqqət çəkib, Güney Azərbaycanda qırx milyondan artıq türkün ana dilində təhsil imkanlarının olmamasını milli dili təhdid edən mühüm amil kimi dəyərləndirib.
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli ana dilinin saflığının qorunmasında mətbuatın rolundan və televiziyaların üzərinə düşən vəzifələrdən bəhs edib.
Daha sonra professorlar Həbib Zərbəliyev, Rüstəm Kamal, Almaz Əliqızı, Paşa Qəlbinur, Rahid Ulusel, dosent Namik Murad, Türkiyə alimi Seyfəddin Altaylı, Misirin Ayn Şəms Universitetinin professoru Əhməd Sami Elaydi, folklorçu alim Əli Şamil, yazıçı Bəsti Əlibəyli və başqaları çıxış edərək nəşr olunan kitabın özəllikləri barədə fikir və mülahizələrini bildiriblər.
Müzakirələrdə, həmçinin türk xalqları arasında ortaq ünsiyyət dili ilə bağlı məsələlərə toxunulub.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır.
Bu barədə Reporta AZAL-dan bildirilib. Reyslər hər həftə yerinə yetiriləcək.
Aviaşirkətin Bakı – Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək. Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.
Abunəçilərinə yüksək sürətli internet və keyfiyyətli TV xidməti təqdim edən “CityNet” internet provayderi yeni dizaynla və qabaqcıl standartlara uyğun özünün yeni müştəri xidmətləri mərkəzlərini istifadəyə verib.
Fəaliyyətində daima müştəriyönümlülük prinsipini önə çəkən “CityNet”in bu xidmət mərkəzlərinin açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaq, onların rahatlığını təmin etmək və göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir.
Müştərilərlə ünsiyyəti daha səmərəli və əlçatan edən xidmət mərkəzlərində “CityNet” satış, texniki dəstək və bir sıra digər funksiyaları bu ofislərdən təqdim edir. Üstün xidmət təcrübəsinin təqdim edilməsinə imkan verən müştəri mərkəzləri şirkətin brend qaydalarına uyğun dizayn edilib.
Müştərilər “CityNet”in Bəxtiyar Vahabzadə küç. 559A (Elmlər Akademiyası ofisi); Həsən bəy Zərdabi pr., 92A (Melissa park ofisi); Əliağa Vahid küç. 180 (Masazır ofisi) və Sabit Orucov küç., 13 (Xətai ofisi) ünvanlarında yerləşən dörd xidmət mərkəzlərində şirkətin təqdim etdiyi imkanlardan yararlana bilərlər.
“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün www.citynet.az, *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq mümkündür. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından və ya müştəri xidmətlərinə müraciət etməklə yoxlamaq olar.
Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir
“Azercell Telekom” MMC ölkəmizin mövqeyini beynəlxalq müstəvidə gücləndirmək və ictimaiyyəti operativ şəkildə məlumatlandırmaq istiqamətində müstəsna rolu olan milli media nümayəndələri üçün ingilis dili kurslarını davam etdirir.
Kurslar çap, elektron kütləvi informasiya vasitələrində, eləcə də teleradio sahəsində çalışan və ən azı bir il iş təcrübəsinə malik olan bütün jurnalistlər üçün açıqdır. Qeydiyyat üçün hər bir jurnalist KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 04.03.2023 tarixinə kimi azercell.press@azmemo.info elektron ünvanına göndərməlidir. İxtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq dərslərdə milli media nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.
Xatırladaq ki, lider mobil operator jurnalistlər üçün ingilis dili kurslarını 15 ildir təşkil edir. Bununla yanaşı, KİV nümayəndələrinin fəaliyyətini daima diqqət mərkəzində saxlayan Azercell mütəmadi olaraq jurnalistlər üçün maraqlı mövzularda seminar və təlimlər də həyata keçirir.
Dünya xəbərlərini və Azərbaycan həqiqətlərini müxtəlif platformalar üzərindən ictimaiyyətə dolğun və operativ şəkildə çatdırılmasına dəstək olmağa çalışan "Azercell" jurnalistlərin peşəkar inkişafına töhfə verən layihələrini davam etdirəcək.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.
Report xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Məlumata görə, N.Allahyarova həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də ayrılıb.
Bakıdakı Rus evində ictimai xadim, Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının Əlaqələndirmə Şurasının həmsədri, “Kursk şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının rəhbəri Qasım Kərimovun “Azərbaycanın 1941-1945-ci illərdə faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Xalq artisti Oqtay Mirqasımov, Arxangelsk vilayəti Azərbaycanlıları Assosiasiyasının rəhbəri Tərlan Qasımov, kitabda adları çəkilən qəhrəmanların yaxınları, diplomatik korpusun, yaradıcı ziyalıların nümayəndələri və s. iştirak ediblər.
Tədbirin moderatoru – kitabın həmmüəllifi, Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova təqdimatın əvvəlində qonaqları salamlayaraq, kitabın yaranma ideyası barədə söhbət açıb.
Tədbirdə İkinci Dünya müharibəsində Sovet İttifaqının tarixi qələbəsinə Azərbaycanın verdiyi böyük töhfədən danışılıb. Kitab barədə müəllif və naşir, Kursk Cənub-Qərb Dövlət Universitetinin dosenti Qasım Kərimov, tarix elmləri doktoru Vəfa Quliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Hökumə Ağayeva, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov söhbət açıblar.
Tədbirin bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan tərəfindən hazırlanıb.
Kitabda İkinci Dünya müharibəsində Azərbaycan xalqının qəhrəman övladlarının keçdiyi döyüş yolundan, milli Azərbaycan diviziyalarında göstərdikləri şücaətdən bəhs olunur.
Nəşrə, eləcə də Sovet İttifaqı qəhrəmanlarına, təyyarəçilərə, cəbhə və cəbhəarxası çalışan tibb işçilərinə, yazıçılara, müəllim və alimlərə blokadaçılara həsr olunan məqalələr daxil edilib.
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Qeyd edək ki, teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. R.Novruzun yaradıcılığında teatrla yanaşı, kino fəaliyyəti də mühüm yer tutur. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.