İclasın yekunlarına dair imzalanan Protokolda iki ölkənin gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun görüşü olub. Həmsədrlər ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini, komissiyanın iclasının gündəliyini nəzərdən keçiriblər.
Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Prezident İlham Əliyevin bu il yanvarın 29-da Macarıstana rəsmi səfər etməsinin, səfər zamanı Macarıstan Prezidenti xanım Katalin Novak, Macarıstanın Baş naziri Viktor Orbanla görüşlərinin, Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra əməkdaşlıq sənədlərinin imzalanmasının iki ölkənin əlaqələrinin ən yüksək səviyyəyə çatmasını təmin etdiyi vurğulanıb.
Birgə Komissiyanın fəaliyyətinin müxtəlif sahələr üzrə əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığı qeyd edilib. Azərbaycanda macar şirkətlərinin uğurlu fəaliyyəti, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində Macarıstan şirkətlərinin iştirak etməyə maraq göstərmələrinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.
P.Siyarto ölkəsinin strateji tərəfdaş olan Azərbaycanla əlaqələrinin daim inkişaf etməkdə olmasından və zaman keçdikcə həmin əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan və Macarıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda əlaqələrimizin dost münasibətləri əsasında ildən-ilə gücləndiyi, ölkələrimiz arasında ticarət dövriyyəsinin 2021-ci illə müqayisədə 2022-ci ildə 34,81 faiz artdığı qeyd olunub. İki ölkə arasında enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və s. sahələrdə əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.
İkitərəfli və tranzit yük axınlarının artırılması imkanları, qarşılıqlı investisiyaların təşviqi məsələləri nəzərdən keçirilib. Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin, hər iki ölkədə keçirilən biznes forumların, işgüzar görüşlərin əhəmiyyəti vurğulanıb.
S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb.
Komissiyanın həmsədrləri brifinq keçirərək komissiyanın iclasının və müzakirələrin yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən oldunduğu Protokolun Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə inkişafında mühüm rol oynayacağına əminlik ifadə ediblər.
Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Fevralın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Vladimir Vısotskinin anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, konsert Bakıdakı Rus Evinin dəstəyi ilə “Bakı” Müəllif Mahnıları Klubu tərəfindən hazırlanıb. Tədbirdə Rusiyadan peşəkar aktyorlar və musiqili qonaqlar iştirak edəcəklər.
Sovet şairi, müğənnisi, peşəkar aktyoru, SSRİ Dövlət Mükafatı laureatı Vladimir Vısotskinin ədəbi irsinə 200-dən artıq şeir, 600-dən çox mahnı və uşaqlar üçün 1 poema daxildir. V.Vısotski mahnılarının bir hissəsini məxsusi olaraq filmlər üçün yazıb.
Fevralın 22-də Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi" baleti nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.
Birpərdəli baletdə əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər İslam Məmmədov, Dinara Şirinova, Edvard Arazov ifa edəcəklər.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, bu balet ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş etdirilərək tamaşaçıların böyük rəğbətini qazanıb, 1974-cü ildə isə Dövlət mükafatına layiq görülüb.
Martın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında tarixçi, televiziya aparıcısı və bələdçi Fuad Axundovun yaradıcılıq görüşləri təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, “Məktəblilər üçün Bakının tarixi: Azərbaycanın yeddi ilk qaranquşu” mövzusuna həsr edilən birinci görüş saat12:00-da başlanacaq. Gənc iştirakçılar müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazanmış ilk azərbaycanlı qadın pianoçu, rəssam, opera ifaçısı, balerina, heykəltaraş, aktrisa və kino rejissorunun həyat tarixi haqqında məlumat alacaqlar.
Saat 20.00-da başlanacaq “Köhnə Bakının birinci xanımları” adlı ikinci tədbir inqilabdan əvvəlki Bakı elitasının nümayəndələrinin həyat yoldaşlarının dramatik talelərinə həsr ediləcək.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.
Bu barədə Reporta səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, aviareyslər həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.
Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının şeirləri 50 illik yubileyi ərəfəsində Güneyli soydaşlarımızın Tehranda çıxardığı "Xudafərin", qardaş Tatarıstanın nüfuzlu "İdel" və Arxangelskdə çıxan "Dvina" ədəbiyyat jurnallarında yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Əkbər Qoşalının “Çobanbayatı” poeması “Xudafərin” jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq dərc edilib. İki min tirajla yayımlanan “Xudafərin” jurnalı 19 ildir işıq elmi-ədəbi, ictimai araşdırma yazılarla oxucuların görüşünə gəlir.
“İdel” isə qardaş Tatarıstanın 1989-cu ildən çıxan nüfuzlu ədəbi-bədii, ictimai nəşrdir. Əkbər Qoşalının “İdel”da yayımlanan şeirlərini tatarcaya tanınmış tatar şair-tərcüməçisi Lenar Şeyx uyğunlaşdırıb.
Arxangelskdə gün üzü görən “Dvina” jurnalı “Quzeyin ədəbi yetişmə yeri” olaraq tərif edilir. “Biz həmyerlilərimizin - milli ədəbiyyatın klassikləri Mixail Lomonosovun, Boris Şerqinin, Fedor Abramovun yaradıcılığına sayğı ilə yanaşır və miras olaraq qoruyuruq”, - deyən özünəxas ədəbi gələnəklərə əsaslanan “Dvina” 20 ildir nəşr olunur. Əkbər Qoşalının “Dvina”da yayınlanan şeirlərini ruscaya Moskvada yaşayan istedadlı şair-tərcüməçi Nilufər Şıxlı çevirib.
Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar yaradıcılıq gecəsinin tarixi dəyişdirilən Xalq artisti İlqar Muradov konsertindən yığılan pulun müəyyən hissəsini qardaş ölkəyə yardım üçün göndərəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən Xalq artisti deyib: “Türkiyədə baş verənlər böyük faciədir, əsrin fəlakətidir. Bu gün biz Türkiyənin yanındayıq. Dövlət olaraq, xalq olaraq qanı qanımızdan olan qardaşlarımızın yanındayıq. Yüksək dövlət xadimlərindən tutmuş sıravi vətəndaşlara qədər hər kəs əlindən gələn köməyi edir. Biz də düşündük ki, konsertimizdən əldə olunan vəsaitin müəyyən hissəsini Türkiyədəki müvafiq qurumların hesabına köçürək. Biz birlikdə güclüyük!”
Qeyd edək ki, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə fevralın 12-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəsi Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar fevralın 17-də saat 19:00-da baş tutacaq.
İfaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarından olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.
“Gün keçdi” bədii filmi təqdim olunub
Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 60 illiyi münasibətilə AKİ, klassik Azərbaycan filmlərinin nümayişinə başlayır. İlk nümayişdə “Azərbaycan” kinoteatrında tamaşaçılara “Gün keçdi” bədii filmi təqdim olunub.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan kinotənqidçi Sevda Sultanova filmin indiyədək maraq doğurmasını uğurlu komanda işi ilə əlaqələndirib. 1971-ci ildə Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılan filmin rejissoru Arif Babayev, operatoru Rasim İsmayılov, musiqi müəllifi Emin Sabitoğlu, rəssamı Elbəy Rzaquliyevdir. Mahnıların mətni isə Vaqif Səmədoğluna məxsusdur. Bu il həm də kinorejissor Arif Babayevin anadan olmasının 95-ci ildönümü tatam olur.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünas Nadir Bədəlov qeyd edib ki, o, ilk dəfə “Gün keçdi”yə 14 yaşında, film böyük ekrana çıxanda “Nərimanov” kinoteatrında baxıb: “Onda zalda iki nəfər vardı. Amma filmin tamaşaçılarının sayının ildən-ilə artması onun keyfiyyətini, uğurunu təsdiq edir. Filmdə Oktayla Əsmərdən başqa daha bir qəhrəman var ki, bu, İçərişəhərdir. Burada hər detal işləkdir. Əslində film kədərli bir sevgi hekayəsidir. Qəhrəmanlar başa düşürlər ki, onlar artıq öz gənclikləri ilə vidalaşırlar”.
Daha sonra səhnəyə Arif Babayevin qardaşı, rejissor Vasif Babayev dəvət olundu. O, Arif Babayevin rejissor peşəsini necə seçməsi haqqında əhvalatı bölüşüb və bildirib ki, həmin dövrdə İçərişəhərin sökülməsi məsələsi aktual idi: “Biz Şirvanşahlar sarayının yaxınlığında yaşayırdıq. Arif Bakını, İçərişəhəri gözəl tanıyırdı və çox sevirdi. Filmdə İçərişəhərin gələcək taleyi məsələsinə geniş toxunub.
“Gün keçdi” filminin nümayişindən sonra müzakirələr aparılıb.
Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfov oxuyacaqlar.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.