Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk mədəniyyətinin dünyada təbliği istiqamətində növbəti layihəyə imza atıb. Layihə çərçivəsində manasşünas alim, tanınmış şair Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənəsi” kitabı Fond tərəfindən Azərbaycan və qırğız dillərində çap etdirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, üç fəsildən ibarət əsərdə ümumtürk ədəbi-tarixi varisliyi kontekstində manasçılar və manasşünaslar, eyni zamanda, türk dastançılığı ilə “Manas”ın ortaq motivləri kimi aktual ədəbi məsələlər tədqiqata cəlb olunub. “Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab Azərbaycanda “Manas” eposunun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır.
Layihənin ideya və “Ön söz”ünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. “Ön söz”də ikidilli nəşrin türk tarixində oynadığı roldan bəhs edən G.Əfəndiyeva türk mədəni dəyərlərinin yaşadılması, mənəvi sərvətlərin qorunması baxımından nəşrin xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Türk xalqlarının dil və ədəbiyyatının özülü olan qədim dastanların müasir dövrdə elmi tədqiqi türklərin özünüdərk prosesinə təkan verir. Bu baxımdan, əminəm ki, günümüzün tələblərinə uyğun olan bu kitab oxucuların qədim milli dəyərlərimizi daha da yaxından kəşf etməsinə öz təsirini göstərəcəkdir”.
Qeyd edilməlidir ki, Azərbaycan dilindəki əsərin elmi redaktoru, professor Elməddin Əlibəyzadə, məsləhətçisi akademik Nizami Cəfərovdur. Qırğız dilindəki nəşrin tərcüməçisi Mukan Asanaliev, elmi redaktor Abdıldacan Axmataliyevdir. Nəşrdə, həmçinin Teodor Gertsenin müəllifi olduğu “Manas” dastanına həsr edilmiş illüstrasiyalar yer alıb.
Fevralın 23-24-də Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.
Təqdimat mərasiminə tanınmış qələm adamları, kino sənətinin nümayəndələri dəvət olunublar.
Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.
Qeyd edək ki, çəkilişləri Ağdam, Bərdə və Sabirabadda baş tutan filmdə əzablı, iztirablı qadın taleyindən bəhs edilir.
Fevralın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecədə Xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Aygün Bayramova, Elşən Mansurov, Elçin Həşimov, Əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Fehruz Məmmədov, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Elnur Əhmədov, Əliağa Sədiyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov, ifaçılar Vüqar Əliyev, Səbuhi İbayev, Hüseyn Məlikov, Mirələm Mirələmov, Elnur Zeynalov, Rəvanə Əmiraslanlı, Elman Sadıqov, Rauf İslamov, Rəşad İbrahimov, Təbriz Yusubov, Xəyyam Məmmədov, Altay Niftəliyev, Araz Ağaverdiyev, Ələkbər Ələkbərov yubilyarın repertuarından əsərləri dinləyicilərə təqdim edəcəklər.
Konsertə giriş sərbəstdir.
Ucal rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlib. O, atasının sənətinin davam etdirib. Ali rəssamlıq təhsili alıb, rənglər dünyasını çox sevib və müxtəlif janrlı əsərlər yaradıb.
Rəssamlar İttifaqının üzvü olan Ucal Haqverdiyev 1990-cı ildə ölkəmizin gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak edib, sonrakı illərdə Tunis, Köln və Vyanada fərdi sərgiləri təşkil edilib. 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"nin iştirakçısı olub. Onun əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə də nümayiş edilib.
Ucal bu dünyaya 19 il əvvəl əlvida desə də, əsərləri bu gün də heyranlıqla, sevilə-sevilə nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdəki “Bakı Fotoqrafiya Evi”ndə təşkil olunmuş “Gənclik” adlı sərgi də Ucal Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş silsilə sərgilərdən biridir. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Bakı Fotoqrafiya Evi” və “Savalan” ASPI WINERY (Azərbaycan) ilə əməkdaşlıq çərçivəsində, həmçinin Azərbaycan Rəssamlar İttifaqı və ART Zone-un dəstəyi ilə keçirilir. Sərgi tamaşaçını ötən əsrin 80-ci illərin axırları və 90-cı illərin Bakısındakı yaradıcılıq mühitinin ab-havası ilə tanış edir.
Bundan başqa sərgidə Ucal Haqverdiyevin müasirləri olan rəssamların və müəllimi saydığı şəxslərin portretləri nümayiş olunur.
Mərhum rəssamın sərgisi fevralın 19-dək davam edəcək.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu il Xalq artistləri Rafiq Əzimovun 85, Hökümə Qurbanovanın 110, Hamlet Qurbanovun 85 illik yubileyləri qeyd olunacaq.
Bu barədə AZƏRTAC-a muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova məlumat verib.
Onun sözlərinə görə, muzey TÜRKSOY-un Ankaradakı iqamətgahında Azərbaycan teatrının 150 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirə peşəkar səhnə sənətimizlə bağlı eksponatlar əsasında hazırlanmış videoçarx və sərgi ilə qatılacaq.
Direktor bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub: “Ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. İl ərzində görəcəyimiz bütün işlər hər iki mühüm yubileyi əhatə edəcək”.
Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir.
“Qu gölü”nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.
Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.
Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.
Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
Bu gün Əlağa Vahidin anadan olmasından 128 il ötür
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 128 il ötür.
“Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi ölkə başçısının Sərəncam ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan dövlət qurumlarının rəqəmsal transformasiyası fonunda “Microsoft” şirkəti ilə birgə “RİNN&Microsoft – Rəqəmsal tərəfdaşlıq və təcrübə mübadiləsi” mövzusunda seminar keçirib.
Nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində “Microsoft” məhsullarının tətbiqi, üstünlükləri və rəqəmsal faydalılığı barədə müzakirələr aparılıb.
Tədbirin keçirilməsində məqsəd “Microsoft” məhsullarının tətbiqi vasitəsilə ölkəmizin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd edilən beş milli prioritetdən biri olan “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”na çevrilməsi prosesini sürətləndirməkdir.
“Microsoft”un ölkəmizdə səfərdə olan nümayəndələri Anna Kaştanova və Tatyana İostman çıxış edərək mövcud proseslərin rəqəmsallaşdırılması istiqamətində şirkətin təklif etdiyi məhsulların təqdimatını keçiriblər. Beynəlxalq korporasiyanın rəsmiləri məhsullar və hər bir xidmət üzrə iş prinsipləri haqda ətraflı məlumat veriblər.
“AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev tədbir zamanı bildirib ki, “AzInTelecom” MMC innovativ şirkət olaraq mövcud iş proseslərini mütəmadi olaraq rəqəmsallaşdırır. “Microsoft” ilə əməkdaşlıq çərçivəsində beynəlxalq korporasiyanın təqdim etdiyi rəqəmsal məhsullardan yararlanır.
“AzInTelecom” proseslərin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi istiqamətində “Microsoft” şirkəti ilə həyata keçirdiyi sıx əməkdaşlıq nəticəsində əldə edilən təcrübəni Azərbaycanın digər dövlət qurumları ilə bölüşməyə tam hazırdır”, - deyə R.Əliyev vurğulayıb.
Hollivud aktyoru Brüs Villisə alın-gicgah demensiyası (AGD) diaqnozu qoyulub.
Report xəbər verir ki, bu barədə sənətçinin ailəsinin bu xəstəlikdən əziyyət çəkənlərə yardım edən assosiasiyanın saytında dərc olunmuş bəyanatında deyilib.
Bildirilib ki, ötən ilin yazında 67 yaşlı Villisə nitq pozğunluğuna səbəb olan afaziya diaqnozu qoyulsa da, xəstəlik irəliləyib və indi diaqnozu dəqiqləşdirmək mümkün olub.
Onların bəyanatında həmçinin qeyd olunub ki, AGD 60 yaşdan yuxarı insanlar arasında ən çox rast gəlinən demensiya növüdür.
AGD-nin ilk simptomları adətən 60 yaşından öncə görünür və özündə ciddi nitq problemləri, davranış dəyişiklikləri və hərəkətsizlik ehtiva edir. Villis ailəsi hazırda xəstəliyin müalicəsinin olmadığını qeyd edib, lakin yaxın illərdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini vurğulayıb:
Brüs Villis 150-yə yaxın film və serialda rol alıb. Ən məşhur işləri arasında “Yenilməz” film seriyasındakı, “Bayağı qiraət”, “12 meymun”, “Beşinci element”, “Altıncı hiss” və “Yüksələn ay krallığı” filmlərindəki rolları var. Onun iştirakı ilə sonuncu film olan “Detektiv Nayt: Müstəqillik” bu ilin yanvarında ekranlara çıxıb, filmin çəkilişləri bir il əvvəl başa çatıb.
Alman köklərə malik amerikalı aktyor beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay işığı” serialındakı roluna görə bu premiyaya layiq görülüb. O həmçinin iki dəfə qazandığı “Emmi” mükafatına üç dəfə namizəd olub.
“YouTube”un rəhbəri Syuzan Voyçitski postunu tərk edəcəyini açıqlayıb.
Report xəbər verir ki, bu barədə videohostinqin başçısı öz bloqunda yazıb.
“Mən “YouTube” rəhbəri kimi vəzifəmi tərk etmək və ailə, sağlamlıq və şəxsi layihələrə fokuslanan yeni fəsil açmaq qərarına gəldim”, - o bildirib.
Qeyd edək ki, S. Voyçitski 9 il bu postda olub.