Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan-Özbəkistan Dostluq Muzeyi yaradılacaq

    Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanın Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır. Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayevlə görüşüb.

    Rektor Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və fəaliyyətini yüksək qiymətləndirib.

    A.Qırğızbayev 25 minə yaxın tələbənin oxuduğu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhfə verdiyini söyləyib. Bildirib ki, universitetdə Azərbaycan mədəniyyəti və ədəbiyyat mərkəzi açılıb, Azərbaycan mədəniyyətinə aid hər il çox sayda konfranslar, görüşlər keçirilir.

    Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla hər bir sahədə olduğu kimi humanitar, elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığa önəm verdiyini, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əlaqələrimizdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, universitetin dünya poeziyasının zirvəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması və bu təhsil ocağının bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərməsini xüsusi dəyərləndirib.

    S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına ardıcıl üç səfərini xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda, dövlətimizin başçısının iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair tapşırıqlar verdiyini diqqətə çatdırıb.

    O, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Daşkənd Dövlət Pedaqoji Universitetinin də yaxından iştirakını arzu etdiyini bildirib.

    Diplomat “Heydər Əliyev İli” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis etdiyini və Daşkənd Dövlət Pedaqoji Universitetinin bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.

    Görüşdə ikitərəfli əməkdaşlığın, ölkələrimizin ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunub.

    Sonra tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilində tərcümə və nəşr edilmiş şeirlər kitabı və Şuşa şəhərini simvolizə edən suvenir-tablo rektor Abduqaffar Qırğızbayevə hədiyyə edilib.

  • Milli Kitabxanada “Bu həmin Elçindir” adlı metodik vəsait istifadəçilərə təqdim olunub

    Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı Elçin qələmə aldığı əsərlərin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşünün genişliyi onun çoxcəhətli yaradıcılığını şərtləndirən başlıca xüsusiyyətlərdəndir.

    Bu ilin may ayında Xalq yazıçısı, professor Elçin Əfəndiyevin anadan olmasının 80 ili tamam olur. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Bu həmin Elçindir” adlı metodik vəsait hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan metodik vəsaitdə “Xalq yazıçısı Elçinin təltifləri”, “Elçin yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği”, “Elçinin kitab haqqında fikirləri”, “Ədəbiyyat, incəsənət, dövlət xadimləri və oxucuları Elçin haqqında”, “Elçinin son 10 il ərzində çap olunan əsərlərinin və haqqında ədəbiyyatın biblioqrafik göstəricisi”, “Elçinin tamaşaya qoyulmuş dram əsərləri” və bir sıra başqa bölmələr verilib. Metodik vəsait Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və kitabxana filialları, müstəqil kitabxanalar, habelə Xalq yazıçısı Elçinin yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

    Metodik vəsait ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

  • Bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin doğum günüdür

    Hər kəs dünyanı fərqli formada qavrayır və özünəməxsus şəkildə onu ifadə edir. Bu əksetdirmə yaradıcı insanlarda, xüsusilə də rənglərlə işləyən rəssamlarda daha çox seçilir. Rəssamlar haqqında deyirlər ki, əsl rəssam rənglər dünyasının elə sakinidir ki, məhz ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir.

    Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə də belə sənət adamlarındandır.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının 102-ci ildönümü tamam olur.

    Görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırmışdır. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır söyləyiblər.

    Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib.

    Sənətə təsadüf nəticəsində gələn rəssam

    Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakının Fatmayı qəsəbəsində dünyaya göz açmışdır. O, sənətə təsadüf nəticəsində gəlib. Atası onun həkim olmasını arzulayırmış. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxildir.

    Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar rəssam təhsilini yarımçıq qoyur və Bakıya qayıdır.

    Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

    Rəssamın yaradıcılığı çoxşaxəli və məhsuldar olub

    Rəssamın yaradıcılığı həm çoxşaxəli və həm də məhsuldar olub. Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr – dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olmaq olar.

    Kompozisiya aydınlığını, işıq–kölgə həllində təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz marağını, impressionist ənənələrinə xüsusi meylliyi rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir.

    Rəssam süjetli tabloların gözəl nümunələrini yaradıb. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar.

    “Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya alıb. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunub.

    B.Mirzəzadənin yaradıcılığında süjetin kətanın hüdudlarından kənara çıxarılması, plenerdə işlənilməsi, günəş işığının bolluğu, bir qədər adi görünən mövzuların seçilməsi və obrazların ani, təbii hərəkətlərdə təsvir edilməsi metodu rəssamın əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Onun bu metodla işləməsini rəssamın impressionist cərəyanına və bu cərəyanın nümayəndələrinə xüsusi rəğbətinin olması ilə izah etmək olar.

    “Səhnə arxasında” adlı əsərini rəssamın yaddaqalan əsərlərindən hesab etmək olar. Kompozisiyada balerinaların çıxışdan əvvəlki vəziyyətləri təsvir edilib. Surətlərin hazırlaşdıqları məqam – obrazların bəzilərinin məşq zamanı keçirdiyi ehtiraslı hissləri, bəzilərinin həyəcanlı şəkildə səhnəyə yönəlmiş nəzərləri yüksək ustalıqla, duyğulandırıcı boyaların dili ilə bədiiləşdirilib. Surətlərin daxili psixoloji gərginliyi, “yüngül” ritmik harmoniyası və tablonun kolorit həlli mahiranə rəng çalarları ilə işlənilmiş və əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir. Əsərin rəng qammasında rənglərin keçidləri ustalıqla əlaqələndirilib.

    Yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutur

    Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutur, onun bu sahədəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləmişdir. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb.

    Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar.

    “Niyazinin portreti”ndə rəssam dirijoru səhnədə konsert zamanı təsvir edib. Sənətkarın dəqiq təsvir edilmiş rəsmi və onun əlindəki dirijor çubuğunun ritmik hərəkəti obraza peşəsindən irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi dünyasını kolorit həllinin köməyi ilə tamaşaçıya çatdıra bilib.

    “Şəmsi Bədəlbəylinin portreti” əsərində rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirib. Əsərin kolorit həlli ustalıqla işlənilib.

    “Bəstəkar Xəyyam Mirzəzadənin portreti”ndə rəssam istedadlı bəstəkarımızın yaddaqalan bədii obrazını rənglərin xüsusi dili ilə məharətlə ifadə edib, onun yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilib.

    Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.

    Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir

    Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir.

    Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapmışdır.

    Rəssam, eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaratmışdır. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort”, “Bankalı natürmort” kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur.

    B.Mirzəzadə həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.

    Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyətlə də göstərmişdir. Uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc istedadlı rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə əməyi olub. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır.

    B.Mirzəzadənin yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilmişdir. Rəssam 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

    B.Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında dünyasını dəyişib.

  • Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

    Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.

    AZƏRTAC xəbər verir ki, fevralın 21-i Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər.

    Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

    Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

    Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!

    Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.

    Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

  • Pakistan Azərbaycandan kreditlə neft məhsulları və LNG almaq istəyir

    Pakistan hökuməti Azərbaycandan ödəniş müddətinin ertələnməsi ilə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) almaq niyyətindədir.

    Bu barədə Report Pakistanın “ARY News” nəşrinə istinadən məlumat verir.

    Bildirilir ki, bu məqsədlə Pakistanın neft üzrə dövlət naziri Musadik Malik Azərbaycanda səfərdədir.

    Belə ki, bu ölkənin neft üzrə dövlət nazirinin ölkəmizə səfərinin məqsədi Pakistan və Azərbaycan arasında neft məhsulları və LNG idxalı barədə razılığın əldə edilməsi üzrə danışıqların aparılmasıdır.

    M. Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 23-dək davam edəcək.

    Məlumatda deyilir ki, səfər zamanı nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə görüş keçirəcək.

  • Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi layihəsinin icrasına start verib.

    Report Agentliyə istinadən xəbər verir ki, bu avtomobil yolları Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-dən ayrılır.

    Məlumata görə, hazırda yolboyu texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Artıq yolun 8 kilometrlik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb, yolun 18,4 kilometrlik hissəsində isə torpaq işləri və yol əsasının inşası davam edir.

    Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunur.

    Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

    Xatırladaq ki, yolun uzunluğu 26,4 kilometr olan torpaq əsaslı avtomobil yolunun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

  • Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

    Reportun nazirliyə istinadən verdiyi xəbərə görə, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşdə deyib.

    Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən kosmik texnologiyalar sahəsində Avropa ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    S.Əsədovun sözlərinə görə, Azərbaycanın peyklərinin orbitə buraxılmasında avropalı tərəfdaşların rolunu da vurğulayıb.

    P.Mixalko Avropa İttifaqının Azərbaycanla əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

    Görüşdə Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) genişləndirilməsində Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin "Azəkosmos"la tərəfdaş olması yüksək qiymətləndirilib. Həmçinin oktyabrın 2-dən 6-dək Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin hazırlıq prosesindən danışılıb. Tədbirin Azərbaycana kosmos sahəsində, xüsusilə avropalı tərəfdaşlarla əməkdaşlıq baxımından böyük imkanlar açacağı bildirilib.

  • Bakıda fəaliyyət göstərən viza mərkəzi üç ölkəyə Şengen viza sənədlərinin qəbulunu dayandırıb

    Bakıda fəaliyyət göstərən VFS Global mərkəzi Latviya, Estoniya və Sloveniyaya Şengen viza sənədlərinin qəbulunu dayandırıb.

    “Report” xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    “️Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təəssüflə qeyd edir ki, müəyyən səbəblərdən VFS Global Viza mərkəzində Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulu müvəqqəti olaraq 24 fevral 2023-cü il tarixinə kimi dayandırılır”, - səfirliyin bəyanatında deyilir.

  • “Bakı KOB evi”ndə kommunal xidmətləri göstərilir

    “Bakı KOB evi”ndə sahibkarlara “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif xidmətlər təqdim olunur.

    Bu barədə Reporta İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

    “Bakı KOB evi”ndə “Azərsu” ASC-yə məxsus xidmət masasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin, ödənişlər haqqında məlumatın verilməsi, qüsurlu ödənişin bərpa edilməsi və borcun araşdırılması üzrə xidmətlər göstərilir.

    Sahibkarlar qazlaşma haqqında məlumat, texniki şərt üçün sənədlərin qəbulu və təhvil verilməsi, yeni və mövcud abonentlər üzrə müqavilələrin bağlanması, yeni qazlaşma və əvəzetmə nəticəsində quraşdırılmış smart tipli sayğacların kartlarının aktiv edilməsi, abonent məlumatlarında (ad,soyad) dəyişikliklərin olunması, itirilimiş və zədələnmiş smart kartların hazırlanması, koda düşmüş smart kartlarının bərpası üçün “Bakı KOB evi”ndə fəaliyyət göstərən “Azəriqaz” İB-nin xidmət masasına müraciət edə bilərlər.

    “Azərişıq” ASC tərəfindən isə “Bakı KOB evi”ndə sahibkarlara abonentin ad dəyişdirilməsi, geniş tarixçəsinin və üzləşmə aktlarının verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin hazırlanması, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, abonent kodunun passiv və ya aktiv olması üçün müraciətlərin qəbulu xidmətləri göstərilir. Həmçinin sahibkarlar onlara məxsus biznes obyektlərinin smart kartlarının bərpası, yenisinin verilməsi və ödənişin yüklənməsi xidməti üçün də “Bakı KOB evi”nə müraciət edə bilərlər.

  • Azərbaycanın Xalq yazıçısının essesi Türkiyə portallarında

    Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayımına başlayıb.

    AZƏRTAC esseni təqdim edir:

    Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...

    Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr...

    Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk tarixinin yeni səhifəsini yazdı...

    Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!