Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Uşaq Filarmoniyasında konsert - "Sizin üçün"

    Martın 3-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Sizin üçün" adlı konsert proqramı təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edəcəklər.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

    Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edəcəklər.

    Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az  internet saytı vasitəsilə aparılacaq.

    Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən olunacaq.

    Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

    Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

  • “Azərbaycanfilm”dən Gürcüstanın Xalq artistinə təbrik

    Tbilisidə Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artisti, “Əhməd haradadır?” filmində Ceyran rolunun ifaçısı Nana Paçuaşvilinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Gürcüstanın tanınmış teatr və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley axşamı ölkənin Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə baş tutub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə aktrisanın həyat və yaradıcılıq yoluna nəzər salınıb. Nana Paçuaşvilinin ömür və sənət yolunu əks etdirən Gürcüstanın Birinci kanalının istehsalı olan “Mən və mənim 88 əksim” adlı sənədli filmin premyerası olub. “Əhməd haradadır?” (1963) filmindən fraqmentlərin də daxil edildiyi ekran əsərində Nana Paçuaşvili Azərbaycan filmində çəkilməsinin tarixçəsindən ətraflı danışıb.

    “Azərbaycanfilm” kinostudiyası da Nana Paçuaşvilini yubileyi münasibətilə fəxri fərmanla təltif edib. Fəxri fərmanda 2023-cü ilin kinostudiyanın 100, “Əhməd haradadır?” filminin 60 və Nana Paçuaşvilinin 80 illik yubileyi ilə əlamətdar olduğu qeyd edilib. Bildirilib ki, “Azərbaycanfilm”in istehsalı olan filmdə Nana Paçuaşvilinin yaratdığı Ceyran obrazı çoxsaylı azərbaycanlı tamaşaçıların gözlərində şən, gülərüz və mehriban qız kimi qalacaq. Aktrisanın Azərbaycan kinosundakı fəaliyyəti həmçinin iki xalqın mədəniyyəti arasında körpü kimi dəyərləndirilib.

    Nana Paçuaşvili “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə və kollektivinə ona göstərdiyi diqqətdən, şəxsiyyətinə verilən yüksək dəyərdən məmnunluq ifadə edib, fəxri fərman və hədiyyəyə görə minnətdarlığını bildirib.

    Tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani də iştirak edib.

  • “Seçmə aşiq şeirləri antologiyasi” çap edilib

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb. Layihə çərçivəsində bu günlərdə “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb.

    AAB-dən AZƏRTAC-a bildirilib ki, saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.

    Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

    Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

    Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

  • Dublyaj sahəsindəki problemlər müzakirə edilib

    Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) dublyaj sahəsindəki problemlərlə bağlı müzakirə keçirilib.

    AKİ-dən AZƏRTAC-a bildirilib ki, son dövrdə mətbuatda işıqlandırılan dublyaj sahəsindəki problemlərin müzakirəsində bu sahənin fəalları iştirak ediblər.

    Müzakirədə dublyaj sahəsindəki vəziyyət analiz edilərək bildirilib ki, dublyaj sahəsində peşəkarlığın artması və keyfiyyət dəyişikliyi var, xüsusilə səs rejissorlarının işlərində irəliləyişlər əldə olunub. Ancaq bununla yanaşı, görüləcək işlər də çoxdur. Belə ki, tərcümə müəlliflərinin və dublyaj aktyorlarının qonorarlarının daha da artırılması arzuediləndir.

    Tərcümə sahəsində çalışan peşəkarların qonorarlarının 30-50 faiz artması, səslənən əsas təkliflərdən oldu.

    Tədbir iştirakçıları bildiriblər ki, dublyaj, texniki və sənət məsələsi olmaqla yanaşı, siyasi-ideoloji, eyni zamanda Azərbaycan dilinin inkişafı məsələsidir. Bu baxımdan da xüsusi həssaslıq və diqqət tələb edir.

    Müzakirədə dublyaj aktyorlarının, rejissorlarının və prodüserlərinin fəxri adlar alması, sosial qayğılarının həllinə də toxunulub.

    Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qeyd edib ki, dublyaj sahəsinin problemləri İttifaqın maraq dairəsində olmalı, ittifaqın illik mükafatlarında dublyaj fəallarının da mükafatlandırılması, dövlət fəxri adlarına təqdim edilməsi və periodik olaraq bu sahənin problemlərinin qaldırılması diqqət mərkəzində saxlanılmalıdır. Bununla yanaşı isə Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj seksiyasının yaradılması da müzakirə edilib.

  • “M. Teatr"da “Məhşər günü”nün premyerası olub

    Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində müasir gürcü yazarı Gela Dumbadzenin "Gecə qonağı" əsəri əsasında hazırlanmış "Məhşər günü" tamaşasının premyerası olub.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni tamaşanı səhnələşdirən Xalq artisti Vidadi Həsənov, quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqrafı Oksana Rəsulovadı.

    Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (oğlan əcəl) ifa ediblər.

    Bir bölümlü əcəl oyunu kimi hazırlanan “Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

    Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.

  • Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 21,9 faiz artıb

    2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub.

    Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb. Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.

  • Xalq yazıçısı Elçin Əfəndiyevə həsr olunmuş metodik vəsait istifadəçilərə təqdim edilib

     

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə hazırlanan “Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Vəsaitin ikinci hissəsində isə metodik köməklik məqsədilə yubilyarla bağlı kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim edilib.

    Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir.

  • Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun anım günüdür

    Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anım günüdür.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun vəfatından 39 il ötsə də onun yazdığı əsərlər bu gün də aktualdır və hər zaman sevilə-sevilə dinlənilir.

    Xatırladaq ki, 2022-ci ildə bəstəkarın anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Xüsusi ilə qeyd etməliyik ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley ötən il noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.

    Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

    Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

    Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.

    Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.

    Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.

    Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.

    Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

  • Bu gün görkəmli şair Əliağa Kürçaylının doğum günüdür

    XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan Əliağa Kürçaylı çoxcəhətli yaradıcılığı ilə “şeirimizin ən uca və barlı-bəhərli budaqlarından" (Rəsul Rza) biri idi. Yaşadığı 52 il ərzində çox məhsuldar işləmiş, şeirə, sənətə ciddi münasibət bəsləyərək məhz poetik nümunələrə, əsl ədəbi əsərlərə imza atmışdı. Əliağa Kürçaylı elə bir dövrdə bədii yaradıcılığa başlamışdı ki, ədəbi mühitdə Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi sərt tənqidçilərlə bərabər məşhur şairlər ordusu var idi. Lakin yaradıcılıq dünyasına dərindən bələdçilik, anadangəlmə istedad, geniş dünyagörüş, daim öz üzərində işləmək Əliağa Kürçaylını çoxundan fərqləndirə bildi. Tənqidçilər indi də onun haqqında məhəbbətlə yazırlar ki, Əliağa Kürçaylı bir şair kimi dünənin, bu günün deyil, sabahın da ən böyük şairlərindən biri olaraq daima yaşayacaq.

    AZƏRTAC xəbər verir ki, bu gün Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli şair, dramaturq və publisist Əliağa Kürçaylının anadan olmasından 95 il ötür.

    1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı. Deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür. Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü və elə ilk şeirindəncə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.

    Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?

    - Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:

    Yadımdadır, güllələr şığıyıb keçən zaman

    Səni qanlı otların üzərindən dərdiyim.

    O incə tellərini mərmilər deşən zaman

    Xatirə dəftərimin arasına sərdiyim...

    Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.

    Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir. 50-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “...Yesenin poeziyada etiraf nöqtəsidir” - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin “İlahi” komediyasını ilhamla dilimizə çevirir.

    “Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi. Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.

    Kürçaylının şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraq “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi, məhəbbətlə qarşılanır.

    Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.

    Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda və nəşriyyat sahəsində işləmiş, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.

    70-ci illərdə Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır. “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ağuşumdadır”, “Bütövlük” kitabları işıq üzü görür. Nəşr olunan kitablarında “Durnalar cənuba uçur”, “Məhəbbət”, “Sən kimsən”, “Sınaq”, “Payız günləri” - ümumilikdə 25 poeması çap olunur.

    Əliağa təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.

    Yəqin ki, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanıb. Əliağa Kürçaylı isə “Nəsimi” adlı şeirini böyük sənətkara ithaf edib.

    “Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.

    Harda olsan gələrəm,

    Təki sən səslə məni,

    Darda olsan gələrəm,

    Təki sən səslə məni.

    Ömrünün sonunacan Əliağa Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi.